Məhkəmə qərarları › İş №2(004)-463/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-463/2024

18.01.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-463/2024 18.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh İB-yə qarşı “aktın etibarsız hesab edilməsi, borcun silinməsi və pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-ə qarşı “aktın ləğvi və pul” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək iddiaçıya məxsus olan ünvan 1 ünvanında yerləşən qaz sayğacı üzrə əsassız tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktın ləğv edilməsi və əlavə olaraq çıxılan vəsaitin hesablanaraq ona geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı mülkiyyətçisi olduğu ünvan 2 ünvanında ailəsi ilə birlikdə yaşayır. Məlumat üçün qeyd edir ki, sözügedən mənzildə “Smart-kart” tipli qaz sayğacı quraşdırılmışdır. Son bir neçə ay ərzində qaz sayğacına pul vəsaiti yüklədiyi zaman “Smart kart” yüklənən vəsaitin yarısı əlavə edilmişdir. Bu məsələ ilə bağlı cavabdehin qaynar xətt nömrəsinə müraciət edərək narazılığını bildirmiş və hansı səbəbdən məbləğin 50% miqdarında yüklənməsi ilə maraqlanmışdır. Cavab olaraq bildirilmişdir ki, adına cavabdeh tərəfindən cərimə yazılmışdır. Lakin cərimənin nə qədər məbləğdə olduğunu, nə zaman və hansı səbəblə yazıldığı barədə heç bir məlumat verilməmişdir. Daha sonra qaynar xəttin əməkdaşı tərəfindən verilən məlumatı dəqiqləşdirmək məqsədi ilə, xx.xx.2023-cü il tarixdə cavabdehin inzibati binasına yaxınlaşaraq istehlakçı hesabında (**********00010) yaranmış borcun araşdırılmasına dair yazılı müraciət etmişdir. xx.xx.2023-cü il tarixdə Cavabdeh İB tərəfindən müraciəti cavablandırılmışdır. Müraciətdə qeyd edilmişdir ki, istifadəsində olmuş G-4 markalı, 10567544 nömrəli qaz sayğacı növbəti dövlət yoxlaması zamanı yeni qaz sayğacı ilə əvəzlənmişdir. Çıxarılan qaz sayğacı yoxlanılmadan keçirilmiş və sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzildiyi və daxili qulaqcıqlarında əzik-cızıq izlərinin mövcudluğu qeyd edilmişdir. Lakin qeyd etmək zəruridir ki, bu günə qədər cavabdehin əməkdaşları tərəfindən nə şifahi, nə də ki rəsmi qaydada bu barədə ona və ya ailə üzvlərinə bir məlumat verilmişdir. Bu səbəbdən qanun pozuntusuna yol verildiyi üçün xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt ləğv edilməlidir. Belə ki, aktlaşdırma prosesi qanuna uyğun olmadığı üçün sözügedən akt istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması üçün əsas hesab edilə bilməz. Həmçinin sözügedən məktubda qeyd edilmişdir ki, xx.xx.2023-cü il tarixli, ******* nömrəli akta əsasən, qaz sayğacının qeydiyyata almadığı təbii qaz 8640 m3 müəyyənləşdirərək onun istehlakçı hesabına daxil edilmiş və bu səbəbdən də hər dəfə yüklənən məbləğdən çıxılır. İddiaçı xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə verərək ünvan 1 ünvanında yerləşən qaz sayğacı üzrə əsassız tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktın etibarsız hesab edilməsi, həmin akta əsasən hesablanmış cərimə borcunun silinməsi və hazıradək borc məbləği üzrə hesabından tutulmuş məbləğin geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə1 xx.xx.2023-cü il tarixdə iddia ərizəsinə etiraz verərək iddianın əsassız olduğunu bildirərək rədd olunmasını xahiş edir. Etiraz onunla əsaslandırılmışdır ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən istehlakçıya məxsus **********00010 saylı abonent kodu verilmiş yaşayış evinə quraşdırılmış **********853 sayğac çıxarılaraq yoxlanılması üçün Cavabdeh İB-nin Metrologiya Departamentinin laboratoriyasına göndərilmişdir. Həmin sayğac laboratoriyada yoxlanılmış, “Qaz sayğacının yoxlanılması barədə” 29/1710-00530-1 saylı Akta əsasən “sayğacın hesablama mexanizminin qapağı yan tərəfindən əzilib və daxili qulaqcıqlarından əzik-cızıq izləri var, qaz itkisi, müdaxilə” barədə rəy verilmişdir. Həmin faktla bağlı xx.xx.2023-cü il tarixli, ******* saylı “Təbii X2nın pozulması haqqında” Akt tərtib edilmiş, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunmasına dair tələbnamə müvafiq komissiya tərəfindən təsdiq edilərək qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli tələbnaməyə əsasən hesablanmış dəymiş ziyanın həcmi 8640 m3 təşkil etmişdir. Hesablanmış 1036,8 manat məbləğində dəymiş ziyan 2023-cü ilin mart ayından abonentin koduna yerləşdirilmişdir. Məhkəmənin nəzərinə çatdırmışdır, qaz sayğacına müdaxilə etməklə təbii qazın hesabatının düzgün aparılmamasına nail olunmasında İddiaçıdan başqa heç kimin marağında ola bilməz. Göründüyü kimi iddiaçı qanunazidd, təqsirli hərəkət etməklə, yəni sayğaca müdaxilə etməklə təbii qazın dəqiq hesabatının aparılmasını əngəlləmişdir. İddiaçının təqsirli hərəkətləri nəticəsində itirilmiş qazın bərpasının hüquqi əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “X2”nın 1.3-cü bəndinə uyğun olaraq bağlanmış qazın alğı-satqı barədə müqavilənin 2.2.6-cı bəndi İstehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi çıxış etsə də, iddiaçının ərizəsində qeyd olunan qanunvericiliyə əsaslanan hesablanmış zərərin əvəzi kimi ona yazılmış borc məbləğinin silinməsinin hər hansı hüquqi əsası yoxdur. **********00010 saylı abonent koduna hesablanaraq vurulmuş məbləğ sayğacın düzgün işləməməsi, sıradan çıxarılması, yəni iddiaçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Bu hal tərəflər, yəni iddiaçı və cavabdeh arasında imzalanmış müqavilədə də öz əksini tapmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında bildirmişdir ki, **********00010 abonent kodu üzrə təbii qazdan istifadə ilə bağlı sayğac yaşayış sahəsindən kənarda, yəni yaşayış binasının blokunun qarşısında quraşdırılmışdır. Cavabdehin əməkdaşları mütəmadi olaraq sayğaca baxış keçirmiş və istifadə edilmiş təbii qazın sayğacın göstəricisi üzrə həcminə uyğun olaraq borcu hesablamışlar. Sayğac 2022ci ilin yanvar ayında dəyişdirilmişdir və həmin vaxt əməkdaşlar tərəfindən ona sayğacda əzik və ya cızıq izlərinin olması barədə məlumat verilməmişdir. Həmin akt əsassız olaraq tərtib olunmuş və ona borc hesablanmışdır. Həmçinin həmin borca görə təbii qazdan istifadə məqsədilə “smart” tipli sayğaca dair karta mədaxil edilmiş məbləğdən silinmişdir. Göstərilənlərə əsasən iddianın təmin olunmasını, aktın etibarsız hesab edilərək, ona hesablanmış borc məbləğinin silinməsini, hazıradək tutulmuş məbləğin geri qaytarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, cavabdehin etirazını, etiraza əlavə edilmiş sübutları, iş materiallarını araşdırıb və iş üzrə toplanmış digər sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: - “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, Cavabdeh İB-in əməkdaşları tərəfindən ünvan 3 ünvanında qaz sayğacına baxış keçirilmiş və 10567544 nömrəli mexaniki tipli sayğac STS**********853 nömrəli “smart” tipli sayğacla əvəzlənmişdir. Quraşdırılan qaz sayğacı texniki qaydalara cavab vermiş və abonentə təhvil verilmişdir. Yeni sayğacın quraşdırılma səbəbi köhnə sayğacın istismar müddətinin bitməsi göstərilmişdir. Akt istehlakçı İddiaçı tərəfindən imzalanmışdır. Aktda sayğaca müdaxilə və ya cızıq izlərinin aşkar edilməsi barədə qeydiyyatın aparılması müəyyən edilmir. - Cavabdeh İB-in xx.xx.2022-ci ildə dövlət yoxlamasına gətirilmiş difraqma tipli qaz sayğaclarına baxış keçirilməsi barədə xx.xx.2022-ci il tarixli MSK 29/1710-00530-1 nömrəli aktın surətindən görünür ki, zavod nömrəsi 10567544 olan G-4 markalı sayğacın müayinəsi zamanı sayğacın hesablama mexanizminin qapağının yan tərəfində əzik və daxili qulaqcıqlarında əzik və cızıq izləri müəyyən edilmişdir. - “Təbii X2nın pozulması” haqqında xx.xx.2023-cü il tarixli, ******* saylı aktın surətindən görünür ki, Yasamal rayonu, Z.Adıgözəlov küçəsi, ev 128, mənzil 1 ünvanında yaşayan, abunə kodu **********00010 olan abonentin 10567544 nömrəli sayğacında hesablama mexanizminin qapağının yan tərəfində əzik və daxili qulaqcıqlarında əzik və cızıq izləri aşkar edilmiş, dəymiş ziyanın hesablanaraq ödənilməsi göstərilmişdir. Akt Cavabdeh İB-nin əməkdaşları tərəfindən imzalanmasına baxmayaraq, istehlakçı İddiaçı tərəfindən imzalanmamış və bunun səbəbi onun aktı imzalamaqdan imtina etməsi göstərilmişdir. - Cavabdeh İB İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, istehlakçı İddiaçı barəsində xx.xx.2023-cü il tarixli, ******* saylı və xx.xx.2023-cü il tarixli 29/1710-00530-1 nömrəli aktlar əsasında itirilmiş qazın bərpası məqsədilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra edilməsi müəyyən edilmişdir. Tələbnamədə dəymiş ziyanın bərpasına əsas AR Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “X2”nın 1.3-cü bəndinə uyğun olaraq bağlanılmış qazın alğı-satqısı barədə müqavilənin 2.2.6-cı bəndinin (İstehlakçının hərəkətləri (hərəkətsizliyi), habelə müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini istehlakçıdan tələb etmək) tələbi göstərilmişdir. Həmçinin tələbnamə ilə qaz sayğacının nominal qaz sərfi 4 m3, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabatın aparılması və hesablanmış məbləğin ödənilməsi müəyyən edilmişdir. Aparılmış hesabat əsasında dəymiş ziyanın həcmi, yəni itirilmiş qazın həcmi 8640 m3 (4 x 24 x 90=8640) hesablanmışdır. - xx.xx.2023-cü il tarixli abonentin saldosuna əsasən müəyyən edilir ki, abonent kodu **********00010 olan İddiaçı 2023-cü ilin mart ayı üzrə aktlara görə 1036,8 manat borc yazılmışdır. Həmçinin müəyyən edilir ki, mənzildə istifadə olunan cihaz olaraq 4 gözlü qaz pilitələri və tutumlu adi kalonkalar qeydə alınmışdır. - Cavabdeh İB-in sorğuya cavab olaraq xx.xx.2024-cü il tarixli məktubuna əsasən müəyyən olunur ki, Yasamal rayonu, Z.Adıgözəlov küçəsi, ev 128, mənzil 1 ünvanında yaşayan, İddiaçı **********00010 nömrəli istehlakçı hesabına xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt tərtib edilərək 1036,8 manat dəymiş zərər hesablanaraq əlavə edilmişdir. 2023-cü il ərzində X1 Sistemi üzrə istehlakçı 697 manat ödəniş etmiş, həmin ödənişdən 147,5 manat vəsait xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt üzrə yazılmış 1036,8 manat cərimə əsasında tutulmuşdur. xx.xx.2023-cü il tarixə İddiaçı 889,3 manat məbləğində borcu mövcuddur. Qeyd olunan saldo vərəqəsindən həmçinin müəyyən edilir ki, həmin saldo çıxarışı abonentin 2010-2023 illər ərzindən aylar üzrə qaz sərfiyyatına dair və hesablanmış borclara dair məlumatları özündə əks etdirir. Saldoda qeyd olunmuş məlumatlar müqayisəli şəkildə məhkəmə tərəfindən təhlil edildikdə müəyyən edilir ki, abonentin 2020- 2023-cü il dövr ərzində ən yüksək qaz sərfiyyatı 2021-ci ilin yanvar ayında qeydə alınmışdır ki, həmin vaxt qaz sərfiyyatının həcmi 1100 m3 təşkil etmişdir. Bundan başqa illər üzrə abonentin payız-qış aylarında təbii qaz sərfiyyatı 500-700 m3 aralığında, yaz-yay aylarında isə 30-70 m3 aralığında dəyişmişdir. xx.xx.2022-ci il tarixdə abonentə məxsus mənzildə yeni **********853 nömrəli sayğac quraşdırılmış və itirilmiş qaz sərfiyyatına görə ona akta əsasən hesablanmış 8640 m3 görə 1036,8 manat borc qeydə alınmışdır. Yeni sayğac quraşdırıldıqdan sonra 2023-cü ilin may-oktyabr ayları üzrə təbii qaz sərfiyyatı 33- 87 m3 aralığında dəyişir. Beləliklə, abonentin saldosu və “digər sənədlərdən görünür ki, cavabdehin əməkdaşları tərəfindən aylar üzrə sayğac göstəricilərinə baxış keçirilməsi təmin edilmiş və müvafiq təbbi qazdan sərfiyyatın həcmi ilə bağlı qeydiyyat aparılmışdır. Məhkəmə qeyd edir ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 17-ci maddəsinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 21.1-ci maddəsində göstərilir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 8-ci bəndində qeyd edilir ki, bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 13-cü maddəsinin 8-1-ci bəndində qeyd edilir ki, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş X2 ilə tənzimlənir. Həmin Qanunun 13-cü maddəsinin 9-cu bəndində qeyd edilir ki, məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qanunun 21-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Müvafiq icra hakimiyyəti orqanı qanunvericiliklə müəyyən olunmuş hallarda cərimələr tətbiq edə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X2”nın 1.2-ci bəndinə əsasən qaz paylayıcısı - alğı-satqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanılmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikasının Qaz İstismar Xidmətidir. Həmin Qaydaların 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təmin edilməsi qazın alğı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Qaz paylayıcısı və istehlakçının bu qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti, həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alğı-satqı müqaviləsində göstərilir. Qazın alğı-satqı müqaviləsi bu Qaydalara əlavə edilmiş formaya uyğun bağlanılmalıdır. Həmin Qaydaların 1.4-cü bəndinə əsasən istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Məhkəmə əvvəla qeyd edir ki, qanunvericiliyin yuxarıda göstərilən tələblərindən göründüyü kimi, Cavabdeh İB tərəfindən istehlakçıya, o cümlədən əhaliyə qazın satılması, fərdi qaydada bağlanan alğı-satqı müqaviləsi əsasında həyata keçirilir və bu münasibətlər öz xarakterinə görə mülki münasibətlərdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, 2022ci ilin yanvar ayında iddiaçıya məxsus mənzilə quraşdırılmış qaz sayğacı yenisi ilə əvəz edilmişdir. xx.xx.2022-ci il tarixli MSK 29/1710-00530-1 nömrəli akta əsasən xx.xx.2022-ci il tarixdə əhali sektorunda istismarda olan BRQS Departamentindən Metrologiya Departamentinə gətirilmiş iddiaçıya məxsus sayğaca baxış keçirilmiş və zavod nömrəsi 10567544 olan G-4 markalı mexaniki tipli sayğacın müayinəsi zamanı sayğacın hesablama mexanizminin qapağının yan tərəfində əzik və daxili qulaqcıqlarında əzik və cızıq izləri aşkar olunmuşdur. Daha sonra həmin rəyə əsasən “Təbii X2nın pozulması” haqqında xx.xx.2023-cü il tarixli, ******* saylı akt tərtib edilmişdir. Aktla dəymiş ziyanın hesablanaraq ödənilməsi nəzərdə tutulmuşdur. Qeyd olunan akt Cavabdeh İB-nin əməkdaşları tərəfindən imzalanmasına baxmayaraq, istehlakçı İddiaçı tərəfindən imzalanmamış və bunun səbəbi onun aktı imzalamaqdan imtina etməsi göstərilmişdir. Bundan sonra akta əsasən Cavabdeh İB-nin İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası tərəfindən xx.xx.2023-cü il tarixli tələbnamə verilmişdir. Tələbnamə ilə qaz sayğacının nominal qaz sərfi 4 m3, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabatın aparılması və hesablanmış məbləğin ödənilməsi müəyyən edilmişdir. Aparılmış hesabat əsasında dəymiş ziyanın həcmi, yəni itirilmiş qazın həcmi 8640 m3 (4 x 24 x 90=12960), borc məbləği isə 1036,8 manat hesablanmışdır. Bundan sonra iddiaçı “smart” tipli sayğac üzrə abonent kartına təbii qazdan istifadə məqsədilə ödənişlər etmiş və həmin ödənişlər xx.xx.2023-cü il tarixli akt üzrə hesablanmış borca (maddi ziyan) tutulmuşdur. Cavabdeh tərəfindən təqdim edilmiş sorğuya cavaba əsasən müəyyən edilir ki, iddiaçının **********00010 abonent kodu üzrə edilmiş ödənişlərindən cəmi 147,5 manat akt üzrə hesablanmış borca tutulmuşdur. Hazırda isə akt üzrə hesablanmış borcdan 889,3 manat məbləğində borcu mövcuddur. Hazıra iddiaçı barəsində cavabdeh tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli ******* saylı aktın etibarsız hesab edilməsini, həmin akt əsasında hesablanmış borcun silinməsini və cavabdeh tərəfindən onun hesabından həmin borca tutulmaların əvəzinin cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir. Cavabdeh isə iddia tələbinə etiraz edərək, xx.xx.2022-ci il tarixli, MSK 29/1710- 00530-1 nömrəli rəyə əsasən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* saylı aktın qanuni və əsaslı olmasını, iddiaçının sayğaca müdaxilə etməsi ilə bağlı qanunazidd hərəkətləri nəticəsində dəymiş ziyanın əvəzi olaraq, yəni itirilmiş qazın həcminin 8640 m3 (4 x 24 x 90=8640) və borc məbləğinin isə 1036,8 manat hesablanmasını bildirmişdir. Cavabdeh həmçinin iddiaçıya məxsus mənzilə quraşdırılmış sayğaca müdaxilənin ondan başqa heç kimin marağında olmamasına və bununla da iddiaçının əsassız varlanmağa çalışmasına istinad edərək iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddia tələbi əsaslı olmaqla təmin edilməlidir. Belə ki, yuxarıda sadalanan qanunvericilik normalarından göründüyü kimi, yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə abonent cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan cavabdeh özü daşıyır. Cavabdeh tərəf qaz sayğacına abonent tərəfindən müdaxilə edilməsini qeyd etsə də, həmin faktı təsdiq edən mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. Bütün bunlar isə cavabdeh tərəfindən mülki hüquqdan sui-istifadədir. İddiaçının abonent koduna hesablanmış itirilmiş qazın dəyərinə görə 1036,8 manat borc iddiaçının qanunla qorunan hüquqlarını pozur. İddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əlavə pul hesablanması yolverilməzdir. Məhkəmə hesab edir ki, abonentin təqsirli hərəkəti (hərəkətsizliyi) sübuta yetirilmədən akt tərtib edilməsi və bununla da əsassız olaraq itirilmiş qazın bərpası məqsədilə abonentin hesabına 8640 m3 həcmində, 1036,8 manat məbləğində borc daxil edilməsi qanunsuz və əsassız olmuşdur. Belə ki, “X2”nın yuxarıda qeyd edilən normalarından da göründüyü kimi, iddiaçının yaşadığı ünvana mənzildən kənarda quraşdırılan qaz sayğacının işlək vəziyyətdə saxlanılması üçün cavabdehlik qaz paylayıcının, yəni Cavabdeh İB-nin üzərinə düşür. Həmçinin, təbii X2nın pozulması barədə müəyyən edilmiş formada tərtib edilməsi nəzərdə tutulmuş aktda həm aktı tərtib edən cavabdehin əməkdaşlarının, həm də istehlakçının iştirakı nəzərdə tutulmuşdursa, mütləq qaydada istehlakçının iştirakı təmin edilməli, akt hər iki tərəfin iştirakı qaydasında tərtib edilməlidir. Əks halda, aktda qeyd edilən pozuntu hallarının həqiqətən də baş verməsi və yaxud istehlakçı tərəfindən edilməsi halları ciddi şübhə doğurur. Hazırkı mülki işdə isə, məhkəmə tərəfindən müəyyən edilir ki, iddiaçıya məxsus mənzildə əvvəldən mövcud olan 10567544 nömrəli sayğac **********853 nömrəli sayğacla əvəzlənmiş və buna dair xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt tərtib edilmişdir. Qeyd olunan aktda istehlakçı olaraq İddiaçı iştirakı təmin edilməklə sayğaca müdaxilə və ya cızıq izlərinin aşkar edilməsi barədə qeydiyyat aparılmamış, əvəzetmənin səbəbi kimi sayğacın istismar müddətinin bitməsi qeyd edilmişdir. Akt istehlakçı İddiaçı tərəfindən imzalanmışdır. Belə olan halda, sonradan guya xx.xx.2022-ci il tarixli, MSK 29/1710- 00530-1 nömrəli rəyə əsasən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* saylı aktı istehlakçının imza etməkdən imtina etməsi inandırıcı deyildir və bu hal məhkəmədə kifayət qədər şübhə doğurur. Bundan başqa, iş materialları ilə müəyyən edilmişdir ki, fiziki şəxs olan iddiaçının ünvanında qaz sayğacı evdən kənarda quraşdırılmış, həmin sayğaca cavabdeh təşkilatın əməkdaşlarının sərbəst şəkildə nəzarət imkanı olmuşdur. Bu abonentin saldo vərəqəsi və digər iş materialları ilə təsdiq olunur. Belə ki, iş materiallarında olan abonentin saldo vərəqəsi və digər iş materiallarından cavabdehin əməkdaşları tərəfindən aylar üzrə sayğac göstəricilərinə baxış keçirilməsinin təmin edilməsi və müvafiq təbii qazdan sərfiyyatın həcmi ilə bağlı qeydiyyat aparılması aşkar görünür. Mübahisəli borc isə üç aylıq dövr üçün sayğacın yararsız olması səbəbindən yazılmışdır və 2023-cü ilin aprel ayında sistemə daxil edilmişdir. Halbuki abonentin sərfiyyatı həm əvvəlki dövrdə, həm də sayğac dəyişəndən sonra olduqca aşağıdır. Ona görə də məhkəmə hesab edir ki, hesablanmış borc kifayət qədər şişirdilmişdir, həmçinin cavabdehin özünün nasazlığı vaxtında aşkar etmək imkanı olmuşdur. Odur ki, məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan qanunvericilik normalarına əsasən evdən kənarda quraşdırılan təbii qaz sərfiyyatını ölçən cihazların işlək vəziyyətdə saxlanılmasına, o cümlədən üzərindəki plombların toxunulmazlığına Cavabdeh İB-nin özü cavabdehlik daşıdığından, buna baxmayaraq sayğacın nasazlığına görə iddiaçının təqsirinin olması sübuta yetirilmədən əlavə sərfiyat üzrə ona borc hesablanması qanunsuz olmuşdur. Çünki işçi vəziyyətdə saxlanılmasına görə istehsalat birliyinin məsuliyyət daşıdığı sayğacda aşkar edilmiş qüsurların məhz istehlakçı – İddiaçı tərəfindən yol verilmiş qanun pozuntuları nəticəsində baş verməsinə dair hər hansı sübut "Azəriqaz” İstehsalat Birliyi tərəfindən məhkəməyə təqdim edilməmişdir. Sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən müdaxilə olunub-olunmaması iş materialları ilə müəyyən edilmir. Digər tərəfdən aşkar edilmiş qüsurun məhz iddiaçının hərəkətləri nəticəsində baş verməsi də yoxlama zamanı müəyyən olunmamışdır. Cavabdeh Birliyin əməkdaşları tərəfindən sayğac çıxarılarkən tərtib olunan aktda sayğacın qüsurlu olması deyil, istismar müddəti bitdiyindən əvəzetmə səbəbindən quraşdırıldığı qeyd edilmişdir. Yəni sayğacda qüsurun olması faktı müəyyən edilsə də, həmin qüsurun baş verməsində iddiaçının təqsirli olması ehtimal xarakter daşıyır və bu halları təsdiq edən kifayət qədər sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli ******* saylı aktda qeyd edilən pozuntuların törədilməsində iddiaçının təqsiri sübut olunmadığından cavabdehin hesabladığı borcun iddiaçıdan tələb etməsi əsassızdır. Buna baxmayaraq, cavabdeh tərəfindən təqdim edilmiş məktubdan müəyyən edilmişdir ki, cavabdeh İB tərəfindən iddiaçının təbii qazdan istifadə ilə bağlı **********00010 abonent kodu üzrə istifadəçi kartına mədaxil edilmiş məbləğdən ******* saylı, xx.xx.2023-cü il tarixli akta əsasən hesablanmış borca tutulmuşdur. Məhkəmə qeyd edir ki, ******* saylı, xx.xx.2023-cü il tarixli akt etibarsız hesab edildiyindən cavabdeh həmin akta əsasən iddiaçıdan pul tutmaqla əsassız olaraq varlanmışdır. Buna görə də, iddiaçıdan akta əsaslanaraq tutulmuş 147,5 manat məbləğində pul cavabdehdən tutularaq ona ödənilməlidir. Qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İB-in “Təbii X2nın pozulması haqqında” ******* saylı, xx.xx.2023-cü il tarixli aktı etibarsız hesab edilməli və həmin aktın əsasında Bakı şəhəri, Yasamal rayonu, Z.Adıgözəlov küçəsi, ev 128, 1 saylı mənzilin təbii qazla təchiz edilməsi ilə əlaqədar **********00010 abonent kodu üzrə dəymiş zərərin əvəzi olaraq hesablanmış 1036,80 manat borc məbləğindən qalıq qalmış 889,3 (səkkiz yüz səksən doqquz manat otuz qəpik) manat borc silinməli və akt əsasında İddiaçı tutulmuş 147,5 (yüz qırx yeddi manat əlli qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh İB-dən tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, istehlakçıların müdafiəsi haqqında qanuna əsasən iddiaçı dövlət rüsumu ödəməkdən azad olduğu üçün və iddia tələbi təmin olunduğu üçün, cavabdehdən dövlət rüsumunun əvəzi olaraq 30,36 manat dövlət nəfinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İB tərəfindən tərtib edilmiş “Təbii X2nın pozulması haqqında” ******* saylı, xx.xx.2023-cü il tarixli aktı etibarsız hesab edilsin. Akt əsasında Bakı şəhəri, Yasamal rayonu, Z.Adıgözəlov küçəsi, ev 128, 1 saylı mənzilin təbii qazla təchiz edilməsi ilə əlaqədar **********00010 abonent kodu üzrə dəymiş zərərin əvəzi olaraq hesablanmış 1036,80 manat borc məbləğindən qalıq qalmış 889,3 (səkkiz yüz səksən doqquz manat otuz qəpik) manat borc silinsin və akt əsasında İddiaçı tutulmuş 147,5 (yüz qırx yeddi manat əlli qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh İB-dən tutularaq İddiaçı ödənilsin. Cavabdehndən 30,36 (otuz manat otuz altı qəpik) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar