Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4682/2023 07.11.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri 14 saylı notariat ofisində AN-1 ******* nömrəli 15 avqust 2019-cu il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin və onun əsasında alınmış çıxarışın etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2019-cu ildə maddi sıxıntılar yaranmışdı. Bu məqsədlə mülkiyyətində olan ünvan 1 ünvanını lonbarda qoyub pul götürmək istəyirdi. Təssadüfən bir ev alqı-satqı ofisi işlədən şəxs ona bildirdi ki, el arasında deyilən sələmə pul verən adamlar tanıyır onlar ona kömək edər. Bu məqsədlə onlarla görüşdü. Ona həmin vaxt 40000 manat pul lazım idi. Orada Ramil və Teyub adlı şəxs gəldi ona məxsus olan mənzilə baxdı. Bildirdilər ki, ona cəmi 33000 manat pul verə bilərlər, ancaq bir şərtlə ki, evi onların adına keçirsin. Bundan əlavə olaraq o 33000 manatın əvəzi olaraq hər faiz olaq 2100 manat verməli idi. İlkin olaraq da rasxodlar olaraq 9000 manat pul verilməli idi. Yəni onun onlara əsas borc olaraq 42000 manat borcu olacaqdı. Aylıq 5% ilə - 2100 manat faiz ödəyəcəkdi. 6 aydan sonra isə 42000 manatı onlara qaytarmalı idi. Bu məqsədlə notariat ofisinə getdi. Bakı şəhəri 14 saylı notariat ofisinə getdi və tanımadığın şəxs olan Cavabdeh gəldi və AN-1 ******* nömrəli 15 avqust 2019-cu il tarixli alqı-satqı müqaviləsi bağladı, rəsmiləşmə onun adına aparıldı. Mənzilin dəyərini 70000 manat olaraq qeyd etdirdilər. İlkin olaraq notariat kontorunda ilkin alqı-satqı müqaviləsi bağlandı. Banka 4000 manat pul yatızdırdılar. Səhər isə gəlib o, 40000 manatı götürüb alqı-satqı müqaviləsi bağladı və 4000 manatın yenidən 3000 manatını yenidən banka yatırdılar ki, 70000 manat düzəlsin. O, onlara 5 ay 2100 manat, cəmi 10500 manat faiz ödəmişdir. Bundan sonra pulu ödəyə bilmədi, onlara bildirdi ki, maddi vəziyyəti düzəlmir, gəlin evi satıb sizə olan 42000 manatı qaytarsın, qalıq pula isə özünə daha ucuz ev alsın. Onlar bunla razılaşmadılar. O bu günə kimi həmin mənzildə yaşayır. Həmin dövrdə də onun evinin dəyəri 110000-120000 manat olardı. Burdan da görünür ki, bu bağlanmış əqd formal olaraq bağlanmışdır. Cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə müraciət edərək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı öz mülkiyyətində olan ünvan 2 ünvanını satmaq istəmiş və o həmin mənzili vasitəçinin köməkliyi ilə tanış oldu və onlar həmin mənizli 70000 (yetmiş min) manata razılaşaraq 15 avqust 2019-cu il tarixdə rəsmi qaydada alğı-satqı edərək mənzili öz mülkiyyətinə qeydiyyatda aldırmışdır. Bildirir ki, iddia ərizəsində göstərilənlərin heç biri həqiqətə uyğun deyil, alğı-satqı müqaviləsi qanunvericiliyin tələblərinə uyğun həyata keçirilmişdir. Mənzilin alınması üçün vəsait notariat ofisinin depozit hesabına daxil olmuş və iddiaçı şəxsən məbləği özü götürmüşdür. Bundan əlavə bildirmək istəyir ki, müqavilə 2019-cu ildə bağlanmışdır, iddiaçı isə həmin müqavilənin etibarsızlığı ilə bağlı 4 il sonra 2023-cü ildə iddi ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmiş və izahatında bildirmişdir ki, tərəflər arasında uydurma əqd bağlanmışdır, lakin bununla bağlı hər hansı sübutu yoxdur. Hazırda müqavilənin etibarsızlığını və ya 70.000 manat qarşılığında evin qaytarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş İddiaçı ilə Cavabdeh arasında bağlanmış 15 avqust 2019-cu il tarixli ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı İddiaçı ünvan 1 ünvanında yerləşən mənzili 70000 manata Cavabdeh mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 337.1-ci maddəsinin tərəblərinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Məcəllənin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair 18 mart 2022-ci il tarixli qərarına görə Konstitusiya Məhkəməsi Plenumunun yalan əqdlərlə əlaqədar formalaşmış hüquqi mövqeyinə əsasən, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (N.Hacıyevanın şikayəti üzrə 2020-ci il 10 mart və X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarlar). Beləliklə, yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər. Xüsusilə qeyd olunmalıdır ki, tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil. Yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: - görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; - gizli bağlanan əqd və ya pərdələnən əqd - tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; - yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin l hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafıəsinə təminat verilir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcədə maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarına görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Beləliklə iddia ərizəsi və əlavə olunmuş sənədlərdən müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında 15 avqust 2019-cu il tarixdə ******* nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsi bağlanmışdır. Hazırda İddiaçı 15 avqust 2019-cu il tarixli ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsini xahiş edir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən tərəflər arasında bağlanmış 15 avqust 2019-cu il tarixdə ******* nömrəli daşınmaz əmlakın alğısatğı müqaviləsinin uydurma əqd olması, yəni başqa əqdi pərdələmək məqsədi ilə görünüş üçün bağlanan əqd olması barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Odur ki, müqavilənin uydurma əqd olması məhkəmə tərəfindən sübuta yetirilmədiyindən tərəflər arasında bağlanmış 15 avqust 2019-cu il tarixli ******* nömrəli daşınmaz əmlakın alğı-satğı müqaviləsi də etibarsız hesab edilməsi tələbi əsassız olmaqla təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2.-ci maddəsinə əsasən də məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı "müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-4682/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4682/2023
07.11.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver