Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1210/2025 18.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «işə bərpa olunma və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «işə bərpa olunma və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işə bərpa edilməsi; məcburi buraxdığı iş günləri üzrə əmək haqqının ödənilməsi; sonuncu iş günündə, yəni 20 sentyabr 2024-cü il tarixdə ödənilməyən əmək haqqının ödənilməsi; qanunsuz yolla işdən çıxarılmasında maraqlı, təşəbbüskar və nəticə əldə edən cavabdeh "xxxx" ASC-nin Strateji araşdırma və planlaşdırma işlədiyi şöbənin müdiri Elçin Məlikov və müavini Elşən Məmmədov barələrində qanunvericiliyin tələblərinə uyğun tədbir görülməsi; mənəvi zərərə görə ona 50.000 manat məbləğində təzminat ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 17 dekabr 2019-cu il tarixdə K/19-07424 saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 51-ci maddəsinə əsasən "xxxx" ASC-nin Strateji araşdırma və planlaşdırma şöbəsi üzrə aparıcı mütəxəssis vəzifəsinə təyin olunmuşdur. Özü birinci Qarabağ müharibəsi iştirakçısı olmaqla, «Müharibə veteranı»dır, 19 oktyabr 2016-cı ildə Azərbaycan Respublikasının Pezidenti tərəfindən «Tərəqqi medalı» ilə təltif olunmuşdur. Bundan başqa, 12 oktyabr 2018-ci ildə «Milli Ordu-100» və «Müharibə veteranı» medalları ilə təltif olunmuşdur. Eyni zamanda, 24 oktyabr 2014-cü il tarixdə X2 «Əməkdar Energetiki» fəxri adı ilə təltif olunmuşdur. Onu da nəzərə çatdırır ki, təqaüd yaşına çatmasına cəmi 16 ay qalmışdır. Bütün bunlara baxmayaraq 20 sentyabr 2024-cü il tarixli, K/24-04957 saylı əmrlə əmək müqaviləsinə müqavilə müddətinin qurtarması ilə əlaqədar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən xitam verilmişdir. Hesab edir ki, ona qarşı haqsızlıq olub, qanunsuz olaraq Əmək Məcəlləsinin tələbləri kobud surətdə pozulmaqla işdən çıxarılmışdır. Yuxarıda qeyd etdiyi kimi, işə qəbul edilərkən onun Əmək Məcəlləsinin 51-ci maddəsinə əsasən əmək müqviləsi bağlanmış, iki ay müddətində sınaq müddəti ilə işə qəbul olunması barədə müvafiq əmr verilmişdir. Əmək Məcəlləsinin 47-ci maddəsində (müddətli əmək müqaviləsi bağlanan hallar) sınaq müddəti ilə işə qəbul edilməsi nəzərdə tutulmamışdır. Qanunsuz işdən çıxarılması onun təqaüdə çıxmasına çox maneələr yaradır. 2024-cü ilin mart ayında işlədiyi şöbənin müdiri Elçin Məlikov və müavini Elşən Məmmədov tərəfindən ona təsirlər göstərilmiş, işdən könüllü surətdə çıxması barədə ərizə verməsi tələb olunmuşdur. Lakin o, ərizə verməmiş, araşdırma aparılaraq müvafiq tədbirlər görülməsi üçün "xxxx" ASC-nin sədrinə müraciətlər etmişdir. Təəssüflər olsun ki, Cəmiyyətin rəhbərliyi tərəfindən tədbir görülməmiş, müraciətlərinə qanunvericilikdə nəzərdə tutulan qaydada heç bir cavab verilməmişdir. Eyni zamanda 20 yanvar 2024-cü ildə bütün gün işdə olmasına baxmayaraq həmin günün əmək haqqı ona ödənməmişdir. Yuxarıda qeyd etdiyi, ona qarşı olan haqsızlığa görə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmələr tərəfindən çıxarılan qərarlar qanuni olmaqla bərabər, həm də ədalətli olmalı, içtimai münasibətlərin düzgün tənzimlənməsinə xidmət etməlidir. İnsan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən, hər kəsin məhkəmə müdafiəsi hüququnu - qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq mübahislərin və münaqişələrin həlli yolu ilə yalniz məhkəmələr təmin edirlər. Məhkəmələr üçün qanunun aliliyi və ədalətlilik kimi ümumbəşəri dəyərlər, ölkədə xalqın iradə ifadəsi kimi çıxış edən milli hüquq, habelə müasir demokratik cəmiyyətdə qəbul edilən beynəlxalq hüququn və məhkəmə icraatının prinsipləri mühüm əhəmiyyət kəsb edir. Məhkəmə hakimiyyətinə ictimaiyyət tərəfindən etimad bəslənməsi və ona hörmət olunması məhkəmə işinin səmimiliyinin təminatıdır. Məhkəmələr nəinki konkret məhkəmə araşdırmasında iştirak edən tərəflərin, eləcə də bütövlükdə cəmiyyətin etimadına malik olmalıdırlar. X5 Məhkəməsi özünün bir cox qərarlarında bunu belə ifadə etmişdir: Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydin görünməlidir. Bundan başqa qeyd edir ki, qanunvericliyin tələbinə əsasən cavabdeh təşkilata 18 noyabr 2024-cü il tarixdə mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmiş, lakin cavab verilməmişdir. Əmək Məcəlləsinin tələblərinin pozulması ilə qanunsuz olaraq işdən azad olunduğu üçün işə bərpa edilməsi, məcburi buraxdığı iş günləri üzrə əmək haqqının ödənilməsi, sonuncu iş günündə, yəni 23 sentyabr 2024-cü il tarixdə ödənilməyən əmək haqqının ödənilməsi, qanunsuz yolla işdən çıxarılmasında maraqlı, təşəbbüskar və nəticə əldə edən "xxxx" ASC-nin Strateji araşdırma və planlaşdırma şöbəsinin müdiri Elçin Məlikov və müavini Elşən Məmmədov barələrində qanunvericiliyin tələblərinə uyğun tədbir görülməsi, mənəvi zərərə gorə ona 50.000 manat məbləğində təzminat ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdehin nümayəndəsi tərəfindən verilmiş ərizəni əsassız hesab edir. Belə ki, 20 sentyabr 2024-cü il tarixdə işdən azad olunandan sonra təxminən 20-25 oktyabr tarixlərində o, mediasiyaya müraciət etmişdir. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, İddiaçı "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli əmrinin ləğv olunmaqla işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, hazırki iddia tələbi üzrə məhkəmə tərəfindən iddia müddəti tətbiq edilməlidir. Belə ki, İddiaçı ilə "xxxx" ASC arasında xx.xx.2019-cü il tarixdən 2 ay sınaq müddəti ilə 3 aylıq əmək müqaviləsi bağlanaraq, Strateji Araşdırma və Planlaşdırma şöbəsinin strateji araşdırma üzrə aparıcı mütəxəssisi vəzifəsinə təyin olunmuşdur. "xxxx" ASC-nin Strateji Araşdırma və Planlaşdırma şöbəsinin strateji araşdırma üzrə aparıcı mütəxəssisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə əmək müqaviləsinin müddəti qurtardığı üçün xx.xx.2024cü il tarixindən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən xitam verilmişdir. xx.xx.2024-cü il tarixdə "xxxx" ASC-nin tərəfindən İddiaçı yaşadığı ünvana müddətli əmək müqaviləsinə xitam verilməsi haqqında xəbərdarlıq göndərilmişdir. Bundan sonra iddiaçı xx.xx.2024-cü il tarixdə mediasiyanın tətbiqi barədə təklif vermiş, xx.xx.2024-cü il tarixdə Bakı 10 saylı Mediasiya Təşkilatında ilkin mediasiya sessiyası keçirilmiş və iddiaçıya ilkin mediasiya sessiyasında "xxxx" ASC-nin nümayəndəsinin iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixi MŞB/10/2024-00702 saylı arayış verilmişdir. İddiaçı iddia ərizəsinin xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Nəsimi rayon məhkəməsində qeydiyyata alındığını nəzərə aldıqda, onun 1 aylıq iddia müddətini ötürdüyü məlum olur. Odur ki, iddia müddəti keçdiyindən, iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilə bilməz. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - "xxxx" ASC-nin 17 dekabr 2019-cu il tarixli 1419-07424 saylı əmrindən görünür ki, İddiaçı 17 dekabr 2019-cu il tarixdən Strateji Araşdırma və Planlaşdırma şöbəsinə 2 ay sınaq müddəti ilə strateji araşdırma üzrə aparıcı mütəxəssis vəzifəsinə təyin olunmuşdur. - "xxxx" ASC-nin rəhbərliyinə yazılmış təqdimatdan görünür ki, Strateji Araşdırma və Planlaşdırma şöbəsinin rəisi Elçin Məlikov "xxxx" ASC-nin sədri Vüqar Əhmədovdan şöbənin aparıcı mütəxəssisi İddiaçı əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Təqdimatın mətninin tam şəkildə qətnamədə qeyd edilməsinə zərurət yoxdur. - 09 sentyabr 2024-cü il tarixli xəbərdarlıqdan və 09 sentyabr 2024-cü il tarixli aktdan görünür ki, şöbənin aparıcı mütəxəssisi İddiaçı əmək müqaviləsinə 17 sentyabr 2024-cü il tarixdən xitam veriləcəyi barədə təqdim olunan xəbərdarlıq, şöbənin əməkdaşlarının iştirakı ilə oxunmuşdur. Bununla əlaqədar, İddiaçı xəbərdarlıqla tanış olub imza etməsi təklif edilmiş, lakin o, xəbərdarlığı imzalamaqdan imtina etmişdir. - "xxxx" ASC-nin İddiaçı ünvanladığı əmək müqaviləsinə xitam verilməsi barədə xəbərdarlıqdan və poçt xidmətinin 19 sentyabr 2024-cü il tarixli 226/227-24 saylı arayışından görünür ki, "xxxx" ASC-nin müvafiq xəbərdarlığı iddiaçının istəyinə uyğun olaraq özünü dayısı oğlu kimi təqdim edən Həsənov soyadlı şəxsə təhvil verilmişdir. - "xxxx" ASC-nin 20 sentyabr 2024-cü il tarixli k/24-04957 saylı əmrindən görünür ki, Strateji Araşdırma və Planlaşdırma şöbəsinin strateji araşdırma üzrə aparıcı mütəxəssisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə müddətinin qurtarması ilə əlaqədar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən xitam verilmişdir. - İddiaçı "xxxx" ASC-yə ünvanladığı 05 avqust 2024-cü il tarixli, 13 sentyabr 2024cü il tarixli və 23 sentyabr 2024-cü il tarixli müraciətdən görünür ki, rəhbərliyə ona münasibətdə əmək qanunvericiliyinin tələblərinin pozulduğunu bildirmiş, öncə ASC-də digər işə keçirilməsini, daha sonra isə əvvəl tutduğu vəzifəyə bərpa olunmasını xahiş etmiş, əks təqdirdə aidiyyəti orqanlara və məhkəməyə müraciət edəcəyi barədə məlumat vermişdir. - Təqdim olunmuş vəsiqələrdən görünür ki, İddiaçı müharibə veteranıdır, müxtəlif medallarla təltif edilmişdir. - Bakı 10 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli MŞB/10/2024-00702 saylı ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, iddiaçı və cavabdehin nümayəndəsi xx.xx.2024-cü il tarixdə saat 10.00-da keçirilən ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin prosesin davam etdirilməsi mümkün olmamışdır. İddiaçı tərəfindən 50 manat İMS xərci və 10 manat poçt xərci ödənilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. - xx.xx.2023-cü il tarixə kimi qüvvədə olmuş 51-ci maddəsinə əsasən əmək müqaviləsi işçinin peşəkarlıq səviyyəsini, müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədi ilə sınaq müddəti müəyyən edilməklə bağlanıla bilər. Sınaq müddəti 3 aydan artıq olmamaq şərti ilə müəyyən edilir. - 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. - 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir - 73-cü maddəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurt ardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. - 76-cı maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. - 83-cü maddəsinin İ hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. İddiaçının tələbinə əsasən işə qəbul edilərkən onun Əmək Məcəlləsinin 51-ci maddəsinə əsasən əmək müqviləsi bağlanmış, iki ay müddətində sınaq müddəti ilə işə qəbul olunması barədə müvafiq əmr verilmişdir. Əmək Məcəlləsinin 47-ci maddəsində (müddətli əmək müqaviləsi bağlanan hallar) sınaq müddəti ilə işə qəbul edilməsi nəzərdə tutulmamışdır. Məhkəmə qeyd edir ki, iddiaçının işə bərpa edilməsi tələbi özlüyündə ilk olaraq barəsində olan xx.xx.2024-cü il tarixli əmrin ləğvi ilə bağlıdır. Belə ki, işə bərpa edilməsi üçün ilk növbədə həmin əmr ya ləğv, ya da etibarsız sayılmalıdır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının işə bərpa tələbinin əsaslılığı barəsində olan xx.xx.2024-cü il tarixli əmrin qanuniliyinə verilən qiymətdən asılır. Məhkəmə hesab edir ki, iddiaçının işdən qanunsuz azad edilməsi ilə bağlı izahatı özü-özlüyündə iddiasının bu hissədə əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Belə ki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə tərəflərin izahatları və iş materiallarına əsasən iddiaçının barəsində qəbul edilmiş əmrin qanunsuz olması barədə dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, onun işdən azad edilməsinə dair əmrin verilməsinə əsas məhz əmək müqaviləsinin müddətinin qurtarması olmuşdur. Belə ki, araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə xx.xx.2019-cü il tarixdən 2 ay sınaq müddəti ilə 3 aylıq əmək müqaviləsi bağlanaraq, Strateji Araşdırma və Planlaşdırma şöbəsinin strateji araşdırma üzrə aparıcı mütəxəssisi vəzifəsinə təyin olunmuş və həmin vaxt iddiaçının əmək qanunvericiliyində təsbit olunmuş hər hansı hüququ pozulmamışdır. Qanunvericiliyə əsasən sınaq müddəti qurlaranadək tərəflərdən biri əmək müqaviləsinin xitamını tələb etməyibsə, işçi sınaqdan çıxmış hesab edilir. İşçi sınaqdan çıxmış hesab edildiyi andan etibarən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla xitam verilə bilər. İş materiallarından görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə əmək müqaviləsinin müddəti qurtardığı üçün xx.xx.2024-cü il tarixindən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən xitam verilmişdir. Bundan əvvəl isə xx.xx.2024-cü il tarixdə "xxxx" ASC tərəfindən İddiaçı yaşadığı ünvana müddətli əmək müqaviləsinə xitam verilməsi haqqında xəbərdarlıq göndərilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən işdən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi əsaslı olmuşdur. Belə ki, müddətin qurtarması ilə əmək müqaviləsinin müddətinin uzadılmaması təşəbbüsü məhz işəgötürənə aiddir və hazırki işdə işəgötürən Əmək qanunvericiliyinə riayət etməklə, əmək müqaviləsinə xitam vermiş və iddiaçını işdən azad etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, cavabdeh qeyd olunan əmək müqaviləsinin ləğv edilməsi səbəbini qeyd etmiş, əmək müqaviləsinə xitam verilərkən iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə iddianın işə bərpa edilməsi ilə bağlı hissəsinin əsassız olması nəticəsinə gəldiyi üçün digər tələblər, yəni məcburi buraxdığı iş günləri üzrə əmək haqqının ödənilməsi; sonuncu iş günündə, yəni 20 sentyabr 2024-cü il tarixdə ödənilməyən əmək haqqının ödənilməsi; qanunsuz yolla işdən çıxarılmasında maraqlı, təşəbbüskar və nəticə əldə edən cavabdeh "xxxx" ASC-nin Strateji araşdırma və planlaşdırma işlədiyi şöbənin müdiri Elçin Məlikov və müavini Elşən Məmmədov barələrində qanunvericiliyin tələblərinə uyğun tədbir görülməsi; mənəvi zərərə görə ona 50.000 manat məbləğində təzminat ödənilməsi kimi tələblərin törəmə tələblər olduğu üçün prosessual qənaət prinsipi baxımından həmin hissələri də əsassız saydığından onlara ayrıca hüquqi qiymət verilməsinə zərurət görmür. Məhkəmə həmçinin iddianın əsassız olması nəticəsinə gəldiyi üçün hazırki mübahisəyə iddia müddətinin tətbiqinə dair cavabdehin dəlilinə də qiymət verilməsini önəmli saymır. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyinə əsasən iddianın sübut olunmadığı halda iddia müddəti institutunun tətbiqi ehtiyacı ortadan qalxır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «işə bərpa olunma və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Ödənilmiş 50 manat İMS xərci və 10 manat poçt xərci iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «işə bərpa olunma və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 50 manat İMS xərci və 10 manat poçt xərci iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-1210/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1210/2025
18.02.2025 · Əmək mübahisələri - İşə bərpa - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Əmək mübahisələri - Mənəvi zərərin ödənilməsi - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver