Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4368/2021 16.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə 17.06.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 24.04.2017-ci il tarixli 2545M/14/B saylı daxili maliyyə lizinqi müqaviləsi üzrə ödənilməmiş 11000 manat əsas, 9441,78 manat lizinq mükafatı, 313 manat sığorta, cəmi 20754,78 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 izahat verərək bildirir ki, "xxxx" Lizinq Şirkəti QSC ilə Cavabdeh1 arasında 10.09.2014-cü il tarixli 2545M/14/B saylı daxili maliyyə lizinqi müqaviləsi bağlanmışdır. Müqavilə obyekti olan 2014-cü il buraxılışlı **-AF-*** dövlət qeydiyyat nömrəli X4 markalı avtomobil Cavabdeh1 istifadəsinə verilmişdir. Daxili maliyyə lizinq müqaviləsinə 24.04.2017-ci il tarixli restruksiyasiya haqqında əlavə razılaşmaya əsasən Cavabdeh1 öz növbəsində 11000 manat məbləğində borcu 25% olmaqla, 24 ay müddətində "xxxx" Lizinq Şirkəti QSC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. Eyni zamanda daxili maliyyə lizinq müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq 27.04.2017-ci il tarixdə Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanılmış və Cavabdeh2 lizinq alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. Lakin cavabdehlər müqavilə üzrə hər ay ödəniş etməli olduğu halda, müqavilənin bu şərtini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu məbləği ödəməmiş və bununla da öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Bundan sonra 30.09.2020-ci il tarixdə lizinq obyekti "xxxx" Lizinq Şirkəti QSC-yə təhvil verilmişdir. Daxili maliyyə lizinq müqaviləsindən irəli gələn öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyinə görə 30.09.2020-ci il tarixə 11000 manat əsas, 9441,78 manat lizinq mükafatı, 313 manat sığorta, cəmi 20754,78 manat borc yaranmışdır. Şirkət tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, yaranmış borc ödənilməmişdir. İddianın təmin olunmasını xahiş edir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" Lizinq Şirkəti QSC ilə Cavabdeh1 arasında 10.09.2014-cü il tarixli, 2545M/14/B saylı daxili maliyyə lizinq müqaviləsinə əsasən, lizinq verən – "xxxx" Lizinq Şirkəti QSC lizinq alan – Cavabdeh1 tərəfindən seçilmiş 2014-cü il buraxılışlı, X4 markalı, ağ rəngli, ban nömrəsi KNADN512BE6973493 olan avtomobili öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində Cavabdeh1 36 ay müddətinə 11950 manat haq müqabilində illik 18% lizinq mükafatı hesablanmaqla sahiblik və istifadəyə verməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 10.09.2014-cü il tarixli, 2545M/14/B saylı daxili maliyyə lizinq müqaviləsinə 14.08.2015-ci il tarixli restruksiyasiya haqqında əlavə razılaşmaya əsasən Cavabdeh1 öz növbəsində lizinq müqaviləsi üzrə borcu 18% olmaqla, 36 ay müddətində "xxxx" Lizinq Şirkəti QSC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan 10.09.2014-cü il tarixli, 2545M/14/B saylı daxili maliyyə lizinq müqaviləsinə 24.04.2017-ci il tarixli restruksiyasiya haqqında əlavə razılaşmaya əsasən Cavabdeh1 öz növbəsində 11000 manat məbləğində borcu 25% olmaqla, 24 ay müddətində "xxxx" Lizinq Şirkəti QSC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan daxili maliyyə lizinq müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh2 ilə "xxxx" Lizinq Şirkəti QSC arasında bağlanmış 24.04.2017-ci il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh2 lizinq alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. İş materiallarından İddiaçı MMC tərəfindən tərtib olunmuş 16.08.2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 10.09.2014-cü il tarixli, 2545M/14/B saylı daxili maliyyə lizinq müqaviləsi üzrə 24.04.2019-cu il tarixə 11000 manat əsas borc, 5507,69 manat lizinq mükafatı, 313 manat sığorta haqqı olmaqla cəmi 16820,69 manat borcu vardır. İş materiallarında olan Vergilər Nazirliyi Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsinin çıxarışından müəyyən olunur ki, qurumun əvvəlki adı "xxxx" Lizinq Şirkəti QSC, hazırki adı isə İddiaçı MMC-dir. Məhkəmə qeyd edir ki, Cavabdeh1 lizinq müqaviləsi üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada və vaxtında icra etmədiyindən, iddia tələbi əsas borcunun tutulması hissəsində əsaslı olduğundan həmin hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Lizinq müqaviləsinin 8.1-ci bəndinə əsasən lizinq obyektinə faktiki sahiblik və istifadəsindən asılı olmayaraq, bu müqavilənin bütün müddəti ərzində lizinq verənə müəyyən edilmiş dövriliklə və tarixdə lizinq ödənişlərini (lizinq ödənişlərinə - lizinq obyektinin dəyəri, mükafatın məbləği, bank xərcləri və servis haqqı, səğorta haqları daxildir) ödəməlidir. "xxxx" Lizinq Şirkəti QSC ilə Cavabdeh1 oğlu arasında bağlanmış 10.09.2014-cü il tarixli, 2545M/14/B saylı daxili lizinq müqaviləsinin restrukturizasiyası barədə 24.04.2017ci il tarixli razılaşmaya əsasən borcun ödənilmə müddəti 24 ay müəyyən edilmiş və 24.04.2019-cu il tarixdə bitmişdir. Məhkəmə qeyd edir ki, "xxxx" Lizinq Şirkəti QSC tərəfindən zaminə qarşı iddia sürməsi üçün nəzərdə tutulan müddət axımı 24.04.2019-cu il tarixdən başlamış və həmin vaxtdan bir il ərzində kreditor zaminə qarşı iddia irəli sürməmiş və bununla da, zaminlik müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinə xitam verilmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, iddia tələbi borcun zamindən tutulması hissəsində əsassız olduğundan təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Həmçinin məhkəmə qeyd edir ki, iddia ərizəsində 9441,78 manat lizinq mükafatı tələb edilsə də, iş materiallarına əlavə edilmiş maliyyə arayışına əsasən müqavilənin müddəti bitdiyi tarixə lizinq mükafatı 5507,69 manat müəyyən edildiyindən cavabdehdən 9441,78 manat deyil, 5507,69 manat lizinq mükafatı iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 2545M/14/B saylı, 24.04.2017-ci il tarixli daxili lizinq müqaviləsi üzrə 11000 manat əsas, 5507,69 manat lizinq mükafatı, 313 manat sığorta haqqı olmaqla, ümumilikdə 16820,69 (on altı min səkkiz yüz iyirmi manat altmış doqquz qəpik) manat məbləğində borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 2545M/14/B saylı, 24.04.2017-ci il tarixdə restrukturizasiya olunmuş daxili lizinq müqaviləsi üzrə 11000 manat əsas, 5507,69 manat lizinq mükafatı, 313 manat sığorta haqqı olmaqla, ümumilikdə 16820,69 (on altı min səkkiz yüz iyirmi manat altmış doqquz qəpik) manat məbləğində borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-4368/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4368/2021
16.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver