Məhkəmə qərarları › İş №2(004)-430/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-430/2022

10.01.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-430/2022 10.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi X2 oğlunun katibliyi İddiaçı Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı borcun silinməsi və qaz sayğacının dəyişdirilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələblərinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, itirilmiş qaz sərfiyyatına görə qanunsuz hesablanmış 149,2 manat borcun silinməsi və qaz sayğacının dəyişdirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən ev iddiaçıya məxsusdur. 2019-cu il tarixdə sayğacı işləmədiyindən cavabdeh tərəfindən yeni sayğacla əvəz edilmişdir və ğuya onun tərəfindən sayğaca müdaxilə edilməsi səbəbindən ona əlavə sərfiyyat hesablanmışdır. Halbuki o sayğacın işlək vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıya bilməz. Belə ki, sayğac evindən kənarda, çöldə yerləşir. Bundan əlavə yeni quraşdırılmış sayğac sərfiyyatı çox hesabladığından onun yenisi ilə əvəz edilməsi barədə cavabdehə müraciətləri cavabsız qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək, izahatında bildirmişdir ki, köhnə sayğac quraşdırılarkən iddiaçı da akta imza etmişdir. İddiaçıya məxsus qaz sayğacı işləmədiyinə görə çıxarılaraq dövlət yoxlamasına göndərilmişdir. Yoxlama zamanı sayğacın hesablayıcı mexanizminin işləməməsi, keçən havanın sərfini qeyd etməməsi müəyyən oulnmuşdur. Bununla əlaqədar təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilmiş və itirilmiş qaz hesablanmışdır. Məhkəmənin mülki iş üzrə 10 yanvar 2021-ci il tarixli 2(004)-430/2022 saylı qərardadı ilə iddiaı “qaz sayğacının dəyişdirilməsi” tələbi hissəsində baxılmamış saxlanılmışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-4.9-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə araşdırılması zamanı müəyyən etdi ki, qeyd edilən ünvanda yerləşən fərdi yaşayış evi iddiaçıya məxsusdur. Cavabdeh təşkilatın əməkdaşları tərəfindən tərtib edilmiş 30 oktyabr 2019-cu il tarixli ******* saylı aktda köhnə qaz sayğacına müdaxilə edildiyi göstərilmış və iddiaçıya 151,2 manat məbləğində borc hesablanmışdır. Səbəb qismində sayğacın çıxış plasmas borusunun deşilməsi göstərilmişdir. Halbuki, sayğac çöldə yerləşdirildiyindən müdaxilənin olduğu təqdirdə belə, bunun iddiaçı tərəfindən törədilməsi sübuta yetirilməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin hərəkətləri qanunsuz olduğundan iddiaçı haqlı olaraq, məhkəməyə müraciət etmişdir. Məhkəmə mövqeyini bununla əsaslandırır ki, müvafiq qanunvericiliyə görə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddiaçının təqsiri müəyyən edilmədiyindən, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ : İddia qismən təmin edilsin. İddiaçı məxsus ünvan 1 ünvanına hesablanmış 149,2 (yüz qırx doqquz manat iyirmi qəpik) manat məbləğində borc silinsin. Borcun silinməsi vəzifəsi Cavabdeh İB-nin üzərinə qoyulsun. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar