Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4520/2023 24.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı Abdül qızının nümayəndəsi (oğlu) – Nümayəndə iştirakı ilə, İddiaçı Abdül qızının cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Abdül qızı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən müvafiq qaydada məcburi köçkünlərin yaşadığı keçmiş dövrə aid 205,34 (iki yüz beş manat 34 qəpik) manat, 635,81 (altı yüz otuz beş manat 81 qəpik) manat və 285,32 (iki yüz səksən beş manat 32 qəpik) manat borc məbləğinin silinməsini və abonent koduna ödənilmiş 285,5 manat pulun geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanı İddiaçı rəsmi mülkiyyətindədir. Uzun illər ərzində məcburi köçkünlər tərəfindən zəbt edilərək istismar edilmişdir. Orada yaşanan məcburi köçkünlərin vəfatından sonra həmin mənzil Yasamal rayon İcra və probasiya şöbəsi tərəfindən icra sənədinə uyğun olaraq, 25 avqust 2022-ci il tarixində akt üzrə icra məmuru Bəxtiyar Babayevin iştirakı ilə ona təhvil verilmişdir. 13 sentyabr 2022-ci il tarixində mənzildə məcburi köçkün tərəfindən istehlak edilmiş elektrik enerjisi borcunun silinməsi, enerjinin bərpa olunması və abunə kodunun adına keçirilməsinə dair ‘ Azərişıq” ASC-yə elektron qaydada məktub ünvanlanmışdır. "xxxx" ASC tərəfindən 22 sentyabr 2022-ci il 01/05-06/A-571/7611 nömrəli cavab məktubunda bildirilmişdir ki, "xxxx" MMC-nin dövründə yaranmış 205,34 manat borc xx.xx.2011-ci il tarixdə, “Azərişıq" ASC dövründə yaranmış 635,81 manat məbləğində məcburi köçkün borcu isə xx.xx.2016-cı il tarixdə silinmişdir. Hazırda abunə kodu üzrə limitdən artıq elektrik enerjisi istehlak edilmiş, lakin dəyəri ödənilməmiş 285,32 manat cari borc vardır. Dəyəri ödənilməmiş borc ödənildikdən sonra abunə kodun ad məlumatlarında dəyişiklik edilə bilər. xx.xx.2023-cü il tarixdə məcburiyyət qarşısında qalaraq (çünki mənzilin enerji ilə təchiz olunması dayandırılmışdır və yaşayış üçün uyğun deyildi) “M10" ödəniş portalı vasitəsilə 285,5 manat vəsait **********20042 saylı abunə koduna ödənilmişdir. Borc ödənildikdən sonra mənzilin abunə kodunun ad məlumatlarında düzəliş olunması üçün ASAN Kommunal mərkəzinə müraciət olunmuşdur. Lakin orada bildirilmişdir ki, keçmiş dövrə aid 205,34 və 635,81 manat borc elektron bazada olduğu üçün addan-ada keçirilməsi mümkün deyil. Yenidən Azərişıq ASC-nin əvvəlki məktubunun aydınlaşdırılması məqsədilə 7 iyun tarixində Azərişıq ASC- yə elektron məktub ünvanlanmışdır. Əvvəlki məktubda verdikləri məlumatı inkar edərək, bildirildi ki, keçmiş dövrə aid qalıq borc (205,34 və 635,81 manat) ödənildiyi halda ad məlumatlarında dəyişiklik edilə bilər. Məhkəmə iclasında iştirak edən İddiaçı Abdül qızının nümayəndəsi (oğlu) – Nümayəndə iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, əsassız yazılmış borclar silinməli və ödənilmiş məbləğ cavabdehdən tutulmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun itirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən xüsusi mülkiyyət xx.xx.2019-cu il tarixdən ********** qeydiyyat nömrəsi ilə İddiaçı Abdül qızının adına qeydə alınmışdır. "xxxx" ASC-nin Nümayəndə 20 iyun 2023-cü il tarixdə göndərdiyi məktubdan görünür ki, **********20042 nömrəli abonent kodu ilə qeydiyyatda olan mənzilin elektrik enerji hesabatı dövriyyəsi təhlil olunarkən məlum olmuşdur ki, xx.xx.2002-ci il tarixdən xx.xx.2006-cı il tarixədək 205,34 manat dəyərində elektrik enerjisi istehlak edilmiş, lakin ödənişi aparılmamışdır. Qeyd edilmişdir ki, göstərilən məbləğin ödənişi yalnız abunə vərəqəsində ad dəyişdirilərkən yaxud borc olmaması barədə arayış alınarkən tələb olunur. İş materiallarına əlavə edilmiş **********20042 nömrəli abonentin saldosuna əsasən İddiaçı Abdül qızına məxsus ünvan 2 ünvanında yerləşən mənzilin "xxxx" MMC-nin dövründə yaranmış 205,34 manat borc, “Azərişıq" ASC dövründə yaranmış 635,81 manat məbləğində və 285,32 manat cari borcu vardır. İş materiallarında olan qəbzin surətindən görünür ki, 285,50 manat məbləğində pul "xxxx" ASC-yə ödənilmişdir. Məhkəmə göstərilənlərə əsasən qeyd edir ki, hesablanmış borcun qanuni əsaslarla yazılmasına dair cavabdeh tərəfindən məhkəməyə hər hansı bir mötəbər yazılı sübut təqdim edilməmiş, həmçinin abunə hesabında borcun yazılmasına əsas olan sənəd göstərilməmişdir. Odur ki, iddiaçının abonent hesabına 1126,47 manat borcun yazılması əsassız və qanunsuz olmuşdur. Həmçinin iddiaçı tərəfindən 285,50 manat məbləğində pul vəsaiti cavabdeh "xxxx" ASC-yə ödənilmişdir. Belə ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın 7.9-cu bəndinə əsasən məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması hər bir yaşayış sahəsi, o cümlədən yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Həmçinin yaşayış binalarında ümumi məqsədlərə - pilləkənlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğacı quraşdırılır. Kommunal mənzildə elektrik enerjisi sərfinə görə hesablaşmalar aparmaq məqsədilə hər bir məişət abonenti üçün hesablaşma elektrik sayğacı quraşdırılır, həmçinin mənzilin ümumi istifadə yerlərində (dəhlizin, mətbəxin, hamamın və s.) elektrik enerjisi sərfini müəyyənləşdirmək üçün ayrıca hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Qaydaların 7.11-ci maddəsinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Qaydaların 8.16-cı bəndinə görə istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Həmçinin, Azərbaycan Respublikası MPM-in 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Məhkəmə qeyd edir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində istehlakçı kimi iddiaçının hüquqları pozulmuşdur, qanunun tələbinə görə istehlakçı kimi iddiaçıdan istifadə etmədiyi işığa görə haqq tələb edilə bilməz. İstifadə etmədiyi işığa görə cavabdehin qanunsuz hesabladığı borc məbləği istehlakçı kimi iddiaçının abunə kodundan silinməlidir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməklə, cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı Abdül qızına məxsus olanünvan 2 ünvanına (Abonent kodu: **********20042) hesablanmış 1126,47 manat borc silinməli, iddiaçı tərəfindən ödənilmiş 285,50 manat məbləğində pul vəsaiti cavabdeh "xxxx" ASC-dən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı Abdül qızına məxsus olan ünvan 2 ünvanına (Abonent kodu: **********20042) cavabdeh "xxxx" ASC tərəfindən hesablanmış 1126,47 (bir min yüz iyirmi altı manat qırx yeddi qəpik) manat borc silinsin. İddiaçı tərəfindən ödənilmiş 285,50 (iki yüz səksən beş manat əlli qəpik) manat və dövlət rüsumu olaraq ödənilmiş 101 manat məbləğində pul cavabdeh "xxxx" ASC-dən tutularaq iddiaçıya ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-4520/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4520/2023
24.10.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver