Məhkəmə qərarları › İş №2(004)-4232/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4232/2021

07.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4232/2021 07.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X3 qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil Mirələm oğlunun iştirakı ilə, İddiaçı cavabdeh "Yeni Yasamal” MTK-ya qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməsi tələbinə dair” mülki işə Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı cavabdeh "Yeni Yasamal” MTK-ya qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 130,5 kv.m sahədən ibarət mənzilin alınaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı AR MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, müqavilə şərtlərinə uyğun olaraq 130,5 kv.m sahədən ibarət mənzilin ona təhvil verilməsi öhdəliyinin Cavabdeh MTK-nın üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MTK ilə aralarında bağlanmış 30.07.2010-cu il tarixli müqaviləyə əsasən cavabdeh tərəfindən ünvan 1 ünvanında inşa edilən yüksək mərtəbəli binanın 2-ci blokunun 14-cü mərtəbəsində yerləşən dəyəri 52200 manat olan ümumi sahəsi 130.5 kv.m, 3 otaqlı mənzil ona satılmışdır. Müqailəyə əsasən MTK mənzili son variantda daxili sanitariya avadanlığı və daxili tamamlanma işləri görülmədən bilavasitə alıcının özünə verməyi, alıcı isə mənzili qəbul etməyi öhdəsinə götürür. Müqavilə üzrə mənzilin dəyəri tərəfindən MTK-ya tam olaraq ödənilməsinə baxmayaraq cavabdeh müqavilə şərtlərinə əməl etməmiş, qeyd edilən mənzili ona verməmişdir. Mənzilin ondan əvvəl başqa şəxsə satılması barədə 2020-ci il tarixində məlumat almışdır. Belə ki, hər dəfəsində MTK-nin inşa etdiyi binaya getdikdə mənzilin boş olduğunun şahidi olmuş və MTK tərəfindən mənzilin ona aid olduğu bildirilmişdir. 2020-ci ildə qeyd edilən banaya getdikdə ona məxsus olan əmlakın təmir olunduğu və mənzildə başqa şəxslərin yaşadığı ona məlum olmuşdur. Bununla bağlı cavabdehə dəfələrlə müraciət olunmasına, tərəfindən məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə taxmayaraq, cavabdeh mənzilin ona verilməsi üçün heç bir təşəbbüs göstərməmişdir. 05.05.2021-ci il tarixində xəbərdarlıq göndərilmiş, lakin cavabdeh məktubu qəbul etməkdən imtina etmişdir. Hesab edir ki, hazırda mübahisəli mənzildə başqa şəxslərin yaşaması və qeyd edilən mənzilin onların mülkiyyətinə verilməsi ilə bağlı məhkəmə qətnamələri mövcud olduğundan Cavabdeh MTK tərəfindən ona eyni sahədən ibarət olan mənzil verilməlidir. Cavabdehlə iradə ifadəsini bildirməklə razılığa gələrək aralarında mənzilin alqı-satqısına dair müqavilə bağlanılmış və həmin müqavilə imzandığı andan aralarında yaranmış mülki hüquq münasibətlərinə uyğun olaraq cavabdeh müqavilə bağlandığı tarixdən mənzili ona təhvil verməyi öz öhdəsinə götürmüş, lakin öhdəliyin icrası müddətindən 11 ildən artıq müddət keçməsinə baxmayaraq hələ də icra etməmiş, o isə, öz üzərinə götürdüyü öhdəliyi icra edərək müqavilə imzalandıqdan sonra 52000 manat məbləğində pulu tam ödəmişdir. Məhkəmə baxış iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil Mirələm oğlu iddia tələbini müdafiə edərək, onun təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, İddiaçı ilə "Yeni Yasamal” MTK arasında bağlanmış 30.07.2010-cu il tarixli müqaviləyə əsasən MTK ünvan 1 ünvanında inşa ediləcək yaşayış binasının 2-ci giriş, 14-cü mərtəbəsində sahəsi 130.5 kv.m olan 3 otaqlı, 223 saylı mənzili alıcıya verməyi, alıcı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, iddiaçı tərəfindən müvafiq mənzilə görə 52.000 manat məbləğində pul ödənilmiş və MTK-ya borcu yoxdur. "Yeni Yasamal” MTK tərəfindən məhkəməyə ünvanlanmış 29.06.2021-ci il tarixli cavab məktubundan görünür ki, ünvan 3 ünvanda yerləşən yüksəkmərtəbəli yaşayış binası Cavabdeh MTK-a tərəfindən inşa olmuşdur. Həmin binanın 2-ci giriş, 14-cü mərtəbə, 130,5kv.metr sahəsi olan 3 otaqlı 223 saylı mənzili 12.07.2007-ci il tarixdə X2 55250 manata satılmışdır. Həmin mənzillə bağlı məhkəmə mübahisəsi olmuş, X1 xeyrinə qərar qəbul olunmuş və qətnamə qanuni qüvvəsini almışdır. Mənzil X2 təhvil verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Müqavilənin 646.2-ci maddəsinə görə əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 648.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Beləliklə, ünvan 1 ünvanında inşa ediləcək yaşayış binasının 2-ci giriş, 14-cü mərtəbəsində sahəsi 130.5 kv.m olan 3 otaqlı, 223 saylı mənzil MTK tərəfindən iddiaçıya satılmış, mübahisəli mənzil üzrə müvafiq müqavilə ilə müəyyənləşdirilmiş pay haqqı tamamilə iddiaçı tərəfindən ödənilmiş, iddiaçının MTK-ya heç bir borcu qalmamışdır. Buna baxmayaraq, iddiaçı bugünə kimi müvafiq mənzilə dair sahiblik və istifadə hüquqlarını reallaşdıra bilmir. Məhkəmə hesab edir ki, iddiaçı haqlı olaraq, sahiblik və istifadə hüquqlarının pozulmasını iddia etməklə, mənzilin ona təhvil verilməsini tələb edir. Belə ki, AR Konstitusiyası Məhkəməsi Plenumunun “AR Mülki Məcəllənin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli qərarından görünür ki, kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu əldə edirlər. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh "Yeni Yasamal” MTK-nın üzərinə 30.07.2010-cu il tarixli "xxxx" müqavilənin şərtlərinə uyğun olaraq, MTK tərəfindən inşa edilən binada sahəsi 130.5 kv.m olan mənzilin İddiaçı təhvil verilməsi öhdəliyi qoyulsun. Cavabdeh "Yeni Yasamal” MTK-dan 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar