Məhkəmə qərarları › İş №2(004)-449/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-449/2022

17.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-449/2022 17.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı lizinq müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı lizinq müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə bağlanmış 21 aprel 2021-ci il tarixli MAS-3613 saylı “Daxili lizinq” müqaviləsinə əsasən Cavabdeh istifadəsinə 2021-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFME321461 ban nömrəli, qara rəngli avtomobil 16700 manat məbləğinə ‘Azərmaş” MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə əsasən Cavabdeh illik 23 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 426.28 manat, ümumilikdə isə 23862 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 23862 manatın 16700 manatı əsas məbləğ təşkil edir. İddiaçı MMC-nin mülkiyyətində olan Cavabdeh müvəqqəti istifadəsinə verilmiş “Khazar SD” minik markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobil 30 iyul 2021-ci il tarixdə lizinq şirkətinin Bakı şəhərində yerləşən müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 1735 manat məbləğində ziyan dəymişdir. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş 28 may 2021-ci il tarixdə 430 manat məbləğində olmuşdur. Eyni zamanda Cavabdeh 21 aprel 2021-ci il tarixli MAS-3613 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 30 iyul 2021-ci il tarixə 352.63 manat gecikdirilmiş əsas, 499.79 manat gecikdirilmiş mükafat, 326.30 manat dəbbə pulu, ümumilikdə 1178.72 manat gecikmə borcu yaranmışdır. Göstərilənləri nəzərə alaraq hesab edirlər ki, iddia qanuni və əsaslı olduğundan təmin edilməlidir. “Daxili lizinq” müqaviləsinin şərtlərinə cavabdeh tərəfindən lazımı qaydada icra edilməməsinə görə onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Göstərilənlərə əsasən İddiaçı MMC ilə bağlanmış 21 aprel 2021 -ci il tarixli MAS-3613 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi; Cavabdeh 21 aprel 2021 -ci il tarixli MAS-3613 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 30 iyul 2021-ci il tarixə 352.63 manat gecikdirilmiş əsas, 499.79 manat gecikdirilmiş mükafat, 326.30 manat dəbbə pulu, 1735 manat dəymiş zərər, ümumilikdə 2913.72 manat borc və ödənilmiş 49.54 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi X8 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, İddiaçı MMC ilə cavabdeh arasında bağlanmış 21 aprel 2021-ci il tarixli MAS-3613 saylı “Daxili lizinq” müqaviləsinə əsasən Cavabdeh istifadəsinə “Khazar SD” minik markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobil sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Cavabdeh avtomobili əldə etdikdən sonra cəmi bir ay 430 manat, 28.05.2021-ci il tarixdə ödəniş etmişdir. 25.06.2021-ci il tarixdə etibarnamə olmadan X2 idarə edərək qəza törətmişdir. Onlar tərəfindən sonuncuya hər hansı etibarnamə verilməmişdir. Avtomobil 30.07.2021-ci il tarixdə cavabdehdən təhvil alınmışdır. Avtomobil duracağa yerləşdirilmiş və bu barədə təhvil-təslim aktı imzalanamış, protokollaşdırılmışdır. Atomobilin kasko sığorta olmamışdır və ümumilikdə dəymiş ziyan 1735 manat təşkil etmişdir. Onlar sözü gedən nəqliyyat vasitəsini cavabdehə vermiş və aralarında bağlanmış müqaviləyə əsasəndə cavabdeh müqavilə üzrə məsuliyyət daşımışdır. Qeyd edilənlərə əsasən məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qeydiyyatda olduğu ünvan üzrə bildiriş (həmçinin məhkəmə elektron SMS vasitəsi ilə məlumatlandırılmış) göndərilmiş, lakin cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Eyni zamanda məhkəmə tərəfindən bildiriş cavabdehin qeydiyyatda olduğu yer üzrə Yasamal rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə göndərilmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iddiaçının nümayəndəsinin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu ilə müəyyən olunur ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 21.04.2021-ci il tarixli MAS-3613 saylı X5 əsasən İddiaçı MMC 2021-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFME321461 ban nömrəli, qara rəngli nəqliyyat vasitəsini öz mülkiyyətinə əldə edərək, illik 23 % hesablanmaqla, 48 ay ödəmək şərti ilə onu Cavabdeh müvəqqəti istifadəsinə vermişdir. X2 25.06.2021-ci il tarixdə sözü gedən nəqliyyat vasitəsini etibarnamə olmadan idarə edərkən, yol-nəqliyyat hadisəsi törətmiş, sonuncu İXM-nin 327.1, 332.1-ci maddələri ilə təqsirli bilinərək, barədəsində TP ******* saylı protokol tərtib edilmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə ümumilikdə 1735 manat məbləğində maddi ziyan dəymişdir. Cavabdeh İddiaçı MMC ilə arasında bağlanan daxili lizinq müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirmədiyinə görə onun İddiaçı MMC qarşısında 352.63 manat əsas, 499.79 mükafat (faiz), məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-1.9-cu maddəsinə əsasən lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır. Həmin Məcəllənin 748-10.2-ci maddəsinə görə lizinq ödənişlərinin məbləği, həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Nəhayət, Mülki Məcəllənin 748-10.4-cü maddəsində təsbit edilmişdir ki, lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Məhkəmə hesab edir ki, həm mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları, həm də tərəflər arasındakı daxili lizinq müqaviləsinin şərtləri baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh bağladığı müqavilə ilə müəyyənləşdirilmiş ödəniş cədvəlinə uyğun olaraq dövri ödənişlər etməli olduğu halda ödənişləri aparmamış və müqavilə şərtlərinə tam əməl etməmişdir. Belə olan halda isə öhdəliyin lazımınca icra edilməməsinə görə cavabdehin məsuliyyət məsələsi Mülki Məcəllənin 443.1-ci maddəsinə görə həll edilməlidir. Həmin maddəyə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 748-1.12.4-cü maddəsinə əsasən, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Azərbaycan Respublikasının MM-nin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, cavabdehdən tələb olunan 326.30 manat cərimə (dəbbə pulu) onun əsas və faiz borcuna münasibətdə tənasübsüz surətdə yüksək cərimə hesab olunmalı və tələb olunan cərimə (dəbbə pulu) 35 manat məbləğədək azaldılmalıdır. İddiaçının tərəflər arasında bağlanmış MAS-3613 saylı, 21.04.2021-ci il tarixli daxili lizinq müqaviləsinin ləğv edilməsi barədə iddia tələbinə münasibətdə məhkəmə hesab edir ki, həmin hissədə iddia əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış lizinq müqaviləsinin 9.1.4-cü bəndinə əsasən lizinq alan lizinq ödənişlərini bu Məcəllə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə lizinq müqaviləsinin vaxtından əvvəl ləğv edilməsini tələb edə bilər. Məhkəmə eyni zamanda iddia tələbinin dəymiş ziyana görə 1735 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsi ilə belə nəticəyə gəlir ki, iddia tələbi bu hissədə də, təmin edilməlidir. Belə ki, iş materialları ilə sözü gedən nəqliyyat vasitəsinin cavabdehə təhvil verildikdən sonra, onun tərəfindən deyil, X2 tərəfindən etibarnamə olmadan idarə edilərkən yol-nəqliyyat hadisəsi törətməsi və həmin hadisə nəticəsində Azərmaş MMC-nin 01.09.2021-ci il tarixli qüsur aktına əsasən avtomobilə ümumilikdə 1735 manat ziyanın dəydiyi müəyyən edildiyindən, eləcə də, sözü gedən nəqliyyat vasitəsi cavabdehin müvəqqəti sahibliyinə verildiyindən və cavabdeh iddiaçı qarşısında maddi məsuliyyət daşıdığından, həmçinin X1 hüquqa zidd hərəkət edərək cavabdehin iradəsindən kənar avtomobili idarə etməsi sübuta yetirilmədiyindən həmin məbləğdə pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə görə isə yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Beləliklə məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış MAS-3613 saylı, 21.04.2021-ci il tarixli daxili lizinq müqaviləsi ləğv edilməli; Cavabdeh 352 (üç yüz əlli iki) manat 63 (altmış üç) qəpik əsas borc, 499 (dörd yüz doxsan doqquz) manat 79 (yetmiş doqquz) qəpik mükafat (faiz) borcu, 35 (otuz beş) manat cərimə borcu, 1735 (bir min yeddi yüz otuz beş) manat dəymiş zərər olmaqla, cəmi 2622 (iki min altı yüz iyimir iki) manat 42 (qırx iki) qəpik məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 49 (qırx doqquz) 54 (əlli dörd) manat dövlət rüsumunun 10 %-i, yəni 4 (dörd) manat 94 (doxsan dörd) qəpiyi iddiaçıya aid edilsin, qalan 90 %-i, yəni 44 (qırx dörd) manat 60 (altmış) qəpik məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış MAS-3613 saylı, 21.04.2021-ci il tarixli daxili lizinq müqaviləsi ləğv edilsin. Cavabdeh 352 (üç yüz əlli iki) manat 63 (altmış üç) qəpik əsas borc, 499 (dörd yüz doxsan doqquz) manat 79 (yetmiş doqquz) qəpik mükafat (faiz) borcu, 35 (otuz beş) manat cərimə borcu, 1735 (bir min yeddi yüz otuz beş) manat dəymiş zərər olmaqla, cəmi 2622 (iki min altı yüz iyimir iki) manat 42 (qırx iki) qəpik məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İş üzrə ödənilmiş 49 (qırx doqquz) 54 (əlli dörd) manat dövlət rüsumunun 10 %-i, yəni 4 (dörd) manat 94 (doxsan dörd) qəpiyi iddiaçıya aid edilsin, qalan 90 %-i, yəni 44 (qırx dörd) manat 60 (altmış) qəpik məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar