Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4381/2020 12.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi və maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi və maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, “Cavabdeh öz hesabına ünvan 1 ünvanda yerləşən iki mərtəbəli qanunsuz olaraq tikilmiş fərdi yaşayış evinin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, ünvan 2 ünvanda yerləşən 3 mərtəbəli fərdi yaşayış evini xx.xx.2011-ci il tarixdə öz aralarında sadə yazılı formada tərtib edilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən 50.000 ABŞ dollarına X1 almış, pasport qeydiyyatına alınmış və hazırda öz ailəsi ilə birlikdə orada yaşayır. Yaşadığı ev özbaşına tikili olmaqla, hüquqmüəyyən edici sənədləri yoxdur. Qonşusu Cavabdeh heç bir orqandan razılıq və icazə almadan xx.xx.2020-ci ildən etibarən onun evinə bitişik, ara məsafəsi qoymadan, şəhərsalma və tikinti məcəlləsinin normalarına zidd olaraq, onun yaşadığı evin pəncərələrinin qarşısını bağlayaraq tikinti işlərinə başlamışdır. O, dəfələrlə cavabdehə və onun yaxın qohumlarına narazıçılığını bildirmişdir. Daha sonra bu qanunsuz tikili barədə aidiyyəti qurumlara, Yasamal rayon 26-cı Polis Bölməsinə, Yasamal Rayon İcra Hakimiyyətinin başçısına, Bakı şəhər İcra hakimiyyətinə və Fövqəladə Hallar Nazirliyinə müraciət etmiş, lakin həmin dövlət qurumları tərəfindən məsələ lazımı qaydada araşdırılmamışdır. Odur ki, cavabdehin evinin sökülməsi üçün məhkəməyə müraciət etmişdir. Bu səbəbdən iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, o, ünvan 1 ünvanda yerləşən iki mərtəbəli fərdi yaşayış evində öz ailəsi ilə birlikdə yaşayır. İddiaçı isə ünvan 2 ünvanda yerləşən 3 mərtəbəli fərdi yaşayış evində yaşayır. O, həmçinin iddiaçı evlərini eyni şəxsdən, yəni X1 almışlar. O, evi tikili vəziyyətdə alıb. Onun da evinin pəncərəsi yoxdur. Evlərin arasında məsafə vardır. O, iddiaçının evinin pəncərəsini bağlamamışdır. Onun və iddiaçının evinin sənədləri yoxdur. Hesab edir ki, iddia əsassızdır. Bu səbəbdən iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddiaəsassız olduğundan rədd edilməlidir. Belə ki, tərəflərin izahatlarından və işin faktiki hallarından müəyyən edilir ki, İddiaçı ünvan 2 ünvanda yerləşən 3 mərtəbəli fərdi yaşayış evində yaşayır, həmin ev özbaşına tikili olmaqla hüquqmüəyyənedici sənədləri mövcud deyildir. Həmçinin Cavabdeh yaşadığı ünvan 1 ünvanda yerləşən iki mərtəbəli fərdi yaşayış evi özbaşına tikili olmaqla hüquqmüəyyənedici sənədləri mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Mülki Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Eyrenin İrlandiyaya qarşı iş üzrə” qərarında qeyd etmişdir ki, məhkəməyə müraciət etmək hüququ şəxsin hüquq və vəzifələrinin müəyyən edilməsi və öz işini lazımi qaydada təqdim etməsi üçün onun işinə müstəqil və qərəzsiz məhkəmə tərəfindən baxılması hüququna malik olması deməkdir. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarına əsasən - “mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Vərəsəlik hüququ da belə hüquqlardan biridir.” Göründüyü kimi, həm İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin, həm də Azərbаycаn Respublikаsı Konstitusiyа Məhkəməsinin hüquqi mövqeyinə görə, mülki mübаhisəni həlli edən məhkəmə, o cümlədən аpellyаsiyа instаnsiyаsı məhkəməsi ilk növbədə iddiа qаldırmış şəxsin müvаfiq subyektiv hüquqа mаlik olub-olmаmаsını аrаşdırmаlıdır. Hazırkı halda, İddiaçı yaşadığı ünvan 2 ünvanda yerləşən 3 mərtəbəli fərdi yaşayış evi qanunsuz tikili olmaqla, özbaşına tiki olduğuna görə, onun qonşuluqda inşa edilmiş cavabdehin yaşadığı digər qanunsuz tikilinin sökülməsini tələb etməyə subyektiv hüququ yoxdur. Odur ki, məhkəmə sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh qarşı “Cavabdeh öz hesabına ünvan 1 ünvanda yerləşən iki mərtəbəli qanunsuz olaraq tikilmiş fərdi yaşayış evinin sökülməsi” tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “Cavabdeh öz hesabına ünvan 1 ünvanda yerləşən iki mərtəbəli qanunsuz olaraq tikilmiş fərdi yaşayış evinin sökülməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-4381/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4381/2020
12.10.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver