Məhkəmə qərarları › İş №2(004)-4694/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4694/2023

30.10.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4694/2023 30.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı və cavabdehlər Cavabdeh1, Cavabdeh2, X4, Cavabdeh4 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X4, Cavabdeh4 qarşı mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi tələbinə dair dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “kompensasiya ödənilməklə yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 və Cavabdeh5 cəmi 7200 manat məbləğində kompensasiya verilməklə mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışlar ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi onun xüsusi mülkiyyətindədir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 və Cavabdeh5 həmin fərdi yaşayış evində pasprt qeydiyyatında deyillər. Lakin məhkəmənin müvafiq qərarı ilə onların həmin evə köçürülməsi qət edilmişdir. 13 ildir ki, cavabdehlər həmin ünvanda yaşamırlar. Cavabdeh3 rəsmi nikaha daxil olmuş və uzun müddətdir ki, ərinin evində yaşayır. Cavabdeh5 uzun müddətdir ki, Azərbaycan Respublikasında yaşamır. Bundan başqa iddiaçı ailəlidir. Hazırki ailəsi ilə keçmiş ailə üzvlərinin bir evdə yaşamaları düzgün deyildir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdehlər siyahısından Cavabdeh5 çıxarmış, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 və Cavabdeh5 cəmi 15000 manat məbləğində kompensasiya verilməklə mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Naxçıvani küçəsi 30 saylı evin 11 saylı mənzilinə istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 ayrı-ayrılıqda iddia tələbini qəbul edərək, cavabdehlərin hər birinə 3750 (üç min yeddi yüz əlli) manat olmaqla cəmi 15.000 (on beş min) manat məbləğində kompensasiya verilməklə iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Naxçıvani küçəsi 30 saylı evin 11 saylı mənzilinə istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsinə etiraz etmədiklərini bildirmiş, müvafiq məzmunlu birgə ərizəni məhkəməyə təqdim etmişlər. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş elektron çıxarışından müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, X6 Naxçıvani küçəsi 30 saylı evin 11 nömrəli mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı adına 21 iyun 2011-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyatdan keçmişdir; Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 mart 2013-cü il tarixli 2(004)-693/2013 nömrəli icra vərəqəsindən görünür ki, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 Bakı şəhəri, Yasamal rayonu, Bülbül Məmmədov küçəsi 30 nömrəli evin 11 nömrəli mənzilinə istifadə hüquqları tanınmaqla köçürülməlidirlər. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 fevral 2015-ci il tarixli 2(004)-767/2013 nömrəli qətnaməsinin surətindən görünür ki, müvafiq qətnamə ilə Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 hər birinə 1500 manat məbləğində kompensasiya verilməklə Bakı şəhəri, Yasamal rayonu, Bülbül Məmmədov küçəsi 30 nömrəli evin 11 nömrəli mənzilinə istifadə hüquqlarına xitam verilməsi qət edilmişdir; Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 may 2015-ci il tarixli 2(103)- 3248/2015 nömrəli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 fevral 2015-ci il tarixli 2(004)-767/2015 nömrəli qətnaməsi ləğv edilmiş, iddia tələbinin rədd edilməsi qət edilmişdir; Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 22 oktyabr 2015-ci il tarixli 2(102)-4511/2015 nömrəli qərarının surətindən görünür ki, müvafiq qərarla Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 may 2015-ci il tarixli 2(103)-3248/2015 nömrəli qətnaməsindən iddiaçının verdiyi kassasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının müvafiq qətnaməsi dəyişdirilmədən saxlanılmışdır; Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 mart 2016-cı il tarixli 2(004)- 1131/2016 nömrəli qətnaməsinin surətindən görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı hər birinə 2500 manat məbləğində kompensasiya verilməklə Bakı şəhəri, Yasamal rayonu, Bülbül Məmmədov küçəsi 30 nömrəli evin 11 nömrəli mənzilinə istifadə hüquqlarına xitam verilməsinə dair iddianın rədd edilməsi qət edilmişdir; Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 avqust 2016-cı il tarixli 2(004)-4721/2016 nömrəli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 mart 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır; 07 sentyabr 2023-cü il tarixli ********** nömrəli ödəniş qəbzindən görünür ki, X3 məhkəmədə müvafiq tələblə iddia qaldırmaq üçün 92 (doxsan iki) manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Bülbül Məmmədov küçəsi 30 nömrəli evin 11 nömrəli mənzili İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə müvafiq çıxarış verilmişdir. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kompensasiya ödənilməklə yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 cəmi 15.000 (on beş min) manat məbləğində kompensasiya verilməklə mülkiyyətlərində olan Bakı şəhəri, Yasamal rayonu, Naxçıvani küçəsi 30 saylı evin 11 nömrəli mənzilindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 iddia tələbini qəbul edərək, hər birinə 3750 manat olmaqla, cəmi 15.000 (on beş min) manat məbləğində kompensasiya verilməklə iddiaçı şəxslərin mülkiyyətlərində olan Bakı şəhəri, Yasamal rayonu, Naxçıvani küçəsi 30 saylı evin 11 nömrəli mənzilindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsinə etiraz etmədiklərini bildirmişlər. Məhkəmə qeyd edir ki, mükiyyət hüququ aşağıdakı qanunvericilik normaları ilə təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Konstitusiyası mülkiyyət hüququnu tanıyır və müdafiə edir. Konstitusiyada öz əksini tapmış əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında mülkiyyət hüququnu, o cümlədən xüsusi mülkiyyət hüququnu tənzimləyən maddələr vardır. Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz; 29-cu maddənin İİİ hissəsinə görə mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir”. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiət etibarilə nəinki mülkiyyətçinin hüququ təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlak hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. “F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstiutsiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına görə 2000-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasıın Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsi və ümumiyyətlə Azərbaycan Respublikası Mənzil Məcəlləsi hər hansı bir şəxsə başqasına məxsus olan yaşayış sahəsindən istifadə edərkən həmin yaşayış sahəsinin mülkiyyətçisinin öz əmlakına sərəncam vermək hüququna məhdudlaşdırmaq səlahiyyəti verən müddəa nəzərdə tutmur…Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsi bir tərəfdən mülkiyyətçiyə, ona məxsus olan yaşayış sahəsindən ailə üzvlərinin və başqa şəxslərin istifadə etmək hüquqlarına xitam verməyə qadağa qoymur, digər tərəfdən isə yaşayış sahəsindən istifadə etmək hüquqlarının kompensasiya verilməklə xitamını da istisna etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.5-ci maddəsinə əsasən mülk hüquq münasibətlərini tənzimləyən hüquq normasıın olmaması və onun qeyri-müəyyənlyi məhkəmənn mülki işə baxmaqdan imtina etməsinə əsas verə bilməz. Mənzil qanunvericiliyində müəyyən münasibətlərin təzimlənməməsi, əlamətlərinə görə mülki hüququn predmetinə aid mülki münasibətlərin mövcudluğu və mülki qanunvericilikdə oxşar münasibətləri tənzimləyən normanın olması bütövlükdə dövlətin iradəsinin ifadəsindən çıxış edərək boşluğun tamalanması məqsədi ilə qanunun analogiyasının tətbiqi üçün əsas götürülə bilər. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin yaşayış sahəsindən istifadə etmək hüququna xitam verilməsi ilə bağlı kompensasiyanın verilməsi nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 408.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Beləliklə, ümumi yurikdiksiyalı məhkəmələr tərəfindən mənzil qanunvericiliyində normanın mövcud olmamasına görə iddianın rədd olunması və konkret mübahisənin həllindən faktiki imtina edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin qərarında verilmiş olsun. Göründüyü kimi, iddiaçıların xüsusi mülkiyyətlərindən sərbəst və maneəsiz istifadə hüququ vardır və bu hüqunun reallaşdırılmasına yaradılan hər bir maneənin qarşısı qanuni yollarla aradan qaldırılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 iddia tələbini qəbul edir və iddiaçının təklif etdikləri kompensasiya məbləği müqabilində iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Naxçıvani küçəsi 30 saylı evin 11 nömrəli mənzilindən istifadə hüquqlarına xitam verilməsinə etiraz etmədiklərini bildirmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir; 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. “İnsan hüquqları haqqında Ümumi Bəyənnamə”nin 8-ci maddəsinə əsasən hər bir şəxs kostitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ və İİ hissələrinə əsasən bu Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqlarını və azadıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-ci maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum edilmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, mülkiyyətçi tərəfindən onun mülkiyyətindən istifadə hüququ olan cavabdehlərə 15.000 (on beş min) manat məbləğində kompensasiya ödənilməklə onların həmin yaşayış sahəsindəki istifadə hüquqlarına xitam verilməlidirlər. Məhkəmə həmçinin hesab edir ki, İddiaçı tərəfindən cavabdeh şəxslərə təklif edilən kompensasiyanın məbləği yuxarıda qeyd edilən qanunvericilik normalarının tələblərinin, həm də işin faktiki hallarının məcmusu baxımından həm məqbul, həm də ağlabatandır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-400, 360-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2, Cavabdeh4 hər birinə 3750 (üç min yeddi yüz əlli) manat, ümumilikdə 15.000 (on beş min) manat məbləğində kompensasiya verilməklə, Bakı şəhəri Yasamal rayonu X6 ünvan 2 ünvan üzrə-ünvan 3 verilsin. Kompensasiyanın ödənilməsi ilə cavabdehlərin istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılmaları eyni vaxtda icra edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar