Məhkəmə qərarları › İş №2(004)-4435/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4435/2022

20.10.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4435/2022 20.10.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyinin, X3 oğlunun katibliyi İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Bakı şəhəri, Yasamal rayonu, D. Bünyadzadə küçəsi dalan 1, ev 6 “C” saylı evin əlavə giriş qapısı kimi tikilmiş qapının sökülməsi və həmin hissənin daşla hörülməsi, Cavabdeh ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin giriş qapısının qarşısında tikinti işlərinin aparılmasının qadağan edilməsi, cavabdehlə onun evinin arasında olan hasarın üzərinə quraşdırılmış kameranın cavabdeh tərəfindən sökülməsinə və onun tərəfindən iddiaçının yaşadığı fərdi yaşayış evinin girişini, həyətini və içini çəkən kameranın quraşdırılmasının ona qadağan edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi iddiaçıya məxsusdur və uzun müddətdir ki, həmin evdə yaşayır. İddiaçı və ailə üzvləri həmin fərdi yaşayış evində yaşadığı müddətdə cavabdehlə qonşu olmuş və aralarında heç bir narazılıq olmamışdır. Lakin cavabdeh özünə məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin giriş-çıxış qapısı olmağına baxmayaraq, iddiaçının yaşadığı evin giriş-çıxış qapısının çıxacağında öz evinə gedib-gəlmək üçün əlavə qapı tikməyə başladı. Onun bu hərəkətindən sonra iddiaçı bir neçə dəfə ona öz etirazını bildirsə də, o, tikinti işlərini davam etdirdi. İddiaçının ona etiraz etməyinin səbəbi o idi ki, onun tikdiyi əlavə giriş-çıxış qapısı iddiaçının yaşadığı evə gediş-gəlişi çətinləşdirəcək, hətta demək olar ki, mümkünsüz edəcəkdir. Amma iddiaçının haqlı etirazına baxmayaraq, cavabdeh həmin ərazidə tikinti işləri apardı və öz evinə gedib-gəlmək üçün əlavə qapı qoydu, hətta həmin qapıdan istifadə etmək üçün orada pilləkən də inşa etdi. Bundan sonra demək olar ki, iddiaçınn öz evindən istədiyi kimi istifadə etmək imkanları tükəndi. Yəni onun həmin ərazidə tikinti işləri aparmasından sonra iddiaçının yaşadığı evin həyətinə avtomobil daxil ola bilmir. Cavabdeh ona və iddiaçıya məxsus fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin sərhədlərini müəyyən edən hasarın üzərində kamera quraşdırıb və həmin kamera birbaşa iddiaçının həyətini və evinin içini çəkir. Bu isə iddiaçının öz evində sərbəst hərəkət etmək imkanlarını məhdudlaşdırır. Demək olar ki, cavabdehin hasara quraşdırdığı kamera 24 saat müddətində iddiaçının, evinə gələn qohumların, dostların və tanışların bütün hərəkətlərini müşahidə etməklə qeydə alır. Bu isə iddiaçının və evinə gələn şəxslərin şəxsi toxunulmazlıq hüququnu pozur. Cavabdehin qeyd olunan qanunsuz hərəkətləri nəticəsində iddiaçı 40 ildən çoxdur ki, yaşadığı fərdi yaşayış evindən sərbəst surətdə istifadə edə bilmir. Cavabdehin tikdiyi qanunsuz tikili nəticəsində iddiaçının evinə avtomobilin giriş-çıxışında maneələr yaranıb. Həmçinin quraşdırdığı kameraya görə iddiaçı evindən sərbəst istifadə edə bilmir. Daha sonra cavabeh Cavabdeh İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsinə etiraz təqdim edərək iddia tələbinin rədd olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil2 izahatında qeyd etmişdir ki, iddialarını müdafiə edirlər. Cavabdeh tərəf iddiaçıya məxsus olan evin giriş-çıxış hissəsində tikinti işləri aparıb, pilləkənlər tikib. Həmin pilləkənlərin tikilməsi iddiaçının evinə giriş-çıxış imkanlarını məhdudlaşdırır. Eyni zamanda, cavabdeh iddiaçıya məxsus olan evin yerləşdiyi torpaq sahəsinin sərhədlərini müəyyən edən hasarın üzərində kamera quraşdırıb. Həmin kameradan birbaşa olaraq hüquqlarını təmsil etdiyi şəxsin həyəti görünür. Həmin kamera da elə bir qurğudur ki, qarşısına canlı çıxan zaman reaksiya verir, işıqları gücləndirir və həmin canlını qeydə alır. Hətta evin əsas giriş qapısı açılan zaman kamera evin içərisini də müəyyən qədər qeydə alır. Bu da o deməkdir ki, xanımın şəxsi toxunulmazlıq hüququ cavabdeh tərəfindən pozulmuşdur. Quraşdırılmış kamera ilə bağlı iddiaçı dəfələrlə cavabdeh tərəfə öz etirazını bildirmişdir. Qeyd etmişdir ki, həmin kameranı çıxartsın, çünki bu həm iddiaçının, həm də onun evinə gələn şəxslərin şəxsi toxunulmazlıq hüququnu pozur. Lakin bütün bunlara baxmayaraq, cavabdeh kameranı sökməmişdir. Hal-hazırda da baxış keçirilərsə, kameranın həmin yerdə yerləşdirildiyi görünə bilər. Lakin ola bilsin ki, iddia ərizəsi veriləndən sonra kameranın istiqaməti dəyişdirilsin. Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsi, ev 4 şəxsən iddiaçıya məxsusdur. Onların həmin evə dair çıxarışları yoxdur. Lakin hüquqlarını təmsil etdiyi şəxs 1992-ci ildən həmin ünvanda yaşayır, buna dair də arayış təqdim etmişlər. Bakı şəhəri Yasamal rayonu, D.Bünyadzadə küçəsi, dalan 1, ev 6 “C” saylı ev cavabdehin adınadır. Onlar Cavabdeh evinə əlavə giriş qapısı kimi tikilmiş qapının sökülməsini və həmin hissənin daşla hörülməsini istəyirlər. Həmin yerə baxış keçirilərsə də aydın olar ki, cavabdehin qapını tikməsi və pilləkən qoyması iddiaçının evinə giriş-çıxış imkanlarını məhdudlaşdırır. Təcili tibbi yardım və digər maşınların həyətə girmə imkanları məhduddur. Onlar həm darvazanın, həm də pilləkənin sökülməsini istəyirlər. Cavabdehin başqa tərəfdən də evinə girişi var. Darvazanın sökülməsini istəməklərinin səbəbi budur ki, əgər darvaza sökülməzsə, gələcəkdə yenidən xanımın hüquqları pozulmağa davam edəcək. Cavabdehin əlavə olaraq tikdiyi giriş qapısı və pilləkən xanımın evinə olan giriş-çıxış imkanlarını məhdudlaşdırır. Digər bir tərəfdən qarşı tərəf özü də qeyd etdi ki, kameralar iddiaçının həyəti tərəfə olub. Əgər kameralardan xanımın cavabdehin həyətinə partlayıcı maddə atması görünürsə, deməli kameralar xanımın həyətini çəkirdi. Məqsədli şəkildə kamera xanımın həyətinə istiqamətlənmişdi. Kiminsə məhkəmənin qərarı olmadan güdülməsi, videosunun çəkilməsi, səs yazısının aparılması qanunsuz hərəkətlərdir. Əgər videolar məhkəməyə təqdim olunubsa, bu artıq iddiaçının hüquqlarının pozulması deməkdir. Şəxs artıq dolayısı ilə etiraf etdi ki, kamera xanımın pilləkənə çıxaraq cavabdehin həyətinə partlayıcı maddə atmasını çəkmişdir, yəni kamera xanımın həyətini çəkirdi. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil1 izahatında qeyd etmişdir ki, iddia tələbləri tamamilə əsassızdır. İddiaçı məlum olduğu kimi 3 tələb irəli sürür. Tikilələrin sökülməsi, tikiliyə qadağa qoyulması və kameranı sökülməsi. Bundan əvvəl iddiaçının oğlu cavabdehə məxsus olan pilləkəni sökmüşdü və bununla da bağlı, iddiaçının oğlu ilə cavabdeh arasında məhkəmə mübahisələri olmuşdur. İddiaçının oğlunun hesabına pilləkənin bərpa edilməsi ilə də bağlı qüvvədə olan məhkəmə qərarı var. Buna görə də, iddiaçının pilləkənin tikilməsini qanunsuz hesab etməsi əsassızdır. Bu tələblə bağlı heç iddiaçının subyektiv hüquqları da mövcud deyil, çünki evin ona məxsus olması ilə bağlı rəsmi sənədi yoxdur. Pilləkən əvvəlki ölçüdə bərpa olunmuşdur. Əvvəlki ölçüdə də maşın sərbəst şəkildə girib çıxa bilirdi. Sadəcə olaraq iddiaçı tərəf maşını Şamil müəllimin qapısının ağzında saxlayır və cavabdehin evinə giriş-çıxış məhdudlaşır. Qeyd etdiyi məhkəmə qərarı ilə bütün bu məsələlərə qiymət verilmişdir. Məhkəmə tərəfindən müəyyən olmuşdu ki, Cavabdeh digər bir tərəfdən evə giriş-çıxışı yoxdur. 1970-80-ci illərdə çəkilmiş şəkildən görünür ki, iddiaçının qapısı balaca olub. Lakin sonradan qapı böyüdülüb. Qarşı tərəf iddia edir ki, cavabdehin başqa giriş-çıxış qapısı var, lakin evə baxış zamanı da müəyyən edilmişdir ki, başqa giriş-çıxış qapısı yoxdur. Qüvvədə olan məhkəmə qərarı ilə bu məsələyə hüquqi qiymət verildiyi üçün hesab edir ki, artıq pilləkən və qapı məhkəmə predmeti ola bilməz. Məhkəmə qərarı ilə pilləkənin həmin ərazidə bərpa olunması göstərilir. Ona görə də, tikinti işləri aparılmasının qadağan edilməsi tələbi də əsassızdır. Quraşdırılmış kamera Cavabdeh həyətini çəkir. Sadəcə olaraq qarşı tərəf gecə saatlarında partlayıcı maddəni Cavabdeh həyətinə atırdı. Cavabdeh bununla bağlı polisə müraciət etmişdi və polis bildirmişdi ki, siz bununla bağlı sübut təqdim etməlisiniz. Həmin videodan açıq-aşkar görünür ki, xanım nəvəsi ilə birlikdə partlayıcı maddəni yandıraraq cavabdehin həyətinə atırlar. Bununla bağlı, xanım İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb olunaraq inzibati cərimə edilmişdir. Həmin faktın qeydə alınması məqsədilə kamera bir müddət iddiaçının həyətinə tərəf istiqamətlənmişdi, lakin artıq kamera Cavabdeh həyətini çəkir. Bu səbəbdən hesab edirlər ki, bu iddia tələbi də əsassızdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan 0905787nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən müəyyən olunur ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh xüsusi mülkiyyətindədir. İş materiallarında olan Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən təqdim olunmuş xx.xx.2022-ci tarixli, 788 nömrəli arayışa əsasən müəyyən olunur ki, İddiaçı D.Bünyadzadə küçəsi, 4 saylı evdə xx.xx.1990-cı ildən bu günə qədər qeydiyyatdadır və yaşayır. İş materiallarında olan Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsini 29-cu Polis Şöbəsi tərəfindən cavabdehin nümayəndəsi və vəkili Vəkil1 ünvanlanmış xx.xx.2022-ci il tarixli, 09515193 saylı məktubdan məlum olur ki, Yasamal rayonu, D. Bünyadzadə küçəsi dalan 1, ev 6 C ünvanında qeydiyyatda olan və yaşayan Cavabdeh xx.xx.2022-ci il tarixli ərizəsinin nəticəsi barədə müraciətə cavab olaraq bildirilir ki, qonşusu D.Bünyadzadə 4 ünvanında qeydiyyatda olan və yaşayan İddiaçı barəsində ictimai qaydaları pozduğuna görə Azərbaycan Respunblikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb olunaraq inzibati cərimə edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1549/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən ilkin iddia üzrə iddiaçı Cavabdeh X2 qarşı “qanunsuz olaraq sökülmüş tikilinin bərpası, vurulmuş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbinə” dair iddia tələbinin qismən təmin edilməsi, Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsi, dalan 1 ünvanındakı 6 C saylı evin giriş qapısının qarşısındakı eni 1 metr, hündürlüyü 50 (25x25 olmaqla) uzunluğu isə 1.4 metr olan iki pilləli pilləkənin cavabdeh X1 vəsaiti hesabına kubik daşından hörülməklə bərpa edilməsi, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia üzrə iddiaçı X1 Cavabdeh qarşı “qanunsuz tikinti işlərinin qadağan edilməsi və qanunsuz tikilinin sökülməsi tələbinə”dair iddia tələbinin təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4029/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən cavabdeh X1 apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1549/2021 saylı 03 mart 2021-ci il tarixli qətnaməsinin ilkin iddia tələbinin təmin edilmiş hissəsində dəyişdirilməsi, iddiaçı Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsi, dalan 1 ünvanındakı 6C saylı yaşayış evinin giriş qapısının qarşısında sökülmüş iki pilləli pilləkən bərpa edilməsi, iki pilləli pilləkənın ölçüləri yerdən 40 sm hündürlükdə olmaqla, birinci pilləkənın uzunluğu 60 sm, hündürlüyü 20 sm, eni 80 sm, ikinci pilləkənın uzunluğu 40 sm, hündürlüyü 20 sm və eni 50 sm müəyyən edilməsi, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 2(102)-2189/2022 saylı Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Qərarına əsasən iddiaçı Cavabdeh kassasiya şikayətinin təmin edilməsi, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 dekabr 2021-ci il tarixli, 2(103)-4029/2021 saylı qətnaməsi qismən – ilk iddianın təmin olunan hissəsində ləğv edilməsi, həmin hissədə yeni qərarın qəbul edilməklə, ilk iddianın təmin edilməsi, iddiaçı Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsi, 1-ci dalanda yerləşən, 6 “C” saylı yaşayış evinin giriş qapısnın qarşısında sökülmüş iki pilləli pilləkənin cavabdeh X1 vəsaiti hesabına kubik daşından hörülməklə bərpa edilməsi, iki pilləli pilləkənlərin ölçüləri eni 1 metr, hündürlüyü 50 sm, uzunluğu 1,4 metr olmaqla müəyyən edilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, ******* nömrəli Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin protokoluna əsasən müəyyən olunur ki, İddiaçı tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, ******* nömrəli Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin qərarına əsasən müəyyən olunur ki, İddiaçı tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində əsasən İnzibati cərimə-İnzibati tənbeh haqqında qərar verilmiş, 50 manat cərimə məbləği müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinə əsasən İ. Hər kəsin şəxsi toxunulmazlıq hüququ vardır. İİ. Hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. Qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır. İİİ. Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh İddiaçı yaşadığı fərdi yaşayış evinin girişini, həyətini və içini çəkən kameranın quraşdırılmasının qadağan edilməsi hissəsində qanuni və əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinin 3-cü bəndindən də görünür ki, öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz. Yuxarıda göstərilən işin bu cür halında isə İddiaçı yaşadığı fərdi yaşayış evini çəkən kameranın quraşdırılması əsaslı və qanuni hesab edilə bilməz. Belə ki, Cavabdeh yalnızca öz mənzilinə aid olan hissədə kameranı quraşdırmaqda haqlıdır. Belə olduğu halda məhkəmə hesab edir ki, iddia tələbi iddiaçı ilə cavabdehin evinin arasında olan hasarın üzərinə quraşdırılmış kameranın cavabdeh tərəfindən sökülməsi hissəsində təmin edilməməli, çünki iş materialları ilə müəyyən edilir ki, hazırda həmin kamera Cavabdeh məxsus evin həyətini çəkir. Bunda baxmayaraq cavabdeh tərəfindən iddiaçının yaşadığı fərdi yaşayış evinin girişini, həyətini və içini çəkən kameranın quraşdırılmasının ona qadağan edilməlidir. Bundan əlavə iddia tələbinin Cavabdeh tərəfindən Bakı şəhəri, Yasamal rayonu, D. Bünyadzadə küçəsi dalan 1, ev 6 “C” saylı evin əlavə giriş qapısı kimi tikilmiş qapının sökülməsi və həmin hissənin daşla hörülməsi, Cavabdeh ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin giriş qapısının qarşısında tikinti işlərinin aparılmasının qadağan edilməsi hissəsində isə əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, mövcud tələblərlə bağlı məhkəmənin artıq qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur və bu tələblərlə bağlı mübahisə həmin qətnamə ilə öz həllini tapmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 2(102)-2189/2022 saylı Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının qərarından görünür ki, iddiaçı Cavabdeh kassasiya şikayətinin təmin edilməsi, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 dekabr 2021-ci il tarixli, 2(103)-4029/2021 saylı qətnaməsi qismən – ilk iddianın təmin olunan hissəsində ləğv edilməsi, həmin hissədə yeni qərarın qəbul edilməklə, ilk iddianın təmin edilməsi, iddiaçı Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsi, 1-ci dalanda yerləşən, 6 “C” saylı yaşayış evinin giriş qapısnın qarşısında sökülmüş iki pilləli pilləkənin cavabdeh X1 vəsaiti hesabına kubik daşından hörülməklə bərpa edilməsi, iki pilləli pilləkənlərin ölçüləri eni 1 metr, hündürlüyü 50 sm, uzunluğu 1,4 metr olmaqla müəyyən edilməsi qərara alınmışdır. Həmçinin yuxarıda göstərilən qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edilmişdir ki, “iddiaçıya (Cavabdeh) məxsus evin həyətinin başqa tərəfdən giriş qapısı mövcud deyil. Baxış zamanı ekspert tərəfindən verilmiş izahatdan görünür ki, həmin iki pilləli pilləkən 40 sm hündürlükdə olmaqla birinci pilləkənın uzunluğu 60 sm, hündürlüyü 20 sm, eni 80 sm, ikinci pilləkənın uzunluğu 40 sm, hündürlüyü 20 sm olmaqla, eni 50 sm olduğu təqdirdə pilləkən tikildikdə, cavabdehin evinə (D.Bünyadzadə küçəsi, 4 saylı ev ) giriş-çıxışına hər-hansı məhdudiyyət yaratmayacaq, iddiaçı isə öz mülkiyyətində olan evdən sərbəst şəkildə istifadə edəcək. Cavabdehin (hazırki iş üzrə iddiaçının oğlu) qanunsuz hərəkətləri iddiaçının qanunla qoyunan mülkiyyət hüququnu pozur. Belə ki, həm layihə-smeta, həm də yerli baxış zamanı iddiaçının (Cavabdeh) yaşayış evinin qarşısında pilləkənın quraşdırılmasının qanuni olması sübuta yetirilir. İki pilləli pilləkənin tikilməsi cavabdehin öz evindən giriş-çıxışını mümkünsüz etmir. Cavabdehin iddiaçıya məxsus yaşayış evinin qarşısında olan iki pilləli pilləkəni sökməsi iddiaçının mülkiyyət hüququnu pozur və yaşayış evindən istifadə hüququnu məhdudlaşdırır. İddiaçının mülkiyyətində olan yaşayış evinin yalnız 1 giriş qapısı vardır. Həmin qapı isə fərdi yaşayış evinin Texniki Pasportunda öz əksini tapıb... İşə əlavə edilmiş çoxsaylı sübutlardan, o cümlədən fotoşəkillərdən görünür ki, uzun müddət tərəflərin mübahisələndirdiyi yerdə qapı və pilləkən mövcud olub və cavabdehə məxsus evin giriş qapısının ölçüsü isə sonradan daha da genişləndirilib.” Odur ki, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı yaşadığı fərdi yaşayış evinin girişini, həyətini və içini çəkən kameranın quraşdırılması qadağan edilməli, qalan hissədə isə iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan əlavə Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh İddiaçı yaşadığı fərdi yaşayış evinin girişini, həyətini və içini çəkən kameranın quraşdırılması qadağan edilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar