Məhkəmə qərarları › İş №2(004)-4171/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4171/2021

07.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4171/2021 07.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlu İddiaçı “xxxx” MMC-nin cavabdeh X2 qarşı “pul” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, 29.10.2019-cu il tarixli müqavilə üzrə İMEİ Kodu **********99903 olan X5 8 markalı telefon üçün 500 (beş yüz) manat ödənilməmiş hissə, 50 (əlli) manat cərimə; 29.10.2019-cu il tarixli müqaviləsinə əsasən, Dect Panasonic üçün 40 (qırx) manat ödənilməmiş hissə, 4 (dörd) manat cərimə, 10.12.2019-cu il tarixli müqaviləsinə əsasən, qəhvə bişirən Braun üçün 74 (yetmiş dörd) manat ödənilməmiş hissə, 7 (yeddi) manat cərimə, 29.12.2019-cu il tarixli müqaviləsinə əsasən, soft yumşaq 3 yerli üçün 380 (üç yüz səksən) manat ödənilməmiş hissə, 38 (otuz səkkiz) manat cərimə, 29.12.2019-cu il tarixli müqaviləsinə əsasən, çay dəmləyən Hoffmann üçün 74 (yetmiş dörd) manat ödənilməmiş hissə, 7 (yeddi) manat cərimə, ümumilikdə 1154,4 manat borc, 30 manat dövlət rüsumu olmaqla, cavabdeh X1 alınaraq “xxxx” MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh «xxxx» MMC ilə 29.10.2019cu il tarixli, 10.12.2019-cu il tarixli və 29.12.2019-cu il tarixli müqavilələrinə əsasən, İMEİ Kodu **********9903 X5 8 markalı telefon, Dect Panasonic, qəhvəbişirən Braun, soft yumşaq 3 yerli və çay dəmləyən Hoffmann almış və nəticədə 1154,4 (bir min yüz əlli dörd manat 40 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 29.10.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 48 (qırx səkkiz) manat (6 ay x 8 manat + 0 manat ilkin ödəniş) Dect Panasonic üçün ümumilikdə, 44 (qırx dörd) manat olmaqla ondan, 40 (qırx) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 4 (dörd) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 10.12.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 110 (yüz on) manat (2 ay x 37 manat + 36 manat ilkin ödəniş) qəhvəbişirən Braun üçün ümumilikdə, 81 (səksən bir) manat olmaqla ondan, 74 (yetmiş dörd) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 7 (yeddi) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 29.12.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 380 (üç yüz səksən) manat (20 ay x 19 manat + 0 manat ilkin ödəniş) soft yumşaq 3 yerli üçün ümumilikdə, 418 (dörd yüz on səkkiz) manat olmaqla ondan, 380 (üç yüz səksən) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 38 (otuz səkkiz) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 29.12.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 82,4 (səksən iki manat 40 qəpik) manat (2 ay x 28,2 manat + 26 manat ilkin ödəniş) çay dəmləyən Hoffmann üçün ümumilikdə, 61,4 (altmış bir manat 40 qəpik) manat olmaqla ondan, 56,4 (əlli altı manat 40 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 5 (beş) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 171 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə ərizəyə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehə bu barədə rəsmi qaydada bildiriş göndərilmişdir. Müvafiq bildiriş cavabdehə rəsmi qaydada göndərilsə də o, iddiaçının tələbinə dair əsaslandırılmış etirazını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Belə ki, iddiaçı ilə cavabdeh X3 arasında 29.10.2019-cu il tarixdə ümumilikdə dəyəri 601 manat təşkil edən X5 8 markalı telefonun, 29.10.2019-cu il tarixdə ümumilikdə dəyəri 48 manat təşkil edən Dect Panasonic, 10.12.2019-cu il tarixdə ümumilikdə dəyəri 110 manat təşkil edən qəhvəbişirən Braunun, 29.12.2019-cu il tarixdə ümumilikdə dəyəri 380 manat təşkil edən soft yumşaq 3 yerlinin və 29.12.2019-cu il tarixdə ümumilikdə dəyəri 82,4 manat təşkil edən Hoffmann çay dəmləyənin alqı-satqısına dair müqavilələr bağlanılmışdır. Tərəflər arasında bağlanmış 29.10.2019-cu il tarixli, 01014305 və 01014429 nömrəli, 10.12.2019-cu il tarixli 01114815 nömrəli, 29.12.2019-cu il tarixli 01170749 nömrəli və 01170671 nömrəli əlavə ödəniş cədvəllərinin 2 bəndinə əsasən “Ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. İddiaçının cərimə borcu üzrə tələb etdiyi məbləğ 29.10.2019-cu il tarixli, 01014305 saylı müqavilə üzrə 50 manat, 29.10.2019-cu il tarixli, 01014429 saylı müqavilə üzrə 4 manat, 10.12.2019-cu il tarixli 01114815 saylı müqavilə üzrə 7 manat, 29.12.2019cu il tarixli 01170749 saylı müqavilə üzrə 38 manat, 29.12.2019-cu il tarixli 01170671 saylı müqavilə üzrə 5 manat təşkil edir. 29.10.2019-cu il tarixli təhvil-təslim aktına əsasən 01014305 nömrəli alqı-satqı müqaviləsi üzrə X5 8 markalı telefon tam qüsursuz halda təhvil verilmişdir. 29.10.2019-cu il tarixli təhvil-təslim aktına əsasən 01014429 nömrəli alqı-satqı müqaviləsi üzrə Dect Panasonic tam qüsursuz halda təhvil verilmişdir. 10.12.2019-cu il tarixli təhvil-təslim aktına əsasən 01114815 nömrəli alqı-satqı müqaviləsi üzrə qəhvəbişirən Braun tam qüsursuz halda təhvil verilmişdir. 29.12.2019-cu il tarixli təhvil-təslim aktına əsasən 01170749 nömrəli alqı-satqı müqaviləsi üzrə soft yumşaq 3 yerli tam qüsursuz halda təhvil verilmişdir. 29.12.2019-cu il tarixli təhvil-təslim aktına əsasən 01170671 nömrəli çay dəmləyən Hoffmann alqı-satqı müqaviləsi üzrə tam qüsursuz halda təhvil verilmişdir. 19.11.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, X3 borcunu ödəmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. Ödəniş qəbzindən (№7********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, yuxarıda qeyd edilən malın alqı-satqısına dair müqavilələrə əsasən satıcı (iddiaçı) müqavilə predmetini alıcıya (cavabdehə) verməyi, cavabdeh isə müqavilədə müəyyən edilən ödəmə cədvəli üzrə malın qiymətini ödəməyi öz öhdəsinə götürmüşdür. Satıcı malı alıcıya vermək vəzifəsini icra etsə də, alıcı həmin malı ödəmək üzrə vəzifəsini icra etməmiş və 29.05.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən onun tərəf olduğu 29.10.2019-cu il tarixli, 01014305 nömrəli müqavilə üzrə cavabdehə 500 manat əsas borc, 50 manat cərimə borcu, cəmi 550 manat, 29.10.2019-cu il tarixli, 01014429 nömrəli müqavilə üzrə cavabdehə 40 manat əsas borc, 04 manat cərimə borcu, cəmi 44 manat, 10.12.2019-cu il tarixli, 01114815 nömrəli müqavilə üzrə cavabdehə 74 manat əsas borc, 7 manat cərimə borcu, cəmi 81 manat, 29.12.2019-cu il tarixli 01170749 nömrəli müqavilə üzrə cavabdehə 380 manat əsas borc, 38 manat cərimə borcu, cəmi 418 manat və 29.12.2019-cu il tarixli, 01170671 nömrəli müqavilə üzrə 56,4 manat əsas borc, 5 manat cərimə borcu, cəmi 61,4 manat olmaqla ümumilikdə 1154,4 manat borcu yaranmışdır. Mülki Məcəllənin (bundan sonra - MM) 567-ci, 568.1-ci və 597.1-ci maddələrinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə, alıcı isə əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulmuş qiymətlə ödəməyə borcludur. MM-nin 601.1-ci və 600.4-cü maddələrinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, qeyd edilən müqavilələr üzrə iddiaçı cavabdehdən əşyaların ödənilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilələr üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, alqı-satqı müqaviləsi müəyyən qiymət müqabilində əmlakın əvəzli özgəninkiləşdirilməsini nəzərdə tutur və satıcı tərəfindən əmlakın verilməsi, alıcı tərəfindən qarşılıqlı olaraq müqavilə qiymətinin ödənilməsini şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. MM-nin 462.1-ci, 462.3-cü və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddiaçı dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malikdir və əsas borc və dəbbə pulunun nisbəti nəzərə alınmaqla, 29.10.2019-cu il tarixli, 01014305 nömrəli müqavilə üzrə 50 manat, 29.10.2019-cu il tarixli, 01014429 nömrəli müqavilə üzrə 04 manat, və 10.12.2019-cu il tarixli, 01114815 nömrəli müqavilə üzrə 07 manat, 29.12.2019-cu il tarixli, 01170749 nömrəli müqavilə üzrə 38 manat, 29.12.2019-cu il tarixli, 01170671 nömrəli müqavilə üzrə 05 manat məbləğində dəbbə pulunun tutulması ağlabatan və ədalətlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh X1 29.10.2019-cu il tarixli, 01014305 nömrəli müqavilə əsasında əsas borc üzrə 500 manat, cərimə borcu üzrə 50 manat, 29.10.2019-cu il tarixli, 01014429 nömrəli müqavilə əsasında əsas borc üzrə 40 manat, cərimə borcu üzrə 04 manat, 10.12.2019-cu il tarixli, 01114815 nömrəli müqavilə əsasında əsas borc üzrə 74 manat, cərimə borcu üzrə 7 manat, 29.12.2019-cu il tarixli müqavilə əsasında əsas borc üzrə 380 manat, cərimə borcu üzrə 38 manat, 29.12.2019-cu il tarixli müqavilə əsasında əsas borc üzrə 56,4 manat cərimə borcu üzrə 05 manat, ümumilikdə hər beş müqavilə üzrə 1154,4 manat borc və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul tutularaq iddiaçı “xxxx” MMC-yə ödənilməlidir. MPM-nin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. X1 29.10.2019-cu il tarixli, 01014305 nömrəli müqaviləyə əsasən, əsas borc üzrə 500 (beş yüz) manat, cərimə borcu üzrə 50 (əlli) manat, 29.10.2019-cu il tarixli, 01014429 nömrəli müqaviləyə əsasən, əsas borc üzrə 40 (qırx) manat, cərimə borcu üzrə 04 (dörd) manat, 10.12.2019-cu il tarixli, 01114815 nömrəli müqaviləyə əsasən, əsas borc üzrə 74 (yetmiş dörd) manat, cərimə borcu üzrə 7 (yeddi) manat, 29.12.2019-cu il tarixli, 01170749 nömrəli müqaviləyə əsasən, əsas borc üzrə 380 (üç yüz səksən) manat, cərimə borcu üzrə 38 (otuz səkkiz) manat, 29.12.2019-cu il tarixli, 01170671 nömrəli müqaviləyə əsasən, əsas borc üzrə 56,4 (əlli altı manat qırx qəpik) manat, cərimə borcu üzrə 05 (beş) manat olmaqla, cəmi 1154,4 (bir min yüz əlli dörd manat qırx qəpik) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat pul tutularaq “xxxx” MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar