Məhkəmə qərarları › İş №2(004)-421/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-421/2021

29.09.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-421/2021 29.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi X8 oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və 3 saylı Bakı «Asan xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu Cavabdeh2, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun hüquqi nticələrinin etibarsız hesab edilməsi, mirasın qəbul edilməsi faktının və miras əmlaka hüququn müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi, tələbin artırılması, tələbin azaldılması barədə ərizələrlə məhkəməyə müraciət edərək, 3 saylı Bakı "ASAN xidmət" mərkəsində notariat ofisinin xüsusi notariusu Cavabdeh2 tərəfindən Cavabdeh1 adına verilmiş reyestrdə 2V-1066 № ilə qeydə alınmış 14 noyabr 2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi; ünvan 1 ünvanda yerləşən mənzil üzərində Cavabdeh1 hüquqlarının qeydiyyatının və buna dair verilmiş ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi; miras əmlakın onun tərəfindən faktiki qəbul edilməsinin müəyyən edilməsi; ünvan 1 ünvanda yerləşən mənzilin 1\2 hissəsi üzərində onun vəsiyyətnaməyə əsasən mülkiyyət hüququnun müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbləri onunla əsaslandırılmışdır ki, o, xx xxxx 1992-ci ildə Bakı şəhərində anadan olmuşdur. X2 25 sentyabr 1955-ci ildə anadan olmuş, 12 noyabr 1996-cı ildə ölmüşdür. Ata anası - nənəsi X1 18 fevral 2015-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Nənəsinin atasından başqa 3 övladı - X4, X5 və Cavabdeh1 olmuşdur ki, onlardan yalnız Cavabdeh1 sağdır. Nənəsi X.Məmmədova 01 iyun 2002-ci il tarixli notarial qaydada təsdiqlənmiş, 2V-1-94 reyestr nömrəli vəsiyyətnamə ilə özünün xüsusi mülkiyyətində olmuş ünvan 1 ünvanda yerləşən mənzilini iddiaçıya vəsiyyət etmişdir. Qeyd edilən vəsiyyətnamə qüvvədə olduğu halda 3 saylı Bakı "ASAN xidmət" mərkəzində notariat ofisinin xüsusi notariusu Cavabdeh2 Cavabdeh1 adına qanun üzrə vərəsəlik haqqında şəhadətnamə vermişdir ki, cavabdehin həmin mənzil üzərində mülkiyyət hüququ qeydə alınmışdır. Cavabdeh1 digər vərəsələrin olması və vəsiyyətnamə barədə notariusa məlumat verməmişdir. Nənəsi vəsiyyətnamə qoyduğundan Mülki Məcəllənin 1133.2.-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik mümkünsüz olmuşdur. Qeyd edilən səbəbdən notariusun Cavabdeh1 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verməsi əsassız və qanunsuz olmuşdur və həmin şəhadətnamə etibarsız hesab edilməlidir. Hazırkı halda yalnız miras əmlakda məcburi pay mümkün idi ki, bu halda da məcburi pay almaq hüququ olan digər vərəsələr (onların varisləri) çağırılmaqla həll olunmalı idi. Notarius tərəfindən bu hissədə də qanunsuzluğa yol verilmişdir. Nənəsi rəhmətə gedəndən sonra ona aid olan bir çox əşyalar onda qalmışdır və faktiki olaraq mirası qəbul etmişdir. Bunlardan ona aid miras evə dair sənədlərin əsllərini və nənəsinə aid olan bank kartını iddia ərizəsinə sübut kimi əlavə etmişdir. Qanunun mənasına görə, bu halda o, mirası qəbul etmiş hesab olunur. Mülki Məcəllənin 1243.3.-cü maddəsinə görə vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Mülki Məcəllənin 1133.1.-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2.-cü maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır Mülki Məcəlləsinin 1243-cü maddəsinə əsasən: 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Mülki Məcəllənin 1159.1.-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin Məcəllənin 1176.1.-ci maddəsinə əsasən vəsiyyət edən qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilər və bunu əsaslandırmağa borclu deyildir. Həmin Məcəllənin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir Məhkəmə hesab edir ki, təqdim edilmiş sübutlarla iddiaçının iddia tələblərini əsaslandırdığı hallar – mübahisəli miras əmlaka nənəsi tərəfindən vəsiyyətnamə verilməsi, vəsiyyətnamənin qüvvədə olması, notarius tərəfindən vəsiyyətnamə olduğu halda qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilməsi və həmin şəhadətnamə əsasında Cavabdeh1 mülkiyyət hüquqlarının qeydiyyata alınması, iddiaçı tərəfindən nənəsinə məxsus miras əmlakın bir hissəsinə sahiblik etməklə mirası faktiki qəbul etməsi müəyyən edildiyindən iddia əsaslıdır və təmin edilməlidir. Bundan əlavə təqdim olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh1 vəsiyyətnaməyə əsasən mirasdan məhrum edilmişdir. Belə ki, miras qoyan özünə məxsus əmlakı yalnız iddiaçıya vəsiyyət etmişdir. Miras qoyanın digər vərəsələri ölmüş övladlarının övladları mirasda məcburi pay tələbi ilə notariusa müraciət etməmişlər və mirası faktiki də qəbul etməmişlər. Məhkəmə hesab edir ki, iddiaçı vəsiyyətnamə olmasına baxmayaraq payının ½ hissədə müəyyən olunmasını xahiş etdiyindən iddiaçının miras əmlakda payı həmin həcmdə müəyyən olunmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220,360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 3 saylı Bakı "ASAN xidmət" mərkəsində notariat ofisinin xüsusi notariusu Cavabdeh2 tərəfindən Cavabdeh1 adına verilmiş reyestrdə 2V-1066 № ilə qeydə alınmış 14 noyabr 2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilsin. ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 59,80 kv.m olan mənzil üzərində Cavabdeh1 hüquqlarının 03.12.2019-cu il tarixli qeydiyyatı və buna dair verilmiş ********** qeydiyyat nömrəli çıxarış ləğv edilsin. Miras əmlak - ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 59,80 kv.m olan mənzilin İddiaçı tərəfindən faktiki qəbul edilməsi müəyyən edilsin. ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 59,80 kv.m olan mənzilin 1\2 hissəsi üzərində İddiaçı vəsiyyətnaməyə əsasən payı müəyyən edilsin. İddiaçı tərəfindən ödənilmiş 10 (on) manat dövlət rüsumu tələb edilmədiyindən özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar