Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4728/2024 18.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh İri Şəhərlərin Birləşmiş Su Təchizatı publik hüquqi şəxsə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh İri Şəhərlərin Birləşmiş Su Təchizatı publik hüquqi şəxsə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanına sudan istifadəyə görə hesablanmış 1816,68 manat borcun silinməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı təxminən 7-8 ay əvvə ona məxsus olan sözügedən mənzil üzrə smart karta pul ödəmək istəsə də, alınmamışdır. İddiaçı bununla bağlı dərhal "xxxx" ASC-nin qaynar xətti 955-ə məlumat vermişdir. Lakin, hər hansı nəticə əldə edilməmişdir. İddiaçı dəfələrlə qaynar xəttə məlumat vermiş, lakin, müvafiq səlahiyyətli şəxs ona bu halları kütləvi xarakter daşıdığını, hər hansı probelm olmayacağını bildirmişdir. Lakin, 8 ay sonra iddiaçının 1816,68 manat borcunun olması ona bildirilmişdir. Sözügedən borc məbləği əsassız hesablanmışdır. İstehlakçının bu barədə hər hansı təqsiri yoxdur. Göstərilənlər nəzərə alınmaqla iddia tələbinin təmin edilməsi xahiş edilir. Məhkəmə nəzərə alır ki, "xxxx" ASC hüquqi şəxs qismində yenidən təşkil edilməklə İri Şəhərlərin Birləşmiş Su Təchizatı publik hüquqi şəxsi yaradılmışdır. İddiaçı məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan 40440/0354585 nömrəli rəyə əsasən müəyyən edilir ki, ünvan 1 ünvanda istismarda olan su sayğacı ......... təmirə və istismara yararsızdır. İş materiallarına əsasən müəyyən edilir ki, abonentin ünvan 1 ünvanı üzrə su sayğacı dəyişdirilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Mübahisənin qanuni əsası qismində tərəflər arasında sudan istifadəyə dair bağlanmış müvafiq müqavilə şərtləri çıxış edir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının (iddiaçı və ya cavabdeh) lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Hazırki iddia tələbi üzrə sübutetmə yükünün (hesablanmış borcun qanuniliyinin) cavabdehin üzərində olmasına baxmayaraq cavabdeh tərəfindən aktiv sübutetmə fəaliyyəti təmin-təşkil edilməmiş, müvafiq borc məbləğinin əsaslı olmasını təsdiq edən sübut, sənəd və ya materiallar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə tərəfindən sudan istifadə olunmasına görə sözügedən borcun yaranma əsasları, hesablanması qaydasını müəyyən etmək mümkün olmamış, qeyd olunan xüsusatlar cavabdeh tərəfindən sübuta yetirilməmişdir. Məhkəmə qeyd edir ki, məhkəmə qətnaməsi qanuni və əsaslı olmalı, sübutlara əsaslanmalıdır. Nəzərə almaq lazımdır ki, mülki iş üzrə sübutemə yükü publik münasibətlər üzrə hakimiyyət səlahiyyətlərini həyata keçirən cavabdehin üzərindədir. Mülki prosessual qanunvericiliyin prinsipləri əsas götürülməklə hazırki iddia tələbi üzrə sübutetmə yükünün istehlakcı olan iddiaçının üzərinə qoyulması qanuni hesab edilə bilməz. Məhkəmə cavabdeh orqana izah edir ki, cavabdeh dövlət orqanı olaraq publik səlahiyyətlərindən istifadə etməklə sayğaca hər hansı müdaxil edilmişdirsə, həmin xüsusatı aşkara çıxarmaq və təqsirkar şəxs(lər) barədə tədbir görülməsi müvafiq hərəkətləri etmək öhdəliyi ilə mükəlləfdir. Həmin fəaliyyətin (nəzarət mexanizmi) operativ və effektiv təşkiltəmin olunması cavabdehin vəzifəsidir. İstehlakçının təqsirini müəyyən etmədən maliyyə sanksiyalarının tətbiq edilməsi isə əsassız olmaqla yolverilməzdir. Belə ki, məhkəmə prezumpsiya olaraq qəbul edir ki, abonent həqiqətən də bununla bağlı cavabdeh qurumun qaynar xəttinə məlumat vermiş, istifadəçi kimi üzərinə düşən intizamlı, vicdanlı davranışı sərgiləmişdir. Bunun əksi isə cavabdeh tərəfindən sübuta yetirilməmişdir. Cavabdehin nümayəndəsi məhkəməyə şifahi arqumentlər təqdim edərək bir sıra faktiki hallara toxunsa da (iclasın audio-video yazılarında qeydlər var), məhkəmə həmin faktiki halların sübuta yetirilmədiyini, hər hansı mötəbər sənədlə təsdiqini tapmadığını yəqin edir. Nümayəndə həmin fikirləri hüquqi faktlarla deyil, üçüncü şəxslərin (cavabdeh qurumun əməkdaşlarının) sözlərinə əsaslanmaqla bildirir. Hər bir halda kifayət qədər resursa malik olan dövlət orqanı fəaliyyətini faktlaşdırsa (sənədlərlə aktlaşdırmaq) irəli sürülən şifahi mülahizələrə deyil, müvafiq sənədlərə əsaslanacaqdır ki, bu halda cavabdehin xeyrinə müvafiq qərarın qəbul edilməsi mümkün ola bilərdi. Anlaşılmaz halların məsuliyyətini sadə vətəndaşın üzərində saxlamağı məhkəmə əsaslı hesab etmir. Sudan qanunsuz istifadə edilməsi halları vardırsa da, bunun qarşısını almaq üçün səlahiyyətli qurum bununla qanuni əsaslarla mübarizə aparmalı, vətəndaşların sui-istifadə hallarına imkan verməməlidir. Lakin, həmin mübarizə faktlaşdırılmalı və mötəbər sənədlərlə sübuta yetirilməlidir. Mümkündür ki, deyilən faktiki hallar doğrudur, lakin, məhkəmə qərarı yalnız mötəbər sübutlara əsaslandırmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sübutlar əsasında mülki işə baxaraq qətnamə qəbul etməyi qanuni və əsaslı hesab edir. Beləliklə, iş materiallarına və sübutlara məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, ünvan 1 ünvanına sudan istifadəyə görə hesablanmış 1816,68 (min səkkiz yüz on altı manat altmış səkkiz qəpik) manat borcun silinməsi vəzifəsi cavabdeh İri Şəhərlərin Birləşmiş Su Təchizatı publik hüquqi şəxsə həvalə edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı cavabdeh İri Şəhərlərin Birləşmiş Su Təchizatı publik hüquqi şəxsə qarşı “borcun silinməsi” tələbinə dair iddiası təmin edilsin. İddiaçı məxsus ünvan 1 ünvanına sudan istifadəyə görə hesablanmış 1816,68 (min səkkiz yüz on altı manat altmış səkkiz qəpik) manat borcun silinməsi vəzifəsi cavabdeh İri Şəhərlərin Birləşmiş Su Təchizatı publik hüquqi şəxsin üzərinə qoyulsun. Qətnamədən tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №2(004)-4728/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4728/2024
18.10.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver