Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4256/2024 29.11.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi Məhkəmə iclasının katibi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi, İddiaçı Baxşıyev Şakir Abbas oğlunun, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Baxşıyev Şakir Abbas oğlunun Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Baxşıyev Şakir Abbas oğlu Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-dən bankın ondan artıq aldığı 19279.32 manat məbləğində pulun və 147.40 manat məbləğində dövlət rüsumunun, cəmi 19427.39 manat məbləğində pulun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “Nikoil” İKB-nin Lənkəran filialı onunla, yəni Baxşıyev Şakir Abbas oğlu ilə aralarında 15 yanvar 2015-ci il tarixdə 13-G-2-0-31-1-15 saylı Daxili Lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə əsasən ona illik 22 % hesablanmaqla 120 ay müddətinə 43750 manat məbləğində guya kredit vermişlər. Lakin, əsl həqiqətdə ona bir manat da olsun pul verməmişlər. Sadəcə olaraq ona bildirmişlər ki, kredit X5 adına olacaq, o sadəcə olaraq zamin qalacaqdır. O da latınca yazıb, oxuya bilmədiyi üçün bankın ona təqdim etdiyi sənədlərə imza etmişdir. Sonradan məlum oldu ki, onlar ona məxsus olan və Lənkəran rayonu, Şilavar kəndində 0,008455 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, ümumi sahəsi 73.7 kv.m olan qeyriyaşayış sahəsini lizinqə götürmüşlər. O ümumiyyətlə lizinqin nə olduğunu bilməmiş və bankda lizinqin nə olduğunu ona izah etməmişlər. Sonradan ondan həmin müqavilənin bağlandığı günün sabahı 16 yanvar 2015-ci il tarixdə 19279.32 manat pul almışlar. O elə bilib ki, hər şey bununla da bitdi. Buna görə də o, bununla bağlı Lənkəran ŞRPŞ-nə müraciət etmiş, orada araşdırma aparılmış və ona X5 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə zərərçəkmiş şəxs qismində işə cəlb etmişlər. Qeyd olunan epizodda həmin cinayət işində öz əksini tapmışdır. Lakin, buna baxmayaraq bank sonradan onu məhkəməyə vermiş və Lənkəran rayon məhkəməsinin 2(049)-78/2016 saylı 05 yanvar 2016-cı il tarixli qətnaməsi ilə qismən təmin edilmiş və 15 yanvar 2015-ci il tarixli 13-G-2-31-15 saylı lizinq müqaviləsi üzrə 41940 manat əsas borcun, 8637.31 manat faiz borcun, cəmi 50577.31 manat borcun və 30 manat dövlət rüsumunun, ondan, yəni cavabdeh İddiaçı tutularaq “Nikoil” İKB- nin Lənkəran filialının xeyrinə ödənilməsi, “Nikoil” İKB-nin Lənkəran filialı ilə İddiaçı arasında bağlanmış 15 yanvar 2015-ci il tarixli 13-G-2- 31-15 saylı lizinq müqaviləsinin ləğv edilməsi və lizinq obyekti olan Lənkəran rayonu. Şilavar kəndində 0.008455 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 1 otaqlı ümumi sahəsi 73,7 kv.m olan qeyri-yaşayış sahəsinin “Nikoil” İKB-yə qaytarılması və Lizinq obyekti olan Lənkəran rayonu, Şilavar kəndində 0,008455 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 1 otaqlı ümumi sahəsi 73,7 kv.m olan qeyri-yaşayış sahəsi boşaldılaraq “Nikoil” İKB-yə təhvil verilməsi qət edilmişdir. Həmin qətnamədən apellyasiya və kassasiya şikayəti versə də, onun apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. Bundan sonra, qeyd olunan qətnamə icra edilməsi üçün Lənkəran rayon icra və probasiya şöbəsinə göndərilmişdir. İcra məmurları da ona məxsus olan və lizinq obyekti kimi qeydə alınmış Lənkəran rayonu, Şilavar kəndində 0,008455 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 1 otaqlı ümumi sahəsi 73,7 kv.m olan qeyri-yaşayış sahəsini əlindən almışlar və onu hərrac vasitəsi ilə 45000 manata sataraq banka ödəmişlər. Lakin, buna baxmayaraq bank yenidən ondan 50577.31 manat pul tələb edir. Ona görə də, lizinq müqaviləsi üzrə bankın ondan artıq aldığı 19279.32 manat pulu geri tələb edir və hazırki iddia tələbi ilə məhkəməyə müraciət edir. Məhkəmə iclasında iştirak edən iddiaçı Baxşıyev Şakir Abbas oğlu iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş materiallarında olan Baxşıyev Şakir Abbas oğlu ilə "xxxx" X4 ASC arasında bağlanılmış xx.xx.2014-cü il tarixli 13-G4-1-01396-14 saylı Daxili Maliyyə lizinq müqaviləsinə əsasən Lizinqverən Lizinqalan tərəfindən seçilmiş və bu müqaviləyə “Əlavə 2”-də qeyd olunmuş, ətraflı təsviri verilmiş X6 və X1 məxsus əmlaklarını mülkiyyət hüququ ilə əldə etməyi və Lizinqalanın xahişi əsasında, lizinq vasitəsilə, lizinq haqqı müqabilində Azərbaycan Respublikasının qanunvericiliyi, habelə bu lizinq müqaviləsinin müddəalarına uyğun olaraq Lizinqalanın müvəqqəti istifadəsinə və sahibliyinə verməyi öhdəsinə götürmüşdür. Lizinqverən Lizinqalanla əmlakın qiyməti, təslim müddətləri və alqı-satqı müqaviləsinin digər şərtlərini razılaşdırmışdır. Əmlak Lizinqalana Lizinqverən tərəfindən 120 (bir yüz iyirmi) ay müddətinə lizinqə verilmişdir. İş materiallarına olan "xxxx" X2 Lənkəran filialı Baxşıyev Şakir Abbas oğlu ilə bağlanmış xx.xx.2014-cü il tarixli 13-G4-1-0-1396-14 saylı lizinq müqaviləsinə 1 saylı əlavəyə əsasən ödəniş qrafiki üzrə 120 ay müddətinə, illik 17% ödəmək şərtilə 155,000.00 manat məbləğində kredit vermişdir. İş materiallarında olan Baxşıyev Şakir Abbas oğlu ilə "xxxx" X4 ASC arasında bağlanılmış xx.xx.2015-ci il tarixli 13-G-2-0-31-15 saylı Daxili Maliyyə lizinq müqaviləsinə əsasən Lizinqverən Lizinqalan tərəfindən seçilmiş və bu müqaviləyə “Əlavə 2”-də qeyd olunmuş, ətraflı təsviri verilmiş X1 məxsus əmlakı mülkiyyət hüququ ilə əldə etməyi və Lizinqalanın xahişi əsasında, lizinq vasitəsilə, lizinq haqqı müqabilində Azərbaycan Respublikasının qanunvericiliyi, habelə bu lizinq müqaviləsinin müddəalarına uyğun olaraq Lizinqalanın müvəqqəti istifadəsinə və sahibliyinə verməyi öhdəsinə götürmüşdür. Lizinqverən Lizinqalanla əmlakın qiyməti, təslim müddətləri və alqı-satqı müqaviləsinin digər şərtlərini razılaşdırmışdır. Əmlak Lizinqalana Lizinqverən tərəfindən 120 (bir yüz iyirmi) ay müddətinə lizinqə verilmişdir. İş materiallarına olan "xxxx" X2 Lənkəran filialı Baxşıyev Şakir Abbas oğlu ilə bağlanmış xx.xx.2015-ci il tarixli 13-G-2-0-31-15 saylı lizinq müqaviləsinə 1 saylı əlavəyə əsasən ödəniş qrafiki üzrə 120 ay müddətinə, illik 22% ödəmək şərtilə 43,750.00 manat məbləğində kredit vermişdir. İş materiallarında olan Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli (089)-190/2016 saylı hökmə əsasən X9 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinmiş və ona 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, AR CM-nin 66.5-cü maddəsinə əsasən, yeni təyin edilmiş cəzaya Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 01 iyul 2015-ci il tarixli hökmü ilə təyin edilmiş 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasını qismən toplamaq yolu ilə X7 cinayətlərin məcmusu üzrə qəti olaraq 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İş üzrə zərəçəkmiş şəxslərə onlara cinayət əməli nəticəsində dəymiş maddi zərəri mülki mühakimə icraatı qaydasında təqsirləndirilən şəxs X3 tələb etmək hüquqları izah edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-6558/2021 saylı qərarına əsasən iddiaçı "xxxx" ASC və cavabdeh Baxşıyev Şakir Abbas oğlunun kassasiya şikayətləri təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-444/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi kassasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-6558/2021 saylı qərarının 52-ci bəndində qeyd edilmişdir ki, X10 ona vurulan ziyanın tutulması barədə Lənkəran ryon məhkəməsində iddia qaldırmış və həmin məhkəməninin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə X3 onun xeyrinə 325000 manat və 15000 ABŞ dollarının tutulması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)-7230/2019 saylı qərarına əsasən cavabdeh Baxşıyev Şakir Abbas oğlunun kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının həmin iş üzrə 20 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan xx.xx.2015-ci il tarixli mədaxil qəbzinin surətinə əsasən "xxxx" ASC-nin 13-176206-1 nömrəli hesabına verilmiş kreditlər üzrə 19279.32 manat vəsait Baxşıyev Şakir Abbas oğlu tərəfindən daxil edilmişdir. İş materiallarında olan xx.xx.2015 - xx.xx.2024-cü il tarixləri əhatə edən hesabdan çıxarışa əsasən Baxşıyev Şakir Abbas oğlu "xxxx" ASC-nin hesabına xx.xx.2015-ci il tarixində 19279.32 manat məbləğində pul köçürmüşdür. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, 1-2114264-24 nömrəli cavab məktubuna əsasən Baxşıyev Şakir Abbas oğlunun bank ilə arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 13-G4-1-0-1396-14 saylı Kredit müqaviləsinə əsasən illik 17 % olmaqla, 10 il müddətinə 155.000 AZN (yüz əlli beş min) məbləğində kredit verilmişdir. Müraciətə cavab olaraq bildirilir ki, Baxşıyev Şakir Abbas oğlunun Bank qarşısında sistem üzrə olan borc öhdəliyi xx.xx.2015-ci il tarixinə 141926,54 AZN (yüz qırx bir min doqquz yüz iyirmi altı manat, əlli dörd qəpik) əsas borc, 201,06 AZN (iki yüz bir manat, altı qəpik) faiz borcu olmaqla, cəmi 142127,6 AZN (yüz qırx iki min yüz iyirmi yeddi manat, altı qəpik) təşkil edir. İş materiallarında olan "xxxx" ASC-nin müştəri Baxşıyev Şakir Abbas oğlunun xx.xx.2015-xx.xx.2024-cü il tarix aralığı üzrə hesabdan çıxarışa əsasən Baxşıyev Şakir Abbas oğlu tərəfindən verilmiş kreditlər üzrə sonuncu ödəniş xx.xx.2023-cü il tarixdə olunmuşdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1 və 445.2.2-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-1.9-cu maddəsinə əsasən lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır. 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. 748-10.2-ci maddəsinə əsasən lizinq ödənişlərinin məbləği həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. 748-10.4-cü maddəsinə əsasən lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı Baxşıyev Şakir Abbas oğlu ilə "xxxx" İKB Açıq Səhmdar Cəmiyyəti arasında bağlanılmış xx.xx.2014-cü il tarixli, 13-G4-1-0-1396-14 saylı daxili maliyyə lizinqi müqaviləsinə 1 saylı əlavəyə əsasən ödəniş qrafiki üzrə 120 ay müddətinə, illik 17% ödəmək şərtilə 155,000.00 manat məbləğində kredit verilmişdir. Həmçinin, Baxşıyev Şakir Abbas oğlu ilə "xxxx" İKB Açıq Səhmdar Cəmiyyəti arasında bağlanılmış digər xx.xx.2015-ci il tarixli, 13-G-2-0-31-15 saylı daxili maliyyə lizinqi müqaviləsinə 1 saylı əlavəyə əsasən ödəniş qrafiki üzrə 120 ay müddətinə, illik 22% ödəmək şərtilə 43,750.00 manat məbləğində kredit verilmişdir. Hazırda iddiaçı Baxşıyev X11 16 yanvar 2015-ci il tarixdə 19279.32 manat məbləğində ödədiyi pulun ondan artıq alındığını düşünərək qaytarılmasını tələb edir. Məhkəmə qeyd edir ki, iddia üzrə tələb edilən 19279.32 manat məbləğində pul vəsaiti Baxşıyev Şakir Abbas oğlu tərəfindən xx.xx.2014-cü il tarixli, 13-G4-1-0-1396-14 saylı lizinq müqaviləsinə əsasən xx.xx.2015-ci il tarixdə "xxxx" ASC-nin 13-176206-1 nömrəli hesabına ödənilmiş və həmin məbləğ bank tərəfindən iddiaçının kredit üzrə gecikmiş əsas və faiz borcu olaraq silinmişdir. Göründüyü kimi, iddiaçı cavabdehdən müqavilə öhdəliyi üzrə ödənilmiş məbləği tələb edir, bu səbəbdən iddia əsassızdır və təmin edilməməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı Baxşıyev Şakir Abbas oğlunun Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı bankın ondan artıq aldığı 19279.32 manat məbləğində pulun və 147.40 manat məbləğində dövlət rüsumunun, cəmi 19427.39 manat məbləğində pulun alınıb ona ödənilməsi tələbinə dair iddiası əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu
Məhkəmə qərarları › İş №2(004)-4256/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4256/2024
29.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver