Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4382/2021 07.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1, Cavabdeh2, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə 18.06.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış **-RV-*** dövlət qeydiyyat nömrəli “Mercedes E 220 SDİ” markalı nəqliyyat vasitəsinin alğı-satqısı barədə 21.01.2020-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh2 26.08.2021-ci ildə etiraz ərizəsi verərək onun vicdanlı alıcı olması nəzərə alınaraq iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 izahat verərək bildirir ki, İddiaçı ilə cavabdeh X2 10.02.2006-cı il tarixdə rəsmi nikaha daxil olmuşlar. Tərəflərin birgə nikahdan 3 övladı dünyaya gəlmişdir. Tərəflər arasında bağlanmış nikah Səbail rayon məhkəməsinin 2(009)-735/2019 saylı, 15.02.2019-cu il tarixli qətnaməsi ilə pozulmuşdur. Tərəflər arasında birgə nikah dövründə əldə edilmiş əmlaklar 2002-ci il buraxılışlı 90-RV- 203 QDN-li "Mercedes E 220 CDİ" markalı nəqliyyat vasitəsi və ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak- mənzil olmuşdur. Hazırda daşınmaz əmlakın bölünməsi tələbinə dair iş Səbail rayon məhkəməsinin icraatındadır. Tərəflərin birgə nikahından əldə edilmiş və bölünməsi tələbi iddiaçı Seyidova tərəfindən qaldırılmış digər əmlak isə 2002-ci il buraxılışlı **-RV-*** QDN-li "Mercedes E 220 CDİ” markalı nəqliyyat vasitəsi olmuşdur. Səbail rayon məhkəməsinin 14.02.2020-ci il tarixli 2(009) -523/2020 saylı qətnaməsi ilə X2 ilə Cavabdeh1 arasında "Mercedes E 220 CDİ” markalı, **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair bağlanılmış "Nəqliyyat vəsitəsinin alqı-satqısı haqqında” 04.03.2019-cu il tarixli Müqavilə etibarsız hesab edilməsi qət edilmişdir. Lakin, bu qətnamənin icrası mərhələsində məlum olmuşdur ki, X2 və onun anası tərəfindən növbəti hiyləyə əl atılaraq nəqliyyat vasitəsi hazırki iş üzrə Cavabdeh2 21.01.2020-ci ildə satılmışdır. X7 və onun anası Cavabdeh1 nəqliyyat vasitəsinə dair məhkəmə mübahisənin getdiyini bilə-bilə yenə də nəqliyyat vasitəsini 3-cü şəxsə özgəninkiləşdirmişdir. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 izahat verərək bildirmişdir ki, cavabdeh nəqliyyat vasitəsini alarkən mübahisədən xəbəri olmamışdır. O, ər-arvad arasında olan mübahisəni bilə bilməzdi. Onun bağladığı alğı-satqı müqaviləsi Səbail rayon Məhkəməsinin qətnaməsindən əvvəl bağlanmışdır. Cavabdeh vicdanlı alıcıdır. İddiaçı həmin məbləği digər cavabdehdən tələb edə bilər. Cavabdeh həmin maşını 10000 manata alımış, bundan sonra da avtomobilin 5000 manat xərci olmuşdur. Səbail rayon Məhkəməsində olan mübahisə ilə bağlı Cavabdeh2 mülkiyyətçi kimi işə cəlb olunmamış, eyni zamanda icraat zamanı avtomobilə dair qadağalar qoyulmamışdır. Həmçinin məhkəmənin qətnaməsi avtomobilə payların müəyyən olunması hissəsində ləğv edilmişdir. İddianın rədd olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahat verərək nümayəndəsi və vəkilinin izahatını təsdiq etdiyini bildirir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahat verərək bildirir ki, iddianı qəbul etmir. Mübahisəli nəqliyyat vasitəsi iddiaçının keçmiş həyat yoldaşının deyil, onun digər oğlunun pulu ilə alınmışdır və həmin maşın iddiaçının əmlakı deyildir. Oğlunun ev almağa pulu olmadığı üçün həmin maşın satılmışdır. İddiaçı oğlundan ayrıldıqdan sonra isə birgə nikahdan olan uşaqlar oğlunun yanında qalmışdır. İddianın rədd olunmasını xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 21.01.2020-ci il tarixli nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsinin surətinə əsasən Cavabdeh1 **-RV-*** dövlət qeydiyyat nömrəli “Mercedes Benz E 220 CDİ” markalı nəqliyyat vasitəsini Cavabdeh2 10000 manata satmışdır. İş materiallarında olan AR DİN Baş Dövlət Yol Polis İdarəsinin 13.08.2021-ci il tarixli, 016-93935-1221 nömrəli məktubuna əsasən **-RV-*** dövlət qeydiyyat nömrəli, qara rəngli, 2002-ci il buraxılışlı, ban nömrəsi WDB2110061A084443 olan “Mercedes Benz E 220 CDİ” markalı nəqliyyat vasitəsi 04.03.2019-cu il tarixdə Cavabdeh1 satılmış, 21.01.2020-ci il tarixdə isə Cavabdeh2 satılmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəsini almış 16.06.2021-ci il tarixli 2(103)-5276/2021 saylı qətnaməsinə əsasən Səbail Rayon Məhkəməsinin 14.02.2020-ci il tarixli 2(009)-523/2020 saylı qətnaməsi “Mercedes E 220 SDİ” markalı, **-RV-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsinin X2 ilə X1 birgə nikahı dövründə əldə edilmiş bərabər paylarda ümumi əmlakı hesab edilməsi və həmin əmlakın ½ hissədə mülkiyyət hüquqlarının tanınması ilə bağlı hissədə ləğv olunmuşdur. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, **-RV-*** dövlət qeydiyyat nömrəli “Mercedes Benz E 220 CDİ” markalı avtomobil 04.03.2019-cu ildə X2 tərəfindən Cavabdeh1 satılmışdır. X3 isə 21.01.2020-ci il tarixdə onu hazırki iş üzrə Cavabdeh2 satmışdır. Hazırda iddiaçı 21.01.2020-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsini xahiş edir. Cavabdeh2 isə etiraz ərizəsi verərək əmlakla bağlı mübahisənin olduğunu müqavilə bağlandıqdan xeyli sonra öyrəndiyini bildirir. Məhkəmə qeyd edir ki, 21.01.2020-ci il tarixli alğı-satqı müqaviləsinin tərəfi olan alıcı - Cavabdeh2 müqavilə bağlanarkən əmlakla bağlı mübahisə olduğunu bilmədiyindən vicdanlı alıcı hesab olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ və İİİ hissələrində göstərilir ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquq və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 182.1-ci maddəsinə əsasə əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 oktyabr 2004cü il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə görə, mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı, digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “Mercedes E 220 SDİ” markalı, **-RV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 21.01.2020-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “Mercedes E 220 SDİ” markalı, **-RV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 21.01.2020-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-4382/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4382/2021
07.09.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver