Məhkəmə qərarları › İş №2(004)-4619/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4619/2021

03.08.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4619/2021 03.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus ünvan 1 ünvanda yerləşən 7 saylı mənzilə dair əsassız olaraq hesablanmış 216 (iki yüz on altı) manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən 7 saylı mənzil ona məxsusdur. Həmin mənzildə o ailə üzvləri ilə birlikdə yaşayır. Qeyd edir ki, o yaşadığı ünvanda təbii qazdan istifadəyə görə sayğac üzrə ödənişləri vaxtı-vaxtında ödəmiş və tərəfindən qaz sayğacına heç bir müdaxilə olunmayıb. Belə bir hal heç vaxt baş verməyib. 22 yanvar 2021-ci il tarixdə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən onun sahibliyində və istifadəsində olan ünvan 1 ünvanında yerləşən 7 saylı mənzildə G-4 markalı, ******* nömrəli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* saylı akt tərtib olunmuşdur. Sayğacın çıxarılma səbəbi kimi istismar müddətinin bitdiyi göstərilmişdir. Həmin zaman sayğac yenisi ilə əvəzlənmiş və plomblanmışdır. 29 mart 2021-ci il tarixdə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfındən ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib olunmuş və həmin aktda ******* nömrəli qaz sayğacının plastmas ekranında kənar təsir izi olduğu və plastmas şüşəni ekrana bərkidən 4 qulaqcıqdan üçüncünün sınıq olmasının aşkar edildiyi qeyd edilmişdir. Sonradan ona məlum olmuşdur ki, ona 216 (iki yüz on altı) manat məbləğində borc hesablanıb. Ünvanına quraşdırılmış elektrik sayğacının dövlət yoxlamasına göndərilməsi barədə verilən rəy gözləniləndir. Çünki rəy verən şəxslər iş üzrə maraqlı olan şəxslərdir. Qeyd olunan rəy istehlakçı olaraq onun əsassız olaraq yüklənməyi üçün nəzərdə tutulmuşdur. Belə ki, həmin rəyin əsasında sayğaca guya müdaxilə aşkar olunduğu müəyyən olunduğudan əsassız olaraq hesablanmış 216 (iki yüz on altı) manat məbləğində borc cavabdeh tərəfindən ondan tələb olunur. O, sayğac üzrə ödənişləri vaxtı-vaxtında ödəmişdir. Sayğac üzrə cavabdeh təşkilata heç bir borcu yoxdur. Hesab edir ki, akt etibarsız hesab olunmalı, cərimə kimi ondan tələb olunan borc silinməlidir. Qeyd edir ki, yaşadığı evin qaz sayğacı evdən kənarda quraşdırılıb. Belə olan halda sayğaca olunan hər hansı bir müdaxiləyə və sayğacın qorunub saxlanmasına görə o, məsuliyyət daşımır. Hesab edir ki, bütün bunlar nəzərə alınmalıdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh İB-nin nümayəndəsi X2 iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı tərəfindən təqsirli hərəkətlər nəticəsində, konkret olaraq sayğacın plastmas şüşəsini ekrana bərkidən dörd qulaqcıqdan üçü sınıq aşkar olması vəziyətə düşməsinə səbəb olan qanunazidd hərəkətləri Cavabdeh İB-nin əməkdaşları tərəfindən aşkar edilmiş və bu qanunazidd hərəkətlər nəticəsində dəymiz ziyanın əvəzi olaraq iddiaçının abonent hesabına borc hesablanmışdır. Halbuki, iddiaçı ona müvafiq müqavilə ilə quraşdırılan sayğaca guya müdaxilə etməməsini qeyd edərək, məhkəmədə yalnış təsəvvür yaradaraq, qanuni əsaslı yazılmış borcun silinməsinə çalışır. Göstərilənlərə əsasən, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş 22.01.2021-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, Cavabdeh ******* saylı aktına əsasən ******* nömrəli sayğacın plasmas ekranında kənar təsir izi var və plastmas şüşəni ekrana bərkidən 4 qulaqcıqdan üçüncünün sınıq olduğu aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş 31 mart 2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, Sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasının Qaz sayğacının yoxlanılması barədə 11.03.2021-ci il tarixli, 29/1710-00444-1 nömrəli aktına əsasən G-4 markalı ******* nömrəli sayğacın plastmas şüşəsini ekrana bərkidən 4 qulaqcıqdan üçü sınıqdır. Qaz sayğacının nominal qaz sərfi 4 kubmetr orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün olmaqla, 4x6x90=2160 kubmetr hesablanmışdır. İş materiallarına əlavə edilmiş Kodu **********00050 olan İddiaçı abonentin saldosundan görünür ki, ünvan 2 ünvanı üzrə 216 (iki yüz on altı) manat borc məbləği hesablanmışdır. Beləliklə, məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacının plastmas ekranında kənar təsir izi var və plastmas şüşəni ekrana bərkidən 4 qulaqcıqdan üçüncünün sınıq olduğu aşkar edilmişdir. Bu səbəbdən də abunəçiyə 216 manat məbləğində cərimə hesablanaraq, iddiaçıdan tələb edilmişdir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Qeyd edilən Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Göstərilən Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Yenə həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, cavabdeh dəyişdirilmiş qaz sayğacının dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddiaçının ünvan 3 ünvanı üzrə qaz sayğacının dəyəri kimi (abonent kodu: **********00050 olan) hesablanmış 216 (iki yüz on altı) manat məbləğində borcun silinməsi barədə iddia əsaslıdır və iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. ünvan 4 ünvanı üzrə qaz sayğacının dəyəri kimi İddiaçı (abonent kodu: **********00050 olan) hesablanmış 216 (iki yüz on altı) manat məbləğində borc silinsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar