Məhkəmə qərarları › İş №2(004)-448/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-448/2022

11.01.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-448/2022 11.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Paşalı Raziyə İqbal qızının katibliyi, iddiaçı - İddiaçı, cavabdeh - Cavabdeh ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “istifadə edilməyən su sərfiyyatına və çirkab suların tullantısına görə qanunsuz hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində, Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh ASC-yə qarşı “istifadə edilməyən su sərfiyyatına və çirkab suların tullantısına görə qanunsuz hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona su sərfiyyatına və çirkab suların tullantısına görə Cavabdeh ASC tərəfindən hesablanmış 306,32 (üç yüz altı manat otuz iki qəpik) manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci mədən, korpus 93 ünvanında yerləşən fərdi evində həmin ev tikildiyi vaxtdan 2021-ci ilin sentyabr ayınadək su olmamış və suya olan tələbatlarını öz vəsaitləri hesabına ödənişli olaraq su maşınları vasitəsi ilə təmin etmişlər. 2021-ci ilin sentyabr ayında ona məxsus fərdi yaşayış evinə Cavabdeh ASC tərəfindən yeni su xətti çəkilmiş və müvafiq olaraq su sayğacı quraşdırılmışdır. Bundan sonra 29 sentyabr 2021-ci il tarixdə Cavabdeh ASC Binəqədi rayon Sukanal İdarəsinin əməkdaşı tərəfindən ona 306,32 manat borcunun olması barədə faktura təqdim edilmişdir. Halbuki ona məxsus evdə heç vaxt su olmadığı halda 306,32 manat borcun yaranması əsası məlum deyildir. Belə ki, əgər borc mövcud olmuşdursa, hansı səbəbdən Cavabdeh ASC ondan bu borcun ödənilməsini həmin vaxtadək tələb etməmişdir. Göründüyü kimi, həmin borc qanunsuz və əsassız olaraq hesablanmışdır. 06 oktyabr 2021-ci il tarixdə o, həmin qanunsuz və əsassız olaraq hesablanmış borcun silinməsi ilə bağlı Cavabdeh ASC müraciət etməsinə baxmayaraq, 27.10.2021-ci il tarixli 01/4/01-7/6/17387 nömrəli məktubla borcun silinməsindən imtina edilmişdir. Buna görə də o, mülki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, tələbinin təmin edilməsini xahiş etdi. O, əlavə olaraq izahatında bildirmişdir ki, yaşadığı evə köhnə sayğac quraşdırılmasına baxmayaraq ümumiyyətlə 2015-ci ildən mənzil su ilə təchiz olunmamış, buna görə də uzun illər ərzində Cavabdeh ASC-nin işçiləri zərurət olmadığından mənzilə yaxınlaşaraq sayğacın göstəriciləri barədə məlumatları ondan soruşmamışlar. Yalnız 2021-ci il sentyabr ayında sayğac quraşdırıldıqdan sonra ona 306,32 manat borcunun olmasına dair hesab faktura təqdim edilmişdir. O, qeyd olunan borc əsassız olduğundan etiraz etmiş, lakin mənzilə fasiləsiz su verilməsinin dayandırılmaması üçün məcburiyyət qarşısında qalaraq 50 manat ödəniş həyata keçirmişdir. Daha sonra isə Cavabdeh ASC-yə rəsmi qaydada müraciət edərək ona əsassız hesablanmış borcun silinməsini tələb etmiş, buna baxmayaraq cəmiyyət tərəfindən onun müraciəti rədd edilmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh ASC-nin nümayəndəsi X2 iddia tələbinə etiraz edərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. X2 məhkəməyə Binəqədi qəsəbəsi 2-ci Mədən korpus 93 ünvanında yaşayan abunəçi İddiaçı borcuna dair saldo vərəqəsi və 19.08.2021-ci il tarixli “18 Mexaniki su sayğacının təmiri və ya dəyişdirilməsinə dair” aktı təqdim etmişdir. Verilmiş suallar əsasında o həmçinin, Cavabdeh ASC-nin qeyd olunan ünvana təhkim olunmuş nəzarətçisi tərəfindən hansı səbəbdən 2015-ci ildən 29.09.2021-ci il tarixədək olan müddət ərzində vaxtaşırı olaraq aylar üzrə ünvana quraşdırılmış sayğacın göstəricilərinin qeyd edilməməsini və borc məbləği barədə abonentin xəbərdar edilməməsini əsaslandıra bilməmişdir. Məhkəmə iddiaçınının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını hərtərəfli tədqiq edərək, sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Cavabdeh ASC Binəqədi rayon Sukanal İdarəsi tərəfindən verilmiş **********02 nömrəli 29.09.2021-ci il tarixli hesab fakturadan görünür ki, Binəqədi qəsəbəsi 2-ci Mədən korpus 93 ünvanında yaşayan abunəçi İddiaçı 16 m3 həcmdə su sərfiyyatına 306,32 manat borc hesablanmışdır. Həmçinin faktura üzərindəki məlumatlardan müəyyən edilir ki, 21108461 nömrəli su sayğacının əvvəlki göstəricisi 15.11.2015-ci il tarixdə, son göstərcisi isə 29.09.2021-ci il tarixdə qeydə alınmışdır. Son ödəniş isə 02.12.2015-ci il tarixdə 20 (iyirmi) manat məbləğində həyata keçirilmişdir. İş materiallarında olan Cavabdeh ASC-nin İddiaçı ünvanlanmış məktubundan müəyyən edilir ki, onun Cavabdeh ASC-yə ünvanlanmış 06.10.2021-ci il tarixli Q-12926 nömrəli müraciətinə baxılmışdır. Qeyd olunan məktubda bildirilmişdir ki, sözügedən ünvanın su təchizatı xidmətindən istifadəyə görə hesabatın aparılması üçün 01.06.2008-ci il tarixdə müqavilə bağlanaraq **********02 nömrəli abonent kodu açılmışdır. Mənzilin su təchizatı xidmətindən istifadəyə görə hesabatı su xətti üzərinə quraşdırılmış 52286 nömrəli mexaniki tipli sayğacın göstəricisinə əsasən aparılmışdır. Qeyd olunan sayğac 19.08.2021-ci il tarixdə istismara yararsız olduğundan sökülmüş və su xətti üzərinə 21108461 nömrəli mexaniki tipli yeni sayğac quraşdırılmışdır. Hazırda sayğac göstəricisi 16 m3 olmaqla su təchizatı xidmətindən istifadəyə görə abonentin hesabında yaranmış borc 306,32 manat təşkil edir. Qeyd olunan borc yeni sayğac quraşdırılarkən orta aylıq sərfiyyata (borcun müəyyən hissəsi istifadə edilən su sərfiyyatına uyğun olaraq əvvəlki tariflə, qalan hissəsi isə yeni tariflə nəzərə alınmışdır) və sayğac göstəricisinə əsasən hesablanmış məbləğin ödənilməmiş hissəsidir. İş materiallarında olan 19.08.2021-ci il tarixli “18 Mexaniki su sayğacının təmiri və ya dəyişdirilməsinə dair” aktdan müəyyən edilir ki, 19.08.2021-ci il tarixdə su xətti üzərinə 21108461 nömrəli mexaniki tipli yeni sayğac quraşdırılmışdır. İstismara yararsız olan və sökülmüş 52286 nömrəli mexaniki tipli sayğacın göstəricisi isə 132 olaraq qeyd edilmişdir. İş materiallarında olan abonent kartından (saldo) müəyyən edilir ki, 52286 nömrəli mexaniki tipli sayğac üzrə göstəricilər 2015-ci il üzrə 28.02.2015, 13.09.2015 və 15.12.2015-ci il tarixlərdə qeydə alınmış, sonrakı illər üzrə isə hər hansı qeydiyyat aparılmamışdır. Yalnız 29.09.2021-ci il tarixdən yeni sayğac quraşdırıldıqdan sonra 3 aylıq dövr üzrə su təchizatı xidmətindən istifadəyə görə məlumatlar qeydə alınmışdır. Abonent kartından həmçinin görünür ki, iddiaçıya 29.09.2021-ci il tarixdə 306 manat borc hesablanmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci mədən, korpus 93 ünvanında yerləşən fərdi ev İddiaçı istifadəsindədir. Sözügedən mənzildə 2008-ci ildə 52286 nömrəli mexaniki tipli sayğac quraşdırılmış, həmin vaxtdan mənzilə su təchizatı xidməti göstərilmədiyinə görə sayğac üzrə borca dair cavabdeh tərəfindən müvafiq qeydiyyat aparılmamışdıt. Daha sonra mənzilə 29.09.2021-ci il tarixdə yeni sayğac quraşdırılmış və eyni vaxtda abonent İddiaçı mənbəyi məlum olmayan və əsaslandırılmamış 306,32 manat borcun olmasına dair hesab faktura təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh ASC-nin nümayəndəsi X2 isə qeyd olunan borcun mənbəyi və əsaslılığına dair məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Məhkəmə iclasında həmçinin mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, iddiaçının mənzilinə 2008-ci ildə su ölçmə sayğacı quraşdırılsa da, cavabdeh təşkilat tərəfindən 29.09.2021-ci il tarixədək yeni sayğac quraşdırılanadək su sərfiyyatı və çirkab sulardan istifadəyə görə istehlakçıya aylar üzrə verdiyi suyun həcmini belə cihazın göstəricilərinə əsasən hesablamamış və hər ay istehlakçıya buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesab təqdim etməmişdir. Nəhayət məhkəmə iclasında müəyyən olunmuşdur ki, 29.09.2021-ci il tarixdə iddiaçının mənzilində quraşdırılmış 21108461 nömrəli mexaniki tipli yeni sayğac quraşdırılarkən akt tərtib edilmiş və aktda yararsız olan 52286 nömrəli mexaniki tipli sayğacın göstəricisi 132 kimi qeyd edilmişdir və su sərfiyyətinə görə iddiaçıya həmin tarixə cəmi 306,32 manat məbləğində borc hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “X3”nın 5.1.5-ci bəndinə əsasən verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək hüququ var. Həmin qərarın 6.14-cü bəndinə əsasən su ölçən cihazların göstəricilərində istehlakçının təqsiri səbəbindən uyğunsuzluq (səhv) müəyyən edildikdə və (və ya) suölçən cihazların plombu zədələndikdə, istehlakçının vəsaiti hesabına suölçən cihazların növbədənkənar dövlət yoxlaması keçirilməlidir. Həmin qərarın 6.15-ci bəndinə əsasən suölçən cihaza müdaxilə və pozuntu (suölçən cihazın göstəricilərinin xətasının SMPDK-nın müəyyən etdiyi normalardan artıq olması) halları aşkar edildikdə, STKM suölçən cihazın sonuncu dəfə göstəricilərinin qeyd edilməsindən sonrakı dövr üçün sərf edilmiş suyun həcmini aşağıdakı qaydada müəyyənləşdirir və hesablaşma aparır: pozuntu (suölçən cihazın göstəricilərinin xətasının SMPDK-nın müəyyən etdiyi normalardan artıq olması) aşkar edildikdə isə istehlakçının əvvəlki 12 (on iki) aylıq dövrdə (istehlak dövrü 12 (on iki) aydan az olduqda, faktiki istehlak dövrü üzrə) istifadə etdiyi orta istehlak normasına əsasən. Həmin qərarın 7.6-cı bəndinə verilmiş suyun və axıdılmış tullantı sularının hesabı istehlakçı tərəfindən tam ödənildikdən sonra, STKM tərəfindən hesablamada yol verilmiş səhvə görə əlavə vəsaitin ödənilməsi istehlakçıdan tələb edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. «Su təchizatı və tullantı suları haqqında» Azərbaycan Respublikası Qanununun 30cu maddəsinin 1-ci hissəsinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qanunun 31-ci maddəsinin 3-cü hissəsinə əsasən su təchizatı müəssisəsi bütün quraşdırılmış suölçən cihazların hesabatını aparmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş X3nın 6.1-ci maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi (STKM) ilə istehlakçı arasında suyun sərfinə görə hesablaşmanın aparılması üçün balans mənsubiyyəti sərhədində Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (bundan sonra - SMPDK) tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış, üzərində SMPDK-nın və STKM-in plombu olan müvafiq suölçən cihaz quraşdırılır. Həmin tələblərə cavab verməyən suölçən cihazların və digər ölçmə vasitələrinin quraşdırılması qadağandır. Qaydaların 7.1-ci maddəsinə əsasən suyun və kanalizasiya sisteminə tullantı sularının axıdılmasının pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. Həmin Qaydaların 7.2-ci maddəsinə əsasən STKM smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış istehlakçıya ötən ay ərzində verdiyi suyun həcmini belə cihazın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesab təqdim etməlidir (göndərməlidir). Su sərfi haqqında məlumatın təqdim edilməsini STKM ilə bağlanılmış müqaviləyə əsasən istehlakçının özü də həyata keçirə bilər. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən bazarda hökmran mövqe tutan istehsalçı və ya icraçı (onun nizamnamə fəaliyyətindən, yaxud istehsal imkanlarından kənara çıxdığını sübut etdiyi hallar istisna olmaqla) istehlakçı ilə işlərin icra edilməsi və xidmət göstərilməsi üçün qeyri-bərabər şərt təklif etmədən müqavilə bağlamağa borcludur. Bu halda o, öz istehsalat, yaxud digər təsərrüfat fəaliyyətini elə təşkil etməlidir ki, əhalinin ehtiyacları lazımi səviyyədə və fasiləsiz təmin edilsin. İcraçının əsassız olaraq, müqavilə bağlamaqdan imtina etməsi nəticəsində o, işlərin yerinə yetirilməsindən və xidmətlərin göstərilməməsindən istehlakçıya dəyən ziyanın əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Qeyd olunan Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikası MM-in 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Sadalanan hüquq normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “X3”nın tələblərinə zidd olaraq əsassızdır və sözügedən mənzildə 29.09.2021-ci ilədək su xətti olmamış və həmin dövrə qədər hesablanmış borca görə iddiaçının məsuliyyət daşıması yolverilməzdir. Belə ki, iddiaçı istifadə etmədiyi suyun dəyərini ödəməyə borclu deyildir. Ona görə də 306,32 manat borc da silinməlidir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, ünvan 3 ünvanında yaşayan abunəçi İddiaçı (abonent kodu - **********002) su sərfiyyatına və çirkab suların tullantısına görə Cavabdeh ASC tərəfindən hesablanmış 306,32 (üç yüz altı manat otuz iki qəpik) manat borc məbləği silinməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia tələbi təmin edilsin. ünvan 3 ünvanında yaşayan abunəçi İddiaçı (abonent kodu - **********002) su sərfiyyatına və çirkab suların tullantısına görə Cavabdeh ASC tərəfindən hesablanmış 306,32 (üç yüz altı manat otuz iki qəpik) manat borc məbləği silinsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar