Məhkəmə qərarları › İş №2(004)-4416/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4416/2021

03.08.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4416/2021 03.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi X4 oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1 və cavabdeh “Yazıçılar Poliklinikası”nın vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh “Yazıçılar Poliklinikası”-na qarşı “əmək haqqı və yaradılan maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı cavabdeh “Yazıçılar Poliklinikası”-na qarşı “əmək haqqı və yaradılan maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh qurum tərəfindən Əmək haqqının ödənilməməsinə (boş dayanma) görə 7 aylıq əmək haqqının hesablanaraq ona ödənilməsi və əmək müqaviləsi üzrə üzərinə düşən öhdəliklərin yerinə yetirilməsinə yaradılan maneələrin cavabdehə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Hüseynova X1 Poliklinikasında böyük tibb bacısı vəzifəsində (şəxsi kod: 2104042) işləyir. İşlədiyi müddətdə əmək müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri daim yerinə yetirmişdir. Analıq məzuniyyətinə çıxdığı müddət başa çatdığı üçün işə qayıtmaq istəyir. Amma 7 aydır ki, onu aldadaraq işə buraxmırlar. Hər dəfə azyaşlı uşağının olduğunu, pandemiya və sair bəhanələr gətirməklə onun əvvəlki vəzifəsində çalışmağına mane olurlar. Bu hallar qanunsuz olsa da, etiraz etməyəcəyi təqdirdə işə gəlmədiyini əsas götürüb onu işdən çıxaracaqlar. Belə hallarla rastlaşdığı üçün çox narahatdır. Əgər o işdən çıxarılmamışsa, məzuniyyəti bitibsə nə üçün işə çıxmağının qarşısı alınmalıdır. Onu başqa vəzifədə yarımştat işə keçirmək istəyirlər. O, Yazıçılar Poliklinikasında, əvvəlki iş yeri üzrə işləmək istəyir. Aralarında bağlanılmış əmək müqaviləsi mövcuddur və bu müqavilə əsasında əmək münasibətlərində olmuşlar. Belə olan halda cavabdeh qurum tərəfindən yaradılmış maneələr aradan qaldırılmalı və qanunsuz olaraq işdən uzaqlaşdırıldığı dövr üzrə əmək haqqı hesablanaraq ona ödənilməlidir. Cavabdehin vəkili Vəkil2 iddia ərizəsinə etiraz edərək etirazında göstərmişdir ki, iddia tələbi tam əsassızdır. Belə ki, İddiaçı 01.04.2015-ci il tarixindən AR Səhiyyə Nazirliyi Yazıçılar Birliyi Poliklinikasında tibb bacısı, 01.09.2015-ci il tarixindən etibarən böyük tibb bacısı olaraq işləyir. İş üzrə iddiaçı şəxs 01.08.2017-ci il tarixində 136 a nömrəli əmr ilə 04.12.2017-ci il tarixinədək doğuşdan əvvəl və doğuşdan sonra analıq məzuniyyətinə buraxılmış, 05.12.2017-ci il tarixli 216 a nömrəli əmr ilə keysəriyyə əməliyyatı olduğuna görə 18.12.2017ci il tarixinədək əlavə 14 gün hesablanıb verilmişdir. 19.12.2107-ci il tarixli 220 a nömrəli əmr ilə uşağının 1 yaş 6 ayı tamam olanadək ona qulluq etmək üçün 05.03.2019-cu il tarixinə qədər qismən ödənişli sosial məzuniyyət verilmişdir. 06.03.2019-cu il tarixli 52 a nömrəli əmr ilə uşağın 3 yaşı tamam olanadək ona qulluq etmək üçün 05.09.2020-ci il tarixinə qədər qismən ödənişli sosial məzuniyyət verilmişdir. İddiaçı 05.09.2020-ci il tarixində ərizə ilə müraciət edərək, uşağının səhhətini əsas gətirməklə ona qulluq etmək üçün 6 ay müddətinə icazə istəmişdir. 05.09.2020-ci il tarixli 125 a nömrəli əmrlə ona 05.02.2021-ci il tarixinədək öz hesabına məzuniyyət verilmişdir. İşə çıxma tarixi 06.02.2021-ci il olaraq müəyyən edilmişdir. İşə çıxmayan iddiaçı 19.03.2021-ci il tarixindən etibarən poliklinika və onun baş həkiminə qarşı yalan, böhtan, şərəf və ləyaqəti alçaldıcı yazılı müraciətlərinə başlamışdır. Bundan sonra İddiaçı bir sıra KİV-də və sosial şəbəkələrdə poliklinikanın və baş həkimin ünvanına yuxarıda qeyd etdiyi və özünün müraciəti məzmununda yalan, böhtan, şərəf və ləyaqəti alçaldıcı məlumatlar, açıqlamalar verməyə başlamışdır. Bununla əlaqədar Zəngilan rayon Məhkəməsində İddiaçı qarşı AR Səhiyyə Nazirliyinin Yazıçılar Birliyi Poliklinikasının Baş X2-Cəfərova tərəfindən Şərəf və ləyaqəti ləkələyən, həqiqətə uyğun olmayan məlumatların təkzib edilməsi, yalan məlumatlara görə üzr istənmsi və mənəvi zərərin ödənilməsinə dair iddia qaldırılmışdır. Mülki iş hakim Gülsarə İmanovanın icraatındadır. Yuxarıda da qeyd edildiyi kimi məzuniyyətdə olan İddiaçı işə çıxma tarixi 06.02.2021-ci il olaraq müəyyən edilmişdir. İşə çıxmayan və əsassız ittihamlar savuran İddiaçı dəfələrlə işə çıxması bildirilmiş, 24.05.2021-ci il tarixində ona fevral ayında məzuniyyətinin bitdiyi və təcili işə çıxmasına dair teleqram göndərilmişdir. Lakin İddiaçı işə çıxmamışdır, çıxmamaqda da davam edir. Dəfələrlə iddiaçı izahat yazması və həmkarlar ittifaqının iclasında iştirak etməsi dəvət edilmiş, buna dair ünvanına teleqrmlar vurulmuşdur. Lakin iddiaçı gəlməmişdir. İddiaçının onu yarımştat işə keçirmək istəyirlər, bununla razılaşmır, bəyanına gəldikdə bildirmişdir ki, işçinin əmək şəraiti və funksiyasında dəyişikliklər iki tərəfin razılığı və əmək müqaviləsində aparılan dəyişikliklə mümkündür. Bunu birtərəfli etmək mümkün deyil. İşəgötürən işçinin razılığı olmadan bunu edə bilməz. Deməli işçi iki tərəfin iradəsi ilə ola biləcək, mümkün olan hala istinad edib işə çıxmaqdan imtina edə bilməzdi. İşçi məzuniyyəti bitdikdən sonra işə çıxmalı, əgər əmək şəraiti və funksiyasında öz iradəsi xaricində dəyişiklik edilərdisə bunun mübahisəsini aparmalı idi. Yəni işçi işə çıxmalı, işləməli, ay sonunda əmək haqqında natamamlıq gördüyü halda bunun mübahisəsini etməlidir. Ştatı azalda bilmərsiz deyə işə çıxmıram deyə bir şey yoxdur. İşə çıxıb iradəsi olmadan onun ştatını azalda bilmərsiniz deyə bir şey var. Yuxarıda qeyd olunan səbəblərdən iddia tələbinin əsası yoxdur və təmin edilə bilməz. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verib iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verib iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh “Yazıçılar Poliklinikası”nın vəkili Vəkil2 etiraz ərizəsinə uyğun çıxış edərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını və çıxışlarını dinləyib, iş üzrə sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Əmək Müqaviləsinin surətindən görünür ki, İddiaçı 01.04.2015-ci il tarixindən AR Səhiyyə Nazirliyi Yazıçılar Birliyi Poliklinikasında tibb bacısı vəzifəsinə qəbul edilmişdir. İş materiallarında olan İddiaçı öz hesabına məzuniyyətə getməsi haqqında 05.09.2020ci il tarixli 125a nömrəli əmrin surətindən görünür ki, tibbi bacısı övladının səhhəti ilə bağlı müayinə və müalicəyə apardığına görə 05.09.2020-ci il tarixdən 05.02.2021-ci il tarixinədək öz hesabına məzuniyyətə buraxılmış, işə çıxma tarixi 06.02.2021-ci il müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhər İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 07 iyun 2021-ci il tarixli cavab məktubundan görünür ki, müraciətlə əlaqədar Yazıçılar Poliklinikasının sizə aid olan sənədlərin təqdim edilməsi ilə məqsədilə 04.05.2021-ci il tarixli məktub göndərilmiş, lakin sənədlər tam təqdim edilməmişdir. Yazıçılar Poliklinikası tərəfindən müvafiq sənədlər təqdim edildiyi halda Sizə müvafiq cavab veriləcəkdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 19 may 2021-ci il tarixli məktubundan görünür ki, müraciəti ilə bağlı Agentliyin tapşırığına əsasən Yazıçılar Poliklinikası tərəfindən təqdim edilən məlumatda iddiaçının öz ərizəsi əsasında 05.09.2020-ci il tarixdən 05.02.2021-ci il tarixədək məzuniyyətdə olduğu, həmçinin sizə 0,5 ştat vakant tibb bacısı vəzifəsinin təklif edildiyi qeyd edilmişdir. Eyni zamanda, qeyd edir ki, Agentliyin əməkdaşı tərəfindən tibb müəssisəsinin rəhbərliyi ilə əlaqə saaxlanıldığı zaman iddiaçının işdən azad edilmədiyi bildirilmişdir. İş materiallarına əlavə olunmuş İddiaçı Qaasım qızına 24.05.2021-ci il tarixində ünvanlanmış teleqramdan görünür ki, ona fevral ayında məzuniyyətinin bitdiyi və təcili işə çıxmasına dair teleqram göndərilmişdir. İş materiallarında olan 07.05.2021-ci il tarixli hesabdan çıxarışın surətindən görünür ki, İddiaçı 23.09.2020-ci il tarixdən əmək haqqı ödənilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Yazıçılar Poliklinikası tərəfindən verilmiş 02.10.2020-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı 2015-ci il tarixdən AR Səhiyyə Nazirliyi Yazıçılar Poliklinikasında tibb bacısı vəzifəsində çalışır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir; 35-ci maddəsinə əsasən hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrıseçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 9-cu maddənin “d” bəndinə əsasən qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarına aid edilmişdir; 83-cü maddənin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir; 87-ci maddəsinin 3-cü hissəsinə əsasən işdən çıxan işçilərə əmək kitabçası əmək müqaviləsinə xitam verildiyi gün (sonuncu iş günü) verilir; 172-ci maddəsinin 1-ci bəndinə əsasən aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir; 172-ci maddəsinin 4-cü bəndinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir; 174-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək haqqı işçinin istəyi ilə onun bankdakı hesabına köçürülə və ya müvafiq ünvana göndərilə bilər. 137-ci maddəsinin 3-cü bəndinə əsasən əmək məzuniyyətindən geri çağırılan işçiyə tərəflərin razılığı ilə ya işə başladığı gündən etibarən əmək haqqı hesablanır və işləndiyi məzuniyyət günlərinin əvəzində ödənişsiz əlavə istirahət günləri (əvəzgün) verilir, ya da işə başladığı gündən etibarən işçiyə əmək haqqı hesablanır, istifadə edilməmiş məzuniyyət günlərinə düşən məzuniyyət pulunun məbləği ondan tutulur və məzuniyyətin istifadə edilməmiş günləri gələcəkdə müəyyən edilmiş vaxtda verilərək bu Məcəllənin 140-cı maddəsində nəzərdə tutulmuş qaydada yenidən məzuniyyət pulu hesablanıb ödənilir. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, İddiaçı 01.04.2015-ci il tarixindən AR Səhiyyə Nazirliyi Yazıçılar Birliyi Poliklinikasında tibb bacısı, 01.09.2015-ci il tarixindən etibarən böyük tibb bacısı vəzifəsinə işə qəbul olunmuş və hal-hazırda AR Səhiyyə Nazirliyi Yazıçılar Poliklinikasının işçisidir. İddiaçı 05.09.2020-ci il tarixində ərizə ilə müraciət edərək, uşağının səhhətini əsas gətirməklə ona qulluq etmək üçün 6 ay müddətinə icazə istəmişdir. 05.09.2020-ci il tarixli 125 a nömrəli əmrlə ona 05.02.2021-ci il tarixinədək öz hesabına məzuniyyət verilmişdir. İşə çıxma tarixi 06.02.2021-ci il olaraq müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən vəzifəsinə uyğun olaraq iddiaçıya əmək haqqının müəyyən edilməsinə və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmədiyinə baxmayaraq, 06.02.2021-ci il tarixdən bugünədək cavabdeh tərəfindən ona hər hansı məbləğdə əmək haqqının verildiyi müəyyən edilmir. Cavabdeh tərəf iddiaçıya əmək haqqı ödənilməməsini onunla əsaslandırır ki, “iddiaçı işə çıxmamışdır”. Məhkəmə qeyd edir ki, cavabdehin dəlili əsassızdır. Çünki işçinin heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçinin əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir ki, əmək qanunvericiliyi işəgötürənə imkan verir ki, əmək müqaviləsinə xitam versin. Lakin məhkəmə araşdırması zamanı, işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verilmədiyi, bununla bağlı hər hansı bir əmrin olmadığı müəyyən olunur. Bu səbəbdən, məhkəmə hesab edir ki, İddiaçı 06 fevral 2021-ci il tarixdən 03 avqust 2021-ci il tarixədək 05 ay 27 gün ödənilməmiş əmək haqqı cavabdeh “Yazıçılar Poliklinikası” tərəfindən hesablanaraq ödənilməlidir. Məhkəmə iddiaçının iddia tələbinin “əmək müqaviləsi üzrə üzərinə düşən öhdəliklərin yerinə yetirilməsinə yaradılan maneələrin cavabdehə qadağan edilməsi” hissəsi ilə bağlı qeyd edir ki, tələb bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi də öz qərarlarında bu mövqeydən çıxış etmişdir (“Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərar, “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərar və sair). Bu baxımdan İddiaçı “əmək müqaviləsi üzrə üzərinə düşən öhdəliklərin yerinə yetirilməsinə hər hansı maneələrin yaradıldığını sübut etməli idi. Lakin bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı 06 fevral 2021-ci il tarixdən 03 avqust 2021-ci il tarixədək 05 ay 27 gün ödənilməmiş əmək haqqı cavabdeh “Yazıçılar Poliklinikası” tərəfindən hesablanaraq ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar