Məhkəmə qərarları › İş №2(004)-4755/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4755/2023

04.11.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4755/2023 04.11.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən 41A saylı fərdi evə dair cavabdeh tərəfindən hesablanmış 1700 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən 41A saylı fərdi ev xx.xx.2021-ci il tarixli texniki passport ilə onun müllkiyətindədir. Qeyd edir ki, həmin ev onun mülkiyyətinə vərəsəlik yolu ilə keçmişdir. Belə ki, anası xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin 2000-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən 0.0028 ha torpaq sahəsi anasının adına ayrılmışdır. Həmin torpaq sahəsində anası tərəfindən fərdi yaşayış evi tikilmişdir. 2010-cu il tarixə kimi həmin evdə yaşayış olmamışdır. Mərhum anası 2010-cü il tarixdə həmin evə köçmüş, evə dair bütün kommunal, yəni elektrik, su, qaz təchizatları ilə təmin olunmuşdur. Qanunvericiliklə nəzərdə tutulan qaydarla lazimi təşkilatlarlarla anası arasında müqavilə bağlanmış, abunə kodları da anasının adına qeydiyyata alınmışdır. Həmçinin də Cavabdeh ASC ilə mərhum anası arasında müqavilə bağlanmış, həmin müqavilə əsasında yaşayış evinə su çəkilərək su sayğacı quraşdırılmışdır. Həmin tarixdən 2014-cü ilə kimi cavabdeh təşkilatla anası arasında heç bir mübahisə yaranmamış, ödənişlər də vaxtı vaxtında anası tərəfindən ödənilmişdir. 2015-ci il tarixdə evə 800 AZN manat məbləğində borc bildirişi gəlmişdir. Hesablanan borc məbləği həmin dövr üçün istifadə olunan suyun sərfiyyatına sutkalıq norma ilə tənzimləndiyi halda reallığı əks etdirmirdi. Bununla əlaqədar müəyyən araşırmadan sonra aydın oldu ki, evə sayğac quraşdırılarkən cavabdeh təşkilatın əməkdaşları tərəfindən kobud səhvə yol verilmişdir. Belə ki, evin ana su xəttləri gedən divardan 2 su turbası yanaşı idi, bir su turbası mübahisəli evə, digər su turbası ilə qonşunun bağ evinə məxsus idi. Lakin Cavabdeh ASCnin əməkdaşları su sayğacını ana xəttin üzərində bağlanmaqları olduğu halda, iki ana su xəttinin üzərində yerləşdirilmişdi və quraşdırılan sayğac da anasının adına qeydiyyata alındığından qonşunun da sudan istifadə zamanı su sərfiyyatı həmin sayğac tərəfindən hesablanmışdır. Bu da həmin borcun yaranması ilə nəticələnmişdir. Anasının yaşlı, tək yaşamasını nəzərə alsaq həmin məbləğin şişirdilmiş olması göz önündədir. Belə ki, qonşunun bağı uzun illərdir nəzarətsiz vəziyyətdə olmuşdur, sakinlər tərəfindən də həmin bağ evinə aid su xətlərindən su ehtiyacı üçün ümumi olaraq istifadə edilirdi. Hətta bununla bağlı onun çoxsaylı müraciətlərindən sonra cavabdeh təşkilat tərəfindən ünvana Komissiya təşkil olunaraq nümayəndələri sayğac quraşdırılan yerə baxış keçirmiş, sayğacın düzgün quraşdırılmaması öz təsdiqini tapmışdır. Komissiya tərəfindən qonşunun su xətti xüsusi plomlanmışdır. Müəyyən araşdırmalardan sonra yaranmış borcun silincəyini ona bildirdilər. Həmin vaxtdan sonra məsələnin həll olunduğunu düşünmüş, bir daha CavabdehSC-yə müraciət edəcəyini əsassız hesab etmişdir. Belə ki, borc yazıldığı tarixdən sözü gedən evi öz adına keçirdənədək su sayğaclarına nəzarətçi tərəfindən də onlara heç bir borc bildirişi təqdim olunmurdu. Onun yaşayış yeri fərqli olduğundan, işləri ilə bağlı ölkə xaricində, həmçinin anasının vəfatı ilə bağlı başı qarışıq idi. Həmçinin də borcun cavabdeh təşkilat tərəfindən silinəcəyi ona bildirimişdir. Lakin abunə kodunu addan - ada keçirərkən məlum olmuşdur ki, həmin evə dair sayğaca 1700 AZN manat məbləğində borc mövcuddur. Bu məsələ ilə bağlı ASC-yə müraciət etsə də oradan ona əsassız cavab vermişlər. Həmçinin onlar tərəfindən ona verilən abonent salosunda belə qanunsuzluqlara yol verilmişdir. Hər açılmış abunə koduna uyğun abonent saldosunda müqavilə bağlanan gündən abonentin ümumi ödənişləri, ünvana quraşdırılan bütün sayğaclar barədə məlumatlar, illik üzrə dövriyyələr qeyd olunmalıdır. Lakin ona təqdim olunan abonent saldosunda 2015-ci il tarixə aid heç bir hesablamalar, istifadə olunmuş su sərfiyyatı haqqında heç bir məlumat yoxdur. Bundan başqa ölümündən qabaq anası həyətdə balaca otaq tikərək kirayə verdiyinə görə həyətə yenidən su sayğacının quraşdırılması ilə bağlı müraciət etmişdir. Cavabdeh təşkilatın əməkdaşları bunu qanuna zidd olduğunu bildirərərək anasının müraciətinə etiraz etmişlər, öz hesabına su sayğacı quraşdırmağı ona məsləhət görmüşlər. Mərhum anası öz sərf etdiyi su ilə kirayəçinin işlətdiyi su sərfiyyatını fərqləndirmək üçün bazardan öz hesabına sadəcə sərf olunan suyun miqdarını ölçən sayğac alaraq su xətinə birləşdirmişdir. Belə ki, həmin sayğacın satış məqsədi də su sərfiyyatının ölçmə məqsədi ilə satılır. Bir müddətə sonra Cavabdeh ASC-nin əməkdaşları ona yaranmış borcla evə gələn su xəttinin dayandırılmasına dair bildiriş təqdim etmişdir. Həmin borcu qanunsuz və əsassız hesab etdiyinə görə heç bir ödəniş etməmişdir. Əməkdaşlar ona heç bir məlumat vermədən, akt tərtib etmədən sayğac quraşdırılmış əraziyə gələrək sayğacı yerindən kəsərək yerə atıb getmişlər. Bilindiyi kimi nəzarətçi ilkin olaraq abonentin sayğacına baxış keçirməli və onun göstəricisini qeydə almalıdır. Həmçinin baxış zamanı sayğacın işləmədiyini və ya düzgün işləmədiyini aşkar etdikdə, yaxud nəzarətçidə sayğacın düzgün işləməsinə şübhə yarandıqda müvafiq akt tərtib olunmaqla sayğac növbədənkənar dövlət yoxlamasına göndərilməsi üçün çıxarılmalı, sayğac müvafiq qaydada yoxlamadan keçirərək və sayğaca müdaxilə olub-olmadığı müəyyən etməlidir. Sayğaca müdaxilə olub-olmaması, həmçinin sayğacın istifadəyə yararlı olub-olmaması barədə xüsusi formada rəsmi sənəd əsasında müəyyənləşir. Lakin əməkdaşlar tərəfindən qanunsuzluğa yol verilmiş, özbaşına hərəkətlər etmişlər. Ona görə də hesab edir ki, yazılan borc reallığı əks etdirmir. Yenidən ünvana yaxınlaşıb məndən sayğac tələb etdikdə o sayğacı görmədiyini, o onlardan sayğacı ona təhvil vermələri ilə bağlı sənəd tələb etdikdə borc bildirişi və suyu dayandırmaq ilə bağlı ona yenidən bildiriş təqdim etmişlər. Buradan da aydın görünür ki, Cavabdeh ASC-nin qanunsuz hərəkətlərində qərəzlik var. Belə ki, uzun illərdən sonra həmin borcun tələbi əsassızdır. Məhkəmə nəzərə almalıdır ki, sayğaca nəzarət cavabdeh təşkilatın əməkdaşlarının nəzarətində olan işdir. Bu müddət ərzində nəzarətçinin sayğaca nəzarət etməməsi və işinə səhlənkar yanaşması onun hüquqlarını pozur. Bu borc reallığı əks etdirmir. Hesab edir ki, istehlakçı yalnız özünün istifadəsi nəticəsində yaranmış borca cavabdehdir. Yəni, cavabdeh təşkilatın qanunsuz hərəkətləri nəticəsində yaranmış borcun ondan tutulmasını əsassız hesab edir. Cavabdeh ASC iddia ərizəsinə etiraz verərək etirazı belə əsaslandırmışdır ki, ünvan 1 ünvanı üzrə abonent Xanımnaz Quliyeva ilə Cavabdeh ASC arasında xx.xx.2011-ci il tarixində “sudan və kanalizasiya xidmətlərindən istifadəyə dair” müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən, iddiaçıya suya və axıdılmış tullantı sularına görə ödənilən vəsaitin həcmi xx.xx.2017-ci il tarixinədək istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq, həmin tarixdən etibarən su sayğacının göstəricisinə uyğun olaraq hesablanmışdır. Sözügedən mənzilə iki su sayğacı quraşdırılmış, həmin sayğaclardan biri 2023-cü ilin yanvar ayında sökülmüşdür. Hal-hazırda mənzildə CSS-20 markalı, 16063182 nömrəli su sayğacı vardır. İddiaçı ilə Cavabdeh ASC arasında 2011-ci il tarixində müqavilə bağlanmasına baxmayaraq, 12 ildən çox müddətdə iddiaçı tərəfindən cavabdeh təşkilata sudan və kanalizasiya xidmətlərindən istifadəyə dair cəmi 250 manat ödəniş edilmişdir. Belə ki, iddiaçının illər üzrə ödənilməmiş borcları qalmış və nəticədə bugünə olan borc məbəği 1639,83 manat olmuşdur. İddiaçıya hər ay borcla bağlı bildiriş göndərilməsinə baxmayaraq,qarşı tərəf borcu ödəməkdən yayınmışdır. Göstərilənlərə əsasən, hesab edirlər ki, İddiaçı oğunun iddia ərizəsi əsassız olduğundan rədd edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 24 oktyabr 2023-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh ASC-nin nümayəndəsi X2 etirazın dəlillərinə uyğun izahat verərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, 2017-ci ilin may ayına qədər qeyd olunan ünvana adam sayına görə xidmət dəyəri hesablanmış, may ayından sonra ünvana su sayğacı quraşdırılmışdır. 2020-ci ilin xx.xx.2020-xx.xx.2020-ci il tarixləri üzrə hesablanmış xidmət dəyərinin məbləği 2018, 2019cu illər ərzində su sərfiyatı nəzərə alınmaqla 289 manat və 437,50 manat hesablanmışdır. Eyni zamanda xx.xx.2022-xx.xx.2023-cü il üçün qeyd edilmiş 440 manat məbləğində borc 10 ay götürülməklə hesablanmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, ünvan 2 ünvanında yerləşən 0.0028 ha torpaq sahəsi və 22.3 kv.m ümumi sahəsi olan qeyri-yaşayış binası, qaraj üzərində İddiaçı tam hüquqlu payı müəyyən edilməklə mülkiyyət hüququ xx.xx.2021-ci il tarixdə 04/1694 qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. xx.xx.2023-cü il tarixli abonent kartının (Abonent kodu: **********001) surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 41A ünvan üçün su sərfiyyatı 2014-cü il üzrə 11 m3, 2015-ci il üzrə 61 m3, 2016-ci il üzrə 66 m3, 2017-ci il üzrə 113 m3, 2020-ci il üzrə 1720 m3, 2021-ci il üzrə 288 m3, 2022-ci il üzrə 544 m3, 2023-cü il üzrə 98 m3 olmuş və ümumilikdə abonentə 1639,83 manat yekun borc məbləği hesablanmışdır. 2018 və 2019-cu illər üzrə su sərfiyyatı və xidmət dəyəri barədə məlumatlar abonent kartında öz əksini tapmamışdır. 2020-ci il üzrə qrafikə nəzər saldıqda aydın olur ki, xx.xx.2020-xx.xx.2020-ci il tarixləri üzrə su sərfiyyatı 578 m3 və 875 m3 xidmətin dəyəri 289 manat və 437.50 manat qeyd olunmuşdur. Eyni zamanda 2022-ci il üzrə qrafikə nəzər salındıqda aydın olur ki, xx.xx.2022 – xx.xx.2022-ci il tarixləri üzrə su sərfiyyatı 13 m3, xidmətin dəyəri 13 manat, xx.xx.2022 – xx.xx.2022-ci il tarixləri üzrə su sərfiyyatı 2 m3, xidmətin dəyəri 2 manat, xx.xx.2022 – xx.xx.2022-ci il tarixləri üzrə su sərfiyyatı 4 m3, xidmətin dəyəri 4 manat, xx.xx.2022 – xx.xx.2022-ci il tarixləri üzrə su sərfiyyatı 44 m3, xidmətin dəyəri 44 manat, xx.xx.2022 – xx.xx.2023-cü il tarixləri üzrə su sərfiyyatı 41 m3, xidmətin dəyəri 41 manat, xx.xx.2022 – xx.xx.2023-cü il tarixləri üzrə su sərfiyyatı 440 m3, xidmətin dəyəri 440 manat olaraq göstərilmişdir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Su Məcəlləsinin 98-ci maddəsinə əsasən xüsusi mülkiyyətdə olan su obyektlərinə sudan istifadə haqqı mülkiyyətçilərlə su istehlakçıları arasında bağlanmış müqavilə əsasında müəyyən olunur. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinin 1-ci bəndinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “Su təchizatı və tullantı suları” haqqında qanunun 59.3-cü maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği suölçən cihazların göstəricilərinə görə verilən suyun həcminin və ya obyektlərdən axıdılan tullantı sularının miqdarının uçotuna və müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydalara əsasən hesablanır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2014-cü il tarixli 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə” Qaydalarının 2-ci bəndinə əsasən istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcminin və dəyərinin, həmçinin istismarda olan su təchizatı və kanalizasiya sistemlərinin tam və dəqiq uçotunu aparmaq, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq hər ay istehlakçıya ödəməli olduğu vəsaitin həcmini əks etdirən hesabı təqdim etmək (göndərmək) su təchizatı və kanalizasiya müəssisəsinin vəzifəsidir. Həmin Qaydaların 4.1.3-cü bəndinə görə isə verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçının vəzifəsidir. “Sudan istifadə Qaydaları”nın 5.1.5-ci bəndinə əsasən verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək istehlakçıların hüquqlarındandır. “Sudan İstifadə qaydaları”nın 7.4-cü bəndinə əsasən əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutları keçirilmiş məhkəmə iclaslarında tərəflərin vermiş olduqları izahatlarla birlikdə araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, hazırki tərəflər arasında su və çirkab sularının xidməti üzrə müqavilə bağlanmamışdır. Lakin qeyd olunan ünvan üzrə xx.xx.2011-ci il tarixdə "Azərsu“ ASC ilə X3 arasında xidməti müqavilə bağlanmışdır. X1 mülkiyyətində olmuş Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 41A ünvanında yerləşən qeyri-yaşayış binası xx.xx.2021-ci il tarixdən İddiaçı mülkiyyətindədir.Hazırda iddiaçı məhkəməyə müraciət edərək, "Azərsu“ ASC tərəfindən əsassız olaraq hesablanmış 1700 manat məbləğində borcun silinməsini tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi xx.xx.2020-xx.xx.2020-ci il tarixləri üzrə əsassız olaraq hesablanmış 289 manat və 437.50 manat, xx.xx.2022 – xx.xx.2023-cü il tarixləri üzrə isə əsassız olaraq hesablanmış 440 manat manat borcun silinməsi hissəsində əsaslıdır və yalnız bu hissədə təmin olunmalıdır. Belə ki, abonent kartında (Abonent kodu: **********001) həmin borcun hansı əsaslardan yaranması və sərfiyyatın həmin dövr üzrə miqdarı göstərilməmiş, eyni zamanda cavabdehin nümayəndəsi borc məbləğinin əsası ilə bağlı məhkəməyə sübut təqdim edə bilməmişdir. Beləliklə, məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 41A ünvanı üzrə su təchizatı və kanalzasiya xidmətlərindən istifadəyə görə əsassız hesablanmış 1166,5 manat borc İddiaçı abunə hesabından (Abonent kodu: **********001) (cavabdehə aid elektron məlumat bazasından) silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 41A (Abonent kodu: **********001) ünvanına əsassız hesablanmış 1166,5 (bir min yüz altmış altı manat əlli qəpik) manat məbləğində borcun abonentin hesabından silinməsi vəzifəsi Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar