Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-473/2022 19.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Qasımova Aytən Elçin qızının katibliyi, Ərizəçi Azərbaycan Respublikası Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətini maraqlı şəxs qismində cəlb edilməklə, daşınar əşyanın sahibsiz hesab edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ərizə ilə məhkəməyə müraciət edərək, ümumi dəyəri 12500 manat olan Mercedes-Benz markalı C230 tipli nəqliyyat vasitəsinin sahibsiz elan edilməklə Dövlət Gömrük Komitəsinin mülkiyyətinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndəsi X3 ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmiş və məhkəmə iclasının nümayəndənin iştirakı olmadan keçirilməsini xahiş etməmişdir. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, iş materiallarında olan 07 mart 2017-ci il tarixli cinayət işinin başlanılması haqqında qərarın surətindən görünür ki, sənədlərdən və eyniləşdirmə vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yəni qaçaqmalçılıq yolu ilə, malları Azərbaycan Respublikası gömrük sərhəddindən külli miqdarda keçirməsi faktına görə Azərbaycan Respublikası CM-nin 206.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Həmin qərardan, eyni zamanda görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mərkəzi Ekspertizası Mərkəzindən verilmiş 17.02.2017-ci il tarixli 3263 nömrəli ekspert arayışına əsasən Mercedes-Benz markalı 5787GX nömrə nişanlı C230 tipli nəqliyyat vasitəsinin ümumi dəyəri 12500 manat təşkil edir. İş materiallarında olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mərkəzi Ekspertizası Mərkəzindən verilmiş 13.02.2017-ci il tarixli 3189 nömrəli ekspert arayışından görünür ki, Mercedes-Benz C230 markalı nəqliyyat vasitəsinin WDB2030521F919685 ban nömrəsini bildirən hərf və rəqəmlər zavod üsulu ilə həkk edilmişdir. İş materiallarında olan ********* nömrəli 12 iyun 2020-ci il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarın surətindən görünür ki, İran islam Respublikası vətəndaşı X6 qeyd edilən əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206-cı maddəsinin tərkib əlamətləri olmadığından barəsində cinayət təqibinə və Azərbaycan Respublikası CM-nin 206.1-ci maddəsi ilə başlanılmış cinayət işinin icraatına Azərbaycan Respublikası CPM-nın 39.1.2-ci maddəsinə əsasən xitam verilməsi, X6 əməlində Azərbaycan Respublikası İXM-nin 481-ci maddəsinin tərkibinin olduğunu nəzərə alaraq, toplanmış materiallardan zəruri sənədlərin surətlərinin çıxarılıb baxılması üçan aiddiyyatı üzrə Təhqiqat şöbəsinə göndərilməsi, cinayət işi üzrə maddi sübut Mercedes-Benz C 230 markalı 5787GX qeydiyyat nişanlı nəqliyyat vasitəsinin iş üzrə inzibati məsuliyyət məsələsi barədə müvafiq qərar qəbul eidlənədək hazırda olduğu yerdə - Bakı Baş Gömrük İdarəsi “İpək yolu” gömrük postunun terminalında saxlanılmasınının nəzərə alınması qərara alınmışdır. İş materiallarında olan 04 noyabr 2020-ci il tarixli 10000/1787 nömrəli İnzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərarın surətindən görünür ki, İran İslam Respublikası vətəndaşı X8 barəsində başlanılmış 10000- 0036/20 saylı inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi, İran İslam Respublikası vətəndaşı X5 hüquqpozma predmeti kimi götürülmüş Mercedes-Benz C 230 markalı 5787GX qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Bakı Baş Gömrük İdarəsi “İpək yolu” gömrük postunun terminalında saxlanılmasınının nəzərə alınması, qərarın surətinin bu qərarın 2-ci bəndində nəzərdə tutulan malların dövlət nəfinə keçirilməsi məqsədilə müvafiq tədbirlərinin görülməsi üçün Hüquqi Təminat İdarəsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirərək, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, ümumi dəyəri 12500 manat olan Mercedes-Benz C 230 markalı nəqliyyat vasitəsi sahibsiz hesab edilməlidir. Belə ki, iş materialları ilə Mercedes-Benz C 230 markalı nəqliyyat vasitəsinin İran İslam Respublikası vətəndaşı X7 hüquqpozma predmeti kimi götürülməsi, X2 yer müəyyən edilmədiyi üçün onun barəsində axtarış elan olunması, daha sonra onun haqqında başlanılmış cinayət işi üzrə icraata və inzibati xətaya dair iş üzrə icraata xitam verilməsi sübuta yetirilmişdir. Məhkəmə qeyd edir ki, hüquqpozma predmeti kimi götürülmüş Mercedes-Benz C 230 markalı nəqliyyat vasitəsinin mülkiyyətçisinin olmaması, mülkiyyətçi tərəfindən əşya onun üzərində mülkiyyət hüququnu saxlama niyyəti olmadan sahibsiz qoyulması və həmin nəqliyya vasitəsinə 2017-ci ildən Dövlət Gömrük Komitəsi tərəfindən sahiblik edilməsi iş materialları ilə təsdiqini tapdığından, ərizə əsaslı hesab edilərək 12500 manat olan Mercedes-Benz C 230 markalı nəqliyyat vasitəsi sahibsiz hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 305.1.4-cü maddəsinə əsasən daşınar əşyanın sahibsiz hesab edilməsi və daşınmaz əşya üzərində dövlət mülkiyyəti hüququnun tanınması haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 323.1-ci maddəsinə əsasən daşınar əşyaların sahibsiz hesab edilməsi haqqında ərizə məhkəməyə bu əşyaya sahiblik etməyə başlamış şəxsin yaşadığı və ya olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən daşınar əşyanın sahibsiz hesab edilməsi haqqında ərizədə hansı əşyanın sahibsiz hesab edilməli olması göstərilməli, onun əsas fərqləndirici əlamətləri təsvir edilməli, habelə mülkiyyətçi tərəfindən əşyanın üzərində mülkiyyət hüququnu saxlamaq niyyətinin olmaması və ərizəçinin əşyaya sahiblik etməyə başlaması barədə sübutlar göstərilməlidir. Həmin Məcəllənin 326.1-ci maddəsinə əsasən məhkəmə hesab etsə ki, daşınar əşyanın mülkiyyətçisi yoxdur, yaxud mülkiyyətçi tərəfindən əşya onun üzərində mülkiyyət hüququnu saxlama niyyəti olmadan sahibsiz qoyulmuşdur, onda daşınar əşyanın sahibsiz hesab edilməsi və onun sahiblik etməyə başlamış şəxsin mülkiyyətinə verilməsi barədə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ümumi dəyəri 12500 manat olan Mercedes-Benz markalı C230 tipli nəqliyyat vasitəsi sahibsiz hesab edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-473/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-473/2022
19.01.2022 · Daşınar əşyanın sahibsiz hesab edilməsi və daşınmaz əşya üzərində dövlət mülkyyəti hüququnun tanınması haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver