Məhkəmə qərarları › İş №2(004)-464/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-464/2024

09.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-464/2024 09.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “suyun verilməsinin bərpa edilməsi və yaşayış və qeyriyaşayış sahəsinə aid yeni abonent müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “suyun verilməsinin bərpa edilməsi və yaşayış və qeyriyaşayış sahəsinə aid yeni abonent müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC Bakı şəhəri, Nərimanov rayonu, X6 küçəsi, ev 98B ünvanında yerləşən qeyri-yaşayış sahəsinə aid 19243542 / 093803 nömrəli abonent kodu üzrə keçmiş abonent X3 hesablanmış 4775,10 (dörd min yeddi yüz yetmiş beş manat 10 qəpik) manat borcun İddiaçı tələb edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, X6 küçəsi, ev 98b ünvanında yerləşən qeyri-yaşayış sahəsi 2015-ci il tarixə kimi, anası X5 məxsus olub, daha sonra xx.xx.2015-ci il tarixdən ƏMDK yanında DƏDRX-nin ******* №-li çıxarışına əsasən tam onun mülkiyyətinə keçib. Belə ki, anası, təxmini 11 il öncə qeyd olunun qeyri-yaşayış sahəsini X3 icarəyə vermişdir. Həmin Rafiq qeyri-yaşayış sahəsini 3 il müddətində uşaq bağçası kimi işlədib. Daha sonra çıxıb və başqa şəxslər icarəyə götürüb işlədiblər. Rafiq işlətdiyi dövrdə onların xəbəri olmadan Cavabdeh ASC ilə müqavilə bağlayaraq abonentçi olub. Lakin, sayğac olmayıb və hər ay ərazi üzrə Cavabdeh ASC-nin nümayəndəsi gəlib su pulunu nağd şəkildə alıb. Bundan sonra 2021ci ilin dekabr ayında o, Nərimanov rayon Sukanalı İdarəsinə müraciət edərək qeyd olunan qeyriyaşayış sahəsinə su sayğacı quraşdırılmasını xahiş etmişdir. Müraciət etdikdə ona dedilər ki, həmin qeyri-yaşayış sahəsinin abonentçisi X2 9775,10 manat ödənilməmiş borcu mövcuddur. Lakin, buna baxmayaraq onun müraciətini qəbul etdilər və 2022-ci ilin yanvar ayında su sayğacı quraşdırdılar və abonentçi X4 olduğundan sayğacı onun adına rəsmiləşdirdilər. Sayğacı quraşdırdıqdan sonra sayğaca pul yüklədikdə 70%-i borca silinir və 30%-i sayğaca yüklənir. Göründüyü kimi, X2 adına olan borc məbləğini qanunsuz olaraq ondan tutulur. Belə ki, Rafiq demək olar ki, 2015-ci il tarixə kimi həmin obyekti işlədib və ondan sonra başqa şəxslər işlədib. Əgər bu borc o vaxtdan varsa niyə onlara borc barədə rəsmi bildiriş göndərilməyib ki, o da bilsin və bu borc məsələsini Rafiqlə həll etsin. Əgər o, yeni sayğacla bağlı müraciət etməsəydi, bundan sonra da illərlə borc qalaraq və üzərinə penyalarda yığılacaqdır. Yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, Cavabdeh ASC-nin onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X6 küçəsi, ev 98b ünvanında yerləşən qeyri-yaşayış sahəsinə hesabladığı borc X1 tələb olunmalıdır. Belə ki, mülkiyyətçi o, olmağına baxmayaraq, Cavabdeh ASC X4 ilə abonentçi müqaviləsi bağladığından hesablanmış borcuda məhkəmə qaydasında ondan tələb etməlidir. İşə məhkəmədə baxılan zaman İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri, Nərimanov rayonu, X6 küçəsi, ev 98B ünvanında yerləşən yaşayış və qeyri-yaşayış sahəsinə suyun verilməsinin bərpa edilməsi və Bakı şəhəri, Nərimanov rayonu, X6 küçəsi, ev 98B ünvanında yerləşən yaşayış və qeyri-yaşayış sahəsinə aid yeni abonent müqaviləsinin cavabdeh "Azərsu” ASC ilə onun arasında bağlanması öhdəliyinin Cavabdeh ASCnin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmiş və izahatında bildirmişdir ki, əvvəlki dövrə aid borc müəyyən edilmişdir, Cavabdeh ASC-yə müraciət edərək yeni sayğacın quraşdırılmasını tələb etmiş, ona köhnə abonentçiyə aid borcun olduğunu bildirmişlər. Sayğacı quraşdırdıqdan sonra sayğaca pul yüklədikdə 70%-i borca silinir və 30%-i sayğaca yüklənir. Göründüyü kimi, X2 adına olan borc məbləğini qanunsuz olaraq ondan tutulur. Belə ki, X4 icarə müqaviləsi əsasında o ünvanda icarədar olmuş və onunla cavabdeh arasında müqavilə bağlanmışdır. R.Hacıyevdən sonra da, orada başqa icarədarlar olmuş və hamısı ilə rəsmi müqavilə bağlanmışdır. Lakin hazırda cavabdeh mülkiyyətçi olaraq onunla müqavilə bağlamaqdan imtina edir. Əsas isə əvvəlki icarədarların borcunun olmasıdır. Bu səbəbdən suyun verilməsidə dayandırılmışdır. Hesab edir ki, əvvəlki icarədarlarla bağlanılmış müqavilə üzrə borcların hazırda ondan tələb edilməsi və bu səbəblə də onunla müqavilə bağlanılmaqdan və sayğacın onun adına keşirilməsindən imtina edilməsi əsassız olmaqla yanaşı qanunsuzdur. Əgər mövcud borc varsa cavabdehin həmin şəxslərə qarşı iddia qaldırmaq hüququ vardır. Odur ki, məhkəmədən hesablanmış borcun ondan tələb edilməməsi və yeni abonent müqaviləsinin Cavabdeh ASC ilə onun arasında bağlanması öhdəliyinin Cavabdeh ASC-nin üzərinə qoyulmasını iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçı tərəfindən bundan əvvəl də borcla bağlı məhkəməyə müraciət etsə də, məhkəmə tərəfindən onun iddiası təmin olunmamışdır. Mübahisəli ünvanda yerləşən əmlakın mülkiyyətçisi iddiaçı olsa da, həmin ünvana dair X4 ilə xidmət müqaviləsi bağlanılmış və onun adına da hesab açılmışdır. Əvvəlki illərdə sayğac olmamış, lakin ödənişlər adam başı hesablanmaqla qəbul edilmişdir. Mövcud borcdan da, 465 manat borc əvvəlki abunəçi Rafiqin borcu olmuş, qalan borclar isə sonrakı dövrü əhatə etmişdir. Onlarda mükiyyətçi ilə icarədarlar arasında rəsmi müqavilənin olması barədə məlumat olmamışdır. Daha sonra iddiaçı sayğacın quraşdırılması və onunla müqavilə bağlanılması üçün müraciət etmiş, həmin ünvana sayğacın quraşdırılması təmin edilsə də, borc mövcud olduğundan onunla müqavilə bağlanılmasından imtina edilmiş və bütün borc ödənildikdən sonra yeni müqavilənin bağlanılaraq sayğacın iddiaçının adına keçirilməsi barədə məlumat verilmişdir. Odur ki, məhkəmədən iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X6 küçəsi, ev 98B ünvanında yerləşən mənzil xx.xx.2015-ci il tarixdən ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına qeydiyyata alınmışdır. - İddiaçı ilə X7 arasında bağlanmış 01 oktyabr 2020-ci il tarixli icarə müqaviləsinə əsasən o, Bakı şəhəri, Nərimanov rayonu, X6 küçəsi, ev 98B ünvanında yerləşən evini icarəçiyə əvəzsiz istifadə üçün icarəyə vermişdir. - Kodu **********002 olan Asya Məmişevanın adına olan abonentin kartından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X6 küçəsi, ev 98B saylı ünvan üzrə 2020-2021-ci il tarixləri üzrə 813 (səkkiz yüz on üç) manat borc məbləği hesablanmışdır. - Abonent haqqında məlumata əsasən X4 ilə Cavabdeh ASC arasında xx.xx.2002-ci il tarixdə müqavilə bağlanmış və 2022-ci il üzrə 9615 manat borc hesablanmışdır. - Cavabdeh ASC-nin Nərimanov rayon Sukanal İdarəsinin rəisi Zaur Hüseynovun Cavabdeh ASC-nin sədrinin birinci müavini Teyyub Cabbarova ünvanladığı xx.xx.2021-ci il tarixli borcun silinməsi barədə məktuba əsasən ünvan fəaliyyət göstərmədiyi halda abonentə borc hesablanmışdır. Abonentin işıq kodu (**********3098V), qazın kodu (**********20010). Qeyd olunanları nəzərə alaraq yaranmış əlavə borcun abonentin hesabından silinməsi xahiş olunmuşdur. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Azərbaycan Respublikasının Su Məcəlləsinin 98-ci maddəsinə əsasən sudan istifadə haqqı müəyyən edilərkən istifadə edilən suyun qiyməti əsas götürülür. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği suölçən cihazların göstəricilərinə görə verilən suyun həcminin və ya obyektlərdən axıdılan tullantı sularının miqdarının uçotuna və müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydalara əsasən hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydaları”nın 6.4-cü bəndinə əsasən yaşayış binasının girişində və pilləkən qəfəslərində quraşdırılmış suölçən cihazların işlək vəziyyətdə saxlanmasına, o cümlədən üzərindəki plombların toxunulmazlığına su təchizatı və kanalizasiya müəssisəsi, mənzillərdə, fərdi yaşayış evlərində və həyətyanı sahələrdə quraşdırılmış suölçən cihazların işlək vəziyyətdə saxlanmasına o cümlədən üzərindəki plombların toxunulmazlığına isə cavabdehlik daşıyır. Həmin Qərarın 8.4-cü bəndinə əsasən su ilə təchiz olunmuş obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirildikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirildiyi günədək sudan istifadəyə görə olan borcunu ödəməli, STKM-dən borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Yeni mülkiyyətçi (istifadəçi) yeni müqavilənin bağlanılması üçün STKM-ə 10 (on) iş günü müddətində yazılı müraciət etməlidir. Yazılı müraciət daxil olduğu gündən 3 (üç) iş günü müddətində yeni mülkiyyətçi (istifadəçi) ilə STKM arasında müqavilə bağlanılmalıdır. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, Bakı şəhəri, Nərimanov rayonu, X6 küçəsi, ev 98b ünvanında yerləşən qeyri-yaşayış sahəsi 2015-ci il tarixə kimi X5 məxsus olmuş və o, qeyd olunun qeyri-yaşayış sahəsini X3 icarəyə vermişdir. Eyni zamanda icarəçi X4 Cavabdeh ASC ilə xx.xx.2002-ci il tarixdə müqavilə bağlamış və onun adına 2022-ci il üzrə 9615 manat borc hesablanmışdır. X4 qeyri-yaşayış sahəsini 3 il müddətində 2015-ci il tarixədək uşaq bağçası kimi işlətmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X6 küçəsi, ev 98B ünvanında yerləşən mənzil xx.xx.2015-ci il tarixdən ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına qeydiyyata alınmışdır. İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, X6 küçəsi, ev 98b ünvanında yerləşən qeyri-yaşayış sahəsinə sayğacın quraşdırılmasını Cavabdeh ASC-dən xahiş etmişdir, lakin ona bildirilmişdir ki, qeyri-yaşayış sahəsinin abonentçisi X2 9775,10 manat ödənilməmiş borcu mövcuddur. Daha sonra cavabdeh tərəfindən iddiaçınnı müraciəti əsasənda borcun bir qismi silinmişdir. Hazırda isə iddiaçı Bakı şəhəri, Nərimanov rayonu, X6 küçəsi, ev 98B ünvanında yerləşən yaşayış və qeyri-yaşayış sahəsinə suyun verilməsinin bərpa edilməsini və Bakı şəhəri, Nərimanov rayonu, X6 küçəsi, ev 98B ünvanında yerləşən yaşayış və qeyri-yaşayış sahəsinə aid yeni abonent müqaviləsinin cavabdeh "Azərsu” ASC ilə onun arasında bağlanması öhdəliyinin Cavabdeh ASC-nin üzərinə qoyulmasını xahiş edir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, Bakı şəhəri, Nərimanov rayonu, X6 küçəsi, ev 98B ünvanında yerləşən mənzil hazırda iddiaçının mülkiyyətində olsa da, müvafiq ünvana dair vaxtı ilə icarəçi olmuş, X4 ilə Cavabdeh ASC arasında su təhcizatına dair müqavilə bağlanılmış və hazırda da, həmin ünvan üzrə sayğac R.Hacıyevin adında olmaqla, ona köhnə dövrlər üçün 4775,10 manat məbləğində borc hesablanmış, ünvan üzrə borc mövcud olduğundan da, iddiaçı ilə müqavilə bağlanılmasından imtina edilmişdir. Eyni zamanda işin halları ilə, İddiaçı ilə X7 arasında bağlanmış 01 oktyabr 2020-ci il tarixli icarə müqaviləsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, X6 küçəsi, ev 98B ünvanında yerləşən evini icarəçiyə əvəzsiz istifadə üçün icarəyə verilməsi də müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, borc mövcud olduğu təqdirdə cavabdeh tərəfindən hesablanmış borc əvvəlki abonentçidən tələb edilməli olduğundan hazırki iddia tələbi əsaslı olaraq təmin edilməli, ünvan 3 ünvanında yerləşən yaşayış və qeyri-yaşayış sahəsinə aid İddiaçı ilə Cavabdeh ASC arasında yeni abonent müqaviləsinin bağlanması öhdəliyi Cavabdeh ASC-nin üzərinə qoyulmaqla, həmin ünvana suyun verilməsi Cavabdeh ASC tərəfindən bərpa edilməlidir. Məhkəmə bu qənaətə gələrkən onu da, qeyd etməyi zəruri hesab edir ki, mübahisəli ünvan üzrə borcun mövcud olması, mülkiyyətçi ilə yeni müqavilə bağlanılmasından imtina edilməsi üçün əsas ola bilməz. Məhkəmə hesab edir ki, müqavilə tərəflərindən birinin öz öhdəliklərini icra etməməsi nəticəsində borcun yaranması, digər tərəfə mövcud borcun tələb edilməsi ilə iddia qaldırmaq hüququnu verir. Məhkəmə onu da, qeyd edir ki, mübahisəli ünvan üzrə ödənilməmiş borcun mövcud olması, mövcud borcun məbləği və əsaslı olub-olmaması hazırda iddia tələbi üzrə mübahisə predmeti olmadığından, məhkəmə həmin halalrın müzakirəsini məqsədə müvafiq hesab ertmir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə olduğu halda məhkəmə hesab edir ki, əsassız hesablanmış 396 manat borcun silinməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübuutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. ünvan 3 ünvanında yerləşən yaşayış və qeyri-yaşayış sahəsinə aid İddiaçı ilə Cavabdeh ASC arasında yeni abonent müqaviləsinin bağlanması öhdəliyi Cavabdeh ASC-nin üzərinə qoyulmaqla, həmin ünvana suyun verilməsi Cavabdeh ASC tərəfindən bərpa edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar