Məhkəmə qərarları › İş №2(004)-4214/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4214/2025

12.11.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4214/2025 12.11.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Şəfiyev Rəhman İntizar oğlunun katibliyi ilə, Ərizəçi maraqlı şəxs qismində Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası cəlb edilməklə “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və X4 Çatmayanların İşləri Hüquqların Müdafiəsi Komissiyası cəlb edilməklə “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, qardaşı xx.xx.1968-ci ildə doğulmuş X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və ərizəçinin qardaşı X5 qəyyumu təyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin qardaşı X9 xx.xx.1968-ci ildə doğulmuşdur. Qardaşı dərin əqli gerilik (mikrosefaliya) ilə doğulub və erkən psixi-fiziki inkişafı ləngimişdir. Hazırda hərəkət məhdudluğu və nitq qüsurludur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasından verilmiş xx.xx.2023-cü il tarixli arayışa əsasən qardaşı “əqli qüsurludur” və orqanizmin funksiyalarının 80%-də 100%-ə qədər pozulmuşdur. Bu səbəbdən onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və ərizəçinin onun üzərində qəyyum təyin edilməsi zərurəti yaranmışdır. Daha sonra Ərizəçi ərizənin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, maraqlı şəxs qismində Yasamal Rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası cəlb edilməklə X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Ərizəçi məhkəmə iclasında iştirak etməmiş, telefon vasitəsilə məhkəmə ilə əlaqə saxlayaraq hazırda ölkə hüdudlarından kənarda olduğunu, məhkəmə iclasında iştirak edə bilməyəcəyini, ərizəni müdafiə etdiyini və ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İş materiallarında olan Bakı şəhəri Oktyabr rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.1968-ci il tarixində verilən АЗ ******* nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən X9 xx.xx.1968-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur və bu barədə vətəndaşlıq vəziyyəti aktlarının doğum kitabında 5988 nömrəsi ilə qeyd olunmuşdur. X1, anası X2r. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə xx.xx.2023-cü il tarixli çıxarışa əsasən X8 dərin əqli gerilik (mikrosefalia) diaqnozu qoyulmuş və müddətsiz birinci dərəcə əlilliyi müəyyən olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Oktyabr rayon ZAQS tərəfindən xx.xx.1960-cı il tarixdə verilmiş İ-ИЕ 275995 nömrəli evlənmək haqqında şəhadətnamənin surətinə əsasən X6 və X3 xx.xx.1960-cı il tarixində evlənmişlər və bu barədə vətəndaşlıq vəziyyəti aktları kitabında 828 nömrəsi ilə qeyd olunmuşdur. Ərə “Xıdırov” , arvada “Rəsulova” soyadı verilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixində verilmiş AZ-İİ 507590 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X3 xx.xx.2025-ci il tarixində ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 502 nömrəsi ilə qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti yanında Mənzil-tikinti kommunalın idarə heyəti BŞS 52 №–li MTK-nın xx.xx.2025-ci il tarixli, 331/337 nömrəli yaşayış yeri haqqında arayışa əsasən Xıdırov X12 Abbasov küçəsi, ev 16, mənzil 13 ünvanında yaşayır və həmin mənzil ona məxsusdur. İş materiallarında ola Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Psixiatrik Mərkəzi” X13 Ambulator Məhkəmə-Psixiatrik Ekspertizasının xx.xx.2025-ci il tarixli 4565 nömrəli rəyinə əsasən mülki iş materiallarını və ambulator məhkəmə-psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları belə cavablandırır: 1-ci sual: xx.xx.1968-ci il təvəllüdlü X9 hər-hansı bir psixi xəstəlikdən əzab çəkirmi? 2-ci sual: xx.xx.1968-ci il təvəllüdlü X9 öz hərəkətlərini dərk etmək və idarə etmək baxımından onu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsas varmı? 1-ci və 2-ci suallar cavab: X7 Dərin əqli gerilik. Mikrosefaliya müəyyən edilir. X9 öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Buna görə də X9 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. X7 müəyyən edilən Dərin əqli gerilikdə ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1.3-ci maddəsinə əsasən məhkəmə şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi pozuntunun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Həmin Məcəllənin 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1968-ci il təvəllüdlü X9 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 317-321, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1968-ci il təvəllüdlü X9 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamə fəaliyyət qabiliyyəti olmayan hesab edilən X9 üzərində qəyyum təyin etmək üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar