Məhkəmə qərarları › İş №2(004)-420/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-420/2023

11.01.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-420/2023 11.01.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, cavabdehin nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı Əli qızının Cavabdeh qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Əli qızı Cavabdeh qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2018-ci il tarixli, 528 saylı kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə aralarında 825 saylı, xx.xx.2018-ci il tarixli kredit müqaviləsi bağlanılmışdır. Həmin kredit müqaviləsinə əsasən iddiaçı 3 ay müddətinə faizsiz olmaqla 18.000 (on səkkiz min) ABŞ dolları məbləğində kredit götürmüşdür. Kreditin təminatı kimi mülkiyyətində və istifadəsində olan ünvan 1 ünvanında yerləşən yaşayış evini ipoteka ilə Cavabdeh xeyrinə yüklü edilmişdir. Nəzərinizə çatdırmaq istərdi ki, həmin əqd qarşılıqlı razılaşmalarına əsasən kredit məbləği ona faizsiz verilməli idi. Buna baxmayaraq cavabdeh daha sonradan ona pulu “faizə” verdiyini bildirmiş və ondan həmin məbləğin qat-qat faizini almışdır. Həmin kredit müqaviləsi bağlanarkən faizlərin bu qədər yüksək olacağı barədə cavabdeh onu məlumatlandırmamışdır. Həmin kredit müqaviləsi üzrə məbləğ sonradan şişirdilmiş rəqəmdir. Qeyd etmək istərdi ki, kredit və ipoteka müqaviləsinin müddətindən də görünür ki, müqavilə aralarında formal olaraq bağlanılmışdır. O cavabdehə uzun müddət faiz və əsas məbləği artıqlaması ilə ödəmişdir. Buna baxmayaraq cavabdeh əsassız yerə iddiaçının ona borcunun olduğunu bildirir və ondan evini tələb edir. Bundan başqa nəzərə çatdırmaq istərdi ki, oğlu X3 olaraq İİ Qarabağ müharibəsinin iştirakçısı olmuşdur. Həmin vaxt bütün ölkəmizin olduğu kimi, onun da bütün fikri müharibədə olmuşdur. Bundan suiistifadə edən cavabdeh gizli yolla ona xəbər etmədən mənzilini hərrac yolu ilə əldə edərək ona külli miqdarda ziyan vurmuşdur. Mənzilin satışına dair hərrac keçirilərkən onların bundan xəbərdar olmaları lazım idi. Lakin iddiaçı sanki hərrac mərkəzi ilə işbirliyinə girərək onların məlumatı olmadan evilərini dəyərindən qat-qat aşağı qiymətə satışa çıxarmış və elə özü mənzili əldə etmişdir. Həmin hərrac nəticələrinin və qiymətləndirmə rəyinin ləğv edilməsi tələbinə dair mən artıq məhkəməyə müraciət etmişdir. Beləliklə, qanunvericiliyin tələblərindən və işin faktiki hallarından görünür ki, onun iddia tələbi əsaslı və qanunidir. Cavabdehin müqavilə bağlanarkən onu lazımi qaydada - məlumatlandırmaması hüquqdan sui-istifadə olmaqla, eyni zamanda aldatma anlamına da gəlir. Belə olduğu halda, cavabdeh ilə aralarında bağlanan əqdin etibarsız hesab olunması zəruridir. Hesab edir ki, iddiası təmin edilməli, Cavabdeh ilə aralarında bağlanan xx.xx.2018-ci il tarixli, 528 saylı kredit müqaviləsinin etibarsız hesab edilməsi zəruridir. Göstərilənlərə əsasən xahiş edir ki, Cavabdeh ilə aralarında bağlanan xx.xx.2018-ci il tarixli, 528 saylı kredit müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılsın. Cavabdeh məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, iddiaçı ilə onun arasında 3 saylı Bakı ASAN Xidmət Mərkəzinin notariat kontorunda reyestr 3-M 528 nömrəli, xx.xx.2018-ci il tarixdə kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən iddiaçıya 30654 manat (18000 ABŞ dolları) faizsiz borc vermiş və həmin gün xx.xx.2018-ci il tarixdə həmin notariat kontorunda iddiaçı ilə 3M-529 saylı ipoteka müqaviləsi bağlamışdır. Həmin İpoteka müqaviləsinə əsasən iddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən mənzilini onun xeyrinə ipoteka ilə yüklü etmişdir. İddaiçı ilə aralarında bağlanmış kredit müqaviləsinin 2-ci bəndinə əsasən iddiaçı ondan aldığı borcu 3 ay ərzində yəni xx.xx.2018-ci il tarixədək qaytarmalı idi. Həmin müqaviləyə əsasən iddiaçı ondan aldığı borcu qaytarmadığından Nəsimi rayon 3 saylı Notariat Kontorunun xx.xx.2019-cu il tarixli, 8i-48378 sylı icra qeydinə əsasən qeyd olunan borca görə tutma ipoteka predmeti ilə yüklü edilmiş mübahisəli mənzilə yönəldilmişdir. Mübahisəli mənzilin təkrar qiymətləndirilməsi Qiymətləndirmə Xidməti Mərkəzi MMC-də aparılmış və xx.xx.2019-cu il tarixə həmin mənzili bazar dəyəri 62000 manat müəyyən olunması barədə qiymətləndirmə rəyi verilmişdir. Nəsimi rayon icra və probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli, 17720 nömrəli məktubu əsasında “X1 Mərkəzi” MMC-yə iddiaçıya, ona, Bakı şəhəri Nəsimi rayonu 3 saylı Bakı ASAN Xidmət Mərkəzinə AR Ədliyyə Nazirliyi Baş İcra İdarəsinə məlumat verməklə hərracın keçirilməsi “X1 Mərkəzi” MMC-yə həvalə olunmuş və Market qəzetinin 33(10725) saylı, xx.xx.2020-ci il tarixli nəşrində lot 20/910 mübahisəli mənzilin 209 dekabr 2020-ci il tarixdə saat 11:00-da 62000 manata açıq hərracda satışa çıxarılması ilə bağlı elan dərc edilmiş, mübahisəli mənzillə bağlı hərrac baş tutmadığından təkrarən Mərkəz qəzetinin 39(10729) saylı, xx.xx.2020-ci il tarixli nəşrində lot 20/90 mübahisəli mənzilin 16 dekabr 2020-ci il tarixdə saat 11:00-da 52700 manata açıq hərracda satışa çıxarılması ilə bağlı elanlar dərc edilmiş, mübahisəli mənzil hərracda satılmadığından “X1 Mərkəzi” MMC-nin 306 nömrəli xx.xx.2020-ci il tarixli İpoteka predmetinin alğı-satqısı üçün müqavilə bağlanması barədə bildirişi əsasında mübahisəli mənzilin qalıq dəyərini ödəməklə həmin və həmni mənzillə bağlı ona DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinin tərəfindən çıxarış verilmişdir. Bundan sonra hazırki iş üzrə iddiaçı və onun həmin mənzildən çıxarılma və mənzilin boşaldılması barədə iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməyə müraciət etmiş və Nəsimi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi təmin olnumuş və həmin qətnamədən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. İddiaçının iddia ərizəsində göstərdiyi dəlillər iftira və böhtandır. O iddiaçıya faizsizz borc vermiş və onun tərəfindən həmin kredit müqaviləsinə görə nə əsas borz nə də faiz qaytarılmayıb. Yəni qeyd edilən müqavilənin etibarsız hesab edilməsi üçün heç bir əsas olmamışdır. İddiaçı hazırda mülkiyyətində olan mənzili verməmək üçün hüquqdan sui –istifadə edir ki, bu da qanunla yolveriməz hesab olunur. Eyni zamanda cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə təqdim edərək bildirmişdir ki, iddia müddətləi keçdiyindən iddia tələbi rədd edilməlidir. İddia ərizəsindən və iddia ərizəsinə əlavə etdikləri iddiaçı tərəfindən mübahisələndirilən Kredit müqaviləsindən göründüyü kimi həmin müqavilə iddiaçı ilə onun arasında xx.xx.2018-ci il tarixdə 3 saylı Bakı ASAN Xidmət Mərkəzində bağlanmışdır. İddia ərizəsindən də göründüyü kimi iddiaçı onunla 3 saylı Bakı ASAN Xidmət Mərkəzinin notariat kontorunda bağlanan reyestr nömrəsi 3-M 528, xx.xx.2018-ci il tarixli Kredit müqaviləsinin etibarsızlığını tələb edir. əqdin etibarsızlığına dair işlər üzrə iddia müddəti isə 1 ildir, yəni iddiaçı tərəfindən qanunla müəyyən olunmuş iddia müddəti ötürülmüşdür. Ona görə də iddia tələbi rədd olunmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya rəsmi qaydada məlumat verilsə də məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili iddia etiraz ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, iddia tələbi əsassızdır. Belə ki, tərəflər aralarında razılaşaraq müqavilə bağlamış, öz imzaları ilə təsdiq etmişlər. Müqavilənin etibarsız hesab edilməsi üçün heç bir əsas yoxdur. Odur ki, iddia tələbi əsasızdır və məhkəmədən idda müddətinin tətbiq ediləək rədd edilməsi barədə qətnamə çıxarlmasını xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsi və vəkilini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: Borc verən Cavabdeh ilə borc alan İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredti müqaviləsinə əsasən müəyyən olunur ki, borc verən borcalana 30654 manat (18000 ABŞ dolları ekvivalentində) kredit vermiş, borcalan isə xx.xx.2018-ci il tarixədək krediti borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Kredit faizsiz verilmişdir. İpoteka saxlayan Cavabdeh ilə ipoteka qoyan İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli ipoteka müqaviləsinə əsasən müəyyən olunur ki, ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 41,4 kv m olan mənzilini 528 saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü etmişdir. Hər iki müqaviləni tərəflər şəxsən imzalamış və notarius tərəfindən təsdiq edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2533/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-4013/2021 sayl xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdehlər İddiaçı və X6 qarşı iddiası təmin edilərək cavabdehlər İddiaçı və X4 Bakı şəhəri Nəsimi rayonu, 4-cü mkr., H.Seyidzadə küçəsi, 188, M2, m1 saylı mənzilə istifadə hüquqları itirilmiş hesab edilmiş cavabdehlər İddiaçı və X4 Bakı şəhəri Nəsimi rayonu, 4-cü mkr., H.Seyidzadə küçəsi, 188, M2, m1 saylı mənzildən çıxarılmaları və mənzilin boşaldılması qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11442/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-4013/2021 sayl xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2533/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11442/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan qərarda işin hallarında qeyd edilmişdir ki, xx.xx.2018-ci il tarixli borc müqaviləsinə görə iddiaçı Cavabdeh İddiaçı xx.xx.2018-ci il tarixdə qaytarmaq şərtilə borc vermişdir. Borc müqaviləsinin təminatı olaraq cavabdehə məxsus cavabdehə məxsus Bakı şəhəri Nəsimi rayonu, 4-cü mkr., H.Seyidzadə küçəsi, 188, M2, m1 saylı mənzil ipoteka ilə yüklü edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən Mülki Məcəllədə əqdlərin etibarsızlığı üçün müəyyən edilmiş 1 illik müddət ötürülmüşdür. Belə ki, iddiaçı aldatma halına istinad etmişdir ki, bu hal da əqdi mübahisələndirməyə əsas verir. Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. İş materiallarından da göründüyü kimi müqavilə xx.xx.2018-ci il tarixdə bağlanmış və iddiaçının da bundan xəbəri olmuşdur. İddiaçı bu halları vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlandığı ilə əsaslandırsa da, sadalananlar ilə bağlı məhkəməyə hər hansı bir mötəbər sübutlar təqdim etməmişdir. Həmçinin xx.xx.2018-ci il tarixdə bağlanmış kredit və ipoteka müqaviləsi üzrə icra qeydi verilmiş və ipoteka ilə yüklü edilmiş mənzil hərracda satılmış, həmin mənzildən iddiaçının çıxarılması ilə bağlı iddia qaldırılmış, iş üzrə qəbul edilmiş qətnamədən apellyasiya və kassasiya şikayətləri verilmişdir. İddiaçı bu müddət ərzində də müqavilənin etibarsız hesab edilməsi ilə bağlı iddia qaldırmamışdır . Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə əsasən, məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Ali Məhkəmənin Mülki Kollegiyası Mülki Məcəllənin həmin maddəsinin hüquqi mahiyyəti ilə əlaqədar qeyd etmişdir ki, etibarsız əqdlər üzrə müddətlər qanunvericlik tərəfindən iddia müddəti kimi müəyyən edilməmişdir. 24 iyun 2005-ci il tarixdə qəbul edilmiş və 01 noyabr 2005-ci il tarixdə qüvvəyə minən “Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsəslələri haqqında” Azərbaycan Respublikası Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişiklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 949-İİQ nömrəli Qanunu ilə 354-cü maddənin adında “iddia müddətləri” sözləri “müddətlər” sözü ilə, 354.1-ci maddəsində “on gün” sözləri “bir il” söləri ilə əvəz edilmiş və 354.2-ci maddəsinə isə “Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı səxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmıs əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər” redaksiyası verilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair 27 dekabr 2001ci il tarixli qərarında qeyd etmişdir ki, Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətləri iki növə bölünür – ümumi və xüsusi. Ümumi iddia müddəti nə hüquq münasibəti subyektlərinin hüquqi statusundan, nə də mülkiyyətin formasından və növündən asılı deyil. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Avropa İnsan Hüquqları Məhkəməsi Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119-cu madəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi rədd edildiyindən iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu özünə aid edilməlidir. Şərh olununlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Əli qızının Cavabdeh qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar