Məhkəmə qərarları › İş №2(004)-4185/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4185/2023

10.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4185/2023 10.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin geri qaytarılması və borcun ödənilməsi tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə bağlanmış 17 avqust 2020-ci il tarixli, MAS- 2638 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi, lizinq obyekti olan 2020-ci il buraxılışlı, “Khazar SD” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı, göy rəngli avtomobilin mülkiyyətçi İddiaçı MMC-yə geri qaytarılması, Cavabdeh 17 avqust 2020-ci il tarixli, MAS-2638 saylı “Daxili lizinq” müqaviləsinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 26 iyul 2023-cü il tarixə 1247,11 manat gecikdirilmiş əsas, 342,18 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 209,83 manat dəbbə pulu olmaqla, cəmi 1799,12 manat borcun və ödənilmiş 100,40 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbləri onunla əsalandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 17 avqust 2020-ci il tarixli, MAS-2638 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 2020-ci il buraxılışlı, “Khazar SD” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı, göy rəngli avtomobil cavabdehin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə əsasən lizinq alan illik 19 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 397,67 manat, ümumilikdə isə 19088 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan 19088 manat məbləğin 13300 manatını əsas məbləğ təşkil edir. Daxili lizinq müqaviləsi üzrə öhdəliklər vaxtında və lazımi qaydada icra olunmadığı üçün Cavabdeh MAS-2638 saylı “Daxili Lizinq” müqaviləsinə əsasən 26 iyul 2023-cü il tarixə ümumilikdə 1799,12 manat borcu yaranmışdır. Daxili lizinq müqaviləsi və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, mülki işə iştirakları olmadan baxıb iddia tələblərinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin iş üzrə 2(004)-4185/2023 saylı 10 oktyabr 2023-cü il tarixli qərardadı ilə mülki iş üzrə icraata “iddiaçı ilə cavabdeh arasında bağlanmış 17 avqust 2020-ci il tarixli, MAS- 2638 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi” tələbi hissəsində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli qərarına əsasən (həmin tələbə məhkəmə qaydasında baxılmalı olmaması əsası ilə) xitam verilmişdir. Məhkəmə iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı MMC ilə lizinq alan Cavabdeh arasında bağlanmış Daxili lizinq müqaviləsi və müqaviləyə 1 saylı əlavəyə əsasən lizinq verən “Khazar SD” markalı, göy rəngli avtomobili lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verməyi, lizinq alan isə müqavilədə müəyyənləşdirilmiş lizinq ödənişlərini ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 7.2-ci bəndinə əsasən, gecikdirilən lizinq ödəniş məbləğinə gündəlik 0,3% dəbbə pulu hesablanır və lizinq alan tərəfindən lizinq verənə ödənilir. İddiaçı MMC ilə lizinq alan Cavabdeh arasında bağlanmış Daxili lizinq müqaviləsinə 2 saylı əlavə olan Lizinq ödənişləri cədvəlinə əsasən Cavabdeh lizinq obyektindən istifadə üçün 19088 manat məbləğində pulu illik 19% hesablanmaqla, 48 ay müddətində, hər ay 397,67 manat sabit pul məbləğində İddiaçı MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. 17 avqust 2020-ci il tarixli təhvil-təslim aktına əsasən Cavabdeh tərəfindən “Khazar SD” markalı, göy rəngli avtomobil təhvil alınmışıdır. Azərmaş” MMC -nin maliyyə arayışına əsasən Cavabdeh Daxili lizinq müqaviləsinə əsasən lizinq şirkətinə 26 iyul 2023-cü il tarixə 1247,11 manat əsas borc, 342,18 manat mükafat borcu, 209,83 manat cərimə borcu, cəmi 1799,12 manat məbləğində borcu vardır. İddiaçı MMC-nin 05 iyul 2023-cü il tarixli bildirişinə əsasən cavabdehdən borcun dərhal ödənilməsi tələb edilmiş, əks təqdirdə 1 ay ərzində lizinq müqaviləsinə xitam veriləcəyi barədə xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi 747.1. Lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-1.8. Lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. 748-1.12. Lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır: 748-1.12.4. lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə. Maddə 748-11. Lizinq ödənişlərinin ümumi məbləği 748-11.1. Lizinq ödənişlərinin ümumi məbləğinə aşağıdakılar daxildir: 748-11.1.2. lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər; 748-11.1.4. lizinq verənin mükafatının məbləği; 748-11.1.6. lizinq verənin əlavə xidmətlərinin haqqı; Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən “Khazar SD” markalı avtomobil cavabdehin müvəqqəti sahibliyinə və istifadəsinə verilmişdir. Cavabdeh isə müqaviləyə uyğun olaraq avtomobildən istifadə haqqını illik 19% hesablanmaqla, 48 ay müddətində İddiaçı MMC -yə ödəməyi öhdəsinə götürmüş, lakin buna əməl etməmişdir. Məhkəmə Cavabdeh tərəfindən lizinq müqaviləsinin şərtlərinə əməl edilməməsini nəzərə alaraq hesab edir ki, 1247,11 manat gecikdirilmiş əsas, 342,18 manat gecikdirilmiş mükafat, lizinq obyektinin – avtomobilin geri qaytarılması tələbləri əsaslıdır və təmin olunmalıdır. Bundan əlavə iş materiallarından görünür ki, cavabdeh müqavilə üzrə müəyyən ödənişlər etmədiyi nəticəsində iddiaçı (lizinq verən) müqavilə şərtinə əsasən 209,83 manat məbləğində cərimə pulu hesablamışdır. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 462.3-cü maddəsinə əsasən, müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Həmçinin həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə, hesablanmış dəbbə pulunun gecikdirilmiş borcun məbləğinə münasibətdə yüksək olmasını, həmçinin tərəflərin əmlak və digər əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə tutulacaq dəbbə pulu azaldılaraq 87,30 manat məbləğində müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyi üçün 93,56 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ : İddia qismən təmin edilsin. Cavabdeh 1247,11 manat gecikdirilmiş əsas, 342,18 manat gecikdirilmiş mükafat və 87,30 manat dəbbə pulu olmaqla, ümumilikdə 1676,59 (min altı yüz yetmiş altı manat əlli doqquz qəpik) manat borc və 93,56 (doxsan üç manat əlli altı qəpik) manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulsun. Lizinq obyekti olan 2020-ci il buraxılışlı, “Khazar SD” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı, göy rəngli avtomobil Cavabdeh alınaraq mülkiyyətçi İddiaçı MMC-yə geri qaytarılsın. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar