Məhkəmə qərarları › İş №2(004)-4176/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4176/2021

30.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4176/2021 30.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi, X2 oğlunun katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 27.07.2018-ci il tarixli müqaviləyə əsasən “Acer” markalı kompüter üçün 311 manat ödənilməmiş hissə, 93 manat dəbbə pulu; 02.09.2018-ci il tarixli müqaviləyə əsasən “Samsung Galaxy A 6” markalı telefon üçün 430 manat ödənilməmiş hissə, 129 manat dəbbə pulu; 14.02.2019-cu il tarixli müqaviləyə əsasən “İphone 8 plus” markalı telefon üçün 450 manat ödənilməmiş hissə, 135 manat dəbbə pulu; 22.02.2019-cu il tarixli müqaviləyə əsasən “Panasonic” markalı üzqırxan üçün 47 manat ödənilməmiş hissə, 14 manat dəbbə, 22.02.2019-cu il tarixli müqaviləyə əsasən “Termopot Hoffman” üçün 41 manat ödənilməmiş hissə, 13 manat dəbbə pulu, 26.02.2019-cu tarixli müqaviləyə əsasən “Samsung Led TV” üçün 1090 manat ödənilməmiş hissə, 327 manat dəbbə pulu, 27.04.2019-cu il tarixli müqaviləyə əsasən “Samsung” paltaryuyan 684 manat ödənilməmiş hissə, 208 manat dəbbə pulu, 04.05.2019-cu il tarixli müqaviləyə əsasən “LG” markalı qabyuyan üçün 1286 manat ödənilməmiş hissə, 388 manat dəbbə pulu, 27.08.2019-cu il tarixli müqaviləyə əsasən “Xiaomi Mi A3” markalı telefon, “X4” qulaqlıq üçün 434 manat ödənilməmiş hissə, 135 manat dəbbə pulu, ümumilikdə 6215 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilələrə əsasən cavabdeh yuxarıda qeyd olunmuş malları almış və aldığını malların dəyərini hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Təqdim olunmuş maliyyə arayışı və bildirişdən görünür ki, cavabdeh müqavilələrin şərtlərini pozaraq aldığı malların dəyərini ödəməmiş, nəticədə onun ödənilməmiş borcu qalmışdır. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış bildirişdən görünür ki, cavabdehdən müqavilələrinin şərtlərini pozduğuna görə borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddiaçının iddia tələblərinin əsaslandırdığı hallar təqdim olunmuş sübutlarla təsdiq edildiyindən iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edir ki, cavabdeh kredit müqavilələri üzrə üzərinə düşən öhdəlikləri tam icra etmədiyindən, iddia tələbi əsas borc hissəsində təmin edilməli və cavabdehdən 4773 manat əsas borc iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddiaçının kredit müqavilələri üzrə cərimə borclarının tutulması tələbi üzrə qeyd edir ki, bu hissədə iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə, cavabdeh tərəfindən alınmış əşyaların məbləğinin miqdarını, 1442 manat məbləğində hesablanmış dəbbə pulunun alqı-satqı edilmiş əşyaların dəyərinə münasibətdə kifayət qədər yüksək olmasını, həmçinin tərəflərin əmlak və digər əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə tutulacaq dəbbə pulları azaldılaraq 477 manat məbləğində müəyyən olunmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı "xxxx" MMC-nin iddiası qismən təmin edildiyindən, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 25,3 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 4773 (dörd min yeddi yüz yetmiş üç) manat əsas, 477 (dörd yüz yetmiş yeddi) manat cərimə, cəmi 5250 (beş min iki yüz əlli) manat borcun və 25,3 (iyirmi beş manat otuz qəpik) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar