Məhkəmə qərarları › İş №2(004)-4673/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4673/2025

10.12.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4673/2025 10.12.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı əmək haqqının ödənilməsi və mənəvi ziyanın tutulması tələbinə dair iş üzrə (açar sözlər: xidməti müqavilə, muzdun ödənilməsi) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi, Əhmədli Qəndab Ruslan qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı əmək haqqının ödənilməsi və mənəvi ziyanın tutulması tələbinə dair mülki işə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2025-ci il tarixli müqavilədən görünür ki, İddiaçı “X2” layihəsində sorğuların həyata keçirilməsi üçün işə cəlb olunur.

2. Müqavilənin 3. h) bəndinə əsasən işəmuzd əmək haqqı sistemi tətbiq olunur. Düzgün doldurulmiş hər bir anket üçün 4,50 manat məbləğində müəyyən edilir. İ) bəndinə əsasən səhv və ya ləğv edilmiş anketlərə görə ödəniş hesablanmır.

3. Cavabdeh MMC-nin sahə departamentinin direktoru tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, “X3” adlı mobil operatorlarla bağlı araşdırma layihəsi üçün tərəfdaşlıq edilən “Ankyetor” - “Əhali arasında anketlərin doldurulması xidmətini göstərən” İddiaçı reallaşdırılıb təhvil verdiyi anketlərdə ciddi nöqsanlar aşkarlanıb. Belə ki, İddiaçı anketlərin doldurulması üzrə təlimat qaydalarını pozaraq, anketləri düzgün doldurmamış, anketdəki sualları düzgün səsləndirməmiş, ümumiyyətlə xidmətin həyata keçirilməsində qeyri-dəqiqliklərə yol vermişdir. Qeyd olunan nöqsanları əsas götürərək İddiaçı tərəfindən təhvil verilən 24 ədə anket etibarsız sayılaraq ləğv edilmişdir.

İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları

a) iddia tələbi

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə bağlanmış əmək münasibətləri dövründə görülmüş işlərə hesablanmalı və ödənilməli əmək haqqı olan ümumilikdə 108 manat və mənəvi ziyana görə 27000 manat kompensasiya məbləğinin cavabdehdən tutulması və əmək müqaviləsinin qanunvericiliyə zidd olan şərtlərinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddianın əsaslarına görə, iddiaçı xx.xx.2025-ci il tarixindən etibarən Cavabdeh MMC ilə bağlanmış işəmuzd əsaslı əmək müqaviləsi əsasında fəaliyyətə başlamışdır. 2025-ci ilin iyun ayında Cavabdeh MMC ilə “X2” layihəsi üzrə razılaşma əsasında işə cəlb edilmişəm. Şirkət əmək müqaviləsi bağlamadan, birtərəfli qaydada hazırlanmış və hüquqi qüvvəsi olmayan müqavilə ilə fəaliyyətə başlamışdır. Bu fəaliyyət çərçivəsində şirkətin verdiyi tapşırıqlara uyğun olaraq təlim keçmiş, Bakı şəhəri və ətrafında sahə işi (anket toplama və təqdimat) ilə məşğul olmuşdur. Şirkətin müəyyən etdiyi qaydalarla tapşırıqlar “qrup” vasitəsilə göndərilmiş və hər gün işdə iştirak etmişdir. xx.xx.2025-ci il tarixində işdən azad olunmuşdur. Qeyd olunan müddət ərzində o ümumilikdə 24 sorğu yerinə yetirmiş və bu işlərə görə hər birinə 4,50 manat müəyyən olunmuş ödəniş hesablanmalı idi. Yəni cəmi 108 manat əmək haqqı qazanmışdır. Lakin bu məbləğ bu günə kimi ödənilməyib. İş fəaliyyəti dövründə Cavabdeh MMC-də əmək münasibətləri zamanı ona qarşı işçi etikası və davranış normalarına zidd hərəkətlərə yol verilmiş, onunla kobud şəkildə, alçaldıcı və aqressiv tərzdə davranılmışdır. Xüsusilə, əmək müqaviləsinin şərtləri və ona düşən əməkhaqqı ilə bağlı sual verdiyi zaman, şirkətin məsul əməkdaşı ona qarşı yüksək səslə danışmış, əl-qol hərəkətləri ilə psixoloji təzyiq göstərmiş, stola vurmaqla və onunla təhqiredici tərzdə danışmaqla kobud münasibət sərgiləmişdir. Həmin davranışlar nəticəsində o ciddi psixoloji zərbə almışdır. Həmçinin həmin psixoloji gərginliyə səbəb olan hadisələrin bir hissəsi səs yazısı şəklində mövcuddur və lazım gəldikdə sübut kimi təqdim olunmağa hazırdır. İşəgötürənin bu cür davranışı əmək hüquqları, mənəvi toxunulmazlığı və insan ləyaqəti pozulması ilə nəticələnmişdir. Bu əsaslarla, mənəvi zərərin ödənilməsi ilə bağlı tələbini irəli sürür.

b) iddiaya qarşı etiraz

6. İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) məhkəmə icraat iştiakçılarının izahatları

7. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçı və iddiaçının vəkili və nümayəndəsi iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

8. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında göstərmişdir ki, şirkətin direktorudr və həmin şirkətin işinin əsas fəaliyyəti marketinq üzrədir. Onlar rəy və sorğular keçirirlər. Şirkətin daimi işçiləri var, lakin rəy və sorğuları həyata keçirmək üçün kənardan işçilər dəvət edirlər. İddiaçı da xidmət müqaviləsi əsasında xidmət göstərmək üçün müraciət etmişdi. İddiaçı anketləri keyfiyyətsiz yazdığı üçün müqaviləyə xitam verilib və həmin tarixdə də akt tərtib olunmuşdur. Daha sonra müəyyən məbləğ ödənilməsi üçün şərait yaradılsa da, iddiaçı mediasiya orqanına gəlməmişdir.

Tətbiq edilən hüquq

9. Azərbaycan Respublikası Əmək Məcəlləsi: Maddə 2.1. Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir; Maddə 3. Bu Məcəllədə istifadə edilən əsas anlayışla

5. Əmək müqaviləsi (kontraktı) (bundan sonra – əmək müqaviləsi) – işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə; Maddə 6. Bu Məcəllənin şamil edilmədiyi şəxslər Aşağıdakı şəxslərə bu Məcəllə şamil edilmir: d) podrat, tapşırıq, komisyon, müəlliflik və başqa mülki-hüquqi müqavilələr üzrə işləri yerinə yetirən şəxslərə; Maddə 7. Əmək münasibətlərinin qanunvericiliklə və müqavilə bağlamaqla tənzimlənməsi

1. İşçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir; Maddə 2-3. Aşağıdakı hallarda tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir: 2-3.1. müqavilənin məzmunu bu Məcəllənin 43-cü maddəsinin 2-ci hissəsinə, forması isə bu Məcəllənin 44-cü maddəsinin 2-ci hissəsi ilə müəyyən edilmiş formaya uyğun olduqda; 2-3.2. bu Məcəllənin 48-ci maddəsinə uyğun olaraq tərəflər arasında münasibətlərin rəsmiləşdirilməsi və müvafiq qeydlərin aparılması üçün əmək kitabçası təqdim edildikdə; 2-3.3. tərəflər arasında münasibətlər müvafiq peşə və ya vəzifəyə qəbul (təyin) edilmə, o cümlədən ödənişli seçkili və ya təyinatlı, habelə müsabiqə əsasında vəzifəni tutma, kvota üzrə işə düzəlmə, məhkəmənin qərarı ilə işə bərpa olunma ilə bağlı yarandıqda; 2-3.4. tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda; 2-3.5. tərəflər arasında münasibətlər işlərin (xidmətlərin) əvəzçilik və ya müvəqqəti əvəzetmə qaydasında yerinə yetirilməsi ilə bağlı yarandıqda; 2-3.6. yerinə yetirilməsi şərtlərinə görə iş (xidmət) müvəqqəti xarakterə malik olduğu halda müqavilənin müddətinin uzadılması bu Məcəllənin 73-cü maddəsinə uyğun tənzimləndikdə; 2-3.7. yerinə yetirilən işə (xidmətə) görə ödənilən haqqın tərkibi bu Məcəllənin 157-ci maddəsinin 3-cü hissəsində göstərilən aylıq tarif (vəzifə) maaşından, əlavədən və mükafatdan ibarət olduqda; 2-3.8. müqavilədə bu Məcəllənin 10-cu, 77-ci, 112-ci, 179-cu və 186-cı maddələrində nəzərdə tutulmuş məsələlərin tənzimlənməsi nəzərdə tutulduqda; Maddə 2-4. Bu maddənin 2-3-cü hissəsində nəzərdə tutulan hallardan biri aşkar edildiyi gündən bu maddənin 2-ci hissəsinə uyğun olaraq yazılı əmək müqaviləsi bağlanmalıdır; Maddə 43. Əmək müqaviləsinin məzmunu

1. Əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir;

2. Əmək müqaviləsində mütləq aşağıdakı əsas şərtlər və məlumatlar göstərilməlidir: a) işçinin soyadı, adı, atasının adı, ünvanı və fərdi identifikasiya nömrəsi (FİN); b) işəgötürən dövlət orqanı (qurumu), hüquqi şəxs və ya xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda adı, işəgötürən funksiyasını həyata keçirən vəzifəli şəxsin vəzifəsi, soyadı, adı və atasının adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), faktiki fəaliyyət göstərdiyi ünvanı, işəgötürən fiziki şəxs olduqda soyadı, adı və atasının adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), faktiki fəaliyyət göstərdiyi ünvanı, fərdi identifikasiya nömrəsi (FİN); c) əsas və ya əlavə iş yeri olması barədə qeydlə birlikdə işçinin iş yerinin ünvanı, vəzifəsi (peşəsi); ç) əmək müqaviləsinin bağlandığı və işçinin işə başlamalı olduğu gün; d) əmək müqaviləsinin müddəti; ... .

10. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür; Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir; Maddə 777.4. Bu Məcəlləyə uyğun olaraq müqavilələrin hər hansı növünə aid olan müqavilələrə, o cümlədən podrat müqaviləsinə tapşırıq müqaviləsi haqqında qanunvericilik yalnız subsidiar şəkildə (əlavə vasitə kimi) tətbiq edilir; Maddə 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir; Maddə 778.3. Əgər vəkalət verən tapşırılmış əqdin icrası üçün hansısa göstərişlər vermişdirsə, vəkalət alan bu göstərişlərdən yalnız o halda kənara çıxa bilər ki, işin hallarına görə buna müvafiq icazə ala bilməsin və bundan əlavə, vəkalət verənin işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənaraçıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsaslar olsun. Əgər bu cür əsaslar olmadan vəkalət alan vəkalət verənin ziyanına onun göstərişlərindən kənara çıxmışdırsa, o, vurulmuş zərərin əvəzini ödəməlidir; Maddə 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır.

11. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarı: “Mülki-hüquqi müqavilələrin predmeti yerinə yetiriləcək işin və ya xidmətin nəticəsidir. Əmək münasibətlərinin predmetini isə işçinin əmək fəaliyyəti təşkil edir. İşçinin əmək fəaliyyəti müəssisənin istehsal fəaliyyətinin ayrılmaz tərkib hissəsi olduğu halda, mülki-hüquqi müqavilələrdə icraçının fəaliyyəti, adətən müəssisənin istehsal fəaliyyətinin ayrılmaz tərkib hissəsi olmadan, birdəfəlik və ya dövrü xarakter daşıyır. Mülki-hüquqi müqavilələr müddətli və ya nəzərdə tutulan işin və xidmətin nəticəsi gözlənilən tarixədək bağlandığı halda, əmək müqavilələri müddətsiz və yalnız qanunvericiliklə müəyyən edilmiş hallarda müddətli bağlanır. Əmək müqavilələrində işçi müəssisədaxili intizam qaydalarına və iş vaxtı rejiminə mütləq tabe olduğu və onları pozduqda intizam tənbehinə məruz qaldığı halda, mülkihüquqi müqavilələr üçün bu cür tənbehlər xas deyil.

Beləliklə, işçi işəgötürənin müəyyən etdiyi iş rejimi və təlimatlarına uyğun, sonuncunun rəhbərliyi altında əmək fəaliyyəti göstərməklə, müqavilənin daha zəif və asılı tərəfi olaraq əmək hüquq normaları ilə daha üstün müdafiə və təminat altına alındığı halda, mülki hüquq normaları, əsasən tərəflərin bərabərliyinə, mənafelərinin qarşılıqlı təmin olunmasına əsaslanır. Bu səbəbdəndir ki, Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsində əmək münasibətlərinin mülki-hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməz olduğu qeyd olunur.”

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

Məhkəmə baxışının hədləri

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi

14. İddia tələbinə mahiyyəti üzrə qiymət verilməsi üçün ilk öncə tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli müqavilənin mahiyyət baxımından əmək müqaviləsi, yoxsa xidməti müqavilə olması aydınlaşıdırılmalıdır.

15. Əmək münasibətləri - əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir (Əmək Məcəlləsinin 3-cü maddəsinin 4-1-ci hissəsi).

16. Əmək münasibətləri yazılı qaydada bağlanılmalı olan əmək müqaviləsi ilə rəsmiləşdirilməlidir. Əmək Məcəlləsinin 3-cü maddəsinə əsasən, əmək müqaviləsi (kontraktı) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir.

17. Əmək Məcəlləsi ilə əmək münasibətlərinə verilmiş anlayışa əsasən, bu münasibətlərin xarakterik cəhətləri olaraq, ilk növbədə, bir tərəfin fiziki şəxs olması, onun, yəni işçinin müəssisədaxili intizam qaydalarına tabe olması, əmək müqaviləsi üzrə şərtləşdirilmiş əmək funksiyalarını müvafiq iş yerində şəxsən yerinə yetirməsi çıxış edir. Münasibətlərin digər subyekti olan işəgötürən isə işçini müvafiq işlə, habelə sağlam və təhlükəsiz əmək şəraiti ilə təmin etməli və onun əməyinin qarşılığını (əmək haqqını) ödəməlidir.

18. Əmək münasibətləri işçi və işəgötürən arasında müəyyən hakimiyyət-tabeçilik xüsusiyyətinin olması (məsələn, işçilərin işəgötürəndən iqtisadi asılılığı, işəgötürən tərəfindən müəyyən edilən iş rejiminə tabe olması, işçiyə intizam sanksiyalarının tətbiq edilməsi və s.) ilə mülki münasibətlərdən fərqlənir. Əmək münasibətlərindən fərqli olaraq, mülki hüquq münasibətləri isə əsasən istər hüquqi, istərsə də faktiki cəhətdən tərəflərin bərabərliyinə əsaslanan münasibətlərdir və mülki qanunvericiliyin təməl prinsiplərindən biri olaraq mülki hüquq subyektlərinin bərabərliyi qəbul edilmişdir. Məhz bu səbəbdəndir ki, mülki münasibətləri tənzimləyən mülki hüquq normaları mahiyyətcə daha çox dispozitiv xarakterli olmaqla, tərəflərin azad iradə ifadəsi ilə müəyyən etdikləri müqavilə şərtləri üzrə tənzimetməyə üstünlük verir.

19. Hazırkı müqaviləyə nəzər yetirdikdə məlum olur ki, müqavilə Əmək Məcəlləsinin tələbləri baxımından əmək müqaviləsi üçün zəruri olan forma və məzmuna uyğun bağlanmamışdır. Müqavilədə tərəflər formal baxımdan “işəgötürən” və “işçi” adlansa da müqavilədə işin işçinin əsas və ya əlavə iş yeri olması barədə qeyd, əmək müqaviləsinin müddəti və ya müddətsiz bağlanması, işçinin əmək şəraitinin şərtləri — iş və istirahət vaxtı, əmək haqqı və ona əlavələr, əmək məzuniyyətinin müddəti, əməyin mühafizəsi, məcburi dövlət sosial sığorta və digər icbari sığorta olunması göstərilməmişdir.

20. Müqavilə işəgötürənin nəzarəti altında, əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə əlaqədar bağlanmamışdır. Müqavilənin məqsədi “X2” lahiyəsinin icrasıdır və müqavilə tərəfi olaraq iddiaçının üzərinə götürdüyü öhdəlik layihə çərçivəsində müvafiq sorğuların yerinə yetirilməsi – anketlərin doldurulması olmuşdur. İddiaçının əmək haqqının ödənilməsi işəmuzd olaraq – düzgün doldurulmuş hər anket üçün 4,50 manat məbləğdə razılaşdırılmışdır.

21. Nəzərə alınmalıdır ki, mülki-hüquqi müqavilələrin predmeti yerinə yetiriləcək işin və ya xidmətin nəticəsidir. Əmək münasibətlərinin predmetini isə işçinin əmək fəaliyyəti təşkil edir. İşçinin əmək fəaliyyəti müəssisənin istehsal fəaliyyətinin ayrılmaz tərkib hissəsi olduğu halda, mülki-hüquqi müqavilələrdə icraçının fəaliyyəti, adətən müəssisənin istehsal fəaliyyətinin ayrılmaz tərkib hissəsi olmadan, birdəfəlik və ya dövrü xarakter daşıyır.

22. Məhkəmənin qənaətincə, sadalananlara əsasən tərəflər arasında bağlanmış müqavilə əmək müqaviləsi olaraq nəzərdən keçirilə bilməz, bu müqavilə həm predmet, həm tərəflərin müqavilə bağlayarkən ortaya qoyduqları iradə baxımından mülki-hüquqi müqavilədir.

23. Bundan əlavə, məhkəmə tərəfindən gizli yazıldığı aşkar sezildiyindən sübut qismində nəzərə alınmayan, iddiaçı tərəfin isə sübut qismində təqdim etdiyi səs yazılarından da görünür ki, iddiaçının “Bu müqavilənin möhürü hanı?” sualına qarşı tərəf – müəssisənin əməkdaşı olduğu güman edilən şəxs “Qardaş, bu xidməti müqavilədir, əvvəldən dedik axı sənə” cavabını vermişdir.

24. Bu halda iddiaçının tələbi əmək haqqı yox, müqavilə üzrə öhdəliyin icrası nəticəsində ödənilməli muzd qismində nəzərdən keçirilməlidir. Yerinə yetirilmiş işlər müqavilə şərtlərinə uyğun olaraq iddiaçı tərəfindən məqbul iş hesab edilmədiyindən, bu barədə müvafiq akt tərtib edildiyindən məhkəmə hesab edir ki, 108 manat məbləğdə pulun tutulması hissədə iddia tələbi təmin edilə bilməz.

25. İddiaçı eyni zamanda mənəvi zərərin əvəzinin tutulmasını da xahiş edir ki, məhkəmə bu hissədə də iddia tələbinin təmin olunmaması qənaətinə gəlir.

26. Ali Məhkəmə Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli qərarındakı hüquqi mövqeyə əsasən mənəvi zərərin tutulması barədə iddiaların təmin olunması üçün şəxsin mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olmalıdır.

27. Hazırkı işin halları baxımından isə işin bu faktiki hallarının heç biri iddiaçı tərəfindən sübuta yetirilməmişdir.

28. Artıq qeyd edildiyi kimi, tərəflər arasında hər hansı əmək müqaviləsi mövcud olmadığından əmək müqaviləsinin qanunvericiliyə zidd olan şərtlərinin etibarsız hesab edilməsi hissədə də tələb təmin edilə bilməz. Ümumiyyətlə, hansı şərtin, hansı əsaslarla etibarsız olmalı olduğu da əsaslandırılmamışdır.

29. Beləliklə, məhkəmə sadalananlara əsaslanaraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir.

30. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddiaçı Cavabdehnə qarşı əmək haqqının ödənilməsi və mənəvi ziyanın tutulması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

HAKİM Aytəkin Əsədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar