Məhkəmə qərarları › İş №2(004)-4599/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4599/2020

18.11.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4599/2020 18.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Əfəndiyeva Aygül Fikrət qızının katibliyi ilə, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 Baladdin qızına, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi və miras əmlaka payların müəyyən edilməsi” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2 Baladdin qızına, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi və miras əmlaka payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X2 xx xxxxxxx 2018-ci il tarixdə, Bakı 3 saylı ASAN Xidmət Mərkəzinin Notariat Ofisində verdiyi vəsiyyətnamənin etibarsız hesab edilməsi, mirasın qəbul edilməsi, Bakı şəhəri, Yasamal rayonu, Nazim Hikmət küçəsi, 28 saylı evin 29 saylı mənzilə və "Renault 19 minik" markalı, ** GK *** dövlət qeydiyyat nişanlı avtomobilə İddiaçı 6/10 paylarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı mərhum əri X6 ilə xx xxx 1995-ci il tarixdə nikaha daxil olmuşdur. Bu onların ikinci nikahı olmuşdur. Hazırki iş üzrə cavabdehlər Baladdin Babayevin ilk nikahından olan uşaqlarıdır. O, Baladdin Babayevlə nikaha daxil olanda həm onun keçmiş arvadı, həm də uşaqları ondan üz döndərmişdi. Onlar nikaha daxil olduqdan bir müddət əvvəl, yəni xx xxxx 1995-ci il tarixdə mərhum vəfat edənə kimi bir yerdə yaşadıqları Bakı şəhəri, Yasamal rayonu, Nazim Hikmət küçəsi, 28 saylı evin 29 saylı mənzilini almışdı. O, evə köçəndə ev çox pis vəziyyətdə idi. Buna görə də o, öz hesabına evi təmir etdimişdir. Bundan əlavə bu dövrdə 2 dəfə evi öz hesabına əsaslı təmir etdirmişdir. Bunu qonşular təsdiq edə bilərlər. O, özü orta məktəbdə ingilis dili müəlliməsi işləyir. Daim həm məktəbdə işləmiş, həm də fərdi olaraq uşaq hazırlaşdırıb evə baxmışdır. Evin kommunal xərclərini özü ödəmişdir. Mərhum əri demək olar ki, heç vaxt evə baxmayıb, daim qazandığını qızlarına xərcləmişdir. Baxmayaraq ki, qızları ondan üz döndərmişdi, o daim onları axtarıb tapır, onlara qayğı göstərirdi. Hətta vəfat edənə kimi nəvələrindən birinin müəyyən xərclərini də ödəyirdi. Bundan əlavə birgə nikahda olduqları dövrdə mərhum əri xx xxxx 2017-ci il tarixdə, "Renault 19 minik" markalı avtomobil almışdır. Maşının pulunun bir hissəsini də o vermişdir. xx xxxxxx 2020-ci il tarixdə Baladdin "Dəqiqləşdirilməmiş beyindaxili qansızma" səbəbindən vəfat etmişdir. İdidaçı onun dəfn və yas xərclərini də ödəmişdir. O, mərhum ərindən miras qalmış evi və avtomobili miras əmlak kimi qəbul etmək üçün Bakı şəhəri, 3 saylı Asan Xidmət Mərkəzinin Notariat Ofisinə müraciət etmişdir. Bu zaman mərhum ərinin vəfat etməmişdən qabaq ona ağır bir "zərbə" vurduğunu görmüşdür. Belə ki, o ölümündən qabaq, həmin notariat ofisində bütün daşınmaz və daşınar əmlakının qızı Cavabdeh2 Baladdin qızına verilməsi barədə vəsiyyətnamə qoymuşdur. Mərhum əri 25 il birlikdə yaşadığı, onun tərəfindən dəfələrlə əsaslı təmir edildikdən sonra qiyməti artan evi, o evə heç bir mənəvi haqqı olmayan qızı Cavabdeh2 vəsiyyət etmişdir. Onun bu hərəkəti iddiaçıya çox ağır təsir etmişdir. Vəsiyyətnamə etibarsız hesab edilməli, miras əmlaka daxil olan Bakı şəhəri, Yasamal rayonu, Nazim Hikmət küçəsi, 28 saylı evin 29 saylı mənzili və "Renault 19 minik" markalı, ** GK *** dövlət qeydiyyat nişanlı avtomobil birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilməli və həmin əmlaklardan onun 1/2 payı ayrıldıqdan sonra yerdə qalan hissə 1/2 hissə qanun üzrə vərəsəlik qaydasında onunla birlikdə cavabdehlər arasında bərabər şəkildə bölüşdürülməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək, yuxarıda qeyd edilmiş izahata uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatında bildirmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən əqdin etibarsızlığı ilə bağlı əsaslar vəsiyətnamənin etibarsızlığına da şamil olunur. Hesab edir ki, mübahisəli mənzil və avtomobil iddiaçı ilə X2 birgə nikahı dövründə əldə olunmuşdur və X6 öz tam mülkiyyətində olmayan əmlakı Cavabdeh2 Baladdin qızına vəsiyyət etmişdir. Mənzil rəsmi nikahdan 2-3 ay əvvəl əldə olunsa da birgə nikah dövründə mənzilin dəyərinin 2-3 dəfə artmasına səbəb olan əsaslı təmir işləri aparılmışdır. Belə ki, əvvəl mənzil bir otaqlı olmuş və sonradan iki otaqlıya düzəldilmiş, digər təmir işləri görülmüşdür. Evlə bağlı bütün xərcləri və komunnal xərcləri iddiaçı ödəmişdir. İddiaçı məktəbdə ingilis dili müəlliməsi işləmiş, bundan əlavə fərdi qaydada uşaq hazırlaşdırmışdır. Belə ki, ev də birgə nikah dövründə əldə edilmiş əmlak sayılmalıdır. İddiaçı iyirmi beş il müdətində orada yaşamışdır və onun evə dair daha çox hüququ vardır. Göstərilənlərə əsasən məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh2 iddia ərizəsinə etiraz ərizəsi təqdim edərək, ərizəsində qeyd etmişdir ki, atası X3 3 saylı Bakı ASAN Xidmət Mərkəzinin Ofisin öz xətti ilə yazdığı vəsiyyətnaməsi ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ölən günədək özünə məxsus olan bütün daşınar və daşınmaz əmlakını qızına yəni Cavabdeh2 Bələddin qızına vəsiyyət edib. Həmin vəsiyyətnamənin etibarsız sayıla bilməsinə əsas ola biləcək hər-hansı dəlil yoxdur. İddiaçının vəsiyyətnamənin etibarsız hesab edilməsi üçün göstərdiyi arqumenti (mənzili təmir etməsi, 25 il iddiaçının atası ilə birgə yaşamas,ı ona qulluq etməsi) qeyd olunan vəsiyyətnamənin etibarsız sayılmasına əsas ola bilməz. İddiaçının digər tələbi olan mirasın ümumi kütləsinin 6/10 hissəsinə payının müəyyən olunması tələbi də əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci və 1133.2-ci maddələrin tələblərinə görə: Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Adı qoyulmuş vəsiyyətnamənin qanuni olması və yuxarıda qeyd olunan qanunverici formaları ona onu deməyə əsas verir ki, iddiaçının avtomobillə bağlı iddiası avtomobilin 1/2 hissəsi atası ilə onun nikahı dövründə əldə olunduğundan onun əmlakı, yerdə qalan 1/2 hissəsi ona vəsiyyət olunan miras əmlak hesab edilməli və həmin hissəyə iddiaçının məcburi payı tanınmalıdır. Miras əmlaklardan olan Bakı şəhəri, Yasamal rayonu, Nazim Hikmət küçəsi, 28 saylı evin saylı mənzilinə isə iddiaçının yalnız məcburi payı tanına bilər. Həmin əmlak ona vəsiyyət olunan əmlakdır və əmlakın 6/10 hissəsi onun payı, əmlakın 1/10 hissəsi isə iddiaçının məcburi payı hesab edilməlidir. Məhz bu səbəbdən göstərdiklərinə əsaslanaraq da hesab edir ki, iddiaçının iddia ərizəsi əsassız sayılmalı və təmin edilməməlidir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Cavabdehlərin məhkəmə iclasına gəlməmələrinin səbəbi barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, o, 28 ildir ki həmin binada yaşayır. Mərcan həmin binaya ondan sonra köçmüşdür. O, təzə köçəndən onunla ünsiyyətləri yaranmışdır. Mərcan, onun uşaqlarının da ingils dilindən müəlliməsi olmuşdur. Mərcanın mərhum ərinin qızlarını əvvəllər görməyib, lakin onun qızlarının olduğunu bilib və sonradan görüb. Mərcan müəllimə həmin evə gələndən sonra onlar evə baxmışdılar. Ev yaşanılası vəziyyətdə deyildi və təmirsiz idi. Evi Mərcan müəllimə uçulub-sökülən divarları öz əli ilə söküb atmışdır, təmir üçün ustaları özü tapmış və təmir işlərinə nəzarət etmişdir. Mərcanın mərhum həyat yoldaşının təmirdə iştirak etməsini və kömək etməsini görməmiş, lakin maddi cəhətdən iştirak edib-etməməsini bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, o, 1962-ci ildən həmin binada yaşayır. Mərcan həmin binaya onlardan sonra köçmüşdür. Mərcanı və onun mərhum həyat yoldaşını tanıyırdı. Onun mərhum həyat yoldaşı xəstə idi və evin təmiri işini Mərcan özü təşkil etmişdir. O, hətta ağır olan yüklərin daşınması üçün onun qardaşını da kömək üçün çağırırdı. Mərcandan əvvəl onun evində üç-dörd nəfər yaşayırdı. Mərcangil evə köçəndə artıq evin divarları sökülürdü. Ona görə də o, məcbur olub evi təmir etdirmişdir. Məhkəmə iddiaçının və onun nümayəndəsi və vəkilinin, Cavabdeh2 etirazını, şahid ifadələrini və işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2018-ci il tarixli vəsiyyətnamədən görünür ki, X6 ona məxsus olan bütün daşınar və daşınmaz əmlakını Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayonda qeydiyyatda olan qızı Cavabdeh2 Baladdin qızına vəsiyyət etmiş və həmin vəsiyyətnamə vəsiyyət edənin şəxsiyyəti müəyyən edilib fəaliyyət qabiliyyəti yoxlanılmaqla notarial qaydada təsdiq olunmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixdə Notarial qaydada təsdiqlənmiş İddiaçı tərəfindən verilmiş ərizədən görünür ki, o, xx.xx.2020-ci il tarixdə vəfat etmiş əri X1 qalmış miras əmlakı qəbul edir. Miras əmlak ünvan 1 ünvanında yerləşən 29 saylı mənzil, **-GK-*** dövlət qeydiyyat nişanlı, “Renault 19” minik markalı avtomobildir. İş materiallarında olan xx.xx.2020-ci il tarixdə Notarial qaydada təsdiqlənmiş cavabdehlər Cavabdeh2 Baladdin qızı, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 tərəfindən verilmiş ərizələrdən görünür ki, onlar xx.xx.2020-ci il tarixdə vəfat etmiş ataları X1 qalmış miras əmlakı qəbul edirlər. Miras əmlak ünvan 1 ünvanında yerləşən 29 saylı mənzil, **-GK-*** dövlət qeydiyyat nişanlı, “Renault 19” minik markalı avtomobildir. İş materiallarında olan nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X6 ilə İddiaçı xx.xx.1995-ci ildə nikaha daxil olmuşlar. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan X4 Şəhadətnaməsindən görünür ki, **-GK-*** dövlət qeydiyyat nişanlı, “Renault 19” minik markalı avtomobil xx.xx.2017-ci il tarixdən X2 mülkiyyətində olmuşdur. İş materiallarında olan daşınmaz əmlaka dair Qeydiyyat Vəsiqəsindən görünür ki, ünvan 1 ünvanında yerləşən 29 saylı mənzil xx.xx.1995-ci il tarixdən X2 mülkiyyətində olmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, miras qoyan X6 xx.xx.2018-ci il tarixli vəsiyyətnaməyə əsəsan ona məxsus olan bütün daşınar və daşınmaz əmlakını Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayonda qeydiyyatda olan qızı Cavabdeh2 Baladdin qızına vəsiyyət etmişdir. Həmçinin iddiaçı, (vəsiyyət edənin arvadı) və digər cavabdehlər (vəsiyyət edənin qızları) mərhum X2 qanun üzrə 1-ci növbə vərəsələridir. Hazırda İddiaçı cavabdehlər Cavabdeh2 Baladdin qızına, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi və miras əmlaka payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X2 xx xxxxxxx 2018-ci il tarixdə, Bakı 3 saylı ASAN Xidmət Mərkəzinin Notariat Ofisində verdiyi vəsiyyətnamənin etibarsız hesab edilməsi, Bakı şəhəri, Yasamal rayonu, Nazim Hikmət küçəsi, 28 saylı evin 29 saylı mənzilə və "Renault 19 minik" markalı, ** GK *** dövlət qeydiyyat nişanlı avtomobilə İddiaçı 6/10 paylarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq ilk olaraq iddia tələbinin mərhum X2 xx xxxxxxx 2018-ci il tarixdə, Bakı 3 saylı ASAN Xidmət Mərkəzinin Notariat Ofisində verdiyi vəsiyyətnamənin etibarsız hesab edilməsi hissəsi üzrə qeyd edir ki, iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Mülki Məсəlləsinin 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məсəllənin 1151-сi maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Qeyd edilən Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar). Bundan əlavə həmin Məcəllənin 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Həmin Məcəllənin 1167-ci maddəsinə əsasən, vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər. Həmin Məcəllənin 1179.1-ci maddəsinə əsasən, vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. Həmin Məcəllənin 1179.2-ci maddəsinə əsasən, notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin. Həmin Məcəllənin 1180.1-ci maddəsinə əsasən, vəsiyyətnaməni vəsiyyət edənin sözlərindən notariusun iki şahidin yanında yazmasına yol verilir. Vəsiyyətnamənin yazılması zamanı hamılıqla qəbul olunmuş texniki vasitələr tətbiq edilə bilər. Həmin Məcəllənin 1180.2-ci maddəsinə əsasən, vəsiyyət edənin sözlərindən notariusun yazdığı vəsiyyətnaməni vəsiyyət edən oxumalı və notariusun, şahidlərin yanında imzalamalıdır. Həmin Məcəllənin 1184-cü maddəsinə əsasən, yetkinlik yaşına çatmayanlar, fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxslər, vəsiyyət üzrə vərəsələr və onların yüksələn və enən xətt üzrə qohumları, bacıları, qardaşları, arvadı (əri) və vəsiyyət tapşırığını alan (leqatari) vəsiyyətin şahidləri ola bilməzlər. Yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iş materiallarında olan vəsiyyətnamə mülki qanunvericiliyin tələblərinə uyğun bağlanmışdır və onun Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulan etibarsızlığının əsasları müəyyən olunmadı. Buna görə də iddia tələbi həmin hissədə əsassızdır. Bundan əlavə, mülki qanunvericiliyin məzmununa görə əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş, birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş formaya riayət edilməsi zəruridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Göründüyü kimi, əqdin etibarlı sayılması üçün yuxarıda göstərilən şərtlərin olması mütləqdir. Həmin şərtlərə əməl edilməməsi əqdin etibarlılığını şübhə altına alır. Hazırkı mübahisə üzrə isə qeyd edilən vəsiyyətnamənin etibarlılığını şübhə altına alan belə bir hal müəyyən edilməmişdir. Əksinə, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, vəsiyyətnamə rəsmiləşdirilərkən vəsiyyət edən səlahiyyətli olmuş, o cümlədən fəaliyyət qabiliyyətli olmuş, onun iradə ifadəsi və onun bildirilməsinin vahidliyi mövcud olmuş, əqdin forma və məzmunu qanunvericiliyin tələblərinə müvafiq olmuşdur. Buna görə də qeyd edilən vəsiyyətnamənin etibarsız hesab edilməsi üçün məhkəmə iclasında əsaslar müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Bundan əlavə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Qeyd edilən Məcəllənin 339.4-cü maddəsinə əsasən, əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, xx.xx.2018-ci il tarixli vəsiyyətnamə qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş və vəsiyyətnamə tərtib edilərkən qanunvericiliyin tələblərinə tam əməl edilmişdir. Buna görə də qeyd edilən vəsiyyətnamənin etibarsız hesab edilməsi üçün məhkəmə iclasında əsaslar müəyyən edilməmişdir. Odur ki, iddia tələbi bu hissədə əsassızıdır. Daha sonra məhkəmə iddia tələbinin "Renault 19 minik" markalı, ** GK *** dövlət qeydiyyat nişanlı avtomobilə İddiaçı 6/10 payının müəyyən edilməsi hissəsi üzrə hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ərarvadın qazandığı hər hansı sair əmlak daxildir. Nikah dövründə ev təsərüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) də ümumi əmlak üzərində hüquqa malikdir. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 37.1 və 37.2-ci maddələrinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzrsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci madəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Beləliklə, “Renault 19 minik” markalı, ** GK *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı ilə X2 birgə nikahı dövründə alınmışdır. İş materiallarında olan qeydiyyat şəhadətnaməsindən də görünür ki, "Renault 19 minik" markalı, ** GK *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2017-ci il tarixdə X2 adına qeydiyyata alınmışdır. Yuxarıda qeyd edilmiş qanunvericilik aktlarından da göründüyü kimi birgə nikah dövründə alınan əmlaklar ümumi birgə mülkiyyət hesab edilir. Həmçinin cavabdeh X5 tərəfindən verilmiş iddia tələbinə etiraz edilməsi haqqında ərizədən də görünür ki, o, "Renault 19 minik" markalı, ** GK *** dövlət qeydiyyat nişanlı avtomobil atası ilə birgə nikah dövründə əldə olunduğundan, onun ½ hissəsinə iddiaçının pay hüququnun tanınmasına razı olduğunu bildirmişdir. Azərbaycan Respublikası Mülki Prossessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Bu səbəbdən də məhkəmə hesab edir ki, “Renault 19 minik” markalı, **-GK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə münasibətdə iddiaçının 1/2 (ikidə bir) hissədə payı müəyyən edilməlidir. Bundan əlavə məhkəmə hesab edir ki, iddia tələbi Bakı şəhəri, Yasamal rayonu, Nazim Hikmət küçəsi, 28 saylı evin 29 saylı mənzilin ər-arvadın birgə mülkiyyəti kimi tanınması hissəsində təmin edilməməlidir. Belə ki, İş materiallarında olan sənədlərdən görünür ki, həmin mənzil xx.xx.1995-ci il tarixdə X2 adına qeydiyyatdan keçmişdir. Tərəflər arasında nikah xx.xx.1995-ci il tarixdə bağlanmısını, bununla da mənzilin əldə edilməsinin birgə nikah dövrünə təsadüf etmədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, həmin mənzil onların ümumi birgə mülkiyyəti sayıla bilməz. Bundan əlavə məhkəmə qeyd edir ki, miras əmlaka aid edilən “Renault 19 minik” markalı, **-GK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qalan 1/2 (ikidə bir) hissəsinə və Bakı şəhəri, Yasamal rayonu, Nazim Hikmət küçəsiində yerləşən 28 saylı evin 29 saylı mənzilinə iddiaçının məcburi payı tanınmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Mülki Məcəllənin 1194-cü maddəsinə əsasən məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. Mülki Məcəllənin 1196-cı maddəsinə əsasən vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. Mülki Məcəllənin 1197-ci maddəsinə əsasən məcburi pay almaq hüququ olan şəxs miras qoyanın sağlığında ondan məcburi paya daxil edilmək şərti ilə aldıqlarının hamısını məcburi paya daxil etməyə borcludur. Yuxarıda göstərilən qanunvericilik aktlarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının “Renault 19 minik” markalı, **-GK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qalan 1/2 (ikidə bir) hissəsinə və Bakı şəhəri, Yasamal rayonu, Nazim Hikmət küçəsində yerləşən 28 saylı evin 29 saylı mənzilinə məcburi pay hüququ da yaranmışdır. Ona görə də miras almağa çağrıla biləcək qanun üzrə 1-ci növbə vərəsələrin hamısı nəzərə alınmaqla məhkəmə hesab edir ki, “Renault 19 minik” markalı, **-GK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qalan 1/2 (ikidə bir) hissəsinə iddiaçının 1/10 hissədə məcburi payı tanınmalı, (ümumilikdə isə 11/20), Bakı şəhəri, Yasamal rayonu, Nazim Hikmət küçəsində yerləşən 28 saylı evin 29 saylı mənzilinə isə 1/10 hissədə məcburi payı tanınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia ərizəsi qismən təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, Nazim Hikmət küçəsi, 28 saylı evin 29 saylı mənzilinə münasibətdə iddiaçının 1/10 (onda bir) hissədə məcburi payı tanınsın. “Renault 19 minik” markalı, **-GK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə münasibətdə iddiaçının 1/2 (ikidə bir) hissədə payı, nəqliyyat vasitəsinin qalan hissəsinə isə 1/10 (onda bir) hissədə məcburi payı tanınsın (ümumilikdə 11/20). İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar