Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4392/2022 28.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyinin, X1 oğlunun katibliyi İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “qanunsuz hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “qanunsuz hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanunsuz və əsassız hesablanmış 38,06 manat borcun silinməsi və Hüquq xidmətlər bürosuna xidmət haqqı olaraq ödədiyi 200 manat xərcin iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, təxminən xx.xx.2021-ci il tarixində “ASAN-3” Xidmətinə müraciət edərək "xxxx" ASC-yə borcunun olmadığı haqqında arayış almaq istəmişdir. “ASAN-3” Xidmətindən ona borcunun olması səbəbindən belə bir arayışı verə bilməyəcəklərini bildirmişlər. O, "xxxx" ASC-yə ərizə ilə müraciət etmiş, ərizəsinə cavab olaraq bildirmişlər ki, **********80000 nömrəli kod üzrə fərdi yaşayış evinin elektrik enerji hesabatı haqqında Abunə vərəqi təhlil olunmuş xx.xx.2002-ci il tarixindən xx.xx.2006-cı il tarixə qədər 38.06 manat dəyərində elektrik enerji istehlak edilmiş, borcun ödənişi aparılmamışdır. Göstərilən məbləğin ödənişi yalnız abunə vərəqində ad dəyişdirilərkən, yaxud borcun olmaması barədə arayış alarkən tələb olunur. Artıq bu vaxtdan 20 il keçmişdir, bu illər dövründə Dövlət başçımız mərhum ümumilli lider Heydər Əliyev tərəfindən bir neçə dəfə sərəncam verilərək borclar silinmişdir. Onun üçün də əgər borc olmuş olsaydı belə artıq silinməli olmalı idi. Bundan başqa əgər onun "xxxx" ASC-yə borcu olsaydı ona verilən borc vərəqəsində bu qeyd olunmalı idi. Həmçinin o məhkəməyə müraciət etmək üçün də hüquqi xidmət haqqı olaraq 200 manat pul ödəmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edərək tələbin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 izahatında bildirmişdir ki, 2011-ci ildə BARMEK tərəfindən iddiaçıya yazılmış borc dondurulmuş borc sayılır və onlar tərəfindən nə tələb edilə, nə də silinə bilməz, yalnız iddiaçı evi satmaq istədikdə və ya əmlak barəsində digər hərəkətlər etmək istədikdə borcun ödənilməsi tələb olunur. Eyni zamanda iddiaçının iddia ərizəsində qeyd etdiyi hüquqi yardıma görə ödənilmiş məbləği təsdiq edən sübutlar mövcud deyil. Buna görə də, bu məbləği qəbul etmirlər. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2019-cu il tarixdən İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan "xxxx" ASC-nin İddiaçı ünvanladığı məktubda qeyd edilmişdir ki, **********80000 nömrəli kod üzrə fərdi yaşayış evinin elektrik enerji hesabatı haqqında Abunə vərəqi təhlil olunmuş, xx.xx.2002-ci il tarixindən xx.xx.2006-cı il tarixə qədər isə 38.06 manat dəyərində elektrik enerjisi istehlak edilmiş, lakin borcun ödənişi aparılmamışdır. Qeyd edilir ki, göstərilən məbləğin ödənişi yalnız, abunə vərəqində ad dəyişdirilərkən, yaxud borcun olmaması barədə arayış alınarkən tələb olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Həmin Məcəllənin 551-ci maddəsinə əsasən: 551.1. Əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. 551.2. Aşağıdakı tələblər beş il keçdikdən sonra qüvvəsini itirir: 551.2.1. kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər; 551.2.2. ərzaq məhsulları, qida və içki satışı və ya gələnlərə yaşayış yeri verilməsi üzrə tələblər; 551.2.3. zavod tikintisi, mallar satışı, daşımalar üzrə tələblər, sərbəst peşə adamlarının (məsələn, həkimlərin, vəkillərin və ya məsləhətçilərin) tələbləri, habelə işçilərin əmək münasibətləri üzrə tələbləri; 551.2.4. məhkəmə qərarına əsasən əmələ gələn tələb otuz il keçdikdən sonra qüvvəsini itirir. Bu qayda tələbin daha qısa müddətlə bağlı olduğu halda da tətbiq edilir. Həmin Məcəllənin 554-cü maddəsinə əsasən: 554.1. Müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır. 554.2. Öhdəlik müddətin keçdiyini bilmədən icra olunduqda belə, müddətin keçməsinə görə qüvvəsini itirmiş tələbin ödənilməsi üçün icra olunmuşları geri istəmək olmaz. 554.3. Əsas tələblə birlikdə ondan asılı olan əlavə öhdəliklərin icrasına dair tələb də müddətin keçməsinə görə qüvvəsini itirir. 554.4. Müddətin keçməsi tərəflərin razılaşması ilə istisna edilə və ya çətinləşdirilə bilməz. Tərəflər müddətin keçməsinin sadələşdirilməsi, o cümlədən onun qısaldılması barədə razılaşa bilərlər. “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında 02 fevral 2005-ci il tarixli 18 saylı qərarın 8.2-ci maddəsinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin qərarın 8.3-cü maddəsinə əsasən dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisinə görə hesablaşmalar tərəflərin balans mənsubiyyəti sərhədində quraşdırılmış hesablaşma elektrik sayğaclarının göstərişinə (ölçü transformatorları vasitəsilə ölçü aparıldıqda onların əmsalları nəzərə alınmaqla) əsasən aparılır. Hesablaşma elektrik sayğacı tərəflərin elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində quraşdırılmadıqda, hesablaşma elektrik sayğacı quraşdırıldığı yerdən balans mənsubiyyəti sərhədinə qədər elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) hesabat yolu ilə müəyyən edilir və həmin elektrik enerjisi itkisi (texnoloji sərfiyyat) hesablaşma elektrik sayğacının göstərişinə əlavə edilir, yaxud çıxılır. Həmin qərarın 8.4.-cü maddəsinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbi 38,06 manat borcun silinməsi hissəsində əsaslı olduğundan təmin edilməlidir. Belə ki, mülki iş üzrə cavabdeh "xxxx" ASC artıq ləğv edilmiş BARMEK tərəfindən yazılmış borcu vətəndaşdan tələb etməkdə haqlı deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 550-ci maddəsindən də görünür ki, tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Göründüyü kimi, xx.xx.2002-ci il tarixindən xx.xx.2006-cı il tarixə qədər 38.06 manat dəyərində elektrik enerjisinin istehlak edilməsinə görə yaranmış borcun 16 ilə yaxın bir müddət ərzində icrasının tələb edilməməsi hal-hazırda bu borcun silinməsi üçün əsas yaradır. Odur ki, Məhkəmə hesab edir ki, İddiaçı elektrik enerjisinin istehlak edilməsinə görə 38.06 manat dəyərində hesablanmış borc silinməlidir. Məhkəmə həmçinin iddianın hüquq xidmətlər bürosuna xidmət haqqı olaraq ödənilmiş 200 manat xərcin iddiaçıya ödənilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsassızdır. Ona görə ki, iddiaçı bu hissədə tələbin əsası kimi istinad etdiyi faktı təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia ərizəsi qismən təmin edilsin. İddiaçı elektrik enerjisinin istehlak edilməsinə görə 38.06 (otuz səkkiz manat altı qəpik) manat dəyərində hesablanmış borc silinsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-4392/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4392/2022
28.09.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver