Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4674/2025 17.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" publik hüquqi şəxsə qarşı “qanunsuz hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" publik hüquqi şəxsə qarşı “qanunsuz hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən əsassız hesablanmış 240 manat məbləğində borcun silinməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanı iddiaçıya məxsusdur. xx.xx.2024-cü il tarixdə Azərsu ASC-nin əməkdaşları iddiaçının mənzilinin şaxta hissəsində yerləşən su sayğacını çölə çıxarmaqla binanın ümumi (blok) hissəsində quraşdırılması məqsədilə sayğacı sökərək aparmışlar. Sayğac sökülən zaman tam saz vəziyyətdə olmuş, bu vəziyyəti təsdiq edən fotoşəkillər mövcuddur. Lakin, 6 ay sonra, yəni xx.xx.2024-cü il tarixdə “sayğaca müdaxilə” edilməsi əsası ilə iddiaçının mənzilinin su təchizatı dayandırılmış və 240 manat məbləğində borc yazılmışdır. İddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməmişdir. Suölçən cihazın kipləşdirici plastik kəmərinin qırılması sonra baş vermişdir. Sayğacın sonrakı vəziyyəti cavabdeh qurumun əməkdaşları tərəfindən söküldükdən sonra yaranmışdır. Hesablanmış 240 manat borc məbləği əsassızdır və silinməlidir. İddiaçı məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh tərəf məhkəmə iclasında iştirak etməmişdir. İş materiallarında olan çıxarışın surətinə əsasən müəyyən edilir ki, ünvan 1 ünvanı İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarına sayğac sökülən zaman çəkilmiş fotoşəkilləri əlavə edilmişdir. İş materiallarına "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" publik hüquqi şəxsin İddiaçı müraciətinə cavab məktubu əlavə edilmişdir. İş materiallarında olan Azərsu ASC tərəfindən tərtib edilmiş rəyə əsasən müəyyən edilir ki, ünvan 1 ünvanda istismarda olan su sayğacı ......... təmirə və istismara yararsızdır. Suölçən cihazın kipləşdirici plastik kəmərinin qırıqdır (siyahı üzrə 5-ci). Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Mübahisənin qanuni əsası qismində tərəflər arasında bağlanmış müqavilə şərtləri və aşağıdakı hüquq normaları çıxış edir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 1 ünvanı iddiaçının mülkiyyətindədir. Sözügedən mənzilə cavabdeh orqan tərəfindən su sayğacı quraşdırılmışdır. Deməli, tərəflər arasında sudan istifadəyə dair müqavilə münasibətləri yaranmışdır. xx.xx.2024-cü il tarixdə Azərsu ASC-nin əməkdaşları iddiaçının mənzilinin şaxta hissəsində yerləşən su sayğacını çölə çıxarmaqla binanın ümumi (blok) hissəsində quraşdırılması məqsədilə sayğacı sökərək aparmışlar. İddiaçı həmin sayğacı cavabdeh orqanın labaratoriyasına aparmışdır. xx.xx.2024-cü il tarixdə aparılmış labarator müayinə zamanı sayğacın təmirə və istismara yararsız olması, suölçən cihazın kipləşdirici plastik kəmərinin qırıq olması müəyyən edilmişdir. İddiaçı məxsus olan mənzilə cavabdeh orqan tərəfindən 2024-cü ilin iyun ayında 240 manat əlavə borc hesablanmışdır. Göstərilənlər mülki işin mübahisəsiz hallarıdır (tərəflərin məhkəmə hazırlıq iclasında izahatlarına əsasən). Sayğac mənzildən sökülərkən rəydə qeyd edildiyi kimi vizual nöqsan barədə hər hansı akt tərtib edilməmiş, bu barədə iddiaçı məlumatlandırılmamışdır. Belə ki, müvafiq rəydə yoxlamanın və sınağı vizual aparılması qeyd edilmişdir. Əgər vizual müşahidə edilə bilən hal mümkün idisə, sayğac sökülərkən bu barədə müvafiq akt tərtib edilməli və istehlakçı məlumatlandırılmalıdır. Həmin nöqsanın 4 aydan sonra aşkarlanması əsaslı hesab edilmir. 4 ay ərzində sayğacın hansı şəraitdə saxlanılması, həmin vaxt ərzində sayğaca kənar müdaxilələrin olub-olmaması barədə cavabdeh tərəfindən hər hansı mülahizə bildirilməmişdir. Hazırki iddia tələbi üzrə sübutetmə yükünün (borcun qanuniliyi hissəsində) cavabdeh "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" publik hüquqi şəxsin üzərində olmasına baxmayaraq cavabdeh tərəfindən aktiv sübutetmə fəaliyyəti təmintəşkil edilməmiş, müvafiq borc (cərimə) məbləğinin əsaslı olmasını, iddiaçının qanunsuz olaraq sayğaca müdaxilə etməsini təsdiq edən sübut, sənəd və ya material(lar) məhkəməyə təqdim edilməmişdir. Məhkəmə tərəfindən borcun (cərimə) yaranma əsasları, hesablanması qaydasını müəyyən etmək mümkün olmamış, qeyd olunan xüsusatlar cavabdeh tərəfindən sübuta yetirilməmişdir. Cavabdeh orqanın nümayəndəsi məhkəmə hazırlıq iclasında iştirak etmiş, məhkəmənin cavabdeh orqana hüquq və vəzifələrini izah etməsinə baxmayaraq iddia tələbi üzrə məhkəməyə əsaslı arqument bildirməmiş, sənəd, sübut və ya material təqdim etməmişdir. Mülki prosessual qanunvericiliyin prinsipləri əsas götürülməklə hazırki iddia tələbi üzrə sübutetmə yükünün istehlakcı olan iddiaçının üzərinə qoyulması qanuni hesab edilə bilməz. Məhkəmə qeyd edir ki, məhkəmə qətnaməsi qanuni və əsaslı olmalı, sübutlara əsaslanmalıdır. Nəzərə almaq lazımdır ki, mülki iş üzrə sübutemə yükü publik münasibətlər üzrə hakimiyyət səlahiyyətlərini həyata keçirən cavabdehin üzərindədir. Sayğacın istifadəyə yararsız olmasının riski cavabdeh vətəndaşın üzərinə qoyula bilməz. Məhkəmə iddiaya tələb həddində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının (iddiaçı və ya cavabdeh) lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Məhkəmə iddiaçının təqdim etdiyi sübutlar əsasında mülki işə baxaraq qətnamə qəbul etməyi qanuni və əsaslı hesab edir. Beləliklə, iş materiallarına və sübutlara məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və ünvan 1 ünvanına İddiaçı adına olan **********330 abonent hesablı su sayğacına qanunsuz hesablanmış 240 (iki yüz qırx) manat borcun silinməsi vəzifəsi cavabdeh "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" publik hüquqi şəxsin üzərinə qoyulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdeh "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" publik hüquqi şəxsə qarşı “qanunsuz hesablanmış borcun silinməsi” tələbinə dair iddiası təmin edilsin. ünvan 1 ünvanına İddiaçı adına olan **********330 abonent hesablı su sayğacına qanunsuz hesablanmış 240 (iki yüz qırx) manat borcun silinməsi vəzifəsi cavabdeh "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" publik hüquqi şəxsin üzərinə qoyulsun. Qətnamədən tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №2(004)-4674/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4674/2025
17.10.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver