Məhkəmə qərarları › İş №2(004)-4138/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4138/2020

14.09.2020 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4138/2020 14.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi Orucova Nərmin Nəriman qızının katibliyi, İddiaçı, Cavabdeh MMC-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinə qarşı “əmək haqqı” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh MMC-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin Azərbaycan Respublikasındakı nümayəndəliyindən əmək haqqı üzrə ümumilikdə 6746,96 manat məbləğində olan borc tutularaq onun xeyrinə ödənilməsi, Cavabdeh MMC-nin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən ödənişin gecikdirilməsinə görə, ödəniş vaxtı təyin olunmuş vaxtdan ertəsi gündən başlayaraq faktiki hesablaşma günü daxil olmaqla əmək müqaviləsində nəzərdə tutulmuş hər gecikdirilmiş gün üçün cəmi səkkiz ay üçün 2024 manat kompensasiya miqdarında vəsait cavabdehdən alınaraq onun xeyrinə pul kompensasiyasının ödənilməsi, Cavabdeh MMC-nin Azərbaycan Respublikasındakı nümayəndəliyindən istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi 7 il üçün, cəmi 5903,59 manat məbləğində olan borc tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək öz izahatında bildirir ki, onunla Cavabdeh MMC arasında xx.xx.2009-cu il tarixdə əmək müqaviləsi bağlanıb. Əmək müqaviləsinə növü müddətsiz və ödəniş forması vaxtamuzd olmaqla, aylıq əmək haqqı 843,37 manat təşkil edirdi. Qeyd olunan tarixdən bu günədək o, Cavabdeh MMC-də əmək müqaviləsi üzrə BTL Menicer, reklam işləri üzrə Bölmə rəhbəri vəzifəsində çalışır. Bildirmək istəyir ki, 2020-ci ilin yanvar ayından bu günə kimi əmək haqqı ödənilməmişdir. Əsas ödənişlər üzrə cavabdehin qeyd olunan müddət üçün borcu ümumilikdə 6746,96 manat təşkil edir, ödəniş kartı üzrə çıxarış əlavə olunur. Belə ki, işəgötürən qanunvericilikdə və əmək müqaviləsinin şərtlərində nəzərdə tutulmuş özünün əsas vəzifələrindən birini yerinə yetirmir. Bununla bağlı bir neçə dəfə cavabdehə müraciət etsə də, ona olan əmək haqqı borcu və istifadə edilməmiş məzuniyyət görə kompensasiya verilməmişdir. Cavabdeh tərəfindən ödənişin gecikdirilməsinə görə ödəniş vaxtı təyin olunmuş vaxtdan ertəsi gündən başlayaraq faktiki hesablaşma günü daxil olmaqla gecikdirilmiş gün üçün 8,43 manat, cəmi səkkiz ay üçün 2024 manat məbləğdə kompensasiyanın cavabdehdən alınaraq iddiaçıın xeyrinə ödənilməlidir. İddiaçı 2013-cü il tarixdən 2019-cu ilədək məzuniyyətdən istifadə etməmişdir, həmin vaxtda aylıq 843,37 manat məbləğində ona əmək haqqı ödənilirdi və 843,37 manat məbləğdə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi 7 il üçün, cəmi 5903,59 manat ödənilməmişdir. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin nümayəndəsi X2 izahat verərək bildirir ki, o, şirkətdə rəhbər vəzifəyə 21 oktyabr tarixdən təyin edilmişdir. Son 3-4 ildir ki, problem var idi, əmək haqqı və məzuniyyət pulu verilmirdi. O, şirkətlə danışdı, ona bildirdilər ki, onlar məsuliyyət daşımır. “Publicis Media” şirkəti əmək haqqını ödəyir. Onlar təsisçilərin təsdiqini alır və ödəniş edirlər. O, şirkətdəki rəhbər şəxslərdən olan İrina ilə əlaqə saxladı, ona dedi ki, Ruslanı işdən çıxartma. Ruslana axırıncı ödəniş dekabrda olub. Ona başqa məlumat verilmədi. İyun ayında İrina ona email yazdı ki, Ruslanı çıxart, lazım deyil. O, dedi ki, problem yoxdur, əvvəl haqq-hesabı verilsin. Bütün sənədləri möhürlə təsdiq edib göndərdi. Ancaq onlardan xəbər çıxmadı. O, özü ora getdi. Təsisçi dedi ki, o, onlara cavab vermir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsi haqqında əmək müqaviləsi bildirişindən müəyyən olunur ki, iddiaçı X4 xx.xx.2009-cu il tarixli müddətsiz əmək müqaviləsi üzrə Cavabdeh MMC-də icra etdiyi BTL menecer vəzifəsinə görə vaxtamuzd hesablanmaqla ayda 843,37 manat məbləğində əmək haqqı təyin edilmişdir. İşin halları odur ki, iddiaçı əmək funksiyasını yerinə yetirdiyi müddət ərzində almadığı əmək haqqı məbləği, gecikmə faizi və isifadə edilməmiş məzuniyyətə görə hesablanan pul məbləğinin cavabdeh tərəfindən ona ödənilməsini xahiş edir. Əmək müqaviləsinə dəyişiklik edilməsi haqqında bildirişdən müəyyən olunur ki, iddiaçının aylıq əmək haqqı 843.37 manatdır. İddiaçı iddia edir ki, 8 aydır ki, ona əmək haqqı ödənilmir. Cavabdehin nümayəndəsi də bildirir ki, iddiaçıya axırıncı ödəniş dekabr ayında edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi 6746,96 manat (8 ay x 843.37) məbləğində əmək haqqı hissəsində əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə əmək haqqının ödənilmədiyinə görə gecikmə faizinin ödənilməsi hissəsində iddia tələbini əsassız hesab edir. Çünki, işin hallarından müəyyən olunur ki, tərəflər arasında əmək mübahisəsi vardır. İddiaçı eyni zamanda 7 il ərzində istifadə edilməmiş məzuniyyətə görə 5903.59 manat məbləğində pul tələb edir. Məhkəmə nəzərə alır ki, əmək məzuniyyətinə görə ödənişlərin hesablanma qaydası qanunvericilikdə nəzərdə tutulub və iddiaçı tərəfindən həmin məbləğin məhz qanunvericiliyin tələbinə uyğun olaraq hesablandığına dair sübut olmadığına görə məhkəmə hesab edir ki, iddiaçının istifadə etmədiyi əmək məznuniyyətinə görə kompensasiya hesablanaraq iddiaçıya ödənilməsi cavabdehə həvalə edilməlidir. AR Əmək Məcələsinin 156-cı maddəsinin 1-ci bəndinə əsasən əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir. Həmin Məcəllənin 172.5-ci maddəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. AR Əmək Məcələsinin 135-ci maddəsinin 2-ci bəndinə əsasən işçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir.12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əmək haqqı onun faktik işlədiyi tam təqvim aylarına əsasən hesablanır.Məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına — 30,4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği, məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur.Bu maddədə nəzərdə tutulmuş məzuniyyət haqqının ödənilməsi üçün əmək haqqının hesablanması qaydası işçiyə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilərkən də tətbiq edilir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MMC-nin Azərbycan Respublikasındakı Nümayəndəliyindən 6746,96 (altı min yeddi yüz qırx altı manat doxsan altı qəpik) manat məbləğində ödənilməyən əmək haqqı tutularaq İddiaçı ödənilməli, istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya Cavabdeh MMCnin Azərbycan Respublikasındakı Nümayəndəliyi tərəfindən hesablanaraq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin olunmamalıdır. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddia əmək haqqı ilə bağlı olduğundan, iddiaçı dövlət rüsumu ödəməkdən azaddır və iddia qismən təmin edildiyindən, dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirinə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-nin Azərbycan Respublikasındakı Nümayəndəliyindən 6746,96 (altı min yeddi yüz qırx altı manat doxsan altı qəpik) manat məbləğində ödənilməyən əmək haqqı tutularaq İddiaçı ödənilsin, istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya Cavabdeh MMC-nin Azərbycan Respublikasındakı Nümayəndəliyi tərəfindən hesablanaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Cavabdeh MMC-nin Azərbycan Respublikasındakı Nümayəndəliyindən 30 (otuz) manat məbləğində dövlət rüsumu dövlət nəfinə tutulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar