Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4275/2021 15.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı aktın ləğv edilməsi və əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır. Bütün kommunal xidmətlərin ödənişlərini vaxtı-vaxtında ödəyir. O, son aylar mənzilin elektrikə görə aylıq ödənişlərin daha çox olduğunu aşkar etmiş, lakin heç bir etiraz etmədən aylıq ödənişi vaxtında ödəmişdir. Sonra qonşuluqda yaşayan sakinlərdən onlarda da bu halın baş verib-vermədiyini soruşmuş və onlarda bu halın baş vermədiyini öyrənmişdir. Bu zaman sayğacın problemli olduğunu düşünərək, sayğacın nasaz olduğunu bildirmək üçün yenisi ilə əvəz edilməsi məqsədi ilə Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinə ərizə ilə müraciət etmişdirdir. 02.12.2020-ci il tarixdə Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin əməkdaşları tərəfindən yerində baxış keçirildi. Sayğacda nasazlıq aşkar olunduğu üçün yerində akt tərtib olunmuş və elektrik sayğacı yenisi ilə əvəz olunmuşdur. O, bu məsələnin araşdırılmasını Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinə şifahi müraciət etmiş, lakin onlar ona bu məsələ ilə bağlı "xxxx" ASC-nin Müştəri Xidmətləri idarəsinə müraciət etməsini tövsiyə etmişlər. O, 21.01.2021-ci il tarixdə "xxxx" ASC-yə ərizə ilə rəsmi müraciət etmişdir. 08.02.2021-ci il tarixdə Azərişıq ASC-nin Müştəri Xidmətləri idarəsindən məktub almışdır. Məktubda guya onun sayğaca müdaxilə etdiyi qeyd olunmuş və buna görə 190.04 manat borc yazılıbmışdır. Lakin o heç bir zaman bu cür əməllərə yol verməmişdir. Bir vətəndaş kimi bu cür yanaşma ona çox psixoloji təsir etmişdir. Çünki heç bir müdaxilə olmayan halda sayğacın texniki nasazlığı probleminə görə onu günahlandırırlar. Cavab məktubunda Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin 02.12.2020-ci il tarixdə tərtib olunan Rİ No 203786 saylı aktında sayğaca müdaxilə edildiyi qeyd olunubdur. Lakin bu tam əsassızdır. Çünki aktın surəti ona da təqdim olunub və orada müdaxilə barədə heç nə yazılmamışdırdır. O, eyni zamanda onu da qeyd edir ki, sayğac evin içində deyil, binanın blokunda yerləşir. Göstərilənlərə əsasən Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 192, mənzil 86 abonent kodu **********20086 olan onun adına hesablanmış 194.04 manat cərimə pulunun silinməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İşə məhkəmədə baxılan zaman iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 192, 86 saylı mənzilə dair "xxxx" ASC tərəfindən tərtib edilmiş 203786 saylı, 08.12.2020-ci il tarixli aktın ləğv edilməsi və həmin akt əsasında əsassız olaraq hesablanmış 194 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdeh tərəfindən ona məxsus mənzilə aid sayğac onun müraciəti əsasında dəyişdirilmiş, mənzilə yeni sayğaq quraşdırılmışdır. Lakin sonradan ona akt tərtib edilmişdir. Həmin akta əsasən cavabdeh təşkilat tərəfindən ona sayğaca müdaxilə edilməsi qeyd edilsə də, o elektrik sayğacı çıxarılan zaman həmin idarənin ustalarından sayğacın üzərində plomb olubolmamasını soruşmuş, ustalarda plombum öz yerində olduğunu bildirmişlər. Onun tərəfindən sayğaca hər hansı bir müdaxilə olunmamışdır. Borcun gecikməsinə səbəb isə sayğacın çıxaırlması olmuşdur. Odur ki, iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.6-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materillarında olan: - 203786 nömrəli, 08.12.2020-ci il tarixli aktdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 192, 86 saylı evdə quraşdırılmış sayğac aftomat söndürüldükdən sonra öz-özünə işləmiş və sayğacın dəyişdirilməsi tələb edilmişdir. - 0199/X-011/1059 nömrəli, 08.02.2021-ci il tarixli məktubdan görünür ki, **********20086 saylı kod üzrə elektrik enerjisi hesabatı haqqında Abunə vərəqi təhlil olunarkən məlum olmuşdur ki, 08.12.2020-ci il tarixli Yasamal RETSİ-nin əməkdaşları tərəfindən elektrik enerjisinin uçotu və “Elektrik enerjisinin istifadə Qaydaları”-na riayət olunmamasının vəziyyəti yoxlanılarkən, mənzilə məxsus elektrik sayğacına müdaxilə olunması faktı aşkarlanaraq, 203786 saylı akt tərtib edilmiş, 1764 kv 194.04 manat dəyərində ödəniş sənədi hesablanmışdır. Akt tərtib edilərkən və ödəniş sənədi hesablanarkən “X1 Qaydaları”-na riayət edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, cavabdeh qurumun nümayəndələri tərəfindən tərtib olunmuş 203786 nömrəli, 08.12.2020-ci il tarixli akta əsasən, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi ünvanında yerləşən Şərifzadə küçəsi 192, 86 saylı evdə yerləşən sayğacın mənzilə gedən aftomatın söndürülməsindən sonra sayğacın öz-özünə işləməsi müəyyən edilmişdir. Bu barədə cavabdeh qurumun nümayəndələri tərəfindən 203786 nömrəli, 08.12.2020-ci il tarixli akt tərtib edilmiş və həmin akta əsasən sayğacın dəyişdirilməsi qeyd edilmişdir. Bundan sonra məsələnin araşdırılması üçün iddiaçı "xxxx" ASC-nin Müştəri Xidmətləri idarəsinə müraciət etmiş və məsələ barəsində məktub almışdır. 0199/X-011/1059 nömrəli, 08.02.2021-ci il tarixli məktubdan görünür ki, sözügedən mənzilə məxsus elektrik sayğacına müdaxilə olunması faktı aşkarlanmışdır və 203786 saylı akt tərtib edilərək 1764 kv üçün 194.04 manat dəyərində ödəniş sənədi hesablanmışdır . İddiaçı aktın ləğv edilməsi və əsassız hesablanmış borcun silinməsi ilə bağlı iddia əirəzəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən tərtib edilmiş 203786 saylı, 08.12.2020-cİ il tarixli aktın ləğv edilməsini və həmin akt əsasında əsassız olaraq hesablanmış 194.04 manat borcun silinməsini xahiş edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş “X1 Qaydaları”nın 1.2-ci bəndinə əsasən bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu qaydaların icrası tabeliyindən mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq, dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Qaydaların 8.4-cü bəndinə əsasən “Enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır”. Qanunun tələbindən görünür ki, istehlakçı kimi iddiaçıdan istifadə etmədiyi enerjiyə görə haqq tələb edilə bilməz. “X1 Qaydaları”nın 8.2-ci bəndində göstərilmişdir ki, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qaydaların 8.32-ci bəndinə görə məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və X1 göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində X1yə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, X1yə görə yenidən hesablaşma aşağıdakı kimi aparılır: a) məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda, sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində X1 edildiyi nəzərə alınmaqla hesabat aparılır; b) məişət abonentində ölçü transformatoru vasitəsi ilə elektrik sayğacı quraşdırıldıqda, cərəyan transformatorunun yüksək tərəfindəki nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində X1 edildiyi nəzərə alınmaqla hesabat aparılır. Qaydaların 7.2-ci bəndində göstərilir ki, dövlət elektroenergetika müəssisəsinin, enerjitəchizatı müəssisəsinin, müstəqil enerji istehsalçısının, abonentin və subabonentin şəbəkələrinə elektrik enerjisinə görə hesablaşma uçot cihazları olmayan elektrik qurğularının qoşulmasına yol verilmir. Qaydaların 7.9-cu bəndinə görə məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması üçün hər bir yaşayış sahəsi, o cümlədən yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Həmçinin yaşayış binalarında ümumi məqsədlərə-pilləkənlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğacı quraşdırılır. Kommunal mənzildə elektrik enerjisi sərfinə görə hesablaşmalar aparmaq məqsədi ilə hər bir məişət abonenti üçün hesablaşma elektrik sayğacı quraşdırılır, həmçinin mənzilin ümumi istifadə yerlərində (dəhlizin, mətbəxin, hamamın və s.) elektrik enerjisi sərfini müəyyənləşdirmək üçün ayrıca hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Qaydaların 7.10-cu bəndinə görə istismarda olan yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki hesablaşma elektrik sayğacları enerjitəchizatı müəssisəsi tərəfindən öz vəsaiti hesabına çıxarılaraq, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırıla bilər. Yeni yaşayış binalarında mənzillər üzrə məişət abonentlərinin hesablaşma elektrik sayğacları yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmalıdır. Bu hesablaşma elektrik sayğacları kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. Qaydaların 7.11-ci bəndinə görə yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Qanunverciliyin mənasından göründüyü kimi, sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Sözü gedən ünvanda da yerləşən elektrik saycağı evdən kənarda yerləşdiyindən sayğaca, o cümlədən üzərindəki plombun qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşımışdır. Bundan başqa 08.12.2020-ci il tarixli, 203786 nömrəli aktda ümumiyyətlə sayğacın üzərində plombun aşkar olunmaması qeyd edilməmiş, əksinə həmin aktla evə elektrik enerjisinin verilməsinin dayandırıldığı halda sayğacın işləməsi qeyd edilmişdir. Bu səbəbdən də, məhkəmə qeyd edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, cavabdeh tərəfindən iddiaçının mənzilinə dair tərtib edilmiş 08.12.2020-ci il tarixli, 203786 nömrəli akt ləğv edilməli və həmin akta əsasən hesablanmış 194.04 manat məbləğində borc əsassız olduğu üçün silinməlidir. Bundan başqa məhkəmə iddia tələbini təmin edərkən onu da nəzərə alır ki, cavabdeh tərəfindən iddiaçının mənzilinə dair tərtib edilmiş 08.12.2020-ci il tarixli, 203786 nömrəli aktda sayğaca hər hansı bir kənar müdaxilənin olması öz əksini tapmamışdır. Bununla yanaşı cavabdeh qurum aktın etibarlılığını təsdiq edən digər sübutları da, məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 192-də yerləşən 86 saylı evə dair cavabdeh "xxxx" ASC tərəfindən 08.12.2020-ci il tarixdə 203786 nömrə ilə tərtib edilmiş akt ləğv edilməli və həmin akta əsasən hesablanmış 194 (bir yüz doxsan dörd) manat 04 (dörd) qəpik məbləğində borc əsassız olduğu üçün silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddiaları üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, ev 192 ünvanında yerləşən 86 saylı mənzilə dair cavabdeh "xxxx" ASC tərəfindən 08.12.2020-ci il tarixdə 203786 nömrə ilə tərtib edilmiş akt ləğv edilsin və həmin akta əsasən hesablanmış 194 (bir yüz doxsan dörd) manat 04 (dörd) qəpik məbləğində borc əsassız olduğu üçün silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-4275/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4275/2021
15.07.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver