Məhkəmə qərarları › İş №2(004)-4180/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4180/2025

11.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4180/2025 11.09.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı, Cavabdeh “İcbari Sığorta Bürosu” X8 nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh “İcbari Sığorta Bürosu” X5rşı “Bonus-Malus 3 tətbiqinin ləğv edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “İcbari Sığorta Bürosu” X5rşı “Bonus-Malus 3 tətbiqinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ona xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərində baş vermiş sığorta hadisələrinə görə hesablanan sığorta haqqına tətbiq edilən bonus-malus 3 əmsalının ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "KİA Optima" markalı, ** RG *** dövlət qeydiyyat nişanlı avtomobili baş etibarnamə əsasında xx.xx.2024-cü il tarixdə X3 təqdim etmişdir. Həmin tarixdən etibarən "KİA Optima" markalı, ** RG *** dövlət qeydiyyat nişanlı avtomobil X1 keçmişdir. Bundan sonra X6 xx.xx.2024-cü il tarixdə həmin avtomobillə qəza törətmiş, əməli təsdiq edilmiş və qəzanı törədən şəxs kimi barəsində müvafiq tədbir görülmüşdür. "KİA Rio" markalı, ** RP *** (lizinqə veriləndən sonra **-YZ-***) dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2024-cü il tarixdə alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC-yə satmışdır. Həmin tarixli Lizinq müqaviləsinə əsasən "KİA Rio" markalı, ** RP *** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat nişanı dəyişdirilərək **-YZ-*** dövlət qeydiyyat nişanı ilə X9 təqdim edilmişdir. Bundan sonra xx.xx.2024-cü il tarixdə "KİA Rio" markalı, **-YZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə qəza törədilmişdir.Hər iki hadisə başqa şəxlər tərəfindən törədilməsinə, əmələ görə başqa şəxslərin məsuliyyətə cəlb edilməsinə baxmayaraq İcbari Sığorta Bürosu əsassız olaraq sığorta haqlarını artıran və ya azaldan əmsalların tətbiq edilməsini nəzərdə tutan güzəştlər və əlavələr sistemində hadisə törədən şəxs kimi onun barəsində (İddiaçı) qeydlər aparılmışdır. Bu da öz növbəsində haqsız yerə onun sığorta ödənişlərinə təsir edir və öz avtomobilini sığorta etməkdə ona çətinliklər yaradır. Daha sonra, cavabdeh “İcbari Sığorta Bürosu” X15 məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək etirazında qeyd etmişdir ki, İddiaçı mülkiyyətində olmuş "KİA Optima" markalı ** RG *** dövlət qeydiyyat nişanlı və "KİA Rıo" markalı, **-YZ-*** dövlət qeydiyyat nişanlı avtomobillər üzrə sığorta haqqı ödəyərək və icbari sığorta müqavilələrinin tərəfi olaraq sığortalı qismində çıxış etmiş, bununla da həmin avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətini sığortalamışdır. X6 xx.xx.2024-cü il və X13 tərəfindən isə xx.xx.2024cü il tarixlərində (sığorta müqaviləsi qüvvədə olduğu zaman) həmin avtomaşını qanuni əsaslarla istismar edərək yol nəqliyyat hadisəsi törətmişdir və üçüncü şəxslər qarşısında onların (yəni sığorta olunanlar X6 və X7) mülki məsuliyyətinə görə əmlak mənafeyi iddiaçının sığorta müqaviləsi üzərindən sığortalanmışdır. Bonus və ya malus Qaydanın tələblərinə əsasən sığorta olunana yox, sığortalıya münasibətdə tətbiq edildiyindən, X6 və X7 törətdiyi sığorta hadisələri nəticəsində hesablanmış Malus əmsalı icbari sığorta müqaviləsinin tərəfi olan iddiaçıya münasibətdə tətbiq edilmişdir. Sığorta hadisəsi zamanı qüvvədə olmuş müqavilələrə əsasən sözügedən nəqliyyat vasitələrini idarə edən şəxslərin mülki məsuliyyəti müqavilə tərəfi olan İddiaçı tərəfindən sığortalandığından baş vermiş hadisələrə görə məhz onun sığorta tarixçəsinə malus tətbiq edilmişdir. Sığorta hadisəsi zamanı qüvvədə olmuş müqavilə üzrə məsuliyyəti sığortalanmış X6 və X9 məlusun tətbiq edilməsi sığorta qanunvericiliyinin prinsiplərinə uyğun deyil və qanunla nəzərdə tutulmamışdır. Həmçinin, qanunda nəzərdə tutulmadığı üçün proqram təminatı tərəfindən buna yol verilmir və texniki cəhətdən də mümkün deyildir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı iddia ərizəsinin təmin edilməməsini xahiş edirlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh “İcbari Sığorta Bürosu” X8 nümayəndəsi X12 məhkəmə verdiyi etiraza uyğun izahat verərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasda iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş 4185 nömrəli, xx.xx.2024-cü il tarixli Etibarnamədən görünür ki, İddiaçı mülkiyyətində olan "KİA Optima minik" markalı, 77RG116 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək səlahiyyətlərini X3 etibar etmişdir. Etibarnamə 1 il müddətinə xx.xx.2025-ci il tarixinədək verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ML/8413 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı İddiaçı 1 (bir) ədəd (2019-cu il buraxılışı olan Kia Rio minik markalı, 3KPA24AB8KE204593 ban nömrəli avtomobili (bundan sonra “Avtomobil” adlandırılacaq) Alıcı "xxxx" MMC-nin mülkiyyətinə verir. Alıcı bu avtomobili xüsusi olaraq ML/8413 saylı maliyyə lizinqi müqaviləsinə əsasən X14 (gələcəkdə lizinq alan adlanacaqdır) lizinqə vermək məqsədilə almışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ML/8413 nömrəli maliyyə lizinqi müqaviləsinə əsasən Lizinqverən "xxxx" MMC Lizinq alan X14 tərəfindən seçilmiş 1 (bir) ədəd 2019 cu il buraxılışı olan Kia Rio minik markalı, 3KPA24AB8KE204593 ban nömrəli nəqliyyat vasitəsini (bundan sonra - Lizinq obyekti) öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində Lizinq alıma müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, Lizinq alan isə lizinq obyektini bu müqavilənin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan X10 təqdim edilmiş nəqliyyat vasitələrinin zədələnməsi barədə 2631 nömrəli arayışa əsasən xx.xx.2024-cü il tarixdə "KİA Rio" markalı, **-YZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi törədilmişdir. İş materiallarında olan İcbari Sığorta Bürosunun İddiaçı ünvanladığı məktubda qeyd edilmişdir ki, büronun informasiya sistemində axtarış zamanı onun adına (FİN: xxxxxxx) "xxxx" ASC tərəfindən rəsmiləşdirilmiş PPA********** nömrəli icbari sığorta müqaviləsi üzrə (DQN-77RG116) xx.xx.2024-cü il tarixində və PPA********** nömrəli icbari sığorta müqaviləsi üzrə (DQN-77RP136) xx.xx.2024-cü il tarixində sığorta hadisələrinin qeydə alındığı və bu səbəbdən malus tətbiq edildiyi aşkar edilmişdir. “İcbari Sığortalar haqqında” AR Qanunun 51.3-cü maddəsinə əsasən həmin Qanuna uyğun olaraq bağlanmış AVSMMİS müqaviləsinin aid olduğu əmlakın özgəninkiləşdirildiyi halda sığortalının həmin müqaviləyə xitam vermək hüququ vardır. Göründüyü kimi, qeyd etdiyi müqaviləyə xitam vermək hüququndan istifadə etmədiyinə, həmçinin onun və ya sığortaçının həmin müqaviləyə vaxtından əvvəl xitam verilməsi barədə tələbi irəli sürülmədiyinə görə yolnəqliyyat hadisəsi zamanı onun mülkiyyətinin icbari sığortası üzrə müqavilə qüvvədə olmuşdur. Hadisədə məsuliyyətə cəlb edilmiş avtonəqliyyat vasitəsinin yeni sahibi isə törətmiş olduğu hadisə üzrə (qanuni əsaslarla) öz mülki məsuliyyətini onun sığorta müqaviləsi üzərindən həyata keçirərək, onun bonus-malus əmsalına təsir göstərmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin qeyd edilən maddələrinə əsasən: 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 884.1. Sığorta münasibətləri sığortalının və ya sığorta olunanın əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, qanunla qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə bağlı olan əmlak mənafelərinin müdafiəsi sahəsində risklərin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanır. 897.1. İcbari sığortanın həyata keçirilməsi icbari sığorta qanunları ilə tələb olunur. 903.1. Sığorta haqqı risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləğidir. 903.2. Sığorta haqqının miqdarı və ya onun hesablanması və ödənilməsi qaydası könüllü sığortada sığorta müqaviləsi ilə, icbari sığortada isə icbari sığorta qanunları ilə müəyyən edilir. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun qeyd edilən maddələrinə əsasən: 5.1. Azərbaycan Respublikasında sığorta fəaliyyətini həyata keçirmək üçün lisenziyaya malik olan və bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş müəyyən icbari sığorta növünü aparmağa müvafiq icazə almış hüquqi şəxs sığortaçı hesab edilir. 5.2. Bu Qanunun Xüsusi bölməsinin müvafiq fəslinə uyğun olaraq, müvafiq əmlak mənafelərini icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş və sığortaçı ilə bağlanan icbarı sığorta müqaviləsinin tərəfi olan fiziki və ya hüquqi şəxs sığortalı hesab edilir. 6.1. İcbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan - fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir. 8.1. İcbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, bu Qanunun 8.1-1-ci və 8.1-2-ci maddələrinin tələbləri nəzərə alınmaqla, elektron sənəd formasında tərtib edilmiş və gücləndirilmiş elektron imza vasitəsilə təsdiq edilmiş müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir. 8.3. Müvafiq əmlakla bağlı bu Qanunla nəzərdə tutulmuş icbari sığorta təminatının əldə edilməsi barədə icbari sığorta müqaviləsi bağlanmışdırsa, bu Qanunun Xüsusi bölməsində başqa cür nəzərdə tutulduğu hallar istisna olmaqla, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində əmlakın sahibi dəyişdikdə, o cümlədən əmlak qanuni əsaslarla icarəyə və ya digər qaydada başqa şəxsin istifadəsinə verildikdə, bu Qanunun 8.4-cü maddəsi nəzərə alınmaqla, müqavilə müddətinin sonunadək yeni icbari sığorta müqaviləsinin bağlanması tələb olunmur. Bu halda bu Qanunla sığortalıya aid edilən bütün hüquqlar və vəzifələr əmlakın yeni sahibinə və ya istifadəçisinə şamil edilir. 11.1. İcbari sığorta haqqı sığortaçıya yalnız nağdsız hеsablaşma yolu ilə birdəfəlik ödənilir 13.2. Bu Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır. 13.4. Sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, fərdi qəza və ya mülki məsuliyyət üzrə sığorta təminatı, müvafiq icbari sığorta şəhadətnaməsində göstərilmiş əmlakı qanuni əsaslarla təyinatına uyğun istismar edən istənilən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə və hallara şamil olunur. 50.1. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. 51.2. Bu Qanunun Ümumi bölməsində icbari sığorta müqaviləsinə xitam verilməsi ilə bağlı nəzərdə tutulmuş müddəalar avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsinə, bu Qanunun 51.3-cü maddəsi nəzərə alınmaqla şamil edilir. 51.3. Bu Qanuna uyğun olaraq bağlanmış avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətin icbari sığortası müqaviləsinin aid olduğu əmlakın özgəninkiləşdirildiyi halda sığortalının həmin müqaviləyə xitam vermək hüququ var. 52.1. Avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. 52.2. Avtonəqliyyat vasitəsinin istifadəsi dedikdə avtonəqliyyat vasitəsinin hərəkəti ilə bağlı onun istismarı nəzərdə tutulur. Avtonəqliyyat vasitəsində quraşdırılmış, lakin onun yol hərəkətində iştirakı ilə birbaşa bağlı olmayan avadanlıqların istismarı avtonəqliyyat vasitəsinin istifadəsi hesab edilmir. 53.4. İcbari sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, istifadəsi ilə bağlı sahibinin mülki məsuliyyəti bu Fəslə uyğun olaraq sığortalanmış avtonəqliyyat vasitəsini qanuni əsaslarla istifadə edən istənilən şəxs üçüncü şəxslər qarşısında mülki məsuliyyətinə görə əmlak mənafeyi sığortalanmış sığorta olunan hesab edilir. 57.1. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması qaydası Mərkəzi Bank tərəfindən müəyyənləşdirilir. “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması Qayda”larına əsasən: 1.2.1. Bonus-Malus (bundan sonra - BM) sistemi – əvvəlki sığorta müqavilələri üzrə nəqliyyat vasitəsi sürücüsünün təqsiri üzündən baş verən sığorta hadisəsinin olubolmamasından asılı olaraq, sığortalıya münasibətdə sığorta haqlarını artıran və ya azaldan əmsalların tətbiq edilməsini nəzərdə tutan güzəştlər və əlavələr sistemidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı xx.xx.2024-cü il tarixli etibarnamə əsasında mülkiyyətində olan "KİA Optima minik" markalı, 77RG116 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək səlahiyyətlərini X3 etibar etmişdir. Bundan sonra X6 xx.xx.2024-cü il tarixdə həmin avtomobillə qəza törətmiş, əməli təsdiq edilmiş və qəzanı törədən şəxs kimi barəsində müvafiq tədbir görülmüşdür. Daha sonra "KİA Rio" markalı, ** RP *** (lizinqə veriləndən sonra **-YZ-***) dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2024-cü il tarixdə alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC-yə satmışdır. Həmin tarixli Lizinq müqaviləsinə əsasən "KİA Rio" markalı, ** RP *** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat nişanı dəyişdirilərək **-YZ-*** dövlət qeydiyyat nişanı ilə X9 təqdim edilmişdir. Bundan sonra xx.xx.2024-cü il tarixdə "KİA Rio" markalı, **-YZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə qəza törədilmişdir. Hər iki hadisə başqa şəxlər tərəfindən törədilməsinə, əmələ görə başqa şəxslərin məsuliyyətə cəlb edilməsinə baxmayaraq İcbari Sığorta Bürosu əsassız olaraq sığorta haqlarını artıran və ya azaldan əmsalların tətbiq edilməsini nəzərdə tutan güzəştlər və əlavələr sistemində hadisə törədən şəxs kimi onun barəsində (İddiaçı) qeydlər aparılmışdır. Bu da iddiaçının sığorta ödənişlərinə təsir edir və öz avtomobilini sığorta etməkdə ona çətinliklər yaradır. Hazırda iddiaçı ona xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərində baş vermiş sığorta hadisələrinə görə hesablanan sığorta haqqına tətbiq edilən bonus-malus 3 əmsalının ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Göründüyü kimi, İddiaçı sığorta haqqı hesablanan zaman bonus-malus 3 əmsalının tətbiq olunması "KİA Optima minik" markalı, 77RG116 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin etibarnamə əsasında X3 etibar edildiyi dövrdə, yəni xx.xx.2024-cü il tarixində baş vermiş sığorta hadisəsinə görə və "KİA Rio" markalı, 77RP136 (lizinqə veriləndən sonra 77YZ815) dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin "xxxx" MMC tərəfindən X9 lizinqə verildiyi dövrdə, yəni xx.xx.2024-cü il tarixdə baş vermiş sığorta hadisəsinə görə olmuşdur. İcbari sığorta müqaviləsinin İddiaçı adına olmasına baxmayaraq, yol nəqliyyat hadisələri baş verən zaman nəqliyyat vasitələri İddiaçı mülkiyyətində olmamış və yolnəqliyyat hadisəsinin baş verməsində onun heç bir təqsiri olmamışdır. Belə olduğu təqdirdə iddiaçının təqsiri olmayan sığorta hadisəsinə görə sığorta haqqı hesablanan zaman iddiaçıya bonus-malus 3 əmsalının tətbiq edilməsini məhkəmə ağlabatan hesab etmir. Qeyd olunan normaların məzmunundan belə bir nəticəyə gəlmək olur ki, Bonus-Malus sistemi, sığorta ödənişlərini sürücülərin sürücülük təcrübələrinə və qəza hallarına görə tənzimləmək üçün nəzərdə tutulub. Əgər sığortalı (və ya həmin müqavilə üzrə məsuliyyəti sığortalanmış şəxs) müəyyən bir müddət ərzində nəqliyyat vasitəsini qəzasız idarə edirsə, sığorta ödənişində endirim (bonus) əldə edilir. Əksinə, əgər sığortalı (və ya həmin müqavilə üzrə məsuliyyəti sığortalanmış şəxs) qəza törədərsə, sığorta ödənişi artır (malus). Bu sistem sürücüləri nəqliyyat vasitəsini diqqətli və təhlükəsiz idarə etməyə təşviq etmək məqsədilə tətbiq olunur. Göründüyü kimi, bonus-malus sisteminin mahiyyəti əvvəlki sığorta müqavilələri üzrə avtomobilin sürücüsünün təqsirinin olub-olmamasından asılı olaraq sığorta haqqı artması və ya azalmasından ibarətdir. Bonus-malus sistemi sığortalıya münasibətdə sığorta haqlarını artıran və ya azaldan əmsalların tətbiq edilməsini nəzərdə tutan güzəştlər və əlavələr sistemidir. Qeyd edilənlər baxımından şəxsin təqsirli hesab olunmadığı sığorta hadisəsinə görə şəxsin sığorta haqqının 3 dəfə artıq hesablanmasına gətirib çıxaran bonus-malus 3 əmsalının tətbiqi qanunauyğun hesab edilə bilməz. Məhkəmə həmçinin cavabdeh tərəfin öz etirazında gətirdiyi dəlilə münasibət bildirərək qeyd edir ki, “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 51.3-cü maddəsində nəzərdə tutulan sığortalıya tanınmış bir hüquqdur. Həmin hüquqdan istifadə edilib-edilməməsi isə sığortalının seçimidir və həmin hüquqdan istifadə edilməməsi sığortalının vəziyyətini pisləşdirən hal kimi təfsir edilə bilməz. Belə ki, “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 8.3-cü maddəsində qeyd edilmişdir ki, müvafiq əmlakla bağlı bu Qanunla nəzərdə tutulmuş icbari sığorta təminatının əldə edilməsi barədə icbari sığorta müqaviləsi bağlanmışdırsa, bu Qanunun Xüsusi bölməsində başqa cür nəzərdə tutulduğu hallar istisna olmaqla, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində əmlakın sahibi dəyişdikdə, o cümlədən əmlak qanuni əsaslarla icarəyə və ya digər qaydada başqa şəxsin istifadəsinə verildikdə, bu Qanunun 8.4-cü maddəsi nəzərə alınmaqla, müqavilə müddətinin sonunadək yeni icbari sığorta müqaviləsinin bağlanması tələb olunmur. Bu halda, bu Qanunla sığortalıya aid edilən bütün hüquqlar və vəzifələr əmlakın yeni sahibinə və ya istifadəçisinə şamil edilir. Qeyd edilən norma baxımından baş vermiş qəzanın mənfi hüquqi nəticəsi icbari sığorta müqaviləsinin tərəfi olan İddiaçı deyil, sığorta hadisələri baş verən zaman nəqliyyat vasitələrinin müvəqqəti sahibləri və istifadəçiləri olan X9 və X3 aid olmalıdır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iddia təmin edilməli, İddiaçı xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərində baş vermiş sığorta hadisələrinə görə sığorta haqqına tətbiq edilən bonus-malus 3 əmsalı ləğv edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iş üzrə ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. İddiaçı xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərində baş vermiş sığorta hadisələrinə görə sığorta haqqına tətbiq edilən bonus-malus 3 əmsalı ləğv edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar