Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3146/2024 04.12.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçı, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən istifadəyə yaradılmış maneələrin aradan qaldırılması və mənzildən çıxarılma” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən istifadəyə yaradılmış maneələrin aradan qaldırılması, mənzildən çıxarılma və mənzilin təmirinə vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil onun mülkiyyətindədir (mülkiyyət hüququnu təsdiq edən sənədlər iddia ərizəsinə əlavə olunur). Cavabdeh şəxslər Cavabdeh1 və Cavabdeh2 ona məxsus mənzildə kirayə yaşayırdılar. Kirayə verdiyi müddətdən bir il keçdikdən sonra onlara həmin mənzili tərk etmələrini (boşaldılmasını) bildirsə də, onlar buna məhəl qoymayıblar, həmin mənzili zəbt edərək onun hüquqlarını pozaraq mənzili tərk etməkdən imtina ediblər, hətta mənzilinə ziyan vurublar. Bunun nəticəsində isə o, özünə məxsus olan mənzildə mülkiyyət hüquqlarını həyata keçirə bilmir, mənzildən sahiblik və istifadə edə bilmir. Onun heç bir yaşayış yeri yoxdur (müvəqqəti olaraq qızına məxsus mənzildə yaşayır), onkoloji xəsətədir və 1-ci qrup əlildir (xəstəliyi ilə bağlı sənədlər və əlilliyini təsdiq edən sənədlər iddia ərizəsinə əlavə olunur). Bu səbəbdən də, pozulmuş hüquqlarının bərpası, mülkiyyət hüququna yaranmış maneələrin aradan qaldırılması ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusiya məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Qeyd edilənlərə əsasən mənzildən istifadə üçün cavabdehlər tərəfindən ona yaradılmış maneələrin aradan qaldırılması, cavabdeh şəxslər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılması və mənzilin təmirinə vurulmuş 2000 AZN zərərin ödənilməsi və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, mənzildən istifadə üçün cavabdehlər tərəfindən ona yaradılmış maneələrin aradan qaldırılması və cavabdehlərin ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Digər tələbini geri götürür. Məhkəmə iclasında İddiaçı ərizənin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdehlərlə aralarında kirayə müqaviləsi bağlanmayıb. Məhkəmə iclasında Cavabdeh1 ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus evdən çıxmağa razı olduğunu qeyd etmişdir. Əlavə olaraq bildirdi ki, 2024-2025-ci tədris ili bitdikdən sonra iddiaçıya məxsus evdən çıxmağa razıdır. Cavabdeh2 məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb, tərəflərin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, ev 22 ünvanında yerləşən 38,7 kv.m ümumi sahəsi olan 5 saylı mənzil İddiaçı tam payda xüsusi mülkiyyətindədir, daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2010-cu il tarixdə qeydiyyata alınmışdır. - Bakı şəhəri Nizami RPİ 25-ci Polis Şöbəsi tərəfindən İddiaçı ünvanlanmış məktubdan görünür ki, onun ərizəsi mülki xarakterli olduğundan DİN-in müvafiq əmrinə əsasən mülki xarakterli ərizə və müraciətlər baxılmadan işə alınır. Odur ki, ərizəsi işə alınaraq dəftərxanaya təhvil verilmişdir. Faktla əlaqədar aidiyyəti məhkəmə orqanına müraicət etməsi məqsədəmüvafiqdir. Məhkəmə iclasında müəyyən edildi ki, ünvan 1 ünvanında yerləşən mənzili İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdehlər ər-arvaddır. İddiaçı cavabdehlərə mənzildən çıxmaları barədə xəbərdarlıqlar etməsinə baxmayaraq cavabdehlər yaşadıqları mənzili tərk etmir. Hazırda İddiaçı mənzildən istifadə üçün cavabdehlər tərəfindən ona yaradılmış maneələrin aradan qaldırılması və cavabdehlərin ona məxsus mənzildən çıxarılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, hüquqi dövlət və demokratik cəmiyyətdə mülkiyyət hüququ toxunulmaz və müqəddəsdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər: 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Konstitusiyasına görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (13 və 29-cu maddələrin müddəaları). İnsan və vətəndaş hüquq və azadlıqlarının dövlət müdafiəsinin təminatlılığı dövlətin Konstitusiyanın 12-ci maddəsində ifadəsini tapmış ali məqsədi ilə bağlıdır. Həmin maddəyə müvafiq olaraq vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Hakimiyyətin ayrı-ayrı qolları insan hüquq və azadlıqlarının qorunmasına görə cavabdehlik daşıyır. Konstitusiyanın 71-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Avropa Şurasının üzvü kimi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına qoşulmuş, Konvensiyada təsbit olunmuş hüquqların yurisdiksiyasında olan insanlar üçün təmin etməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikasının həmin Konvensiyaya qoşulması milli məhkəmələr tərəfindən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqini şərtləndirir. Milli məhkəmələr üçün həmin presedentlərin mahiyyəti ondan ibarətdir ki, məhkəmələr onu əvvəllər Avropa Məhkəməsi tərəfindən baxılan işlərə bənzər işlərdə tətbiq etməlidirlər. Milli qanunverici və məhkəmə orqanları həmin qərarları qanunyaradıcılıq və Konvensiyanın hər hansı tətbiqi prosesində nəzərə almalıdırlar. “Sporronq və Lonnpot İsveçə qarşı” işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin məqsədləri üçün hər bir konkret işdə ictimai maraq tələbləri ilə ayrı-ayrı şəxslərin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığa riayət edilib-edilməməsi müəyyənləşdirilməlidir. Hər bir mübahisəyə baxılarkən mülkiyyət hüququna bu və ya digər müdaxilənin mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığı pozub-pozmamasını müəyyən etmək lazımdır. Bu cür tarazlıq o halda pozulur ki, mülkiyyət hüququna malik olanlar “xüsusi və həddən artıq məhrumiyyətlərə” məruz qalırlar. Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı ilk dəfə 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, “əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir”. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsi subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçini qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Mülkiyyət hüququnun təbii xarakteri heç də həmin hüququn məhdudlaşdırıla bilinməməsi anlamını vermir. Lakin mülkiyyət hüququnun məhdudlaşdırılması hər bir halda dəqiq və kifayət qədər detallaşdırılmış, konkretləşdirilmiş olmalıdır. Mülkiyyət hüququnun məhdudlaşdırılmasına qayda kimi deyil, qaydadan istisna kimi baxılmalıdır. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddaratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Bununla da, məhkəmə iclasında müəyyən edildi ki, cavabdehlər xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan ünvan 1 ünvanında yerləşən mənzildə kirayə haqqı ödəməklə yaşayırlar, tərəflər arasında kirayə müqaviləsi bağlanmamış, bu səbəbdən tərəflər arasında olan razılıq, mənzilin hansı tarixədək kirayəyə verilməsi məhkəmə tərəfindən müəyyən edilməmişdir. Hazırda isə iddiaçı mənzilini cavabdehlərə kirayəyə vermək istəmədiyindən mənzilin boşaldılmasını cavabdehdən tələb etmişdir. Cavabdehlərin hal-hazıradək mənzildən çıxmayaraq mənzili təhvil verməməsi mülkiyyətçinin qanunla tənzimlənən və qorunan hüquqlarını pozmuşdur. Məhkəmə iddia tələbinə münasibətdə əlavə olaraq qeyd edir ki, hər bir halda qeyd olunan mənzilin xüsusi mülkiyyət hüququ ilə iddiaçının adına qeydiyyata alınmasının işin mübahisəsiz halı olması nəzərə alınmaqla cavabdehlərin mənzilə qeydiyyatı və istifadə hüquqları olmadığından, cavabdehlər tərəfindən yaradılmış maneələr aradan qaldırılması və onlar iddiaçıya məxsus mənzildən çıxarılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Cavabdeh1 isə mənzildən çıxmağa razı olduğunu qeyd etmişdir. Məhkəmə cavabdehlərin sözügedən mənzilə münasibətdə hər hansı əşya hüququnun olmadığını, cavabdehlərin hal-hazıradək mənzildən çıxmayaraq mənzili təhvil verməməsinin mülkiyyətçinin qanunla tənzimlənən və qorunan hüquqlarını pozduğunu və mənzilin hazırda İddiaçı xüsusi mülkiyyətində olduğunu nəzərə alaraq hesab edir ki, cavabdehlər tərəfindən mənzildən istifadə ilə bağlı iddiaçıya yaradılmış maenələr aradan qaldırılmalı, cavabdehlər ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, ünvan 1 ünvanında yerləşən mənzilindən İddiaçı istifadə etməsinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılan maneələr aradan qaldırılmalı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən mənzilindən çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən mənzilindən İddiaçı istifadə etməsinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılan maneələr aradan qaldırılsın. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən mənzilindən çıxarılsın. Məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-3146/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3146/2024
04.12.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver