Məhkəmə qərarları › İş №2(004)-4419/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4419/2021

28.07.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4419/2021 28.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X3 qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “əsassız hesablanmış borcun silinməsi” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş 25.12.2019-cu il tarixli ******* saylı akta əsasən əsassız olaraq (abonent kodu **********00010) hesablanmış 216 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən, xüsusi mülkiyyətində olan 1 saylı mənzildə ailə üzvləri ilə birlikdə yaşayır. Mənzilə quraşdırılmış qaz sayğacına aid qaz kartına pul yükləmiş və sayğaca köçürmək istəyərkən sayğaca pulun yüklənmədiyini görmüşdür. Bununla bağlı olaraq, “Azərqaz” İstehsalat Birliyinə ərizə ilə müracət etmişdir. Cavabında sayğaca tərəfindən müdaxilə olunduğu uçun cərimə hesablandığı bildirilmişdir. Tərəfindən heç bir müdaxilə olunmayıb. Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında, 30.10.2019-cu il tarixli, ******* saylı akt tərtib edilərək mexaniki tipli G-4 markalı sayğac yenisi ilə əvəz edilərək dövlət yoxlamasına göndərilmişdir. Prosedura uyğun olaraq, yeni sayğacı montaj etdikdən sonra, köhnə sayğacı özləri ilə aparmışdırlar. Daha sonra iştirakı olmadan qazdan istifadə qaydalarının pozulması haqqında 25.12.2019-cu il tarixli, ******* saylı akt tərtib edilmiş, aktı guya imzlamaqdan imtina etdiyi göstərilmişdir. Halbuki sözügedən akt tərtib edilərkən iştirakı təmin edilməmişdir. Həmin aktda hesablama mexaniziminin qapağı yan tərəfdən əzik, qulaqcıqda əzik və cızıq işlərinin olduğu qeyd olunmuşdur. 25.12.2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsinə əsasən ******* saylı akt əsas götrülməklə itirilmiş qazın həcmi 2160m3 hesablanmışdır. Həmin quruma müraciət etdikdə, sayğaca müdaxilə edildiyinə görə 216 manat borc hesablandığı bildirilmişdir. 31.05.2021-ci il tarixli saldodan görünür ki. 2019-cu il üçün qalıq və aktlar üzrə 216 manat məbləğində borcun hesablandığı öz təsdiqini tapır. Cavabdeh “Azəriqaz” İB-nin nümayəndəsi X2 iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, iddia ərizəsi tamamilə əsassızdır və rədd edilməlidir. Belə ki, “Azəriqaz” İBnin əməkdaşları tərəfindən istehlakçıya məxsus yaşayış sahəsində təbii qazın uçotu və TQİQ-na riayət oluması yoxlanıldıqda, “sayğacın hesablama mexanizminin qapağı yan tərəfindən əzilib və daxili qulaqcıqlarından əzik cızıq izləri” aşkar olunmuşdır. Bu məqsədlə də sayğac çıxarılaraq, yoxlanılması üçün Sənaye və məişət qaz sayğaclarını kalibrləmə labaratoriyasına göndərilmişdir. Həmin labaratoriyada G-4 markalı, **********6 nömrəli sayğac yoxlanılaraq, yuxarıda qeyd olunun nöqsanlar bir daha öz təsdiqini tapmışdır. Bütün bunlara əsasən itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunmasına dair 25.12.2019-cu il tarixli tələbnamə müvafiq komissiya tərəfindən təsdiq edilərək qəbul edilmişdir. Qaz sayğacına müdaxilə etməklə təbii qazın hesabatının düzgün aparılmamasına nail olunması iddiaçıdan başqa heç kimin marağında ola bilməz. Göründüyü kimi iddiaçı qanunazidd, təqsirli hərəkət etməklə, yəni sayğaca müdaxilə etməklə təbii qazın dəqiq hesabatının aparılmasını əngəlləmişdir. **********00010 abonent koduna hesablanaraq vurulmuş məbləğ sayğacın düzgün işləməməsi, sıradan çıxarılması, yəni iddiaçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Bu hal tərəflər, yəni iddiaçı və cavabdeh arasında imzalanmış müqavilədə də öz əksini tapmışdır. Odur ki, iddianın təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş təbii qazdan istifadə qaydalarının pozulması barədə 25.12.2019-cu il tarixli ******* saylı aktın surətindən görünür ki, İddiaçı məxsus olan ünvan 1 ünvanında yerləşən 1 saylı mənzildə (Abonent kodu: **********00010) sayğaca müdaxilə olunması aşkar olunaraq dəymiş ziyanın hesablanması, iddiaçının aktı imzalamaqdan imtina etdiyi qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş 25.12.2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, Sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasının Qaz sayğacının yoxlanılması barədə 29.11.2019-cu il tarixli 29/1710- 03237-2 nömrəli aktına əsasən İddiaçı məxsus olan ünvan 1 ünvanında yerləşən 1 saylı mənzildə (Abonent kodu: **********00010) quraşdırılmış G-4 markalı ******* nömrəli sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik cızıq izləri var. Mövcud sayğacın qaz təsərrüfatının layihə-smeta və texniki icra sənədlərinin tələbinə uyğun yeni sayğacla əvəz edilməsi, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyan hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlər icra olunması, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3 bəndinə uyğun olaraq bağlanılmış qazın alqı-satqısı barədə müqavilənin 2.2.6-ci bəndinin (istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini istehlakçıdan tələb etmək) tələblərinə əsasən, qaz sayğacının nominal qaz sərfi 4 m3, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq cəmi 2160 m3 itirilmiş qazın bərpa edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş **********00010 nömrəli abonentin saldosundan İddiaçı 216 manat məbləğində borcunun olması görünür. Məhkəmə göstərilənlərə əsasən qeyd edir ki, hesablanmış borcun qanuni əsaslarla yazılmasına dair cavabdeh tərəfindən məhkəməyə hər hansı bir mötəbər yazılı sübut təqdim edilməmiş, həmçinin abunə hesabında borcun yazılmasına əsas olan sənəd göstərilməmişdir. Odur ki, iddiaçının abonent hesabına 216 manat borcun yazılması əsassız və qanunsuz olmuşdur. Belə ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində AİBNDA-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Habelə, həmin Qaydaların 4.7-ci maddəsinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmçinin, Azərbaycan Respublikası MPM-in 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Məhkəmə qeyd edir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində istehlakçı kimi iddiaçının hüquqları pozulmuşdur, qanunun tələbinə görə istehlakçı kimi iddiaçıdan istifadə etmədiyi təbii qaza görə haqq tələb edilə bilməz. İstifadə etmədiyi təbii qaza görə cavabdehin qanunsuz hesabladığı borc məbləği istehlakçı kimi iddiaçının abunə kodundan silinməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8ci hissəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Habelə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.05.1999-cu il tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən əgər istehlakçı ilə qazın verilməsi haqqında bağlanmış müqavilədə fasilə nəzərdə tutulmayıbsa, qazın verilməsi fasiləsiz həyata keçirilir. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Nəhayət, məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməklə, cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən İddiaçı məxsus olan ünvan 1 ünvanında yerləşən 1 saylı mənzilə (Abonent kodu: **********00010) hesablanmış 216 manat borc silinməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı məxsus olan ünvan 1 ünvanında yerləşən 1 saylı mənzilə (Abonent kodu: **********00010) cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən 25.12.2019-cu il tarixli ******* saylı akta əsasən hesablanmış 216 (iki yüz on altı) manat borc silinsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar