Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4642/2021 19.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi X2 oğlunun katibliyi İddiaçının nümayəndəsi və vəkili Vəkil İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “evdən çıxarılma və maddi zərər, əldən çıxmış fayda” tələbinə dair mülki işə Yasamal rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin ona məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılaraq evin boşaldılıb iddiaçıya təhvil verilməsi, elektrik enerjisindən istifadəyə görə 2325,12 manat, sudan istifadəyə görə 669,86 manat, qaz sərfiyyatına görə 2520 manat borcların ödənilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması, icarə haqqı qismində 18000 manat maddi zərər və 30 manat ödənilmiş dövlət rüsumu, ümumilikdə 18030 manat cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 5/12 hissədən, 1 otağı (yaşayış sahəsi 22.3 kv.m) üzərində mülkiyyət hüquqları 13 aprel 2017-ci il tarixdə dövlət qeydiyyatına alınmış və bu barədə ona Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən RX seriyalı ******* saylı çıxarış verilmişdir. İddiaçı xarici vətəndaşdır və uzun müddətidir ki, xaricdə yaşayır. 2015-ci ildən cavabdehlər ona məxsus evi zəbt edərək orada yaşayırlar. Yaşadıqları müddətdə sudan, qazdan və elektrik enerjisindən istifadəyə görə borc yaranmışdır. Dəfərlərlə etdiyi xəbərdarlıqlara baxmayaraq ona məxsus evdən çıxmırlar. Bundan əlavə cavabdehlər ona məxsus evi zəbt etdiklərindən o, evini kirayə verməkdən və gəlir götürməkdən məhrum olmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, təqdim olunmuş sübutları araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın (152.5). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir (157.5). Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin 17.06.2021-ci il tarixli 092- 7867-1221 saylı məktubuna əsasən cavabdehlər ünvan 1 ünvanında 5 ildən artıq müddətdir ki, qeydiyyatsız yaşayırlar. Məhkəmə hesab edir ki, cavabdehlər iddiaçıya məxsus evdə heç bir hüquqi əsas olmadan yaşadığından iddia onların iddiaçıya məxsus əmlakdan, yəni ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 5/12 hissədən, 1 otağı (yaşayış sahəsi 22.3 kv.m) çıxarılması hissəsində əsaslıdır və təmin edilməlidir. Məhkəmə ikinci tələblə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Cavabdehlərin mübahisəli evdə təxminən 2016-cı ilin iyun ayından hazıradək yaşamasını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı həmin müddətdə yaranmış borcların ödənilməsini cavabdehlərdən tələb edə bilər. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 21.06.2021-ci il tarixli 01/05-06/2747 saylı məktubuna əsasən **********20015 nömrəli abunə kodu ilə qeydiyyata alınmış fərdi yaşayış evi üzrə 06.06.2021-ci il tarixinə olan borc məbləği 2325.12 manat təşkil edir. Abunə kodu iddiaçıın arvadı - X1 adına qeydə alınmışdır. Yasamal rayonu Enerji Təchizatı və Satışı İdarəsinin 20.10.2021-ci il tarixli məktubuna əsasən həmin kod hazırda iddiaçının adınadır. Abunə haqqında məlumatdan görünür ki, 2325,12 manat məbləğində borc 30.01.2008-ci il tarixdən 02.06.2021-ci il tarixədək yaranmışdır. 10.06.2016-cı il tarixdən 10.07.2016-cı il tarixədək elektrik enerjisi sərfiyyatı (33541-33150) x 0,06 manat = 23,46 manat, 10.07.2016-cı il tarixdən 02.06.2021-ci il tarixinədək elektrik enerjisi sərfiyyatı (56112-33541) x 0,07 manat = 1579,91 manat, cəmi 1603,43 manat olmuşdur. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 16.06.2021-ci il tarixli 55/428 saylı maliyyə arayışına əsasən 2016-2021-ci illər üçün istifadə olunmuş və ödənilməmiş borc 1583,22 manat təşkil edir. Məhkəmə hesab edir ki, 1583,22 manat borc məbləğinin tələbi əsaslıdır və təmin edilməlidir. Bundan əlavə mübahisəli ünvanın qazdan istifadəyə görə abonentin saldosundan və 30.09.2021-ci il tarixli bildiriş-xəbərdarlıqdan görünür ki, 2017-2021-ci illər üçün istifadə olunmuş və ödənilməmiş borc 5126.40 manat təşkil edir. Məhkəmə hesab edir ki, iddiaçı qaz sərfiyyatına görə 2520 manat borcun ödənilməsini tələb etdiyindən Mülki Prosessual Məcəllənin 218.3-ci maddəsinin tələblərinə əsasən iddia tələblərindən kənara çıxmamaqla iddia həmin hissədə də əsaslı olduğundan təmin edilməlidir. Bundan əlavə mübahisəli evin su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə borcu 09.06.2021-ci il tarixə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 01/1/01-7/6/8484 saylı məktubuna əsasən 669.86 manat, yeni bildiriş xəbərdarlıga görə 730.86 manat təşkil edir. Odur ki, məhkəmə hesab edir ki, iddia su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə 669.86 manat məbləğində borcun ödənilməsi tələbi hissəsində əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə əldən çıxmış fayda – 18000 manat icarə qismində maddi zərər tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Mülki Məcəllənin oxşar münasibətləri tənzimləyən 443.4.-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. İddiaçı mübahisəli evin onun mülkiyyətinə keçdiyi andan onun icarəyə verilməsi barədə müqavilə bağlaması, evin icarəyə verilməsi üçün çəkdiyi xərclər, eyni zamanda cavabdehlərin onun mənzilində yaşadığı dövrdə kirayə haqqının aylıq 300 manat olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilə bilməz və rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun 6 manat məbləğində hissəsi cavabdehlərdən iddiaçının xeyrinə tutulmalı, qalan hissəsi iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 5/12 hissədən, 1 otağı (yaşayış sahəsi 22.3 kv.m) çıxarılsın. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 5/12 hissədən, 1 otağının (yaşayış sahəsi 22.3 kv.m) elektrik enerjisindən istifadəyə görə 1583,22 (min beş yüz səksən üç manat iyirmi iki qəpik) manat, sudan istifadəyə görə 669.86 (altı yüz altmış doqquz manat səksən altı qəpik) manat, qaz sərfiyyatına görə 2520 (iki min beş yüz iyirmi) manat borcların ödənilməsi öhdəliyi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 üzərinə qoyulsun. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 6 (altı) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində Yasamal rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasi şikayəti verilə bilər. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №2(004)-4642/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4642/2021
19.11.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver