Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4536/2022 14.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-nə qarşı qanunsuz hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-nə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC tərəfindən iddiaçıya qanunsuz hesablanmış 562,09 (beş yüz altmış iki manat doqquz qəpik) manat məbləğinin silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o xx.xx.2004-cü il tarixdə Bakı şəhəri, X3 küçəsi ev 130-da yerləşən 42 kv metr yaşayış sahəsi olan 34 saylı mənzili almışdır və o vaxtdan həmin mənzildə heç kim qeydiyyatda olmamış və yaşamamışdır. Belə olan halda Cavabdeh ASC tərəfindən verilmiş abonent kartında göstərilən 562,09 (beş yüz altmış iki manat doqquz qəpik) manat məbləğində borcun hardan yaranması naməlum olaraq qalır. Ünvana yazılmış qəbzdən göründüyü kimi qəbz mənzilin keçmiş sahibi Həsənovanın adına yazılmışdır. Qeyd edilən abonent kartında göstərilən 562,09 (beş yüz altmış iki manat doqquz qəpik) manat məbləğdə hesablanmış borc qanunsuz və əsassız olduğundan silinməlidir. (Abonent kodu **********340) Daha sonra İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılması və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına olan Cavabdeh ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli hesab fakturanın surətindən görünür ki, Bakı şəhəri Yasamal rayonu M.Əliyev küçəsi dalan 1, 130 saylı evə dair abonent Həsənovanın adına 562,09 (beş yüz altmış iki manat doqquz qəpik) manat məbləğində ödəniş borcu hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti texniki inventarlaşdırılma və mülkiyyət hüquqlarının qeydiyyat idarəsinin ÖM seriyalı ******* nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri Yasamal rayonu Mirzəağa Əliyev küçəsi, 130 saylı evin 42 kv m yaşayış sahəsindən ibarət 3 (üç) otaqlı, 34 saylı mənzili İddiaçı adına rəsmiləşdirilmişdir. Bu barədə xx.xx.2004-cü il tarixdə daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 30/15936 nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan müəyyən olunur ki, Bakı şəhəri Yasamal rayonu Mirzəağa Əliyev küçəsi ev 130, 34 saylı mənzildə heç bir şəxs qeydiyyatda deyil. İş materiallarında olan xx.xx.2017-ci il tarixli Azərbaycan Respublikası Bakı şəhəri N.Nərimanov adına ATU nəzdində “MEDİSİNA” Mənzil kooperativi tərəfindən verilmiş 18 nömrəli arayışdan müəyyən olunur ki, Bakı şəhəri Mirzəağa Əliyev küçəsi ev 130, 34 saylı mənzildə qeydiyyatda heç kim yoxdur. İş materiallarına əlavə edilmiş **********340 nömrəli abonentin saldosundan görünür ki, Bakı şəhəri Yasamal rayonu Mirzəağa Əliyev küçəsi ev 130, 34 saylı mənzil üzrə 02 sentyabr 2022-ci il tarixə 587,09 (beş yüz səksən yeddi manat doqquz qəpik) manat borc məbləği hesablanmışdır. Həmin saldodan eyni zamanda, müəyyən olunur ki, yığılmış borc məbləği ailə tərkibi 5 nəfər nəzərə alınmaqla hesablanmışdır. Məhkəmə qeyd edir ki, **********340 nömrəli abonentin saldosundan yığılmış borc məbləğinin ailə tərkibi 5 nəfər nəzərə alınmaqla hesablandığı qeyd olunsa da, iddia ərizəsindən və əlavə olunmuş sübutlardan da görünür ki, həmin ünvanda heç kim qeydiyyatda olmamış və yaşamamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinin tələbinə görə, fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Həmin Məcəllənin 136.4-ci maddəsinə əsasən kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə və sudan istifadə qaydalarının 2.1.9.2-ci yarımbəndinə əsasən istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericiliklə nəzərdə tutulmuş müvafiq tədbirlər görməlidir. Həmin Qanunun 61-ci maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. “Sudan istifadə” qaydaları istehlakçıların hüquqlarına həsr olunmuş 5.1.5-ci maddəsinə əsasən, verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək hüququ var. Həmin Qaydaların 3.5-ci maddəsinə əsasən axıdılmış tullantı sularının miqdarı təyin edilərkən istifadə olunmuş quyu, yeraltı qrunt və gətirmə sular da nəzərə alınır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Bakı şəhəri, Mirzəağa Əliyev küçəsi 130, mənzil 34 (Abonent kodu: **********340) ünvanına əsassız hesablanmış 562,09 (beş yüz altmış iki manat doqquz qəpik) manat məbləğində borcun silinməsi Cavabdeh ASC-yə həvalə edilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri, Mirzəağa Əliyev küçəsi 130, mənzil 34 (Abonent kodu: **********340) ünvanına əsassız hesablanmış 562,09 (beş yüz altmış iki manat doqquz qəpik) manat məbləğində pul Cavabdeh ASC tərəfindən silinsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-4536/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4536/2022
14.09.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver