Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4415/2025 29.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair iş üzrə (açar sözlər: borcun silinməsi) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi, Ələsgərov Pərvin Asif oğlunun katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli, 012801 nömrəli aktından görünür ki, ünvan 1 ünvanına (abonent kodu **********00013 olmaqla) baxış keçirilmiş və müəyyən edilmişdir ki, sayğacın alt qapaq möhüründə müdaxilə izləri var, sayğac xətdən axan yükləri düzgün qeyd etmir.
2. "xxxx" ASC tərəfindən təsdiq edilmiş xx.xx.2025-ci il tarixli əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair satış sahələri üzrə və texniki sahələr üzrə tələblərdən görünür ki, ünvan 1 ünvanına (abonent kodu **********00013 olmaqla) 7085,10 manat borc hesablanmışdır.
3. “Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxsin tabeliyindəki "xxxx" MMC-nin elektrik sayğacının yoxlanılması haqqında DY M 100/01 nömrəli protokolundan görünür ki, **********00013 nömrəli abonentə məxsus sayğacın dövlət və alt qapaq möhürləri pozulub. Sayğacın daxilinə baxış zamanı hər üç fəzanın yük blokuna şunt vasitəsi ilə müdaxilə olunduğu və sayğacın gövdə açılma tarixini göstərən yaddaş düyməsinin yapışqan vasitəsi ilə yapışdırıldığı aşkar olunmuşdur. Bu səbəbdən sayğacda göstərilən xəta faizləri az sərfiyyat ilə hesablayır.
İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları
a) iddia tələbi
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus ünvan 1 ünvanına (abonent kodu **********00013 olmaqla) hesablanmış 7085,10 manat məbləğdə borcun cavabdeh tərəfindən silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddianın əsaslarına görə, iddiaçı həmin mənzildə ailəsi ilə birlikdə yaşayır. O evdə olmadığı günlərin birində cavabdeh tərəfindən mənzilə baxış keçirilmiş, akt tərtib edilmiş və həmin akta əsasən 7085,10 manat borc hesablanmışdır. Aktın yazılma səbəbi sayğaca müdaxilələrin olmağıdır. O, onun və ailə üzvləri tərəfindən sayğaca heç bir müdaxilə olunmadığını qeyd etsə də heç bir nəticə əldə edilməmişdir.
b) iddiaya etiraz
6. İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) məhkəmə icraat iştirakçılarının izahatları
7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək göstərdi ki, sayğaca müdaxilə olduğu müstəqil hüquqi şəxsin protokolu ilə təsdiq olunur. Cərimə düzgün hesablanmışdır.
8. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir.
Tətbiq edilən hüquq
9. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.6. Başqa şəxsə zərər vurulması; Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
10. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. İstehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları vardır.
11. “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 19.16. Qanunsuz qoşulma halları aşkar edildikdə, ötürücü və ya paylayıcı sistem operatoru qanunsuz xətti dərhal elektrik şəbəkəsindən ayırmaqla, elektrik enerjisinin verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə ötürücü və ya paylayıcı sistem operatoru bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə ötürücü və ya paylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində ötürücü və ya paylayıcı sistem operatoruna vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər pərakəndə satış bazarı qaydaları ilə tənzimlənir.
12. “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 saylı qərarı
4. Elektrik enerjisi istehlakının rejimləri və əsas şərtləri 4.1. Enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir.
8. Elektrik enerjisindən (aktiv və reaktiv) istifadəyə görə hesablaşmalar 8.2. Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
9. İstehlakçıların məsuliyyəti və onlara elektrik enerjisi verilişinin dayandırılması şərtləri 9.1. İstehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X1 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır.
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
Məhkəmə baxışının hədləri
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi
15. İşdən müəyyən olunur ki, iddiaçıya məxsus ünvana işıq təchizatı ilə bağlı cavabdehlə müqavilə bağlanmış, ünvan üzrə **********00013 nömrəli abonent kodu açılmışdır. Cavabdeh tərəfindən iddiaçıya məxsus ünvan üzrə 7085,10 manat məbləğdə borc hesablanmış, məhkəmə araşdırması ilə isə sabit olmuşdur ki, borcun hesablanmasına əsas xx.xx.2025-ci il tarixli, 012801 nömrəli akt olmuşdur.
16. İddiaçı hazırda cavabdeh tərəfindən hesablanmış 7085,10 manat məbləğdə borcun silinməsi xahiş etməklə, tələbini onunla əsaslandırır ki, aktda göstərilən əməl sayğaca müdaxilə onun tərəfindən olmamışdır.
17. Məhkəmə işin qeyd olunan faktiki hallarını maddi-hüquqi əsaslar baxımından yoxlayaraq hesab edir ki, iddia təmin edilməlidir.
18. Məhkəmə qeyd edir ki, elektrik enerjisindən istifadəni təmin edən elektrik qurğularına müdaxilə qadağandır. Bu cür faktlar aşkarlandıqda isə elektrik enerjisi təchizatçısının bunu rəsmiləşdirməklə müvafiq tədbirlər görməsi təbiidir. Bununla belə, qanunsuz hərəkətlər barədə aktın tərtib olunması və həmin akta əsasən abonentə müəyyən məbləğdə sanksiya tətbiq edilməsi elə mötəbər sübutlar fonunda baş verməlidir ki, qanunsuz hərəkətlərin və hesablanmış borcun əsaslılığına heç bir şübhə qalmasın.
19. Hazırkı işin halları baxımından cavabdeh tərəfindən təqdim edilmiş akt yalnız cavabdeh qurumun əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilib imzalanmışdır. Abonent və ya onun nümayəndəsi aktı imzalamamışdır. Sonradan da aktın nüsxəsi abonentə təqdim edilməmiş, nə də poçt vasitəsi ilə göndərilməmişdir. Belə olan halda, bu akt özülüyündə mötəbər sübut kimi qəbul oluna bilməz.
20. Digər tərəfdən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 189-1.1-ci maddəsinə əsasən təbii qaz, su təchizatı, elektrik və ya istilik şəbəkələrinə qanunsuz qoşulmaqla bu resursların talanması, bu əməllər xeyli miqdarda ziyan vurmaqla törədildikdə cinayət məsuliyyəti yaradır.
21. “Elektroenergetika haqqında” Qanunun 19.16-cı maddəsinə əsasən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə ötürücü və ya paylayıcı sistem operatoru bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə ötürücü və ya paylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.
22. Hazırkı halda, iddiaçıya hesablanmış borcun məbləği talama əməli nəticəsində cinayət məsuliyyətinə səbəb olacaq həddə - 5000 manatdan yuxarıdır və bu halda təqsir yalnız cinayət təqibi orqanının və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə iddiaçı zərərin ödənilməsinə tabe tutula bilərdi. Belə bir qərar da cavabdeh tərəfindən təqdim edilməmişdir.
23. Odur ki, iddiaçıya hesablanmış borc baxımından, borcun yaranma əsaslarını cavabdeh sübut edə bilməmişdir.
24. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı məxsus ünvan 2 ünvanına (abonent kodu **********00013 olmaqla) 012801 nömrəli akt əsasında hesablanmış 7085,10 manat məbləğdə borc "xxxx" ASC tərəfindən silinməlidir.
25. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia təmin edilsin. İddiaçı məxsus ünvan 2 ünvanına (abonent kodu **********00013 olmaqla) 10 iyul 2025-ci il tarixli, 012801 nömrəli akt əsasında hesablanmış 7085,10 manat məbləğdə borc "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən silinsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
HAKİM Aytəkin Əsədzadə