Məhkəmə qərarları › İş №2(004)-490/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-490/2025

19.03.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-490/2025 19.03.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs cəlb edilməklə) “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki iş (açar sözlər: daşınmaz əmlakın alqı-satqı müqaviləsi, etibarsızlıq) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi Qurbanova İlahə Nazim qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs cəlb edilməklə) “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti

1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs cəlb edilməklə) “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 19 saylı Notariat Ofisində Cavabdeh2 və Maraqlı şəxs arasında bağlanılmış xx.xx.2020-ci il tarixli AN-İ 088034 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdi.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsindən ünvanına daxil olan bildirişdən ona məlum oldu ki, Maraqlı şəxs məhkəmədə onun və ailəsinin ona məxsus ünvan 2 ünvanında yerləşən 190 nömrəli fərdi yaşayış evindən çıxarılmağı barədə iddia tələbi qaldırmışdır. Məhkəmə zamanı iddia ərizəsi ilə tanış olduqda ona məlum olmuşdur ki, ona məxsus ünvan 2 ünvanında yerləşən 190 nömrəli fərdi yaşayış evi Cavabdeh2 tərəfindən xx.xx.2020-ci il tarixdə AN-İ 088034 nömrəli müqavilə ilə Maraqlı şəxs satılmışdır. Evi və həyətyanı sahəsinə bitişik atası X1 adına şəhadətnamə ilə 0,03 ha torpaq sahəsi olmuş, 2018-ci ildə həmin torpaq sahəsinə çıxarış almaq və satmaq niyyəti olmuşdur. Cavabdeh2 münasibəti olduğu üçün bu niyyəti barədə ona danışdı. O isə ona tanışlarının olduğunu qısa müddətdə həmin torpaq sahəsini ünvan 2 ünvanında yerləşən 190 nömrəli fərdi yaşayış evinə və 0,0435 ha torpaq sahəsinə birləşdirərək çıxarış ala biləcəyini və daha sonra yaxşı qiymətə satacağını bildirdi. Əvəzində isə satışdan əldə olunacaq gəlirdən ona pay verməyi təklif etdi. O isə ona güvəndiyi və prosedurlardan başı çıxmadığı üçün razılaşdı. Cavabdeh2 15 may 2018-ci il tarixdə adından torpaq sahəsini rəsmiləşdirməsi, alıb-satması üçün etibarnamə və 3000 manat pul verdi. Üstündən 2 il keçdikdən sonra hər şeyi həll etdiyini, prosedurun yekunlaşması üçün təcili surətdə o və həyat yoldaşının razılığı tələb olunduğunu bildirdi. Onlar isə ona güvənərək razılıq verdilər. Bu müddət ərzində dəfələrlə ondan 3000 manat pulunu geri tələb etmişdir, o isə hər dəfə bir bəhanə gətirir, prosesin getdiyini deyir və pulu qaytarmaqdan yayınırdı.

3. Cavabdeh2 iddia ərizəsinə etiraz verərək iddianın rədd edilməsini xahiş etmişdir.

4. Etiraz onunla əsaslandırılmışdır ki, iddianı qəbul etmir. Bildirmək istəyir ki, iddiaçının iddia ərizəsində qeyd etdikləri hamısı yalandır, dedikləri həqiqəti əks etdirmir. O, uzun illərdir iddiaçını tanıyır, tanışlıqları əsasında da ona etibarnamə vermiş və o ona məxsus fərdi yaşayış evini sataraq alqı-satqı yolu ilə əldə olunmuş pul vəsaitini ona son qəpiyinə qədər ödəmişdir. Alqı-satqı müqaviləsinin bağlandığı vaxtdan 4 ildən artıq keçdikdən sonra iddiaçı belə bir ərizə ilə məhkəməyə müraciət etmişdir. Özünündə qeyd etdiyi kimi evin hazırki mülkiyyətçisi Maraqlı şəxs Edson qızı evdən çıxarılma tələbinə dair iddia ərizəsilə məhkəməyə müraciət etdikdən sonra cavabdehdə işi uzatmaqdan ötrü alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı 4 ildən sonra məhkəməyə müraciət etmişdir. İddiaçının məqsədi işi uzatmaqdan başqa bir şey deyildir. Hesab edir ki, iddianın əsassız olması nəzərə alınmalı və məhkəmə iş üzrə ədalətli qətnamə qəbul etməlidir.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə etdiyini bildirmiş və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.

6. Məhkəməyə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

7. Maraqlı şəxsin nümayəndəsi və vəkili ərizə ünvanlayaraq iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Evin alqı-satqısına dair müqavilənin xx.xx.2021-ci il tarixdə bağlanıldığını, müqavilənin etibarsızlığına dair hazırki iddia ərizəsinin isə məhkəməyə xx.xx.2024-cü il tarixdə verildiyini, iddia ərizəsi məhkəməyə müqavilə bağlandıqdan təxminən 3 il sonra verildiyini və qanunvericilikdə nəzərdə tutulmuş müddətin ötürüldüyünü, həmçinin müddətin üzrlü səbəbdən ötürülməsinə dair heç bir mötəbər sübutun iddia ərizəsinə əlavə edilməyini, mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizənin verildiyi halda iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsas olduğunu qeyd edərək, iddia müddəti tətbiq edilməklə iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir.

III. Məhkəmə baxışının hədləri:

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

10. İddiaçı tərəfindən cavabdehə verilmiş 15 may 2018-ci il tarixli etibarnamədən görünür ki, iddiaçı ünvan 3 ünvanında yerləşən 0,0415 ha torpaq sahəsi və fərdi yaşayış evi haqqında sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri: o cümlədən: almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka qoymaq bə ipotekanı (girovu) qəbul etmək, əqdləri bağlamağı, müqavilələri ləğv etmək, bu əqdlər üzrə notariusun depozit hesabından mədaxil və məxaric etmək, pul almağı, DƏDRX-nin müvafiq ərazi idarəsində nümayəndəsi olmaq, sənədləşmə işlərini aparmağı, müqaviləni və lazimi sənədləri təqdim etməyi, ona çatası texniki pasportu, arayış forma N1 almağı, bütün dövlət idarələrində, kooperativ və ictimai təşkilatlarda, o cümlədən kommunal xidmətlərə bağlı bütün dövlət orqanlarında, Asan Xidmət mərkəzində, Azərişıq ASC-də, Azəriqaz ASC, Azərsu ASC-də nümayəndəsi olmağı, sənədləşmə işlərini aparmağı, notariat kontorunda bu işlərlə bağlı ərizə yazmaq, müqaviləni və lazimi sənədləri təqdim etməyi işləri aparmağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi 10 il müddətinə, xx.xx.2028-ci il tarixədək Cavabdeh2 etibar etmişdir.

11. İddiaçı ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2020-ci il tarixli, AN-İ ******* daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən İddiaçı ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 111,17 m2, yaşayış sahəsi 84,03 m2, yardımçı sahəsi 27,14 m2 olan 4 otaqlı fərdi yaşayış evini və həmin ünvanda yerləşən ümumi sahəsi 0,0415 ha olan torpaq sahəsini Maraqlı şəxs mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür.

12. Bakı şəhəri 19 saylı Notariat Ofisinə təqdim olunmuş xx.xx.2020-ci il tarixli ərizəyə əsasən müəyyən olunur ki, tərəflər İddiaçı məxsus olan ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin (tam hissə 111,17 m2) və həmin ünvanda yerləşən torpaq sahəsinin (tam hissə 0,0415 m2) 40000 manat qiymətə satılması barədə razılığa gəlmişlər.

13. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli, xx.xx.2008-ci il tarixli çıxarışa əsasən müəyyən olunur ki, Abşeron rayonu, Fatmayı kəndi, Qara Qarayev küçəsində mülkiyyətində oolan 0,0415 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 4 otaqlı 84,03 m2 yaşayış, 27,14 m2 köməkçi sahədən ibarət 190 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 11 nömrəli reyestr kitabının 57 nömrəli vərəqində qeydiyyata alınmışdır.

14. xx.xx.2020-ci il tarixli, 553 nömrəli kassa məxaric çekinə əsasən müəyyən olunur ki, Cavabdeh2 tərəfindən 40000 manat məbləğində vəsait qəbul edilmişdir.

15. Məhkəmə materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi rədd olunmalıdır.

16. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ və İİİ hissələrində göstərilir ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquq və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir.

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1-ci maddəsində əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

19. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

20. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

21. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

22. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

23. Həmin Məcəllənin 339.1-ci maddəsində qeyd olunmuşdur ki, hakimiyyətdən suiistifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər.

24. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.

25. Həmin Məcəllənin 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin.

26. Həmin Məcəllənin 339.4-cü maddəsinə əsasən əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır.

27. Həmin Məcəllənin 339.5-ci maddəsinə əsasən əgər 339.1, 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Bundan başqa, digər tərəf hakimiyyətdən suiistifadə nəticəsində zərərçəkənə vurduğu real zərərin əvəzini ödəyir.

28. Həmin Məcəllənin 339.6-cü maddəsinə əsasən bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər.

29. Məhkəmə ilk növbədə qeyd edir ki, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmçinin, əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması zəruridir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr baş verir. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur.

30. Əqdin etibarsızlığı dedikdə isə- tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda, əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Başqa sözlə, əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Etibarsız əqdlər tərəflərin arzu etdikləri hüquqi nəticəyə səbəb olmur. Onlar qanunda nəzərdə tutulan mənfi nəticələrin yaranmasına səbəb olur. Etibarsız əqdlər hüquqa zidd, qeyri-hüquqi hərəkətdir. Etibarsız əqdlər elə hüquqa zidd hərəkətdir ki, bu hərəkət əqdin etibarlı olması şərtlərindən, heç olmazsa birinə uyğun gəlmədiyinə görə arzu edilən hüquqi nəticə baş vermir. Bu cür əqdlər mülki hüquq və vəzifələrin əmələ gəlməsinə, dəyişməsinə və ya xitamına səbəb olmur.

31. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Maraqlı şəxs arasında xx.xx.2020-ci il tarixli AN-İ ******* seriya nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsinə əsasən İddiaçı ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 111,17 m2, yaşayış sahəsi 84,03 m2, yardımçı sahəsi 27,14 m2 olan 4 otaqlı fərdi yaşayış evini və həmin ünvanda yerləşən ümumi sahəsi 0,0415 ha olan torpaq sahəsini 40000 manata Maraqlı şəxs mülkiyyətinə vermişdir. Müqavilə bağlanan zaman İddiaçı etibarnamə üzrə nümayəndəsi Cavabdeh2 təmsil etmişdir.

32. Məhkəmə qeyd edir ki, etibarsızlığın əsasları müqavilənin forması, məzmunu, iradə qüsurluluğu və subyekt tərkibi ilə bağlıdır. Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi mülki qanunvericiliyin tələblərinə uyğun bağlanmış, həmin müqavilənin etibarsız əqd hesab edilməsi üçün hüquqi əsaslar mövcud deyildir. Bundan başqa müqavilə imzalarkən Cavabdeh2 İddiaçı tərəfindən verilmiş etibarnamə əsasında onu təmsil etmişdir.

33. Belə ki, iddiaçı mülkiyyətində olan əmlaka çıxarış alınması məqsədilə Cavabdeh2 3000 manat məbləğində pul verdiyini və onun məlumatı olmadan bağlanmış alqı-satqı müqaviləsi nəticəsində əldə edilən gəlirin Cavabdeh2 tərəfindən mənimsənildiyini bildirsə də, bu barədə sübutlarını məhkəməyə təqdim edə bilməmişdir.

34. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri).

35. İddiaçı iddia tələbindəki hallara dair mötəbər, təkzibolunmaz sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bununla bağlı, məhkəmə bildirir ki, çıxarılmış məhkəmə qərarı tərəflərin mülahizələri əsasında deyil, dəqiq və mötəbər sübutlar əsasında çıxarılır.

36. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Yakovlev Rusiya Federasiyasına qarşı işdə” qeyd etmişdir ki, Konvensiya nəzəri və ya xəyali hüquqların deyil, praktiki və səmərəli hüquqların təmininə yönəlmişdir. Məhkəmədə çəkişmə prinsipi prosessual funksiyaların ciddi olaraq fərqləndirilməsində, tərəflərin prosessual bərabərliyində və məhkəmənin tərəflərə münasibətdə müstəqil vəziyyətində təzahür edir. Çəkişmə və tərəflərin bərabərliyi prinsipi tərəflərə bərabər prosessual imkanların verilməsini nəzərdə tutmalıdır.

37. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtlərin pozulması halı mülki iş materialları ilə təsdiq edilmir.

38. Bundan başqa məhkəmə qeyd edir ki, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi və vəkili tərəfindən iddia müddətinin tətbiq olunması barədə ərizə daxil olmuşdur.

39. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.

40. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır

41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.1-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər.

42. Həmin Məcəllənin 57.1-ci maddəsinə əsasən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Onlar işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər.

43. Həmin Məcəllənin 57.2-ci maddəsinə əsasən müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər iddianın əsasını və predmetini dəyişdirmək, iddia tələblərinin miqdarını artırmaq və ya azaltmaq, iddiadan imtina etmək, iddianı etiraf etmək, qarşılıqlı iddia vermək, məhkəmə qətnaməsinin məcburi icrasını tələb etmək hüquqları istisna olmaqla, tərəfin prosessual hüquqlarından istifadə edir və onun prosessual vəzifələrini daşıyırlar.

44. Qanunvericiliyin tələblərindən də göründüyü kimi iddia müddətinin tətbiqi barədə ərizə mübahisə tərəfinin verdiyi ərizə əsasında tətbiq olunur. Mübahisə tərəf dedikdə isə mülki prosessual qanunvericilikdə iddiaçı və cavabdeh nəzərdə tutulur. Bundan başqa mülki prosessual qanunvericiliyin yuxarıda sadalanan normalarından da göründüyü kimi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iddianı etiraf etmək, iddiadan imtina etmək kimi hüququ nəzərdə tutulmamışdır. Belə olan halda iddia müddətinin tətbiqi barədə ərizə cavabdeh tərəfindən verilmədiyi üçün məhkəmə mübahisə predmeti barədə müsstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən verilmiş ərizə ilə bağlı münasibət bildirmir.

45. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.

46. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

47. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən və iddiaçıl tələb etmədiyindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir.

V. Nəticə:

48. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Ülkər Xəlil

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar