Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4339/2025 29.09.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Yüzbaşeva Rəmziyyə Eltac qızının iştirakları ilə, İddiaçı X1 Cavabdeh MMC-yə qarşı işə bərpa və sairə tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X4 Cavabdeh MMC-yə qarşı iddia ərizəsi məhkəməyə müraciət edərək, Əmək müqaviləsinə xitam verilməsi barədə Cavabdeh xx.xx.2025-ci il tarixli, İR-278/25 saylı qanunsuz əmri ləğv edilsin və “Əmək və məşğulluq“ altsistemində (ƏMAS) müvafiq qeydiyyat aparılması, Cavabdeh xx.xx.2025-ci il tarixli, İR-278/25 salyı qanunsuz əmri ləğv edildikdən və “Əmək və məşğulluq“ altsistemində (ƏMAS) müvafiq qeydiyyat aparıldıqdan sonrakı növbəti iş günü İddiaçı işə bərpa edilməsi, əmək müqaviləsinə qanunsuz şəkildə xitam verildiyi 19 may 2025-ci il tarixdən işə bərpa edilən tarixədək hesablanmış əmək haqqı, İddiaçı işə bərpa edildiyi gün ərzində ona ödənilməsi, dəymiş mənəvi zərərə görə 14.400 manat kompensasiya cavabdehdən tutularaq ona ödənilməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş rüsuma görə 133,20 manat, ilkin mediasiya prosesi üçün ödənilmiş rüsuma görə 50 manat, cəmi 183,20 manat cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 26 oktyabr 2021-ci il tarixdə iddiaçı və cavabdeh arasında müddətli əmək müqaviləsi bağlanmış, iddiaçı satınalma üzrə mütəxəssis vəzifəsinə işə qəbul edilmişdir. Müqavilənin ilkin müddəti 1 il təşkil etmişdir. 28 mart 2022-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 125-ci maddəsinin 1-ci hissəsinə əsasən, iddiaçıya sosial məzuniyyət (hamiləliyə və doğuşa görə) verilmişdir. Uşağa bilavasitə qulluq edən iddiaçı, uşağın üç yaşı tamam olanadək ona qulluq etməkdən ötrü Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 127-ci maddəsi ilə müəyyən edilmiş qismən ödənişli sosial məzuniyyət almaq hüququndan istifadə etmiş, bu məqsədlə 13 iyul 2022-ci ildə ilk sosial məzuniyyətin (hamiləliyə və doğuşa görə) müddəti bitdikdən dərhal sonra, 2023, 2024 və son dəfə 2025-ci illərdə isə yeni iş ilinin başlaması ilə əlaqədar iddiaçıdan sosial məzuniyyətin müddətinin uzadılması ilə bağlı müvafiq ərizələr alınmış və bu mövzuda cavabdehin tərəfindən əmrlər verilmişdir. 11 fevral 2025-ci il tarixdə cavabdehin insan resursları şöbəsinin məsul əməkdaşı iddiaçı ilə əlaqə saxlayaraq, sosial məzuniyyətin 16 may tarixinədək uzadıldığı və onun 19 may 2025-ci il tarixdə işə çıxmalı olduğunu bildirmişdir. 12 may 2025-ci il tarixdə satınalmalar şöbəsinin məsul əməkdaşı iddiaçıya müraciət edərək, onunla bağlanılmış əmək müqaviləsinə xitam veriləcəyini bildirmiş və “Əmək və məşğulluq“ altsistemində (ƏMAS) bu barədə iddiaçıya bildiriş göndərildiyini bildirmişdir. Cavabdehin bildirişində əmək müqaviləsinin müddətinin 26 oktyabr 2022-ci il tarixdə bitdiyi bildirilmiş, qismən sosial məzuniyyətin bitdiyi 16 may 2025-ci il tarixdən iddiaçı ilə əmək münasibətlərinin davam etdirilməyəcəyi qeyd olunmuşdur. 12 may 2025-ci il tarixdə, iddiaçı bildiriş barədə məlumatı alan kimi, ƏMAS vasitəsilə həmin bildirişlə tanış olmuş və dərhal cavabdehə prosesin və bildirişin qanunsuz olduğu barədə ƏMAS vasitəsilə ətraflı cavab göndərmiş, cavabdeh iddiaçının müraciətini cavabsız qoymuş, onun işə çıxmasına şərait yaratmamışdır. 19 may 2025-ci il tarixdə, iddiaçı işə çıxmadığı halda əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b) yarımbəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə) qanunsuz şəkildə xitam vermişdir. Cavabdeh 20 may 2025-ci il tarixdə, saat 23:30-da kuryer vasitəsilə iddiaçıya rəsmi məktub göndərmiş, əmək kitabçasının poçtla göndərilməsinə münasibət bildirilməsini xahiş etmişdir. Şifahi və elektron məktubla təsdiq edilməsinə baxmayaraq, əmək kitabçasının verilməsindən imtina olunmuş, əsassız şəkildə iddiaçının cavabdehin fəaliyyət göstərdiyi ünvana gəlməsi tələb olunmuşdur. 23 may tarixində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinə şikayət edildikdən və 27 may 2025-ci il tarixdə cavabdehin insan resursları funksiyasının rəhbəri Anar Mikayılovla ciddi müzakirədən sonra, nəhayət ki, əmək kitabçası 27 may 2025-ci il tarixdə saat 18:30-da iddiaçıya poçt vasitəsilə təqdim olunmuşdur. Dəfələrlə tələb edilməsinə və şikayət edilməsinə baxmayaraq, bugünədək cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilməsi barədə 19 may 2025-ci il tarixli qanunsuz əmrin surəti iddiaçıya rəsmi qaydada təqdim edilməmişdir. 17 iyun 2025-ci il tarixdə əmək müqaviləsinə xitam verilməsi barədə 19 may 2025-ci il tarixli qanunsuz əmrin elektron çıxarışı (surəti) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi tərəfindən iddiaçıya təqdim olunmuşdur. 18 iyun 2025-ci il tarixdə iddiaçı tərəfindən mediasiya üçün müraciət olunmuşdur. İlkin mediasiya sessiyasında cavabdeh törətdiyi əməlin qanunsuz olduğunu etiraf etmiş, qeyri-rəsmi barışıq və iddiaçıya onu dərhal işə bərpa etməyi və iddiasından imtina etməyi təklif etmiş (yeni əmək müqaviləsi ilə), hər hansı təzminat ödəməkdən imtina etmiş, mediasiya sessiyasının baş tutmamasına üstünlük vermişdir. Cavabdeh iddiaya etirazla məhkəməyə müraciət edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 289 nömrəli, 26 oktyabr 2021-ci il tarixli əmək müqaviləsi bağlanmış və İddiaçı həmin Əmək Müqaviləsinə uyğun olaraq Satınalmalar üzrə mütəxəssis vəzifəsinə işə qəbul edilmişdir. X2rşılıqlı razılığına uyğun olaraq 1 il müddətinə qüvvədə olmaqla, imzalanmışdır. 28 mart 2022-ci il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 125-ci maddəsinin 1-ci hissəsinə əsasən İddiaçı hamiləliyə və doğuşa görə məzuniyyətə çıxmış, müddət bitdikdə isə ƏM-in 127-ci maddəsi ilə müəyyən edilmiş qismən ödənişli sosial məzuniyyət almaq hüququndan istifadə etmişdir. Qismən ödənişli sosial məzuniyyətin müddəti İddiaçının ərizəsi əsasında hər dəfə uzadılmış və 16 may 2025-ci il tarixində başa çatmışdır. 05 may 2025-ci il tarixində Cavabdeh tərəfindən İddiaçıya müraciət edilərək, onunla bağlanılmış əmək müqaviləsinə xitam veriləcəyi və bu barədə “Əmək və məşğulluq” altsistemində (ƏMAS) İddiaçıya bildiriş göndərildiyi bildirilmişdir. Cavabdehin bildirişində qismən ödənişli sosial məzuniyyətin bitdiyi 16 may 2025-ci il tarixindən sonra (yəni 19 may 2025-ci il tarixindən etibarən) İddiaçı ilə əmək münasibətlərinin davam etdirilməyəcəyi qeyd olunmuşdur. 19 may 2025-ci il tarixində, Əmək Müqaviləsinə ƏM-in 68-ci maddəsinin 2-ci hissəsinin b) yarımbəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə) xitam verilmişdir, iddiaçı xitamı qanunsuz və əsassız hesab edərək, 23 may 2025-ci il tarixində Azərbaycan Respublikasının ƏƏSMN DƏMX-ə şikayət ünvanlanmışdır. İddiaçının şikayətindən sonra cavabdeh onunla əlaqə yaratmağa cəhd etsə də, iddiaçı özü bu cədhləri cavabsız qoymuşdur. İlkin danışıqlar əsnasında iddiaçının arqumentləri və qanunvericilikdə əmək müqaviləsinin müddətin qurtarması əsası ilə ləğvi zamanı ikimənalı anlaşıla biləcək məqamların və boşluqların olması nəzərə alınaraq, mübahisənin böyüməsinin qarşısını almaq naminə cavabdeh barışığa getməyə belə razı vəziyyətə gəlmiş, lakin üzbəüz danışıq apanlmadığı və iddiaçı, habelə onun nümayəndəsi görüşlərdən imtina etdiyi üçün barışıq əldə edilməsi mümkün olmamışdır. Yəni iddiaçı özü barışıq əldə edilməsinə nail olmaq üçün lazımi addımları atmamış və faktiki olaraq mübahisəni uzatmaq istəmişdir. Sonradan iddiaçı tərəfindən mediasiya üçün müraciət olunmuşdur. İddia ərizəsində qeyd olunub ki, ilkin mediasiya sessiyasında cavabdeh törətdiyi əməlin qanunsuz olduğunu etiraf etmiş, lakin qeyri-rəsmi barışıq və iddiaçıya onu dərhal işə bərpa etməyi və iddiasından imtina etməyi təklif etmiş (yeni əmək müqaviləsi ilə), hər hansı təzminat ödəməkdən imtina etmiş, mediasiya sessiyasının baş tutmamasına üstünlük vermişdir. İddiaçı burada qəsdən işin faktiki hallarının təhrifinə yol vermişdir. Belə ki, cavabdeh əksinə mediasiya sessiyası zamanı qanunvericilikdə əmək müqaviləsinin müddətin qurtarması əsası ilə ləğvi zamanı ikimənalı anlaşıla biləcək məqamların və boşluqların olmasını nəzərə alaraq barışığa meyilli davranış və ümumiyyətlə məhkəmə vasitəsi ilə işin həllini və tərəflərin bir-birindən xoşagəlməz formada ayrılmasını arzu etməmişdir. İddiaçı özü qanunvericiliyin konfıdensiallıqla bağlı şərtini pozduğu üçün cavabdeh mediasiyada baş verənlərə aydınlıq gətirilməsini zəruri hesab edir. Belə ki, mediasiya sessiyası zamanı qeyd edilən faktorlara əsaslanaraq cavabdeh Əmək Müqaviləsinə xitam verilməsi barədə əmrin ləğvinə, işə bərpaya və işə bərpa edilən tarixədək hesablanmış əmək haqqının kompensasiyasına razılıq vermişdir. İddiaçı ilkin olaraq niyyətinin yalnız bundan (əmrin ləğvi, işə bərpa və işə bərpa edilən tarixədək hesablanmış əmək haqqının kompensasiyası) ibarət olduğunu bildirmişdir. Cavabdehin razılığa gəlmək niyyətinin olduğunu aşkar etdikdə iddiaçı birdən-birdə mənəvi zərərdən bəhs etmiş və 6 aylıq əmək haqqına bərabər məbləğdə mənəvi zərərin ödənişini tələb etmişdir. Cavabdeh bunun tamamilə əsassız olduğunu bildirdikdə isə 2 aylıq əmək haqqına bərabər məbləğdə mənəvi ziyanın əvəzini tələb etmiş, lakin cavabdeh bununla da razılaşmadıqda və mənəvi ziyan vurmadığını bildirdikdə düşünmək üçün mediatordan 1 həftə vaxt istəmiş və çox güman ki razılığa gələcəyini bildirmişdir (yəni mənəvi zərərin kompensasiyası tələb olunmadan). Lakin nə düşünüb-daşınmışdırsa, sonrakı mediasiya sessiyası zamanı yenidən mənəvi zərər məsələsinə fokuslanmışdır. Burada iddiaçının prosesin bu qədər uzadılması və barışıq prosesini sabotaj etməklə nail olmaq istədiyi əsas məqsədi açıqlamaq istərdilər. İddiaçının Əmək Müqaviləsinin müddəti xitam əmri ləğv ediləcəyi və iddiaçı işə bərpa olunacağı təqdirdə 25 oktyabr 2025-ci il tarixində başa çatır. Faktiki vəziyyət belə göstərir ki, iddiaçı həmin tarixədək faktiki olaraq 1 gün belə işləmədən, 16 may-25 oktyabr aralığını əhatə edən dövr üçün əmək haqqı və hələ üstəlik mənəvi zərərin əvəzini almaq fürsətini güdür. Məhkəmə qətnaməsi qəbul edilənədək müəyyən bir zaman da ötəcək və iddiaçı məhkəmənin mövqeyi işə bərpa yönündə olacağı təqdirdə məqsədlərini gerçəkləşdirə biləcək. Halbuki, real olaraq əmək funksiyalarını yerinə yetirmək niyyətində olan tərəf bundan öncəki iki mərhələdə barışıq əldə edərdi (mənəvi zərərin ödənişi tələbini irəli sürmədən). Burada bir məqam da diqqətəlayiq hesab edilir: Görəsən Cavabdeh ilk növbədə niyə İddiaçı ilə əmək münasibətlərinə son verməyi qərarlaşdırıb? İddiaçı işlədiyi dövr ərzində əmək funksiyalarını lazımi qaydada icra edirdisə, cavabdehin iddiaçı ilə əmək münasibətlərini dayandırmaq kimi bir təşəbbüsü ümumiyyətlə mövcud olmazdı. İddiaçı analıq məzuniyyətinə və qismən ödənişli sosial məzuniyyətə çıxmasa idi, cavabdeh ilk iş ilinin sonunda iddiaçının əmək funksiyalarının icrası vəziyyətindən razı qalmadığı üçün Əmək Müqaviləsini ləğv etmək məcburiyyətində qalacaqdı. Əlavə olaraq, cavabdeh iddiaçının gələcək karyerasına maneə törətməmək, habelə əmək kitabçasına pozuntu əsası ilə işdən azad edilmə qeydinin daxil edilməsinin qarşısını almaq üçün insanpərvər mövqedən çıxış edərək, pozuntu əsası ilə əmək müqaviləsini ləğv etməkdən çəkinmişdir. Xüsusi olaraq vurğulamaq istərdik ki, 1000 işçidən artıq geniş bir heyəti və bazarda yüksək işgüzar nüfuzu olan şirkəti bu günədək bir işçi belə məhkəməyə verməmişdir. Bu, ondan xəbər verir ki, şirkətimiz daim işçilərin hüquqlarına hörmət edən, onları qoruyan və pozmaqdan çəkinən bir hüquqi şəxsdir. Əks halda bu günədək çoxsaylı məhkəmə işlərində adları hallanardı. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Yüzbaşeva Rəmziyyə Eltac qızı iddia tələbini etiraf etməyərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Cavabdeh MMC-nin xx.xx.2025-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə İR-278/25 nömrəli əmrərində göstərilmişdir ki, Cavabdeh MMC bölməsində satınalmalar üzrə mütəxəssis vəzifəsində işləyən İddiaçı Mənsur qızı ilə bağlanılmış xxxxxxx000300 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikaı Əmək Məcəlləsinin 68.2 b bəndinə əsasən-əmək müqaviləsinin müddətinin qurtarmasıxx.xx.2025-ci il tarixdən xitam verilsin. İş materiallarında olan X6” MMC ilə İddiaçı Mənsur qızı arasında xx.xx.2021-ci tarixdə bağlanmış 289 saylı müqavilədən görünür ki, sonuncu satınalmalar üzrə mütəxəssis vəzifəsinə işə qəbul edilmişdir. Həmin müqavilənin İİ-ci bəndinə əsasən müqavilə xx.xx.2022-ci il tarixinədək bağlanmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 26.1-ci madəsinə əsasən “Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır.” Azərbaycan Respublikasının Konstitusiyasının 35.2-ci madəsinə əsasən “Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır.” Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir.” Həmin Məcəllənin 11.1-ci maddəsinin “b” bəndinə əsasən “Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarındandır.” Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən “Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli X5 razılaşdığı müddətə bağlanılır.” Həmin Məcəllənin 45.5-ci maddəsinə əsasən “Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.” Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən “Müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur.” Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinə əsasdır. Həmin Məcəllənin 111-ci maddəsinin 1-ci hissəsinə əsasən məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi (peşəsi) və bu Məcəllədə nəzərdə tutulmuş hallarda orta əmək haqqı saxlanılır, habelə işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin pozulması və işçinin intizam məsuliyyətinə cəlb edilməsi yolverilməzdir. Bu müddət işçinin əmək stajına, həmçinin ixtisası üzrə stajına daxil edilir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin müddəti xx.xx.2025ci il tarixinədək və işçi sosial məzuniyyətdə olduğu halda işəgötürən işçi ilə bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Buna görə də həmin əmr ləğv edilməklə iddiaçı işə bərpa edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə, hesab edir ki, cavabdeh tərəfindən əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin "b" bəndində nəzərdə tutulmuş ləğv edilməsi əsasları pozulduğundan iddiaçıya işə çıxdığı günə qədər məcburi işburaxmaya görə əmək haqqı ödənilməlidir. Məhkəmə iddiaçının “mənəvi ziyanın əvəzi olaraq 14.400 manat kompensasiya tələbi”nə dair münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Kostitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Həmin Qərarda qeyd olunur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri - əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri – maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri - əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarında göstərilir ki, "mənəvi zərər" anlayışı anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 41-ci maddəsinə, habelə digər normalarına əsaslanaraq mənəvi zərərin müəyyən edilməsinə dair müvafiq təcrübə formalaşdırmışdır. Avropa Məhkəməsi mənəvi zərəri “nigarançılıq, ruhi sarsıntı və iztirab”, “həyəcan, acizlik və sarsıntı, “məyusluq, ədalətsizlik hissi və uzunmüddətli qeyri-müəyyənlik” kimi səciyyələndirmişdir (Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə 2006-cı il 9 noyabr tarixli, Pelipenko Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli, Şiborş və Kuzmina Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli Qərarlar). Avropa Məhkəməsi Varnava və digərləri Türkiyəyə qarşı iş üzrə 2009-cu il 18 sentyabr tarixli Qərarında mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyrimüəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyəti kimi müəyyən etmiş və qeyd etmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Mənəvi zərər müəyyən edildikdə məhkəmələr tərəfindən hüquqazidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqazidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir. Məhkəmə qeyd edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən o, sosial məzuniyyətdə olmuş, gözlənilməz məhrumiyyətlə qarşılaşmamış, mənəvi sarsıntı və iztirab çəkməmişdir. Bundan əlavə, cavabdeh tərəfindən əmrin verilməsindən 3 gün sonra və mediasiya prosesində iddiaçıya yeni müqavilənin bağlanmasını təklif etməsi mümkün ola biləcək sarsıntıların qarşısını almağa yönəlmiş hərəkətlər kimi qəbul edilməlidir. Odur ki, iddiada göstərilənlər mənəvi ziyanın ödənilməsi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə -iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunun ödənilməsindən azad edildiyindən, onun tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, iddiaçı mediasiya xərcini və ödədiyi dövlət rüsumunu tələb etdiyindən, onun tərəfindən mediasiya təşkilatına ödənilmiş 50 manat, dövlət rüsumuna görə ödənilmiş 133.2 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MMC-nin xx.xx.2025-ci il tarixli İR-278/25 nömrəli əmri ləğv edilməli, X4 Cavabdeh MMC-yə “Satınalmalar üzrə mütəxəsis” vəzifəsinə bərpa edilməli, X3 xx.xx.2025-ci il tarixdən işə çıxdığı günə qədər məcburi iş buraxma müddəti üçün tərəflər arasında bağlanmış müqavilə əsasında əmək haqqı ödənilməli, X4 tərəfindən ödənilmiş 50 manat mediasiya xərci və 133.2 manat dövlət rüsumu Cavabdeh MMC-dən alınaraq X3 ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh MMC-nin xx.xx.2025-ci il tarixli İR-278/25 nömrəli əmri ləğv edilsin. X4 Cavabdeh MMC-yə “Satınalmalar üzrə mütəxəsis” vəzifəsinə bərpa edilsin. X3 xx.xx.2025-ci il tarixdən işə çıxdığı günə qədər məcburi iş buraxma müddəti üçün tərəflər arasında bağlanmış müqavilə əsasında əmək haqqı ödənilsin. X4 tərəfindən ödənilmiş 50 manat mediasiya xərci və 133.2 manat dövlət rüsumu Cavabdeh MMC-dən alınaraq X3 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov
Məhkəmə qərarları › İş №e-2(006)-4339/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4339/2025
29.09.2025 · Əmək mübahisələri - İşə bərpa - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Əmək mübahisələri - Mənəvi zərərin ödənilməsi - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver