Məhkəmə qərarları › İş №2(004)-4321/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4321/2025

09.09.2025 · Əmək mübahisələri - İşə bərpa - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Əmək mübahisələri - Mənəvi zərərin ödənilməsi - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4321/2025 09.09.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ iddiaçı X1 Cavabdehnə qarşı əmrin ləğv edilməsi, işə bərpa, əmrin ləğv edildiyi tarixdən işə bərpa olan günə kimi orta aylıq əmək haqqının ödənilməsi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iş üzrə (açar sözlər: əmrin ləğvi, işə bərpa, məcburi iş buraxma dövrünə görə əmək haqqının ödənilməsi) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi, X27 oğlunun katibliyi, cavabdehin nümayəndələri Nümayəndə2, Nümayəndə1 iştirakları ilə, iddiaçı X1 Cavabdehnə qarşı əmrin ləğv edilməsi, işə bərpa, əmrin ləğv edildiyi tarixdən işə bərpa olan günə kimi orta aylıq əmək haqqının ödənilməsi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki işə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. X7 (iddiaçı) ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əsasən iddiaçı idarəndə layihələrin ekspertizası və keyfiyyətə nəzarət şöbəsinin mühəndisi vəzifəsinə təyin edilmişdir.

2. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(101)-108/2025 nömrəli hökmünə əsasən X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə 1 il müddətə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməklə 6 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi hökm edilmişdir. Həmin hökmə əsasən X7 və digərləri qabaqcadan əlbir olaraq cinayət əlaqəsinə girmiş bir qrup şəxs halında bilə-bilə hüquq verən rəsmi sənədləri qanunsuz olaraq istifadə etmək məqsədilə vahid niyyətlə saxtalaşdırmaqla hazırlamışlar. Təqsirləndirilən şəxs Cavabdeh MMC-də Keyfiyyətə nəzarət və xəritələrin tərtibi şöbəsinin 11-ci dərəcəli mühəndisi vəzifəsində işləyən İddiaçı 2020-ci ilin mart ayının ortalarında Azər Mirzəyevlə birlikdə qeyd olunan torpaq sahəsinə baxış keçirdikdən sonra qrup üzvləri ilə aralarında əvvəlcədən əldə edilmiş ümumi razılığa uyğun olaraq, 2020-ci ilin mart ayının sonlarında Binəqədi rayonu, Biləcəri qəsəbəsində, “Biləcəri dairəsi” adlanan ərazidə yerləşən kafedə həmin 2,35 ha torpaq sahəsinin hissələrə bölünərək 25 şəxsin adına rəsmiləşdirməklə satışını təşkil etmək və sonradan bölünmüş sahələrə dair çıxarış almaq imkanına malik olmasını, hissələrə ayrılmış hər bir torpaq sahəsinin satın alınması və çıxarış verilməsi üçün 10.000 manat olmaqla, ümumilikdə 250.000 manat məbləğində pul vəsaitinin təqsirləndirilən şəxs Yusif Balayevə verilməsinin zəruri olmasını qabaqcadan əlbir olduğu İddiaçı və X20 ilə birlikdə zərər çəkmiş şəxs Pərvin Süleymanova aldatmaqla bildirib, 2020-ci ilin oktyabr ayında Bakı şəhəri ərazisində istintaqa məlum olmayan ünvanda kompüter proqram təminatından istifadə etməklə hazırladıqları bilə-bilə yalan məlumatların göstərildiyi rəsmi sənəd hesab olunan zərər çəkmiş şəxs Pərvin Süleymanovun adına 1000 m2 , X4 adına 1000 m2 , X8 adına 800 m2 , X2 adına 1000 m2 , X5 adına 700 m2 , X10 adına 800 m2 , X11 adına 1000 m2 , X12 adına 1000 m2 , X9 adına 800 m2 , öz adına 1000 m2 ölçüdə torpaq sahəsinin ayrılması barədə Yeni Suraxanı bələdiyyəsinin 15 mart 2005-ci il tarixli, 4 nömrəli qərarlarını, həmin tarixli “Bələdiyyə torpağının mülkiyyətə verilməsi haqqında alqı-satqı” müqavilələrini, Bakı şəhəri Suraxanı rayonu, Yeni Suraxanı qəsəbə bələdiyyəsinin yer quruluşu planından çıxarışları, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində yerləşən qeyd olunan müvafiq ölçüdə torpaq sahələrinin koordinatı cədvəllərini, Bakı şəhəri, Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsinin ərazisində ayrılması nəzərdə tutulan 2,35 ha torpaq sahəsinin yer quruluşu planlarını, həmçinin qeyd olunan torpaq sahələrinin satılması ilə əlaqədar həmin bələdiyyəlinin hesabına vəsaitlərin ödənilməsi barədə Seriya ÇBÜ № 04/129, Seriya ÇBÜ № 04/130, Seriya ÇBÜ № 04/137, Seriya ÇBÜ № 04/139, Seriya ÇBÜ № 04/141, Seriya ÇBÜ № 04/145, Seriya ÇBÜ № 04/149 nömrəli kassa mədaxil order qəbzlərini tərtib etməklə axımlı printer qurğusu vasitəsi ilə çap etdikdən sonra istintaqa məlum olmayan mənbədən əldə etdikləri Yeni Suraxanı bələdiyyəsinin möhürünün əksini relyef klişe vasitəsilə qeyd olunan sənədlərin üzərinə birbaşa vurulmasını və Yeni Suraxanı bələdiyyəsinin sədrinin imzasını saxtalaşdırılmaqla çəkilməsini təmin etdikdən sonra həmin saxta sənədləri 2020-ci ilin oktyabr ayının əvvəllərində Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 201A ünvanında yerləşən “Karamel” restoranında Pərvin Süleymanova təqdim etməklə, həmin məqsədlə 2020-ci ilin oktyabr ayının sonlarında Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsinin ərazisində qabaqcadan əlbir olduqları təqsirləndirilən şəxs Azər Mirzəyev vasitəsi ilə 5.000 manat pul vəsaitini alıb, Bakı şəhəri Suraxanı rayonu, Yeni Suraxanı qəsəbə bələdiyyəsinin yer quruluşu planından çıxarışları, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində yerləşən qeyd olunan müvafiq ölçüdə torpaq sahələrinin koordinatı cədvəllərini, Bakı şəhəri, Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsinin ərazisində ayrılması nəzərdə tutulan 2.35 ha torpaq sahəsinin yer quruluşu planlarını, qeyd olunan torpaq sahələrinin satılması ilə əlaqədar həmin bələdiyyəlinin hesabına vəsaitlərin ödənilməsi barədə Seriya ÇBÜ № 04/131, Seriya ÇBÜ № 04/132, Seriya ÇBÜ № 04/133, Seriya ÇBÜ № 04/134, Seriya ÇBÜ № 04/138, Seriya ÇBÜ № 04/140, Seriya ÇBÜ № 04/147, Seriya ÇBÜ № 04/150, Seriya ÇBÜ № 04/152 nömrəli kassa mədaxil order qəbzlərini tərtib etməklə, axımlı printer qurğusu vasitəsi ilə çap etdikdən sonra naməlum mənbədən əldə etdikləri Yeni Suraxanı bələdiyyəsinin möhürünün əksini relyef klişe vasitəsilə qeyd olunan sənədlərin üzərinə birbaşa vurulmasını və Yeni Suraxanı bələdiyyəsinin sədrinin imzasını saxtalaşdırılmaqla çəkilməsini təmin etdikdən sonra təqsirləndirilən şəxslər X15, İddiaçı və X20 qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə X6 məxsus cəmi 250000 manat məbləğində pul vəsaitini vahid niyyətlə ona külli miqdarda ziyan vurmaqla dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir, yəni qeyd olunan bu hərəkətləri ilə təqsirləndirilən şəxslər X15, İddiaçı və X20 Azərbaycan Respublikası CM-nin 178.3.2, 29,178.3.2 və 320.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir.

3. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(103)-713/2025 nömrəli qərarına əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(101)- 108/2025 nömrəli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə X15, İddiaçı və X13 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təsqirli bilinərək cəza təyin edilməsi hissəsində ləğv olunması və Cinayət Məcəlləsinin 73-1.3 və Cinayət Prosessual Məcəlləsinin 43.3-cü maddələrinə əsasən X15, İddiaçı və X20 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməklə barələrində cinayət təqibinə və cinayət işinin icraatına həmin hissədə xitam verilməsi qərara alınmışdır.

4. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2025-ci il tarixli 313121/2- G-113695/U/2025 nömrəli arayışa əsasən X1 məhkumluğu yoxdur.

5. Cavabdeh xx.xx.2025-ci il tarixli, K039 nömrəli əmrinə əsasən Layihələrin ekspertizası və keyfiyyətə nəzarət şöbəsinin mühəndisi X1 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(101)-108/2025 nömrəli hökmü əsas götürülərək xx.xx.2025-ci il tarixdən işdən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi əmr edilmişdir.

İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları

a) iddia tələbi

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2025-ci il tarixli, K039 nömrəli, əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrinin qanunsuzluğunun tanınması, əvvəlki vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi və 3000 manat mənəvi təzminatın cavabdehdən tutularaq ona ödənilməsi, əmək kitabçasına düzəliş edilməsi, məhkəmə xərclərinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddianın əsaslarına görə, iddiaçı 26 il müddətində fasiləsiz olaraq cavabdeh MMC-də mühəndis vəzifəsində əmək müqaviləsi ilə işləmişdir. xx.xx.2025-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 74.1-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi barədə əmr təqdim olunmuşdur. Əmrdə qeyd olunur ki, onun barəsində çıxarılmış məhkəmə hökmünə əsasən müəyyən vəzifə vəya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilmişdir. Halbuki, bu əsas qanunvericiliyə və onun vəzifəsinə uyğun deyildir. 2025-ci ilin yanvar ayında ona qarşı Azərbaycan Respublikası CM-nin 178.2.3-cü maddəsi ilə cinayət işi açılmış, birinci instansiya məhkəməsi tərəfindən ona 6 il azadlıqdan məhrumetmə və 46.2-cı maddə tətbiq edilməklə 1 il müddətinə “təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirmək hüququndan məhrumetmə” cəzası təyin edilmişdir. Bu hökm əsasında onu xx.xx.2025-ci il tarixində işdən müvəqqəti uzaqlaşdırdılar. xx.xx.2025-ci il tarixində Bakı Apellyasiya Məhkəməsi CM-nin 73-1.3 və Cinayət-Prosessual Məcəllənin 43.3-cü maddəsinə əsaslanaraq cinayət işi üzrə işə tam xitam verərək, məhkumluq əsasını aradan qaldırmış, qalan cəza hissəsi-təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarından məhrumetmə hissəsi qüvvədə qalmışdır. Vəzifəli şəxs statusu olmadığına görə təşkilati və inzibati hüquqdan məhrumetmə hissəsinin hüquqi əsası yoxdur. Bununla belə, xx.xx.2025ci il tarixdə heç bir xəbərdarlıq və izahat almadan Əmək Məcəlləsinin 74.1-ci maddəsinin “ç” bəndi tətbiq edilməklə əmək müqaviləsinə xitam verilmişdir.

b) iddiaya qarşı etiraz

8. Cavabdeh etirazla məhkəməyə müraciət edərək iddianın təmin olunmamsını xahiş etmişdir.

9. Etirazın əsaslarına görə, iddiaçı iddia ərizəsində işdən azad olunması haqqında əmrin qanunsuz olaraq tərtib edildiyini qeyd etmişdir. İddiaçının bu mövqeyi şəxsi ehtimallarına əsaslanır və heç bir hüquqi əsası mövcud deyildir. İddiaçı cavabdeh MMC-də mühəndis vəzifəsində çalışdığı dövrdə vəzifə səlahiyyətlərindən və etibardan sui-istifadə edərək dələduzluq yolu ilə başqalarının əmlakını ələ keçirmiş və onlara saxta sənədlər düzəldərək cinayət əməli törətmişdir. İddiaçı Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 320.1 (rəsmi sənədlərin saxtalaşdırılması) maddələri ilə təqsirli bilinərək, CM 178.3.2 maddəsinə CM-nin 46.2-ci maddəsi tətbiq edilməklə 1 il müddətinə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında və dövlət müəssisələrində təşkilatisərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını həyata keçirmək hüququndan məhrum edilməklə 6 il müddətdə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Birinci instansiya məhkəməsinin hökmü qanuni qüvvəsini alanadək, Əmək Məcəlləsinin 62-ci maddəsinin “c” bəndinə əsasən (iş vaxtı ərzində işçi bilavasitə iş yerində müvafiq səlahiyyətli orqanın qərarı ilə təsdiqlənən inzibati xətaları və ya cinayət tərkibi olan ictimai təhlükəli əməllər törətdikdə) - İddiaçı vəzifədən uzaqlaşdırılmışdır. Daha sonra iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında yalnız CM-nin 178.3.2-ci maddəsi üzrə təqibə xitam verilmiş, lakin 320.1-ci və 46.2-ci maddəsi üzrə hökm dəyişməz qalmışdır. Nəticə etibarilə, hüquqdan məhrumetmə cəzası qüvvədə saxlanılmışdır. Bu o deməkdir ki, əmək münasibətinə xitam verilməsinə əsas olan məhkumluq və hüquqdan məhrumetmə hissəsi dəyişməz qalmış, yəni əmək müqaviləsinə xitam verilməsi hüquqi qüvvədə olan məhkəmə qərarına əsaslanmışdır. Məhkəmənin hökmü qanuni qüvvəsini aldıqdan sonra İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “ç” bəndinə (işçinin nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyi barədə məhkəmənin hökmü qanuni qüvvəyə mindikdə) uyğun olaraq xitam verilmişdir. Məhkəmə istintaqı materiallarından göründüyü kimi İddiaçı digər şəxslərlə cinayət əlaqəsinə girib, qabaqcadan əlbir olaraq bir qrup şəxs halında, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirtmək məqsədilə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi ərazisində yerləşən magistral neft və qaz kəmərlərinin mühafizə zonası olmaqla “Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər torpaqlar” kateqoriyasına aid dövlət mülkiyyətində olan 2,35 ha torpaq sahəsini bələdiyyə mülkiyyətində olan torpaq sahəsi kimi göstərməklə 25 şəxsə satılmaq üçün digər şəxslərlə razılığa gəlmişdir. İddiaçı cinayət əməllərini həyata keçirmək məqsədilə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi ərazisində yerləşən 2,35 ha torpaq sahəsinə yerində baxış keçirib GPS ölçü cihazı vasitəsilə koordinatlar götürərək saxta yerquruluşu planları və sair sənədlər hazırlamış və hazırlanmış saxta sənədlər əsasında elektron məlumat bazasında düzəlişlər etməyə cəhd göstərmişdir. MMC Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə avtomatlaşdırılmış torpaq kadastr informasiya sistemini və məlumat bankının yaradılmasını, ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması məqsədilə sərhədlərinin müəyyən edilməsi üçün çöl tədqiqat və mərzçəkmə işlərini yerinə yetirmək və mərz nişanları qoymaq, yerquruluşu sənədlər qovluğunu hazırlamaq, həmin ərazi vahidlərinin və dairələrinin elektron daşıyıcıda və (və ya) kağız üzərində xəritələşdirilməsini və sair işləri həyata keçirir.

c) məhkəmə icraat iştiakçılarının izahatları

10. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

11. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri etirazın dəlillərinə uyğun izahat verib iddianın təmin edilməməsini xahiş etdilər.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikası Əmək Məcəlləsi: Maddə 12. İşəgötürənin əsas vəzifələri və məsuliyyəti

1. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: a) əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək; b) bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək; c) əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq; Maddə 16.

1. Əmək münasibətlərində vətəndaşlığına, cinsinə, irqinə, dininə, milliyyətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, ictimai-sosial mənşəyinə, yaşına, ailə vəziyyətinə, əqidəsinə, siyasi baxışlarına, həmkarlar ittifaqlarına və ya başqa ictimai birliklərə mənsubiyyətinə, qulluq mövqeyinə, həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır; Maddə 74.

1. Tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə aşağıdakı hallarda xitam verilir: ç) İşçinin nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyi barədə məhkəmənin hökmü qanuni qüvvəyə mindikdə; Maddə 300.

1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmə baxışının hədləri

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi

15. İşin faktiki hallarını maddi hüquqi əsaslar baxımından yoxlayan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir.

16. İddiaçı əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin qanunsuzluğunun tanınmasını formal olaraq xahiş etsə də məhkəmə araşdırması, iddiaçının izahatı və digər tələblərdən görünür ki, onun tələbi əmrin ləğv edilməsi yönündədir və məhkəmə araşdırmanı bu yöndə aparır.

17. Mübahisələndirilən xx.xx.2025-ci il tarixli əmrin əsası olaraq Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(101)-108/2025 nömrəli hökmü, hüquqi əsas olaraq Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “ç” bəndi göstərilmişdir.

18. Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “ç” bəndinə əsasən işçinin nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyi barədə məhkəmənin hökmü qanuni qüvvəyə mindikdə tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə xitam verilir.

19. Hazırkı iş üzrə sadalanan cəzalara məhkum edilmə barədə qanuni qüvvəyə minmiş hökm mövcud deyil, buna görə də iddiaçının əmək müqaviləsinin ləğv edilməsi barədə əmr qanunsuz və əsassızdır.

20. İddiaçının barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə 1 il müddətə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməklə 6 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü verilsə də bu hökm qanuni qüvvəsini almamış, iddiaçıya münasibətdə yuxarı instansiya məhkəməsi tərəfindən ləğv edilmişdir.

21. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(101)- 108/2025 nömrəli hökmü İddiaçı Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təsqirli bilinərək cəza təyin edilməsi hissəsində ləğv olunmuş, həmin maddə ilə cinayət məsuliyyətindən azad edilməklə barəsində cinayət təqibinə və cinayət işinin icraatına həmin hissədə xitam verilmişdir.

22. Göründüyü kimi, əmək müqaviləsinin ləğv edilməsi barədə əmr ləğv edilmiş məhkəmə hökmünə əsaslanmaqla qanunsuz verilmişdir. Odur ki, həmin əmr ləğv edilməli, paralel olaraq iddiaçı əvvəlki vəzifəsinə bərpa edilməlidir.

23. Bu tələblər əsaslı olduğundan qanunsuz olaraq işləməkdən məhrum edildiyi bütün vaxt üçün, yəni xx.xx.2025-ci il tarixdən başlayaraq işə bərpa olunduğu günə qədər olan əmək haqqının ödənilməsi ilə bağlı tələb də təmin edilməlidir.

24. Mənəvi zərərinin əvəzinin tutulması hissəsində isə məhkəmə iddia tələbinin təmin olunmaması qənaətinə gəlir.

25. Ali Məhkəmə Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli qərarındakı hüquqi mövqeyə əsasən mənəvi zərərin tutulması barədə iddiaların təmin olunması üçün şəxsin mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olmalıdır.

26. Hazırkı işin halları baxımından cavabdehin iddiaçıya münasibətdə qanunsuz hərəkətləri öz təsdiqini tapsa da, mənəvi zərərinin əvəzinin tutulması üçün zəruri olan digər faktiki hallarının heç biri iddiaçı tərəfindən sübuta yetirilməmişdir.

27. İddiaçı əmək kitabçasına hansı məzmunda düzəliş aparılmalı olmasını əsaslandırmamış, eyni zamanda məhkəmə xərclərinin nədən ibarət olmasını göstərməmişdir, ona görə bu hissələrdə də tələb təmin edilə bilməz.

28. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh MMC-nin əmək müqaviləsinin ləğv edilməsi haqqında xx.xx.2025-ci il tarixli, K039 nömrəli əmri ləğv edilməli, X7 Cavabdeh MMC-nin Layihələrin ekspertizası və keyfiyyətə nəzarət şöbəsinin mühəndisi vəzifəsinə işə bərpa edilməli və xx.xx.2025-ci il tarixdən başlayaraq işə bərpa olunduğu günə qədər olan məcburi işburaxma dövrü üçün əmək haqqı X3 ödənilməlidir.

29. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia qismən təmin edilsin. Cavabdeh əmək müqaviləsinin ləğv edilməsi haqqında 26 may 2025-ci il tarixli, K039 nömrəli əmri ləğv edilsin. X7 Cavabdeh Layihələrin ekspertizası və keyfiyyətə nəzarət şöbəsinin mühəndisi vəzifəsinə işə bərpa edilsin. 26 may 2025-ci il tarixdən başlayaraq işə bərpa olunduğu günə qədər olan məcburi işburaxma dövrü üçün əmək haqqı X3 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

HAKİM Aytəkin Əsədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar