Məhkəmə qərarları › İş №2(004)-4514/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4514/2021

07.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4514/2021 07.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədirliyi, Salamova Azadə Telman qızının katibliyi, İddiaçı, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı müqavilələrdən əmələ gələn öhdəliklər üzrə tələbinə dair mülki işə Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı müqavilələrdən əmələ gələn öhdəliklər üzrə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında bağlanmış 22.06.2015-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində inşa edilmiş "xxxx" MTK-ya məxsus 16 mərtəbəli binanın 3cü mərtəbəsində sahəsi 61 kv.m olan bir otaqlı mənzilin ona təhvil verilməsi öhdəliyinin "xxxx" MTK-nın üzərinə qoyulması və mülkiyyət hüququna yaradılmış bütün məhdudiyyətlərin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatının iddia ərizəsinin məzmununa uyğun olduğunu bildirərək, iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh "xxxx" MTK məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 izahatında iddiaçının mübahisələndirdiyi mənzili 2012-ci ildə 28.000 manat məbləğində ödəniş etməklə əldə etdiyini, 2012-ci ildən ailəsi ilə ona məxsus mənzildə yaşadığını bildirmişdir. Məhkəmə iddiaçının və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarında olan "xxxx" MTK-nın sədri X4 və payçı İddiaçı arasında bağlanmış 22.06.2015-ci il tarixli müqavilədən görünür ki, həmin MTK-ya məxsus binanın 3-cü mərtəbəsində sahəsi 61 kv.m olan 16 saylı mənzilin ümumi dəyəri 30.000 manat təşkil edir. İş materiallarında olan "xxxx" MTK-nın sədri X4 tərəfindən imzalanmış maliyyə arayışından görünür ki, payçı İddiaçı mübahisəli mənzilin dəyərini (30.000 manatı) ödəmişdir. İş materiallarında olan 12.12.2012-ci il tarixdə X6 tərəfindən "xxxx" MTK-nın sədrinə ünvanlanmış ərizədən görünür ki, o, öz adına olan 19.10.2009-cu il tarixli müqaviləyə əsasən həmin MTK-nın Bakı şəhəri, Yeni Yasamal yaşayış massivində inşa etdiyi binanın, sahəsi 61 kv.m olan 1 otaqlı 16 saylı mənzilin payçısı olmaqdan azad edilməsini xahiş etmiş, sözügedən mənzilə dair X1 adına yeni müqavilənin bağlanmasına etiraz etmədiyini bildirmişdir. İş materiallarında olan "xxxx" MTK-nın sədri X4 və payçı X3 arasında bağlanmış 12.12.2012-ci il tarixli müqavilədən görünür ki, payçı X2 təqdim edilən mənzil "xxxx" MTKya məxsus binanın 4-cü mərtəbəsində sahəsi 61 kv.m olan 1 otaqlı 16 saylı mənzildir. Müvafiq maliyyə arayışından görünür ki, mənzilin ümumi dəyəri 28.000 manat təşkil edir və həmin məbləğ tam olaraq MTK-ya ödənilmişdir, X1 heç bir borcu yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 3175 nömrəli reyestr kitabının 296475 nömrəli vərəqində qeydiyyata alınmaqla verilmiş çıxarışa əsasən müəyyən edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Alatava-7 küçəsi, ev 74, mənzil 16 X1 xüsusi mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş texniki pasporta əsasən müəyyən edilmişdir ki, **********40-05301- 093032 reyestr nömrəsi ilə qeydiyyata alınmış Bakı şəhəri, Yasamal rayonu, Alatava-7 küçəsi, ev 74, mənzil 16 X2 məxsusdur və texniki pasport 24.09.2019-cu il tarixdə tərtib edilmişdir. İş materiallarında olan 27.08.2021-ci il tarixdə keçirilmiş yerli baxış iclasının protokoluna əsasən müəyyən edilir ki, iddiaçı iddia ərizəsində qeydt etdiyi mənzilin yerini məhkəməyə göstərə bilməmiş və məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi, "xxxx" Mənzil Tikinti Kooperativinə məxsus 16 mərtəbəli binanın 3-cü mərtəbəsində iddiaçının mübahisələndirdiyi mənzildə yaşayış var və mənzil X2 məxsusdur. O, öz ailəsi ilə birlikdə mübahisəli mənzildə yaşayır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə hesab edir ki, mübahisəli mənzilə dair ilkin müqavilə 19.10.2009-cu il tarixdə "xxxx" MTK-nın sədri X4 ilə X6, sonrakı müqavilə isə X5 ərizəsi əsasında 12.12.2012-ci il tarixdə müvafiq MTK ilə X3 arasında bağlanmış, həmin mənzilə xüsusi mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən dövlət qeydiyyatına alınmaqla X1 adına çıxarış verilmişdir. Mübahisəli mənzilə dair 22.06.2015-ci il tarixdə "xxxx" MTK-nın sədri X4 və payçı İddiaçı arasında yalnız müqavilə bağlanmış, lakin iddiaçının həmin daşınmaz əmlaka mülkiyyət hüququ dövlət qeydiyyatına alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, mübahisəli mənzil X1 xüsusi mülkiyyəti olduğundan və ilkin müqavilə onun tərəfindən bağlanıldığından, İddiaçı iddiası əsassızdır və iddia rədd edilməlidir, habelə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-cu maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 146-cı maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 178-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir, yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112-ci maddəsinə görə mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 113-cü maddəsinə əsasən şəxsin mənzil-tikinti kooperativinə üzv qəbul edilməsi mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqını tam ödəməsi isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Həmçinin mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli qərarından görünür ki, kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" saylı Mənzil Tikinti Koorperativi tərəfindən Bakı şəhəri, Yeni Yasamal yaşayış massivində bu məqsəd üçün ayrılmış torpaq sahəsində inşa edilmiş 16 mərtəbəli yaşayış binasının 3-cü mərtəbəsindəki sahəsi 61 kv.m olan bir otaqlı mənzilin iddiaçıya təhvil verilməsi öhdəliyinin "xxxx" saylı MTK-nın üzərinə qoyulması və mülkiyyət hüququna yaradılmış bütün məhdudiyyətlərin aradan qaldırılması barədə iddia tələbi rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar