Məhkəmə qərarları › İş №2(004)-4219/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4219/2021

15.11.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Ailə münasibətləri üzrə mübahisələr - Ər-arvad arasında əmlak mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4219/2021 15.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi X3 oğlunun katibliyi İddiaçı və onun nümayəndəsi Vəkil, cavabdehlər Cavabdeh1, Cavabdeh4 nümayəndəsi Nümayəndə ştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Abşeron rayon 1 saylı Dövlət notariat ofisinə qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsü və pul” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh4 qarşı iddia ərizəsi və iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən 0,015 ha torpaq sahəsi və onun üzərindəki evə dair 1 saylı Abşeron notariusu tərəfindən təsdiq edilmiş 4Ə/1785 reyestr nömrəli 06.07.2018-ci il tarixli bağışlama müqaviləsinin və onunla bağlı çıxarış və digər sənədlərin etibarsız hesab edilməsi, nikah dövründə əldə edilmiş əmlakın bölgüsü və ya ona düşən payın əvəzi kimi Cavabdeh1 30 000 manat pulun alınaraq ona verilməsi; cavabdehin adına 16.05.2013-cü il tarixində rəsmiləşdirilmiş Abşeron rayonu Masazır kəndində yerləşən 0,014 ha torpaq sahəsinin birgə nikah dövründə əldə edilmiş əmlak kimi bərabər paylara bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırımışdır ki, iddiaçı 05 mart 2010-cu il tarixində cavabdehlə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan 17.07.2011-ci il təvəllüdlü Sabir adlı uşaqları olmuşdur. Nikah 25.01.2019-cu il tarixində pozulmuşdur. Birgə nikah dövründə Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən 0,015 ha torpaq sahəsi 1 saylı Abşeron rayon notariusu tərəfindən təsdiq edilmiş 4Ə/4081 reyestr nömrəli 05.09.2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən cavabdehin adına qeydiyyatdan keçmişdir. Torpaq sahəsinin üzərində inşa edilmiş 3 otaqlı fərdi yaşayış evi vahid əmlak kimi 23.05.2015-ci il tarixində cavabdehin adına qeydiyyatdan keçmişdir. Tərəflərin münasibətləri bir neçə il əvvəl pozulmuşdu. 2018-ci ildə iddiaçı boşanma və evin bölünməsinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə prosesində aralarında əmlakın satılması və pulun yarısının iddiaçıya verilməsi barədə şifahi razılıq olmuş, nəticədə iddiaçı iddianı geri götürmüşdür. Etibarnamənin qüvvədə olduğu on gün ərzində cavabdeh evi formal olaraq üçüncü şəxsin adına keçirmişdir. Faktiki olaraq cavabdehin niyyəti barışmaq olmamış, evi addan çıxarmaq olmuşdur. 2019-cu ildə boşanma olmuş və sənədləri evin bölgüsünə hazırlayan zaman bəlli olmuşdur ki, ev özgəninkiləşdirilib. DƏDRX-ın cavabından bəlli olmuşdur ki, özgəninkiləşdirmə 1 saylı Abşeron notariusu tərəfindən təsdiq edilmiş 4Ə/1785 reyestr nömrəli 06.07.2018-ci il tarixli bağışlama müqaviləsinə əsasən həyata keçirilmişdir. İddiaçı etibarnaməni bağışlamaq üçün verməmişdir. Onun yaşayış yeri yoxdur. Himayəsində azyaşlı övladı var. Oğlunun gələcyi cavabdehi düşündürmür. Torpaq onların birgə vəsaiti hesabına alınmış və ev birgə vəsait hesabına tikilmişdir. Ev səkkiz daş üstündə tikilib, birmərtəbədir. Evin ümumi sahəsi 100 kv.m-dən artıqdır. Üç otaq, mətbəx , hamam və sanitar qovşaqdan ibarətdir. Cavabdehin mülkiyyətində olan digər torpaq sahəsi onun adına 16.05.2013-cü ildə rəsmiləşdirilmiş və Dövlət Reyestrinə salınmışdır. Həmin əmlak da birgə nikah dövründə əldə edilmiş əmlak kimi bərabər paylara bölünməlidir. Məhkəmə iclasında iddiaçı və nümayəndəsi iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında cavabdehlərin nümayəndəsi iddiaya etiraz edərək, izahatında göstərmişdir ki, iddiaçının iddia tələblərini əsaslandırdığı hallar həqiqətə üyğun deyil, iddiaçı mübahisəli torpaq sahəsinin və onun üzərində yerləşən evin satılmasına etibarnamə verməmiş, notariat kontorunda razılıq ərizəsini vermişdir. Digər mübahisəli torpaq sahəsi isə cavabdehin dediyinə görə digər şəxsə satılmışdır və onun mülkiyyətində deyil. Odur ki, iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmişlər. Cavabdeh Abşeron rayon 1 saylı Dövlət notariat ofisi ərizə ilə məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə həmin cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab edtmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in 24.09.2021-ci il tarixli **********91 saylı məktubundan və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, Abşeron rayonu, Masazır kəndində yerləşən 0,015 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 78 kv.m olan fərdi yaşayış evi üzərində Cavabdeh1 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 23.06.2015-ci il tarixində qeydiyyata alınmışdır. Həmin vahid əmlak üzərində (torpaq sahəsi və üzərində yerləşən ev) Abşeron rayonu 1 saylı Notariat kontorunda təsdiq edilmiş 06.07.2018-ci il tarixli 4Ə- 1785 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən Cavabdeh4 mülkiyyət hüquqları 27.07.2018-ci il tarixində qeydiyyata alınmışdır. Sonradan həmin əmlak Abşeron rayonu 1 saylı Notariat kontorunda təsdiq edilmiş 26.08.2020-ci il tarixli 4Ə-1365 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X1 adına özgəninkiləşdirilmişdir. Həmin əmlak üzərində X1 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 16.09.2020-ci il tarixində **********44-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. İddiaçı həmin əmlakın bağışlama müqaviləsinin etibarsızlığını cavabdeh tərəfindən onun aldadılaraq ondan etibarnamə alınması və həmin etibarnaməyə əsasən onun iradəsinə zidd olaraq satılması ilə əsaslandırmışdır. Lakin Abşeron rayon 1 saylı Dövlət notariat ofisi tərəfindən məhkəməyə təqdim edilmiş notariat işinin sürətindən görünür ki, iddiaçı həmin əmlakın (əmlak ərizədə dəqiq göstərilmişdir) özgəninkiləşdirilməsinə notariat kontorunda ərizə vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.2.-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehin mübahisəli əmlakı onun aldadılması nəticəsində bağışlanmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədiyindən iddia həmin hissədə əsassızdır və rədd edilməlidir. Bundan əlavə məhkəmə qeyd edir ki, hətta aldatma halı mövcud olduğu halda belə iddiaçı həmin müqavilənin mübahisələndirmək hüququnu Mülki Məcəllənin 354-cü maddəsi ilə müəyyən edilmiş bir illik müddəti ötürdüyündən itirmişdir. Belə ki, iddiaçı ərizəsində onun cavabdeh tərəfindən aldadılmasını 2019-cu il tarixdə bildiyini göstərmişdir. Hazırki iddia ilə isə mhəkəməyə 10 iyun 2021-ci il tarixdə müraciət etmişdir. Bundan əlavə məhkəmə hesab edir ki, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi hissəsində iddia rədd edildiyindən həmin müqavilənin nəticəsi olan daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarış və digər sənədlərin etibarsız hesab edilməsi hissəsində də iddia rədd edilməlidir. Məhkəmə hesab edir ki, iddia həmin əmlakın bölgüsü və ya həmin əmlakda iddiaçıya düşən payın əvəzi kimi Cavabdeh1 30 000 manat pulun alınaraq iddiaçıya verilməsi hissəsində əsassızdır və rədd edilməlidir. Belə ki, əmlak əvəzsiz əqd nəticəsində özgəninkiləşdirilmişdir və iddiaçı da buna razılıq vermişdir. Mülki Məcəllənin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Məhkəmə mübahisə predmeti olan ikinci əmlak barədə aşağıdakıları qeyd edir: İş materiallarına əlavə edilmiş Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-ın 20 avqust 2021-ci il tarixli **********98 saylı məktubundan müəyyən olunur ki, 16.05.2013cü il tarixində cavabdehin adına Abşeron rayonu, Masazır kəndində yerləşən yaşayış məntəqələrinin topaqların təyinatlı 0,014 ha (həmin 0,015 ha torpaq sahəsindən 0,001 ha hissəsi ümumi yol üçün verilmişdir) torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və hal-hazırda mülkiyyətindədir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ərarvadın qazandığı hər hansı sair əmlak daxildir. Həmin Məcəllənin 36.1.-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Həmin Məcəllənin 36.2.-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakı onların sazişi əsasında bölünə bilər. Belə saziş ər-arvadın arzusu ilə notariat qaydasında təsdiq edilə bilər. Həmin Məcəllənin 36.3.-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 36.4.-cü maddəsinə əsasən məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ər-arvaddan birinə, dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Məhkəmə hesab edir ki, tədqiq olunmuş sübutlarla ikinci mübahisəli əmlakın tərəflərin birgə nikah dövründə birgə qazancı hesabına əldə edilməsi təsdiq edildiyindən həmin əmlak tərəflərin birgə əmlakı kimi qəbul edilməli və iddia təmin edilərək iddiaçının həmin əmlakda payı 2/1 hissədə müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu tələb edilmədiyindən iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 adına 16.05.2013-cü il tarixində daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış Abşeron rayonu Masazır kəndində yerləşən yaşayış məntəqələrinin torpaqları təyinatlı 0,014 ha torpaq sahəsinin ½ hissəsinə Cavabdeh1, ½ hissəsinə İddiaçı mülkiyyət hüquqları müəyyən edilsin. İddia qalan hissədə rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri, Yasamal rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar