Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5991/2025 13.01.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Fizuli Məhəmməd Fizuli oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma və vurulmuş ziyan tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma və vurulmuş ziyan tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh ailə üzvləri ilə birlikdə mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,0273 ha torpaq sahəsi və onun üzərində tikilmiş 3 otaqlı, ümumi sahəsi 69,9 kv.m, yaşayış sahəsi 44,1 kv.m olan fərdi yaşayış evindən çıxarılması, Cavabdeh xx.xx.2025-ci il tarixdən hesablanmaqla qətnamə icra olunanadək hər ay üçün 360 manat (hər ay ödədiyi kirayə haqqı) olmaqla hesablanıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Yevlax şəhərində yaşamış və işləmişdir. Ancaq zərurət yaranmasına görə Yevlax şəhərində yerləşən evini sataraq Bakı şəhərində və ya Abşeron rayonunda ev almaq qərarına gəlmişdir. Buna görə də, onunla "xxxx" ASC arasında 22 iyul 2025-ci il tarixli, AN-№1379818 nömrəli alqı-satqı müqaviləsinə əsasən "xxxx" ASC-nin mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0,0273 hektar torpaq sahəsini və onun üzərində tikilmiş 3 otaqlı, ümumi sahəsi 69,9 kvadrat metr, yaşayış sahəsi 44,1 kvadrat metr olan fərdi yaşayış evini almışdır. Buna görə də daşınmaz əmlakın reyestr nömrəsi **********35-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 01 avqust 2025-ci il tarixli çıxarış tərtib edilmişdir. 01 avqust 2025-ci il tarixdən ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi onun mülkiyyətində olmasına baxmayaraq, o ailə üzvləri ilə birlikdə mülkiyyətində olan evə köçə bilməmişdir. Belə ki, Cavabdeh mülkiyyətində olan evi zəbt etməklə oradan çıxmır. O və ailə üzvləri ilə məcbur olaraq Bakı şəhəri Nizami rayonu Bəhrus Nuriyev küçəsi bina 06, mənzil 10-da hər ay 360 (üç yüz altmış) manat kirayə haqqı ödəməklə kirayədə yaşayırlar. Hesab edir ki, Cavabdeh bu hərəkətləri nəticəsində onun mülkiyyət hüququ pozulmaqla ona ziyan dəyir. Bu səbəbdən də məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə gedişatında İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə uyğun olaraq iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,0273 ha torpaq sahəsi və onun üzərində tikilmiş 3 otaqlı, ümumi sahəsi 69,9 kv.m, yaşayış sahəsi 44,1 kv.m olan fərdi yaşayış evindən çıxarılması, Cavabdeh xx.xx.2025-ci il tarixdən hesablanmaqla qətnamə icra olunanadək hər ay üçün 360 manat olmaqla hesablanıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət etmiş və etirazında bildirmişdir ki, o, iddia ərizəsinə etiraz edir O, Cavabdeh xx.xx.1983-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Valideynlərinin ona maddi yardım göstərməsi ilə əlaqədar olaraq ev almaq qərarına gəlmişdir. Bu məqsədlə həyat yoldaşı ilə birlikdə almaq üçün ev axtarmağa başlamışlar. Bu zaman ev alqı-satqısı ilə məşğul olan (makler) Teymurov Teymur və Tağıyeva Gülnar adlı şəxslər satışda həyət evi olduğunu onlara bildirdilər. Həmin şəxslər onları satılan evin sahibi X7 adlı şəxslə görüşdürmüşlər. Onunla evə baxıb bəyənmiş, Mətləb evinin bütün sənədlərinin düzgün olduğunu, lakin evini pula ehtiyacı olduğu üçün satdığını bildirmişdir. Onlar həmin evi 40000 manata razılaşmışlar. Aralarındakı razılaşmaya əsasən 20000 manat pulu ilkin olaraq ödəməli, qalan 20000 manatı isə ayda 500 manat olmaqla ödəməyə razılaşmışlar. Pul tam ödənilib qurtarandan sonra ev onun adına sənədləşməli idi. O, bütün bu proseslərin notarial qaydada aparılmasını təklif etmiş, lakin Mətləb onun dedikləri ilə razı olmamış, notariusda əlavə xərclərinin çıxacağını, buna görə də əlavə pul xərcləməyə ehtiyac olmadığını, öz aralarında razılaşıb sənədləşdirməyi və pul ödənilib qurtarandan sonra notariusa gedib bir başa evi onun adına keçircəklərini bildirmişdir. Onlar Mətləbin dedikləri ilə razılaşmış və ona inanmışlar. Sonra evdə 20000 manat pulu sayaraq Mətləbə vermişlər. Pulun verilməsinə dair hal şahidlərinin iştirakı ilə 04 yanvar 2023-cü il tarixli AKT-da yazıb imzalamışlar. Həmçinin pulun sayılıb Mətləbə verilməsini, AKT yazılmasını və ümumiyyətlə bu işlə bağlı edilən bütün hərəkətlərin video çəkilişi aparılmışdır. Yəni bütün bu hərəkətlər lentə alınmış və həmin görüntünün disk daşıyıcıları hal-hazırda ondadır, həmin aktı və bu işlə bağlı bütün hərəkətlərin video çəkilişini özündə əks etdirən disk hal-hazırda Abşeron rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırılan cinayət işinin materiallarının içindədir. O, hər ay danışdıqları kimi 500 manat pulu müəyyən olunmuş vaxtda Mətləbin ona verdiyi karta yükləmiş və qəbzi isə özündə saxlamışdır. Ailə üzvləri ilə birlikdə aldığı evdə də köçüb yaşamağa başlamışlar. 2024-cü ilin fevral ayında ona məlum olmuşdur ki, Mətləb adlı şəxs həmin evi ona satmamışdan altı ay əvvəl "xxxx"-ya girov qoyaraq, 50000 manat pul götürüb xərcləmiş və biraz ödəniş etdikdən sonra ödənişi dayandırmışdır. Hal-hazırda da ödəniş etmir. Bunu ona aldığı evə gələn bank işçiləri demişlər. Hal-hazırda Mətləb bankın pulunu ödəmir ki, ev girovluqdan çıxsın. Artıq ona məlum oldu ki, Mətləb ona olan etibarından sui-istifadə edərək banka girov qoyub pul götürdüyü evi yenidən ona satmış və bu barədə ona heç nə deməmişdir. Mətləb onun savadsızlığından və ona olan inamından istifadə edərək bu hərəkətləri etmişdir. Hal-hazırda onun ümumilikdə 25000 manat pul ödədiyi və 10000 manatdan da artıq təmiri üçün pul xərclədiyi həmin ev bankda girovdadır. Bank işçiləri ona xəbərdarlıq edirlər ki, əgər Mətləb banka pul ödəməsə, bank evi onun əlindən alacaqdır. Mətləb isə heç nəyi vecinə almır və aralıqda sərbəst gəzir. Onun heç bir ödəniş etmək fikri də yox idi. Mətləb onun yalvarışlarına da əhəmiyyət vermirdi. O, əlacsız qalıb xx.xx.2024cü il tarixdə DİN-nin 102 xidmətinə zəng edib bu barədə məlumat vermişdir. Bununla əlaqədar olaraq onu Abşeron RPİ-nin Qobu PB-nə dəvət etmişlər. xx.xx.2024-cü il tarixli, HK-1/909 saylı müraciət əsasında orada ilkin araşdırma aparıldıqdan sonra toplanmış material araşdırmanın davam etdirilməsi üçün Abşeron RPİ-nin İstintaq Şöbəsinə göndərilmişdir və işin araşdırılması şöbənin müstəntiqi, polis mayoru X8 adlı müstəntiqə həvalə edilmişdir. Dəfələrlə müraciət etməsinə baxmayaraq, müstəntiq Vüsal onun şikayəti ilə maraqlanmamış və araşdırma aparmamışdır. İşin nəticəsi barədə ona məlumat verməmiş və etdiyi zənglərinə cavab verməmişdir. Ən nəhayət müxtəlif instansiyalara çoxsaylı şikayətlərindən sonra müstəntiq Vüsal guya onun işini araşdırmış və cinayət işinin başlanmasının rədd edilməsi barədə əsassız və hətta qanunsuz qərar qəbul etmişdir. Müstəntiq həmin qərar barədə əvvəlcə ona heç nə deməmişdir. Onun israrlı tələbindən sonra xx.xx.2024-cü il tarixdə iş üzrə qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərar 21 yanvar 2025-ci il tarixdə ona təqdim edilmişdir. O, həmin qərarla razı olmadığı barədə yuxarı instansiyalara çoxsaylı şikayət ərizələri ilə müraciət etmiş, xx.xx.2025-ci il tarixli həmin qərar Abşeron rayon Prokurorluğu tərəfindən ləğv edilmiş və iş yenidən araşdırma aparılması üçün Abşeron RPİ-nin İŞ-nə göndərilmişdir. İşin yenidən araşdırılması Abşeron RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X1 həvalə edilmişdir. Polis mayoru Elçin Süleymanov da heç bir əsaslı araşdırma aparmadan iş üzrə “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 08 mart 2025-ci il tarixli qərar qəbul etmişdir. Onun bu qərarı da iş üzrə qəbul edilmiş əvvəlki qərar kimi tam əsassız və qanunsuz olduğu üçün ləğv edilməlidir. Ona görə ki, müstəntiq Vüsal Rzayevin etdiyi kimi müstəntiq Elçin Süleymanov da onu aldatmış, “Mətləbə demişəm evi satıb sənin pulunu verəcək” kimi sözlərlə işin nəticəsini ona bildirməkdən yayınmağa çalışaraq onu aldatmaq istəmişdir. İşin nəticəsinə dair rədd qərarını isə ona dəfələrlə müraciətindən sonra vermişdir. Yəni həmin vaxta kimi iş üzrə qərar qəbul etməsini ondan gizlətmişdir. İkinci müstəntiq düzgün araşdırma aparmamış və sanki, cinayətkar və dələduz olan Mətləbin simasında təqsirsiz və günahsız bir adam obrazı yaratmışdır. Hansı ki, o, əsil dələduzdur. Belə ki, Mətləb özü izahatında etiraf edir ki, bankda girovda olan evi aldadaraq ona satmış və bu barədə ona heç nə deməmişdir. Daha konkret desə o, özü izahatında yazır ki, evin bankda girovda olması barədə ona heç nə deməmiş və bu barədə onun məlumatı olmamışdır. Bu hərəkətin özü açıqca dələduzlukdur. Lakin müstəntiq onun bu və digər qanunsuz hərəkətlərini əldə əsas götürərək onun barəsində cinayət işi başlamaq əvəzinə sanki onun qoruyucu mələyi kimi çıxış etmiş, Mətləbim onlara qarşı etdiyi əmələ mülki münasibətlərdən doğan əməl kimi qiymət vermiş, Mətləbin cinayət əməlini mülki münasibətlər pərdəsi altında ört-basdır etməyə çalışmış və ona mülki qaydada məhkəməyə müraciət etməli olması tövsiyə olunmuşdur. Mətləb adlı şəxsin ona qarşı etdiyi dələduz hərəkətləri o, diskə köçürüb ərizəsinə əlavə etmişdir. Həmin disk görüntüsündə onun etdiyi dələduz hərəkətlərin hamısı göz qabağındadır. Lakin müstəntiq rədd qərarında həmin disklərdən bəhs etmir. Mətləb adlı şəxsin qoruyucu mələyi kimi çıxış edən Vüsal və Elçin adlı müstəntiqlər həmin diskləri də gizlətmişlər. Dəfələrlə yuxarı orqanlara müstəntiq Elçinin və ümumiyyətlə Abşeron rayon İstintaq Şöbəsinin qanunsuz hərəkətlərindən yuxarı instansiyalara şikayətlər ərizələri yazmışdır. Ən nəhayət sonda iş materiallarını Abşeron rayon prokurorluğu çox çətinliklə İstintaq şöbəsindən alıb guya özü araşdırmışdır. Onlar cinayət işi başlamaq əvəzinə toplanmış materialı eyni ilə Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə qaytarmış və işin araşdırması Abşeron rayon Polis Şöbəsinin müstəntiqi Kənan adlı şəxsə həvalə edilmişdir. Həmin material Kənan adlı müstəntiqin icraatında olsa da, heç bir iş görməmişdir. Əgər o, zəng edib soruşursa, onda həmin iş Kənan müəllimin ağlına gəlir ki, belə bir iş var. O, heç bir iş görməmişdir. Əvvəlki müstəntiqlər kimi o, da Mətləb adlı dələduzun tərəfini saxlamışdır. Mətləbi çağırmamış, dindirməmiş və barəsində cinayət işi başlatmamışdır. Mətləb isə ortalıqda gəzir və onu qıcıqlandıran və əsəbləşdirən hərəkətlər edir, sözlər danışır. O, yenidən müstəntiq Kənan adlı şəxsin yarıtmaz və səhlənkar hərəkətlərindən yuxarı orqanlara şikayət ərizələri ilə müraciət etmişdir. İş üzrə araşdırma Kənan adlı müstəntiqdən alınıb, Loğman adlı müstəntiqə verilmişdir. Digər əvvəlki müstəntiqlər kimi Loğman adlı müstəntiq işin araşdırılmasına soyuq yanaşmış və heç bir iş görməmişdir. O, da onun zənglərinə cavab verməmiş və heç bir araşdırma aparmamışdır. Ən nəhayət işin araşdırılması Rövşən adlı 5-ci müstəntiqə həvalə edilmişdir. Rövşən adlı həmin müstəntiq 04 sentyabr 2025-ci il tarixdə, yəni etdiyi müraciətdən bir il beş ay keçəndən sonra Abşeron RPİ-nin İŞ-də CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinən X7 barəsində "Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında" qərar qəbul etmişdir. Halhazırda ********* nömrəli cinayət işi Abşeron RPİ-nin İŞ-nin müstəntiqi Rövşən Cavadov adlı polis əməkdaşının icraatındadır və iş üzrə onun tərəfindən araşdırma aparılır. Məhkəmənin nəzərinə çatdırır ki, mübahisəli evin girov qoyulduğu bankın əməkdaşları bir neçə dəfə evi boşaltmağı barədə ona xəbərdarlıq da etmişlər. Hətta onlar İcra şöbəsinin əməkdaşları ilə iki dəfə onun yaşadığı evə gəlib evi boşaltmağı barədə ona möhlət də vermişlər. Əvvəllər Mətləb demişdir ki, guya bankla danışıb və hər şeyi həll edib. Lakin bankla əlaqə saxlayanda bank ona Mətləbin yalan danışdığını və banka heç nə həll etmədiyini bildirmişdir. Ən nəhayət evin boşaldılmasına dair bank tərəfindən ona verilmiş vaxta bir neçə gün qalmış, Mətləb ona bankla işi həll etdiyini və guya o, evdən çıxmayacağını, evdə qalıb onun pulunu ödəməkdə davam edəcəyini və sonda da ev ona qalacağını demişdir. Lakin sonradan ona məlum olmuşdur ki, Mətləb yalan danışmış və o, evi bankdan girovluqdan çıxardaraq başqa bir şəxsə satmışdır. Həmçinin ona oda məlum olmuşdur ki, Mətləb evi Bankın vasitəsi ilə satdırmışdır. Yəni, guya hər-hansı bir vətəndaş gəlib həmin evi almışdır. Mətləb ev ona qalmasın deyə ona verəcəyi pulu tapdığı adamın adı ilə banka vermiş və evi guya həmin şəxs bankdan almışdır. Bu ad altında evi həmin şəxsin adına sənədləşdirmişdir. Hazırda da Mətləb öz adamı olan həmin şəxsi ortaya ataraq onunla üz-üzə qoymuşdur. Əsil həqiqət isə həmin evin ödənişini Mətləb edib və evi öz adamı olan İddiaçı adına sənədləşdirmişdir. Evi almış şəxs evə baxmağa gələndə o həmin şəxsə Mətləbin bu evlə bağlı ona pul borclu olduğunu demişdir. Həmin şəxs bunu bilə-bilə mübahisəli evi necə ala bilər? İndi də Mətləb həmin adamın vasitəsi ilə onu yaşadığı evdən çıxartmaq üçün məhkəməyə vermişdir. İddiaçı Umut qızının "Mülkiyyətdə olan evdən çıxarılma, vurulmuş ziyan tələbinə dair" iddia ərizəsi ilə aşağıda göstərilənlərə görə razı deyildir. O, 25000 manat pul ödəyib mübahisəli evi almışdır. Onun həmin evi alması barədə notarial qaydada alqı-satqı müqaviləsi olmasa da, bunu təsdiq edən tərəflərin imzası ilə təsdiqlənmiş AKT, danışıq və hərəkətləri özündə əks etdirən disk və barəsində dələduzluq maddəsi ilə cinayət işi başlanmış Mətləbin etirafedici izahat və ifadələri var. Yəni o, mübahisəli həmin evə özbaşına yığışmamışdır. İddiaçı Umut qızı mübahisəli həmin evi almamışdır. İddiaçı həmin evi necə ala bilər ki, hansı ki, o, həmin vaxtı İddiaçı Mətləbin ona bu evlə bağlı pul borclu olduğunu demişdir. Mətləbin həmin evi aldadaraq ona satması barədə İddiaçı məlumatı var idi. İddiaçı sənəd üzərində həmin evin sahibidir. Bütün bunlar onu həmin evdən çıxarmaq üçün Mətləbin qurduğu oyunlardır. Mübahisəli həmin evlə bağlı Mətləb Maliyev barədə cinat işi başlanılmış və iş üzrə istintaq araşdırılması başa çatmamışdır. Hansı ki, bankın özü də bu işdə tərəf kimi dindirilmişdir. Mübahisəli bir evin bank tərəfindən mübahisə həll olunmayana qədər satılmasının özü belə qanunsuz hərəkətdir. Bu iş hal-hazırda Abşeron RPİ-nin İŞ-də araşdırılır. İstintaqın nəticəsi elan olunanadək məhkəmə araşdırılması dayandırılmalıdır. İddia ərizəsinə bütövlükdə etiraz edir və həmin ərizədə yazılanları Mətləb Maliyev tərəfindən qurulmış bir oyun hesab edir. Odur ki, yuxarıda göstərilənlərə əsasən X3 barəsində Abşeron RPİ-nin İŞ-də olan ********* nömrəli cinayət işi üzrə istintaq araşdırılması başa çatanadək, İddiaçı Umut qızının mübahisəli evlə bağlı verdiyi iddia ərizəsi üzrə araşdırılma dayandırılmalıdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, iddia ərizəsində göstərilənləri təsdiq edərək, iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, o, həmin evi sosial şəbəkə vasitəsi ilə görmüş, bununla bağlı maklerlə danışdıqdan sonra oğlu ilə qızı gedərək evə baxmışlar. Evi xx.xx.2025-ci il tarixdə almış, sonra adına rəsmiləşdirmişdir. Cavabdehin evə dair heç bir sənədi yoxdur. Mətləb Maliyev cavabdehin hazırki evdə qaldığını demişdir. Mətləb Maliyev sözügedən evi cavabdehə kirayəyə vermişdir. O, evin mübahisəli olduğunu bilməmişdir. Evə dair alqı-satqı olduqdan sonra Mətləb Maliyev adlı şəxs, cavabdeh və o evdə görüşmüşlər. Hazırda o, cinayət işi üzrə şahid qismində işə cəlb edilmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmədi və onun təmin edilməməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, sözügedən evi 2023-cü ildə X2 almışdır, lakin Mətləb Maliyev notariusa getmədiyinə görə evlə bağlı alqı-satqı müqaviləsi bağlanmamışdır. Mətləbin evə dair mülkiyyət hüququnu təsdiq edən səni var idi. Onda evə dair akt və çəkiliş var. Evi alanda girovda olduğunu bilməmişdir. Hazırda o, cinayət işi üzrə zərərçəkən kimi tanınmışdır. Pulunu geri alana kimi evdə qalmasına icazə verilməsini istəyir. Məhkəmə tərəfləri dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən verilmiş çıxarışla və texniki pasportla ünvan 2 saylı fərdi yaşayış evi və evin yerləşdiyi 0,0273 ha torpaq sahəsi tam payı olmaqla xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2025-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Cavabdeh ərizəsi ilə bağlı toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* saylı cinayət işi başlanması qərara alınmışdır. İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınma barədə xx.xx.2025-ci il tarixli qərardan görünür ki, həmin iş üzrə Cavabdeh zərərçəkmiş şəxs qismində tanınması qərara alınmışdır. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, mübahisəli fərdi yaşayış evini İddiaçı xx.xx.2025-ci ildə çıxarış əsasında adına rəsmiləşdirmişdir. Həmin ev mülkiyyət hüququ ilə xx.xx.2025-ci il tarixdən İddiaçı adına qeydə alınmışdır. Cavabdeh də həmin mübahisəli evi iddiaçıya satılmamışdan əvvəl Mətləb Maliyevdən 40000 manat pula almış və evə görə ilkin olaraq 20000 manat pul ödədikdən sonra qalan məbləği ayda 500 manat olmaqla ödəməyi razılaşmışlar. Bundan sonra cavabdeh həmin evə köçərək orada yaşamağa başlamışdır. Lakin həmin evə dair Mətləb Maliyevlə Cavabdeh arasında rəsmi alqı-satqı müqaviləsi bağlanmamışdır. Cavabdeh aldadıldığını bildikdən sonra bu barədə Abşeron Rayon Polis İdarəsinə ərizə ilə şikayət etmiş, onun şikayəti əsasında cinayət işi açılaraq icraata başlanılmış, cavabdeh isə həmin iş üzrə zərərçəkmiş şəxs qismində işə cəlb edilmişdir. Cavabdeh iddiaçıya məxsus mübahisəli evdə yaşadığından və könüllü olaraq evdən çıxmadığından, hazırda İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən çıxarılma və vurulmuş ziyan tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,0273 ha torpaq sahəsi və onun üzərində tikilmiş 3 otaqlı, ümumi sahəsi 69,9 kv.m, yaşayış sahəsi 44,1 kv.m olan fərdi yaşayış evindən çıxarılması, Cavabdeh xx.xx.2025-ci il tarixdən hesablanmaqla qətnamə icra olunanadək hər ay üçün 360 manat olmaqla hesablanıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh isə izahatında qeyd olunan faktları təsdiq etmiş olsa da, iddia tələbini qəbul etmir və etiraz edir. Məhkəmə ilk əvvəl iddia tələbinin “Cavabdeh ünvan 1 ünvanında yerləşən 0,0273 ha torpaq sahəsi və onun üzərində tikilmiş 3 otaqlı, ümumi sahəsi 69,9 kv.m, yaşayış sahəsi 44,1 kv.m olan fərdi yaşayış evindən çıxarılması” hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi həmin hissədə təmin edilməlidir. Belə ki, mübahisəli fərdi yaşayış evinin mülkiyyətçisi İddiaçıdır. Cavabdeh isə həmin mənzili iddiaçıdan əvvəl aldığını bildirsə də, evə dair rəsmi qaydada alqı-satqı müqaviləsi bağlamamış və evi öz adına rəsmiləşdirməmişdir. Bununla belə ev hələ iddiaçıya rəsmi qaydada satılmamışdan əvvəl cavabdeh həmin evdə köçüb yaşadığından, hazırda evin mülkiyyətçisinin tələbinə əsasən könüllü olaraq evdən çıxmadığından, bu mülkiyyətçi kimi iddiaçının hüquqlarının pozulması ilə nəticələnir. Qüvvədə olan qanunvericilik isə bunu tamamilə qadağan edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV bəndlərinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 152.5-ci maddələrinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 2-ci maddəsinə görə fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar. Azərbaycan Respublikasının ərazisində qanuni əsaslarla olan şəxslər mülkiyyətçi, kirayəçi qismində və qanunvericiliklə nəzərdə tutulmuş digər əsaslarla yaşamaq üçün yaşayış sahəsini sərbəst seçmək hüququna malikdirlər. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məhdudlaşdırıla bilər. Vətəndaşların yaşamaq üçün sərbəst yaşayış sahəsini seçmək hüququnun məhdudlaşdırılmasına yalnız bu Məcəllə, digər qanun əsasında yol verilir. Həmin Məcəllənin 5-ci maddəsinə görə hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla, mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz. Mənzilə orada yaşayanların razılığı olmadan daxil olmağa qanunla nəzərdə tutulmuş hallarda və qaydada qəza vəziyyəti, təbii fəlakət, kütləvi iğtişaş zamanı və ya fövqəladə xarakterli digər şəraitdə yalnız vətəndaşların həyatı və (və ya) onların əmlakının xilas edilməsi, onların şəxsi təhlükəsizliyi və ya ictimai təhlükəsizliyin təmin edilməsi, habelə cinayət törədilməsində şübhəli bilinən şəxslərin saxlanılması, törədilməsində şübhə olmayan cinayət faktlarının qarşısının alınması və ya törədilmiş cinayətin, yaxud baş vermiş bədbəxt hadisənin şəraitinin müəyyənləşdirilməsi məqsədilə yol verilir. Bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimin yaşadığı sahədən istifadə hüququ, o cümlədən kommunal xidmətlərdən istifadə etmək hüququ məhdudlaşdırıla bilməz. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 9.2.2-ci maddəsinə görə mənzil hüquqlarının müdafiəsi mənzil hüququnun pozulmasınadək mövcud olan vəziyyətin bərpası və bu hüququ pozan və ya onun pozulması təhlükəsini yaradan hərəkətlərin qarşısının alınması üsulları ilə həyata keçirilir. İşdən görünür ki, cavabdeh müvafiq reyestrdən çıxarışla iddiaçıya məxsus evdə yaşayır və bu, iddiaçının qanunla qorunan evə dair mülkiyyət hüquqlarını kobud şəkildə pozur. İddiaçı qanunla müəyyən edilmiş hüquqları və qanuni maraqları cavabdehin hərəkətləri nəticəsində pozulduğundan məhkəmə hesab edir ki, İddiaçı hazırki tələbi bu hissədə təmin edilməlidir. Mübahisənin başqa qaydada həll edilməsi isə arzuolunmaz məhkəmə presedentinin yaranmasına səbəb ola bilər ki, bu da yolverilməzdir. Belə ki, qüvvədə olan qanunvericiliyə görə iddiaçının mübahisəli evə dair mülkiyyət hüququ mövcuddur ki, cavabdehin bu yaşayış sahəsində yaşaması buna maneçilik törədir. Bu baxımdan məhkəmə hesab edir ki, İddiaçı mənzildən çıxarlma ilə bağlı öz tələbinin əsasları kimi istinad etdiyi halları qanunla nəzərdə tutulmuş qaydada sübut edə bilmişdir. Məhkəmə həmçinin iddia tələbinin maddi zərərin tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi həmin hissədə təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuşşəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Yuxarıda qeyd edilən normaların məzmunundan göründüyü kimi, cavabdehin iddiaçı qarşısında qəsdən və ya ehtiyatsızlıqla vurduğu ziyana görə maddi məsuliyyəti yaranması üçün ziyanın həqiqətən vurulduğu aşkar olmalı, təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olmalı və təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olmalıdır. Həmçinin, iddiaçı maddi ziyanın məbləğini və onun vurulduğunu, cavabdeh tərəf isə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludur. Bu baxımdan, məhkəmə hesab edir ki, iddia tələbinin bu hissəsi üzrə araşdırma predmetini cavabdehin qeyd edilən normalar çərçivəsində məsuliyyət daşıması üçün zəruri olan bütün şərtlərin mövcud olub-olmamasının müəyyən edilməsi təşkil edir. Yalnız qeyd edilən əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Lakin hazırkı tələbdə bu əsaslar müəyyən edilmir. Belə ki, iddiaçı iddia tələbinin bu hissəsinin əsası kimi istinad etdiyi halları, cavabdehin qanunazidd əməli nəticəsində ona ziyan vurulduğunu, hazırda kirayə yaşamaqla ayda 360 manat pul ödəməsini sübut edə bilməmiş, həmçinin məhkəmə iclası zamanı da ayda 360 manat kirayə haqqı ödəməsi ilə bağlı hər hansı mötəbər sübutlar təqdim edə bilməmişdir. Qanunvericiliyə əsasən işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. MPM-nin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Göründüyü kimi, qanunvericilik sübutetmə yükünü iddiaçının üzərinə qoymuşdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Beləliklə, məhkəmə sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh ünvan 1 ünvanında yerləşən 0,0273 ha torpaq sahəsi və onun üzərində tikilmiş 3 otaqlı, ümumi sahəsi 69,9 kv.m, yaşayış sahəsi 44,1 kv.m olan fərdi yaşayış evindən çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyi üçün iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 manat dövlət rüsumunun yarısı, yəni 50 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya qaytarılmalı, 50 manat hissəsi isə iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh ünvan 1 ünvanında yerləşən 0,0273 ha torpaq sahəsi və onun üzərində tikilmiş 3 otaqlı, ümumi sahəsi 69,9 kv.m, yaşayış sahəsi 44,1 kv.m olan fərdi yaşayış evindən çıxarılsın. İddia digər hissədə təmin edilməsin. Ödənilmiş 100 manat dövlət rüsumunun 50 manat hissəsi Cavabdeh İddiaçı xeyrinə tutulsun, 50 manat hissəsi isə iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə və Mülki Prosessual Məcəllənin 2 saylı əlavəsinə uyğun olaraq) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mirnəsir Mirhəsənli
Məhkəmə qərarları › İş №2(012)-5991/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5991/2025
13.01.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver