Məhkəmə qərarları › İş №2(004)-4496/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-4496/2025

13.11.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-4496/2025 13.11.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı sayğac göstəricilərinin dəyişdirilməsinin qanunsuz hesab edilməsi və əvvəlki qaydaya qaytarılması tələbinə dair iş üzrə (açar sözlər: baxılmamış saxlama) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi, Əhmədli Qəndab Ruslan qızının katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı sayğac göstəricilərinin dəyişdirilməsinin qanunsuz hesab edilməsi və əvvəlki qaydaya qaytarılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İddia tələbi

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ailə üzvləri ilə birlikdə yaşadığı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, İİİ masiv, 2 mərtəbəli fərdi yaşayış evi, 952-0 ünvanında yerləşən sayğaca cavabdeh "xxxx" ASC və əməkdaşları tərəfindən özbaşına olaraq sistemdə sayğac göstəricilərinin başqa şəxsin adma dəyişdirilməsi ilə bağlı davranışları və hərəkətləri qanunsuz hesab edilərək, sayğac göstəricilərinin əvvəlki qaydada adına qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia ərizəsi icraata qəbul edilmiş, iş üzrə hazırlıq iclasları keçirilmiş və məhkəmə baxış iclası xx.xx.2025-ci il, saat 12:15-ə təyin edilmişdir.

Məhkəmə icraat iştirakçılarının izahatları

3. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək iddianın təmin olunmasını xahiş etmişdir.

4. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər.

Tətbiq edilən hüquq

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 149.1. İddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır; Maddə 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; Maddə 259.0. Məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: 259.0.12. ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda; Maddə 260.1. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır; Maddə 260.6. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər.

Məhkəmənin mövqeyi

6. Məhkəmə iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır.

7. Belə ki, iddiaçının tələbi qeyri-müəyyən olmaqla tələbi təsdiq edən sənədlər iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. İddiaçı sayğac göstəricilərinin başqa şəxsin adına dəyişdirildiyini iddia etsə də bununla bağlı müvafiq sübutlar təqdim edilməmişdir. İş materiallarına əlavə edilmiş bir neçə hesab-fakturadan görünən isə odur ki, abonent qismində iddiaçının öz adı əks olunmuşdur. İddiaçı keçirilən məhkəmə iclaslarının heç birində iştirak etməmiş, həqiqi hüquqi marağının nədən ibarət olduğunu aydınlaşdırmaq mümkün olmamışdır.

8. Odur ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır.

9. Göstərilənlərə əsasən və MPM-nin 259, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı sayğac göstəricilərinin dəyişdirilməsinin qanunsuz hesab edilməsi və əvvəlki qaydaya qaytarılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər.

HAKİM Aytəkin Əsədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar