Məhkəmə qərarları › İş №2(004)-488/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-488/2024

13.05.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-488/2024 13.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair ərizə ilə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsi, 3067-ci məhəllə, ev 42, mənzil 335-də yerləşən mənzil xx.xx.2019-cu il tarixli 2019/00677-EYİP saylı ipoteka müqaviləsi əsasında yüklü edilmişdir. İddiaçının oğlu X1 ünvanda qeydiyyatda olsa da, mənzil ipoteka ilə yüklü edilən zaman sonuncunun yazılı razılığı alınmamışdır. Bu səbəbdən, ipoteka müqaviləsi etibarsız hesab edilməlidir. İddiaçı məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarında iştirak etməmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 2019/00677-EYİP saylı ipoteka müqaviləsinə əsasən müəyyən edilir ki, Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsi, 3067-ci məhəllə, ev 42, mənzil 335-də yerləşən mənzil ipoteka ilə yüklü edilmişdir. İpoteka saxlayan "xxxx" ASC, ipoteka qoyan isə mülkiyyətçi İddiaçıdır. İş materiallarına olan Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2023-cü il tarixli 2(103)-176/2023 nömrəli qətnaməsinə əsasən müəyyən edilir ki, iddiaçı "xxxx" ASC-nin cavabdeh İddiaçı qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası təmin edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası MM-in 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Məhkəmə qeyd edir ki, etibarsızlığın əsasları müqavilənin forması, məzmunu, iradə qüsurluluğu və subyekt tərkibi ilə bağlıdır. Göstərilən halların heç biri hazırki ipoteka müqaviləsi üzrə mövcud deyildir. Hazırki mübahisə üzrə ipoteka müqavilə mülki qanunvericiliyin tələblərinə əsasən notarial qaydada bağlanmışdır. Odur ki, forma əsası ilə etibarsızlıq halı mövcud deyildir. Müqavilənin məzmunu ilə bağlı məhkəmə qeyd edir ki, məzmun tərəflərin iradə ifadəsi və müqavilə azadlığı prinsipləri rəhbər tutulmaqla qarşılıqlı razılıq əsasında tərtib edilir. Mübahisə predmeti olan müqavilənin formal tələblərinə əməl olunur, məzmunu aydın və anlaşılandır. Etibarsızlığın iradə qüsurluluğu ilə bağlı məhkəmə qeyd edir ki, hazırki mübahisə üzrə sözügedən müqavilənin bağlanmasına münasibətdə iddiaçının iradəsi zədələnməmiş, iddiaçı sərbəst şəkildə iradəsini ifadə etməklə müqavilə münasibətlərinə daxil olmuşdur. Subyekt tərkibi ilə bağlı məhkəmə qeyd edir ki, müqaviləni bağlayan şəxslər fiziki və hüquq şəxs olmaqla anlaqlı və tam fəaliyyət qabiliyyətli subyektlər olmuşlar. İpoteka qoyan isə mülkiyyətçi İddiaçı çıxış etmişdir. Deməli, subyekt tərkibi nöqteyi-nəzərdən də müqavilənin etibarsız hesab olunmasına əsaslar yoxdur. Etibarsızlığın əsasları Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbləri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun və Azərbaycan Respublikası Ali Məhkəməsinin hüquqi mövqeləri nəzərə alınmaqla aydın və hüquqi müəyyəndir. Aydın, anlaşılan hüquq normalarının hüquq tətbiq edən məhkəmələr tərəfindən geniş formada təfsir olunması yolverilməzdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” xx.xx.2022-ci il tarixli 02/2022 nömrəli Qərardadına əsasən, əqdə əsaslanan iddialar üzrə qanuni qüvvəsini almış məhkəmə aktı və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadı olduğu halda, işdə iştirak etmiş şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinin tələbinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa məhkəmə iş üzrə icraata xitam verir. Araşdırma zamanı iddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı ASC-nin cavabdeh İddiaçı qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə yekun məhkəmə aktının qəbul edilməsi müəyyən edilmişdir. Lakin, Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2023-cü il tarixli 2(103)-176/2023 nömrəli qətnaməsi nəzərə alınmaqla hazırki iddia tələbinin əsasını müqavilə öhdəlikləri üzrə əqdin etibarsızlığı deyil, əşya hüququ üzrə əqdin etibarsızlığı təşkil etdiyindən mülki iş üzrə icraata xitam verilməli deyil, mahiyyəti üzrə baxılaraq yekun akt qəbul edilməlidir. İddiaçının hüquqi müdafiəsinin əsasını məhz iddiaçının oğlu X1 ünvanda qeydiyyatda olsa da, mənzil ipoteka ilə yüklü edilən zaman sonuncunun yazılı razılığı alınmaması təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən sözügedən xüsusat ipoteka müqaviləsinin etibarsız hesab edilməsi əsası qismində çıxış edə bilməz. Məhkəmə nəzərə alır ki, ipoteka müqaviləsi üzrə mülkiyyətçi mülkiyyət hüquqlarından istifadə etməklə daşınmaz əmlakı etibarlı ipoteka müqaviləsi ilə yüklü etmişdir. Həmçinin, əgər etibarsızlıq əsasları mövcuddursa belə, bu barədə X2 hüquqlarının pozulması ilə bağlı iddia irəli sürə bilər. İpoteka qoyan İddiaçı isə ipoteka müqaviləsi bağlanan zaman bu xüsusat məlum olmuşdur. Odur ki, müqavilə tərəfinə məlum olan xüsusatın hüquqdan sui-istifadə etməklə sonradan mübahisələndirilməsi hüquqi hesab edilə bilməz. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Beləliklə, məhkəmə iş materiallarına məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar