Məhkəmə qərarları › İş №2(004)-4410/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4410/2022

10.11.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4410/2022 10.11.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi İddiaçı, Cavabdehin nümayəndəsi X1 İddiaçı Cavabdeh QSC-yə qarşı müqavilənin etibarsız hesab edilməsi və borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASCnin Nəqliyyat filialı ilə İddiaçı arasında xx.xx.2010-cu il tarixli və xx.xx.2010-cu il tarixli kredit müqavilələrinin etibarsız hesab edilməsi, həmin müqavilələrdən irəli gələn kredit borcunun onun adından silinməsi və bu barədə kredit bürosuna rəsmi məlumat verilməsi öhdəliyinin iddiaçının üzərinə qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Nəqliyyat filialı ilə xx.xx.2010-cu il tarixli 10680 №-li kredit müqaviləsinə əsasən 36 ay müddətinə 820 000 manat, xx.xx.2010-cu il tarixli kredit müqaviləsinə əsasən 36 ay müddətinə 900 000 manat məbləğində kredit iddiaçının adına rəsmiləşdirilmişdir. "xxxx" ASC-nin Nəqliyyat filialında rəsmiləşdirilmiş hər iki kreditə görə mühafizəçi işlədiyi "xxxx" MMC-nin rəhbəri İbrahim Hüseynovun tapşırığı ilə lazımi sənədləri imzalasa da, bankdan pul götürməmiş, adına rəsmiləşdirilən kreditin məbləğindən məlumatı olmamış, həmin pulun kim tərəfindən və nəyə sərf edildiyi ona məlum olmamışdır. Bununla bağlı 2015-ci ildə "xxxx" ASC-nin keçmiş idarə heyətinin sədri olan X3 və qeyrilərinə qarşı başlanılmış cinayət işi üzrə həm istintaq ərəfəsində şahid kimi dindirilmiş, həm də məhkəmədə şahid qismində dindirilmişdir. Həmin vəsaitin X3 və X4 tərəfindən götürülməsi Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-975/2016 saylı, 14 oktyabr 2016-cı il tarixli hökmü ilə təsdiqlənərək ümumilikdə 9.696.204,52 manat məbləğində vəsaitin X3 və X2 müştərək qaydada alınaraq "xxxx" ASC- yə verilməsi hökm edilmişdir. Belə olduğu təqdirdə onunla "xxxx" ASC arasında rəsmiləşdirilmiş kredit müqavilələri uydurma əqd kimi qiymətləndirilmişdir. Mülki qanunvericiliyə əsasən, uydurma əqd olduğundan hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqd olması səbəbindən əqd etibarsız hesab edilməlidir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə Cavabdeh QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair” xx.xx.2015-ci il tarixli müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ Cavabdeh QSC-yə keçmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar "xxxx" ASC ilə Cavabdeh QSC arasında S-FK-30 saylı, xx.xx.2017-ci il tarixli təhvil-təslim aktına əsasən onun kredit qovluğu Cavabdeh QSC-yə verilmişdir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında cavabdeh iddiaya etiraz edərək, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçı və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin “Yazılı sübutlar”a dair 89-cu maddəsinə əsasən: 89.1. Yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 89.2. Faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun. 89.3. Yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. 89.4. Sənədlərin əsli qanunlara və ya digər normativ hüquqi aktlara müvafiq olaraq, işin halları ancaq bu cür sənədlərlə təsdiq edildikdə və ya məhkəmənin tələbi ilə digər zəruri hallarda təqdim edilir. İddiaçı iddia tələblərini, yəni onunla "xxxx" ASC-nin Nəqliyyat filialı arasında bağlanmış xx.xx.2010-cu il tarixli 10680 №-li və xx.xx.2010-cu il tarixli kredit müqavilələrinin uydurma əqd olmasını təsdiq edəcək sübut kimi Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-975/16 saylı 14 oktyabr 2016-cı il tarixli hökmündən çıxarışın surətini məhkəməyə təqdim edilmişdir. Hökmdən çıxarışın surəti natamam olduğundan, kserosurət olduğundan, əsli ilə düzgünlüyü təsdiq edilmədiyindən məhkəmə hesab edir ki, sübut kimi qəbul edilə bilməz. Odur ki, məhkəmə hesab edir ki, iddia əsassızdır və rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 (yüz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar