Məhkəmə qərarları › İş №2(004)-4406/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4406/2024

16.09.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4406/2024 16.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı, Cavabdeh "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" publik hüquqi şəxsinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" publik hüquqi şəxsinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" publik hüquqi şəxsinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi və sonradan dəqiqləşdirmə barədə ərizə ilə məhkəməyı müraciət edərək onun mülkiyyətində olan mənzilə 240 manat hesablanmış cərimə məbləğinin cavabdeh tərəfindən silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı, 11 dekabr 2006-cı ildə Yasamal rayon İcra hakimiyyəti başçısının sərəncamı ilə yaşadığı ünvan 1 ünvanında yerləşən evi və köməkçi sahəni İcra hakimiyyətinin yaşayış fonduna keçirilmiş və Order verilmişdir. O gündən qaz, elektrik və su üçün sayğac qoyulması üçün lazimi təşkilatlara müraciət etmişdir. Elektrik və qaz idarələrindən əməkdaşlar gəlmiş, abunə kodlarını açmış və sayğaclarını qoymuşlar, lakin su idarəsi bildirmişlər ki, sayğaclarına getmir, amma ailə sayına görə gəlib aylıq işlətdiyi suyun pulunu əraziyə nəzarət edən müfəttiş alacaqdır. O gündən bugünə bütün kommunal xərcləri vaxtında ödəyir. Heç bir narazılıq nə idarələr tərəfindən, nə də onun tərəfdən olmamışdır. Evləri plana düşdüyünü demişlər, bundan sonra Yasamal rayon Sukanal idarəsi abunə kodu olmadığı üçün kod açdırmağını istəmişlər. O, etiraz etməmişdir. Kod açılmış və sayğac qoyulmuşdur. Lakin ona suyun pulunu verdiyi axırıncı bir ili üçün qeyri-qanuni olaraq 240 manat cərimə yazmışlar. O bildirmişdir ki, 18 ildir suyun pulunu ödəyir. Məsul işçiləri niyə vaxtında kod açmır, amma hər ay gəlib pulu alırdı. İndi onu qanunsuz olaraq cərimə edirlər. Deməli, cavabdeh şəxslər bu 18 ildə cinayət əlaqəsinə girərək dövlətin küllü miqdarda pulunu mənimsəmişlər. Çox güman ki, kodu olmayan çoxlu insanlar var və bu cinayət hələ də davam edir. Yaşadığı məhəllə plana düşmüş, yəqin müəyyən zamanda söküləcək, lakin bu məhəllədə kodu olmayan o qədər evlər var ki, hamısı Yasamal rayon Sukanal idarəsinin əməkdaşları tərəfindən dövlətin pulunun qeydiyyatı aparılmır, mənimsənilir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" publik hüquqi şəxsinin nümayəndəsi Nümayəndə iddia tələbinə etiraz edərək, izahatında göstərdi ki, iddiaçı öz iddia ərizəsində də qeyd etmişdir ki, uzun müddətdir ki pulu nəzarətçilərə ödəmişdir. Lakin bununla bağlı hər hansı qəbz təqdim etməmişdir. Müqaviləsiz sudan edilən zaman Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydalarının 8.7-ci bəndinə əsasən, sudan müqaviləsiz istifadə aşkar olunduqdan bu qaydaların 4 nömrəli əlavəsində göstərilən kimi 1illik cərimə hesablanmaqla kod açılır və müqavilə bağlanır. İddianın əsassız olduğundan rədd edilməsini xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin çıxarışından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, X1 küçəsi, ev 163/37A, mənzil – ünvanında yerləşən mənzil xx.xx.2024-cü il tarixdən ********** qeydiyyat nömrəsi ilə İddiaçı qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş Kodu **********001 olan abonentin katından görünür ki, 48737376 nömrəli müqavilə üzrə 240 (iki yüz qırx) manat məbləğində borc hesablanmışdır. Həmin abonent kartından görünür ki, İSS-20M-2 markalı, 24077779 nömrəli sayğac xx.xx.2024-cü il tarixdə quraşdırılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinin tələbinə görə, fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Həmin Məcəllənin 136.4-ci maddəsinəə əsasən kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə və sudan istifadə qaydalarının 2.1.9.2-ci yarımbəndinə əsasən istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericiliklə nəzərdə tutulmuş müvafiq tədbirlər görməlidir. “Sudan istifadə Qaydaları”na 4 nömrəli əlavəyə əsasən, Sudan xammal kimi istifadə edən müəssisələrdə xammal sudan istifadə müddəti 4 saat qəbul edilir. 2. Qrunt suyundan istifadə etməklə, tullantı sularının kanalizasiya şəbəkəsinə axıdılma müddəti 4 saat qəbul edilir. 3. Su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma aşkar edildikdə və belə qoşulmanın tarixini müəyyən etmək mümkün olmadıqda, itirilmiş suyun həcmi olaraq ötən 1 (bir) il müddətindən yuxarıdakı cədvələ əsasən hesablanır. Həmin Qanunun 61-ci maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. “Sudan istifadə” qaydaları istehlakçıların hüquqlarına həsr olunmuş 5.1.5-ci maddəsinə əsasən, verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək hüququ var. Həmin Qaydaların 3.5-ci maddəsinə əsasən axıdılmış tullantı sularının miqdarı təyin edilərkən istifadə olunmuş quyu, yeraltı qrunt və gətirmə sular da nəzərə alınır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən, istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Su Məcəlləsinin 98-ci maddəsinə əsasən, xüsusi mülkiyyətdə olan su obyektlərinə sudan istifadə haqqı mülkiyyətçilərlə su istehlakçıları arasında bağlanmış müqavilə əsasında müəyyən olunur. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinin 1-ci bəndinə əsasən, su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “Su təchizatı və tullantı suları” haqqında qanunun 59.3-cü maddəsinə əsasən, su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği suölçən cihazların göstəricilərinə görə verilən suyun həcminin və ya obyektlərdən axıdılan tullantı sularının miqdarının uçotuna və müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydalara əsasən hesablanır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2014-cü il tarixli, 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə” Qaydalarının 2-ci bəndinə əsasən istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcminin və dəyərinin, həmçinin istismarda olan su təchizatı və kanalizasiya sistemlərinin tam və dəqiq uçotunu aparmaq, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq hər ay istehlakçıya ödəməli olduğu vəsaitin həcmini əks etdirən hesabı təqdim etmək (göndərmək) su təchizatı və kanalizasiya müəssisəsinin vəzifəsidir. Həmin Qaydaların 4.1.3-cü bəndinə görə isə verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçının vəzifəsidir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının (iddiaçı və ya cavabdeh) lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Hazırki iddia tələbi üzrə sübutetmə yükünün (borcun qanuniliyinə səbəb olan halların əsaslandırılması) cavabdehin üzərində olmasına baxmayaraq cavabdeh tərəfindən aktiv sübutetmə fəaliyyəti təmin-təşkil edilməmiş, müvafiq borc məbləğinin əsaslı olmasını təsdiq edən sübut, sənəd və ya materiallar məhkəməyə təqdim edilməmişdir. Hal-hazırda iddiaçının Su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulması aşkar edilmədiyindən, bununla bağlı 18 il ərzində hər hansı akt tərtib edildiyinə dair sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilmədiyindən, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı adına olan 48737376 nömrəli müqavilə üzrə Abonent kodu: **********001 olan hesaba hesablanmış 240 (iki yüz qırx) manat məbləğində borc cavabdeh "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" publik hüquqi şəxsi tərəfindən silinsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar