Məhkəmə qərarları › İş №2(004)-4878/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4878/2023

31.10.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4878/2023 31.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı nümayəndəsi (arvadı) Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “aktın etibarsız hesab edilməsi, akt əsasında hesablanmış debitor borcun silinməsi və ödənilmiş vəsaitin geri qaytarılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “aktın etibarsız hesab edilməsi, akt əsasında hesablanmış debitor borcun silinməsi və ödənilmiş vəsaitin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli ******* nömrəli akt etibarsız hesab edilməsi, həmin akt əsasında onun yaşadığı ünvan 1 ünvana 8640 m3 itirilmiş qazın bərpası üçün hesablanmış 1.136 manat debitor borcun onun **********00000 nömrəli abunə hesabından silinməsi və ödədiyi 136 manat pulun cavabdehdən tutularaq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi (arvadı) Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, İddiaçı ailəsi ilə birlikdə ünvan 1 ünvanda yaşayır. Yaşadığı evin qaz təminatı üçün quraşdırılmış qaz sayğacı iddiaçının adına rəsmiləşdirilmişdir. İddiaçı təbii qazdan istifadə edir və verilmiş bildirişlərə əsasən qazın dəyərini vaxtı-vaxtında ödəyir. Cavabdeh İB-nin əməkdaşları “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli ******* nömrəli akt tərtib etmişlər. İddiaçıya bu barədə bir neçə ay əvvəl qaz pulunu ödəyən zaman məlumat vermişlər. İddiaçıya Cavabdeh tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə təqdim edilmişdir. Tələbnamədə qeyd edilmişdir ki, sayğacın çıxış borsunda dəlik aşkar edilmişdir. Beləliklə qaz sayğacının nominal qaz sərfi 4 m3 orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə (4 x 24 x 90 = 8640 m3) itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. Təbii qaz sərfiyyatına görə iddiaçıdan 1136 manat tələb olunmuşdur. İddiaçı və ailə üzvləri sayğaca müdaxilə etməmişdir, sayğacın mexanizminə müdaxilə edilməsi üçün mütləq şəkildə plomblar qırılmalıdır. İddiaçının mənzilində olan sayğacın plombları isə yerində olmuşdur, plomba müdaxilə edildiyinə dair sayğacın dəyişdirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokolda heç bir qeyd yazılmamışdır. İddiaçı sayğacın dəyişməsindən əvvəl və yeni sayğac quraşdırılandan sonra vaxtında istifadə etdiyi təbii qazın dəyərini ödəmişdir. İddiaçının sayğac üzrə heç vaxt borcu olmamışdır. İddiaçıya xx.xx.2022-ci il tarixli akta əsasən qanunsuz olaraq 1136 manat borc hesablanmış və 136 manat pul ödətdirilmişdir. İddiaçı təqsiri olmadan yazılmış borcu ödəməli deyildir. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdehnə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilmiş, lakin cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə yazılı etirazını məhkəməyə göndərmiş və ərizə göndərərək, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, İddiaçı yaşadığı ünvan 1 ünvanda təbii qazın sərfiyyatını müəyyən etmək üçün Smart tipli G-4 markalı 1602AZ**********95 nömrəli qaz sayğacı quraşdırılmışdır. xx.xx.2022-ci il tarixdə göstərilən qaz sayğacı, Smart tipli G-4 markalı **********728 sayğacla əvəz edilmişdir. Cavabdeh tərəfindən İddiaçı “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2022-cü il tarixli ******* nömrəli akt verilmişdir. Həmin aktda sayğaca müdaxilə edilməsi, plombun yerində olmaması və ya qırılması, müdaxilə edilməsinə dair hər hansı bir qeyd yazılmamışdır. Sayğacın dəyişdirilməsinə səbəb kimi sayğacın çıxış plastmas borusunun deşik olmağı qeyd edilmişdir. Sayğac abonentin müraciəti əsasında dəyişdirilmişdir. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli ******* nömrəli aktda göstərilmişdir ki, İddiaçı yaşadığı ünvan 1 ünvanda quraşdırılmış Smart tipli G-4 markalı 1602AZ**********95 nömrəli qaz sayğacının hesablama mexanizmi keçən qazın sərfiyyatını qeyd etmir. Sayğacın çıxış plastmas borusu deşilib. Xətalar normadan artıqdır. Sayğac istismara yararsızdır. Dəymiş ziyanın hesablanıb ödənilməsi təmin edilsin. Cavabdeh tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən edilir ki, Cavabdeh Qazın Satışı Departamentinin sənayə və məişət qaz sayğacların kalibrləmə laboratoriyasının xx.xx.2022-ci il tarixli MSK 29/1710-04571-1 nömrəli rəyinə əsasən G4 markalı 1602AZ**********95 nömrəli sayğaca baxış keçirilmiş və yoxlama zamanı müəyyən edilmişdir ki, sayğacın çıxış plastmas borusu deşikdir. Beləliklə qaz sayğacının nominal qaz sərfi 4 m3 orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə (4 x 24 x 90 = 8640 m3) itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış 1.036,80 manat pulun ödənilməsi tələb edilmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Məhkəmə qeyd edir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində istehlakçı kimi iddiaçının hüquqları pozulmuşdur. Belə ki, Smart tipli G-4 markalı 1602AZ**********95 nömrəli elektron qaz sayğacı xx.xx.2022-ci il tarixdə sayğacın çıxış plastmas borusunun deşik olmağı səbəbindən Smart tipli G-4 markalı **********728 nömrəli yeni sayğacla əvəz edilmiş, qaz sayğacı dəyişdirilərkən qaz sayğacının çıxarılması, quraşdırılması və istismarı haqqında tərtib edilmiş xx.xx.2022-ci il tarixli ******* nömrəli aktda sayğacın dəyişdirilməsi səbəbi kimi sayğacın çıxış plastmas borusunun deşik olmağı göstərilmişdir. Bundan başqa həmin aktda sayğaca müdaxilə olunması, plombların yerində olmaması, plombun qırılması və ya plomba müdaxilə edilməsinə dair hər hansı bir qeyd edilməmişdir. Cavabdeh abonentə məxsus olan sayğacın çıxış plastmas borusu deşildiyini, xətalar normadan artıq olduğunu, istismara yararsız olduğunu qeyd etsə də, bu halın iddiaçı tərəfindən edildiyini, eyni zamanda plombların yerində olması zamanı abonentin belə bir müdaxilə edə biləcəyini hər hansı bir mötəbər sübutla əsaslandırmamışdır. Məhkəmə qeyd edir ki, sayğacın plombları yerində olduğuna və plombları sökmədən sayğacın çıxış plastmas borusunu deşmək mümkün deyildir. Sayğacda yaranmış hər hansı bir təbii qüsura, aşınma zamanı əmələ gələn texniki nasazlığa görə sayğacdan keçən qazın mexanizm tərəfindən qeyd edilməməsinə abonent məsuliyyət daşımır. Həmçinin sayğacın dəyişdirilməsindən əvvəlki aylar və sonrakı aylar üzrə ödənişlər arasında ciddi fərqin olmaması bir daha abonentin sayğaca hər hansı bir müdaxilə etmədiyini təsdiq edir. Abonent istifadə etmədiyi 8640 m3 qaza görə hesablanmış 1.036,80 manat borcun ödənilməsi üçün məsuliyyət daşımır. Çünki, istehlakçının təqsiri nəticəsində qaz sayğacına müdaxilə edilməsi sübuta yetirilməmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Habelə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən əgər istehlakçı ilə qazın verilməsi haqqında bağlanmış müqavilədə fasilə nəzərdə tutulmayıbsa, qazın verilməsi fasiləsiz həyata keçirilir. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi qismən təmin edilməli, xx.xx.2022-ci il tarixli ******* nömrəli akt etibarsız hesab edilməli və həmin akt əsasında əsassız hesablanmış 1036,80 manat borc istehlakçı İddiaçı (abunə kodu **********00000) hesabından silinməlidir. İddia qalan hissədə rədd edilməlidir. Belə ki, iddiaçı tərəfindən 136 manatın ödənilməsini təsdiq edən hər hansı sənəd məhkəməyə təqdim edilməmişdir. Həmçinin abonent saldosundan da göründüyü kimi, iddiaçıya xx.xx.2022-ci il tarixli akta əsasən 1136 manat deyil, 1036,80 manat debitor borc yazılmışdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli ******* nömrəli akt etibarsız hesab edilsin. xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsasında İddiaçı yaşadığı ünvan 1 ünvana 8640 m3 itirilmiş qazın bərpası üçün hesablanmış 1.036,80 (min otuz altı manat səksən qəpik) manat debitor borc - istehlakçı İddiaçı **********00000 nömrəli abunə hesabından silinsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar