Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4230/2023 13.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi İddiaçı, Cavabdeh2 ASC-nin nümayəndəsi Nümayəndə2, Cavabdeh3 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2 ASC-yə və Cavabdeh3 qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Abşeron rayonu, Saray qəsəbəsi, İ.Hüseynov küçəsində yerləşən 23 saylı evə dair "xxxx"ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Saray qəsəbəsi, İ.Hüseynov küçəsində yerləşən 23 saylı ev iddiaçının həyat yoldaşı ilə birgə nikah dövründə əldə edilmiş əmlakdır. Həmin əmlakı oğulları – Cavabdeh3 adına keçirtmişlər. Oğulları evi Cavabdeh2 ASC-dən götürdüyü kreditin təminatı olaraq iddiaçının buna razılığı və xəbəri olmadan ipotekaya qoymuşdur. Bu barədə iddiaçı yaşadığı ünvana hərrac barədə bildiriş gələndən sonra bilmişdir. Ev onların ailəsinin birgə əmlakı olduğundan evin ipotekaya qoyulmasına iddiaçıın razılığı alınmalı idi. Lakin bu şərtə əməl olunmadığından ipoteka müqaviləsi etibarsız hesab edilməlidir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh3 iddianı müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 ASC-nin nümayəndəsi iddiaya etiraz edərək ipoteka müqaviləsi bağlanarkən iddiaçının Abşeron rayonu, Saray qəsəbəsi, İ.Hüseynov küçəsində yerləşən 23 saylı evin ipoteka qoyulmasına notariat qaydasında təsdiq edilmiş razılığının alındığını bildirmiş və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədə xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarına əlavə edilmiş 1 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində notariat ofisi tərəfindən təqdim edilmiş notariat işinin sürətindən görünür ki: Cavabdeh3 ilə “Nikoyl” X1 (indiki Cavabdeh2 ASC) Sumqayıt filialı arasında bağlanmış 05 mart 2014-cü il tarixli 4-G-1-0-204-14 saylı ipoteka müqaviləsi və 28 noyabr 2014-cü il tarixli 4-G-2-0-1384-14 saylı sonrakı ipoteka müqaviləsi əsasən Cavabdeh3 bankla bağlanmış eyni tarixli eyni saylı kredit müqavilələrinin təminatı olaraq Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş MA No ******* saylı xx.xx.2010-cu il tarixli çıxarışa əsasən tam mülkiyyət hüququ ilə ona məxsus olan Abşeron rayonu, Saray qəsəbəsi, İ.Hüseynov küçəsində yerləşən 2 otaqlı 23 saylı fərdi yaşayış evini ipotekaya qoymuşdur. İddiaçı notariat qaydasında təqdiq edilmiş ərizəsindən görünür ki, o evin ipotekaya qoyulmasına etiraz etməməsi və kredit və ipoteka müqaviləsi üzrə öhdəlik yerinə yetirilmədikdə və ya lazımınca yerinə yetirilmədikdə, məhkəmə qətnaməsi olubolmamasından asılı olmayaraq, bankın tələbi ilə könüllü şəkildə evdən qeydiyyatdan çıxmağına və qeyri-şərtsiz evi tərk edəcəyinə razılıq vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununu Maddə 8. Ümumi mülkiyyətdə olan əşyanın ipoteka qoyulması 8.1. Ümumi birgə mülkiyyətdə olan əşya bütün mülkiyyətçilərin notariat qaydasında təsdiq olunmuş razılığı ilə ipoteka qoyula bilər. Göründüyü kimi, istinad olunan qanunvericilik aktlarına əsasən yalnız ipoteka qoyulan əmlak ümumi birgə mülkiyyətdə olduğu halda bütün mülkiyyətçilərin notariat qaydasında təsdiq olunmuş razılığı tələb olunur. Tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsi bağlandığı anda mübahisəli fərdi yaşayış evi iddiaçının ailəsinin ümumi birgə mülkiyyətində olmamış, Cavabdeh3 tam mülkiyyətində olmuşdur. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı ipoteka müqaviləsi bağlandığı anda mübahisəli evin ümumi birgə mülkiyyətçisi olmadığından onun ipoteka müqaviləsini mübahisələndirməyə subyektiv hüququ olmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsassızdır və rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, Qət etdi: İddia rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 (yüz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №2(004)-4230/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4230/2023
13.12.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver